Azərbaycanın sabitlik və inkişaf fəlsəfəsinə söykənən dialoq modeli

post-img

Müasir beynəlxalq sistem dərin transformasiya mərhələsindən keçir. Qlobal güc mərkəzləri arasında rəqabət kəskinləşir, regional münaqişələr uzanır, yeni “qaynar nöqtələr” yaranır və ənənəvi təhlükəsizlik arxitekturası getdikcə daha az effektiv görünür. Belə bir şəraitdə bəzi dövlətlər qeyri-müəyyənlik və risklərin təsiri altında passiv mövqe tutduğu halda, digərləri bu mürəkkəbliyi idarə etməyi bacaran çevik strategiyalar formalaşdırır. Azərbaycan məhz ikinci kateqoriyaya daxil olan aktorlardan biridir.

Son dövrlər Bakının diplomatik fəallığının artması ilk baxışda “aktiv xarici siyasət” nümunəsi kimi görünsə də, prosesə daha dərindən baxdıqda aydın olur ki, burada söhbət strateji dizayn edilmiş və uzunmüddətli hədəflərə hesablanmış bir modeldən gedir. Azərbaycanın xarici siyasət davranışı son illərdə daha çox strukturlaşdırılmış xarakter alıb: müxtəlif istiqamətlər üzrə paralel təşəbbüslər, fərqli aktorlarla eyni vaxtda dialoq və ziddiyyətli maraqlar arasında manevr etmə bacarığı bu sistemli yanaşmanın əsas indikatorlarıdır.

Rəsmi Bakı modelinin “proaktivlik” komponenti xüsusi diqqət tələb edir. Çünki ənənəvi olaraq orta güclər beynəlxalq sistemdə daha çox reaktiv mövqe tutur – yəni böyük güclərin yaratdığı reallıqlara uyğunlaşırlar. Azərbaycan isə bu çərçivəni qismən sındırmağa çalışır. Bakı mövcud geosiyasi konfiqurasiyada müəyyən hallarda gündəmin formalaşdırılmasında iştirak edir. Xüsusilə də bu addım regional səviyyədə daha aydın görünür: nəqliyyat marşrutlarının təşviqi, enerji təhlükəsizliyi ilə bağlı təşəbbüslər və sülh gündəliyinin irəli çəkilməsi Azərbaycanın təşəbbüskar aktor kimi çıxış etdiyini göstərir. Burada vacib məqam ondan ibarətdir ki, proaktivlik riskləri əvvəlcədən hesablamaq və alternativ ssenarilər hazırlamaq deməkdir. Azərbaycanın davranış modelində bu element də müşahidə olunur. Müxtəlif güc mərkəzləri arasında balansın qorunması, eyni zamanda, heç bir blok daxilində tam asılı vəziyyətə düşməmək cəhdi məhz bu strateji ehtiyatlılığın nəticəsidir.

Müasir beynəlxalq münasibətlər sistemində “platforma dövləti” anlayışı da getdikcə daha аktuallaşır. Belə dövlətlər yalnız öz maraqlarını müdafiə etməklə kifayətlənmir, eyni zamanda, müxtəlif aktorlar arasında ünsiyyət üçün məkan və mexanizm yaradır. Bakı son illərdə məhz bu funksiyanı getdikcə daha effektiv şəkildə yerinə yetirir. Burada əsas üstünlük ondan ibarətdir ki, Azərbaycan həm Qərb, həm də qeyri-Qərb aktorları üçün qəbul edilə bilən neytral məkan obrazını formalaşdıra bilib. Müxtəlif siyasi düşərgələrə mənsub aktorların eyni platformada toplaşması isə həm də etimad göstəricisidir. Beynəlxalq siyasətdə etimad ən çətin formalaşan resurslardan biridir və o, qısa müddətdə əldə edilmir. Azərbaycanın bu istiqamətdə əldə etdiyi nəticələr onun xarici siyasət kursunun müəyyən dərəcədə proqnozlaşdırıla bilən və ardıcıl olduğunu göstərir. Yəni tərəfdaşlar üçün Bakı “hesablanmış davranış sərgiləyən aktor” kimi qəbul olunur.

Məhz bu nöqtədə etibarlılıq və praqmatizm faktorlarının paralel şəkildə qorunması xüsusi əhəmiyyət kəsb edir. Etibarlılıq – verilən öhdəliklərə sadiqlik, siyasi ritorika ilə real addımlar arasında uyğunsuzluğun minimuma endirilməsi deməkdir. Praqmatizm isə ideoloji sərtlikdən uzaq duraraq konkret maraqlara əsaslanan qərarverməni ifadə edir. Azərbaycan bu iki elementi balanslaşdırmaqla həm normativ, həm də realist yanaşmanı birləşdirən hibrid diplomatik model formalaşdırır.

***

Dialoq modelinin mühüm sütunlarından biri təhlükəsizlik və inkişaf arasında qurulan qarşılıqlı asılılığın düzgün dərk edilməsidir. Müasir dövrdə bu iki anlayış bir-birini şərtləndirən proseslər kimi çıxış edir. Əgər klassik yanaşmada təhlükəsizlik daha çox hərbi və siyasi komponentlərlə məhdudlaşırdısa, bu gün o, iqtisadi dayanıqlılıq, enerji təminatı, nəqliyyat bağlantıları və hətta texnoloji imkanlarla sıx şəkildə bağlıdır.

Azərbaycanın yanaşması məhz bu genişləndirilmiş təhlükəsizlik anlayışı üzərində qurulub. Burada əsas məqam isə ardıcıllıqdır: ilkin mərhələdə sabitlik təmin olunur, daha sonra isə bu sabitlik iqtisadi və institusional mexanizmlərlə möhkəmləndirilir. Çünki qeyri-sabit mühitdə həyata keçirilən iqtisadi layihələr ya yarımçıq qalır, ya da gözlənilən effekti vermir. Sabitlik isə investisiya üçün zəmin yaradır, xarici tərəfdaşların risk qavrayışını azaldır və əməkdaşlıq imkanlarını genişləndirir. Enerji və nəqliyyat layihələrinin rolu bu konteksdə xüsusilə ön plana çıxır. Məsələn, enerji ixrac marşrutlarının şaxələndirilməsi Azərbaycanın tərəfdaşlıq coğrafiyasını genişləndirir və onu müxtəlif regionlar üçün strateji əhəmiyyətli aktora çevirir. Eyni zamanda, nəqliyyat və logistika layihələri – xüsusilə transregional dəhlizlər – ölkəni əlaqələndirici mərkəzə çevirir. Qeyd etməliyik ki, iqtisadi layihələr qarşılıqlı asılılıq yaradır. Yəni tərəfdaş ölkələr zamanda bir-birinə bağlı olur. Belə bir bağlılıq isə siyasi riskləri azaldan əlavə mexanizm kimi çıxış edir. Çünki iqtisadi maraqların dərinləşməsi münaqişə ehtimallarını aşağı salır və əməkdaşlığı daha rasional seçimə çevirir.

Regionda sülh gündəliyinin irəli çəkilməsi də bu məntiqin davamıdır. Uzun illər davam edən münaqişədən sonra normallaşma prosesinə keçid yeni regional modelin formalaşdırılması cəhdidir. Əgər qarşıdurma məntiqi iqtisadi bloklanma və kommunikasiya xətlərinin qırılması ilə müşayiət olunurdusa, əməkdaşlıq modeli əksinə, açıq bağlantılar və qarşılıqlı fayda üzərində qurulur. Daha geniş mənada regionda yeni iqtisadi coğrafiyanın formalaşmasına gətirib çıxara bilər. Məhz burada Cənubi Qafqazın gələcək trayektoriyası məsələsi aktuallaşır. Əgər sülh prosesi institusional çərçivəyə salına və iqtisadi layihələrlə dəstəklənə bilsə, region tədricən rəqabət və qarşıdurma məkanından əməkdaşlıq platformasına transformasiya oluna bilər. Belə bir ssenaridə Azərbaycan transformasiyanın əsas memarlarından biri kimi çıxış edir.

***

Azərbaycanın dialoq modelində balans siyasəti “hamı ilə yaxşı münasibətlər” formulu çoxsəviyyəli və hesablanmış xarici siyasət arxitekturanı nəzərdə tutur. Müxtəlif güc mərkəzləri ilə paralel münasibətlərin qurulması, ilk növbədə, seçim imkanlarını genişləndirir. Çünki qlobal sistemdə sərt bloklaşma dərinləşdikcə, bir mərkəzə həddindən artıq yaxınlaşma digər istiqamətlərdə manevr imkanlarını məhdudlaşdıra bilər. Azərbaycan isə bu riski minimuma endirməyə çalışaraq əlaqələrini şaxələndirir və alternativləri açıq saxlayır. Xarici siyasətdə sərt ittifaqlar bəzən qısamüddətli təhlükəsizlik təminatı versə də, uzunmüddətli perspektivdə asılılıq yarada bilir. Balans siyasəti isə əksinə, dövlətə dəyişən geosiyasi şəraitə uyğunlaşmaq imkanı verir. Azərbaycan üçün bu, xüsusilə vacibdir, çünki ölkə həm coğrafi, həm də siyasi baxımdan müxtəlif maraqların kəsişdiyi bir məkanda yerləşir. Belə bir mühitdə sabit qalmağın yolu düzgün qurulmuş diplomatik kombinasiyalardan keçir.

Eyni zamanda, balans siyasətinin “risklərin diversifikasiyası” funksiyası da diqqətdən kənarda qalmamalıdır. Müxtəlif tərəfdaşlarla əməkdaşlıq etmək o deməkdir ki, hər hansı bir istiqamətdə yaranan gərginlik ümumi sistemə dağıdıcı təsir göstərmir. Məsələn, enerji, nəqliyyat və təhlükəsizlik əməkdaşlığının müxtəlif coğrafiyalara yayılması Azərbaycanın xarici təsirlərə qarşı dayanıqlılığını artırır və onu daha az həssas edir. Bununla yanaşı, Azərbaycanın rolu tədricən daha fəal koordinasiyaedici səviyyəyə keçir. İlk növbədə, ölkənin geostrateji mövqeyi – Şərq ilə Qərb, Şimal ilə Cənub arasında yerləşməsi – onu təbii şəkildə əlaqələndirici aktora çevirir. Lakin bu potensialın reallaşması üçün siyasi iradə və institusional təşəbbüslər tələb olunur ki, Bakı son illərdə məhz bu istiqamətdə aktivlik nümayiş etdirir. Xüsusilə Türk dünyası çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi bu koordinasiyaedici rolun konkret təzahürlərindən biridir. Burada Azərbaycan, müəyyən mənada, gündəm formalaşdıran və müxtəlif maraqları uzlaşdırmağa çalışan aktor kimi çıxış edir. Eyni tendensiya daha geniş Avrasiya məkanında da müşahidə olunur.

Son olaraq qeyd edək ki, Azərbaycanın sabitlik və inkişafa söykənən dialoq modeli geniş region üçün alternativ yanaşma təklif edir: əməkdaşlıq, balans və idarəolunan sabitlik. Müasir beynəlxalq sistemin axtardığı da məhz bu cür yanaşmadır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət