Ermənistanın baş naziri Avropa Parlamentində nə demək istədi?
Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Avropa Parlamentində çıxış edərkən Azərbaycanla sülh gündəliyi baxımından bəzi məqamlara toxundu. Yazımızda həmin məqamlardan ən vacibi üzərində dayanacağıq. Söhbət Naxçıvana yoldan gedir.
Əvvəla, onu bildirək ki, N.Paşinyan çıxışında son dövrlərdəki müsbət ritorikasına sadiqlik nümayiş etdirdi. O, ölkəsi ilə Azərbaycan arasında ticarətin başlamasını, o cümlədən Azərbaycanın Ermənistana ixrac məhsullarının tranzitini həyata keçirməsini sülh quruculuğu nöqteyi-nəzərdən mühüm addımlar kimi dəyərləndirdi.
Lakin Nikolun bilavasitə Naxçıvana yol xüsusunda səsləndirdiyi bir fikir var ki, həmin fikri, prinsip etibarilə, İrəvanın Bakının jestlərinə xoşməramlı cavabı qismində qiymətləndirmək bir o qədər yerinə düşmür. Halbuki, Paşinyan AP tribunasından səslənərkən, məhz belə bir qiymətləndirməyə üstünlük verdi. Görəsən niyə? Sual başqa suallar da doğurur.
Beləliklə, N.Paşinyan dedi ki, Ermənistan öz ərazisindən Naxçıvana quru yolunu verməyə hazırdır. Məlumdur ki, rəsmi İrəvanın belə bir hazırlığı onun üzərinə götürdüyü konkret öhdəliklə çərçivələnib. Yəni indiki məqamda əsas olan həmin öhdəliyin yerinə yetirilməsidir. Söhbət ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahid imzası ilə təsdiqlənmiş Birgə Bəyannamənin icrasından gedir. O bəyannamə ki, onun “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi kimi mühüm tərkib hissəsi var.
Sözügüdən sənədin 3-cü bəndində bildirilir ki, “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”.
Birgə Bəyannamənin 4-cü bəndində isə vurğulanır ki, “Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”.
Göründüyü kimi, Naxçıvana yol sabit yazılı parametrə malikdir və bir daha deyək ki, hazırda başlıca vəzifə Birgə Bəyannamədə qeyd olunanların icrasıdır. Amma bir anlıq Paşinyanın dilə gətirdiyi fikrə başqa aspektdən yanaşaq. Hesab edək ki, Azərbaycan öz ərazisindən Ermənistan üçün taxılın tranzitinə imkan verdiyi kimi, Ermənistan da Naxçıvana gediş-gəlişimizə şərait yaradır. Bu zaman ortaya iki sual çıxır. Birincisi, İrəvan prosesin Birgə Bəyannamədəki maneəsizlik kazusu əsasında gerçəkləşməsinə razıdırmı? İkincisi, Ermənistan 40 kilometrdən bir qədər artıq yolu istismar üçün yararlı duruma gətiribmi? Bildiyimiz qədərilə belə bir durum yoxdur. Halbuki, Azərbaycan Ermənistanla sərhədədək avtomobil və dəmir yolu xəttinin inşasını başa çatdırmaq üzrədir, hazırda son tamamlama işləri gedir.
Yəni, “Ermənistan öz ərazisindən Naxçıvana gediş-gəlişin həyata keçirilməsinə hazırdır” şəklində bəyanat verilərkən, qeyd etdiyimiz məqamlar nəzərə alınmalıdır. Çünki Naxçıvana yol məsələsi həssasdır. Əgər Paşinyan bunu düşünmürsə, istər-istəməz, şübhələr yaranır və ortaya başqa suallar çıxır. İlk sual isə budur: Ermənistanın baş naziri dünya ictimaiyyətini fərqli səmtə yönləndirməyə çalışır? Bəlkə İrəvan Birgə Bəyannamədən uzaq durur?
Axı məlumdur ki, Naxçıvana maneəsiz yol 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərini imzaladıqları üçtərəfli Bəyanatda da əskini tapmış, lakin Paşinyan administrasiyası həmin sənədin icrasından boyun qaçırmış, üstəlik, 2020-ci ildən 2025-ci ilədək var gücü ilə çalışmışdı ki, Naxçıvana maneəsiz quru yolu məsələsi gündəmdən çıxsın. Nikol və komandası bu məqsədlə Ermənistanın ərazi bütövlüyü və suverenliyi klişesini durmadan tirajlamış, elə təsəvvür formalaşdırmışdı ki, sanki Naxçıvana maneəsiz yol bu prinsiplərin pozulmasıdır.
Ona görə də hazırda erməni baş nazirin Avropa Parlamentindəki çıxışında qədim diyarımıza yolun sırf Ermənistan ərazisindən keçməsinə hazırlıq və razılıq kontekstini qabartması düşünməyə vadar edir. Baxmayaraq ki, heç kəs, o cümlədən Birgə Bəyannamə Naxçıvana yolun Ermənistanın beynəlxalq hüquqla tanınan ərazisi vasitəsilə reallaşması məntiqini inkar etmir. Başqa sözlə desək, söhbət ölkənin beynəlxalq hüquqla tanınmış ərazisi vasitəsi ilə maneəsiz keçiddən gedir ki, buna Paşinyanın özü razılıq verib. Hər halda, üçtərəfli Bəyanat kimi, Birgə Bəyannamədə də Nikolun imzası var. İmza isə çox önəmlidir və məsuliyyət deməkdir.
Məsuliyyətdən söz düşmüşkən, N.Paşinyanın AP-dəki çıxışı zamanı Ermənistanın Naxçıvana öz ərazisindən yol verməyə hazırlığına dair fikir bildirməsi, eyni zamanda, onun dünya ictimaiyyətinin boynuna əlavə məsuliyyət qoymaq cəhdinin mövcudluğuna dair təəssürat da yaradır. Təxminən belə: dünya Ermənistan liderinin sülhdən danışdığını görür və bunu alqışlayır. Dünya, həmçinin, erməni baş nazirin Naxçıvana yol verməyə hazırlığını görür və yenə alqışlayır. Amma heç kəs fərqinə varmır ki, alqış səsləri Naxçıvana yolun Birgə Bəyannamədəki prinsipial məntiqini boğur, bir növ, ikinci plana atır.
Sözümüz ondadır ki, təkcə baş nazir N.Paşinyan deyil, ümumən, Ermənistan rəsmiləri müxtəlif beynəlxalq platformalarda Azərbaycanla sülhdən söz açarkən, ümumi ifadələrlə kifayətlənsələr, daha yaxşıdır. Əlbəttə, onlar detallara da gedə bilərlər. Ancaq, gərək, həmin detalları ətraflı açıqlasınlar ki, dedikləri reallığın təhrifi, əldə olunmuş razılaşmalara qarşı çıxmaq təsiri bağışlamasın. Onlar nəzərə almalıdırlar ki, özündə qeyri-müəyyən çalarları daşıyan bəyanatlar və açıqlamalar etimad quruculuğuna zidd təmayüllərdir və yekun sülhə maneçilik törətmək potensialına malikdir.
Ə.RÜSTƏMOV
XQ

