Bakı sülh danışıqlarında vasitəçiliyə hazırdır

post-img

Regiondakı mövcud vəziyyətə Azərbaycanın sağlam baxışı diqqətdən yayınmır

Azərbaycan mehriban qonşuluq siyasəti yürüdən, İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verən, həm də sivilizasiyalararası dialoqa açıq ölkədir. Bakı Avropa sivilizasiyasının bir hissəsi kimi bloklara qoşulmama siyasətinə sadiqdir. Bu amillər təsdiqləyir ki, Azərbaycan qlobal siyasətdə, sabit beynəlxalq sistemin formalaşmasında xüsusi yerə və çəkiyə malikdir.

Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycanın “körpü qurucusu” rolu ənənəvi olaraq coğrafi məna daşıyıb. Rəsmi Bakı ölkələrarası, qitələrarası danışıqların aparılmasında diplomatik səriştə və təcrübəsini nəzərə alaraq, indiki məqamda vasitəçilik missiyasını uğurla yerinə yetirə bilər. Böyük, ya kiçikliyindən asılı olmayaraq, bütün ölkələrlə qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr quran Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək səviyyədədir.

2026-cı il martın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarını ödəmək üçün İrana humanitar yardım göndəridi. Azərbaycanın bu mühüm məsələdə mövgeyi BMT-nin əsas norma və prinsiplərinə əsaslanır. Münaqişələrin və regional təhlükəsizliyə təhdidlərin yayılmasının qarşısının alınması BMT Nizamnaməsinə uyğun olaraq diplomatiya, iqtisadi sanksiyalar və sülhməramlı missiyalar da daxil olmaqla kollektiv səylər tələb edir. Sabitliyin qorunması üçün gücdən istifadə etməmək, ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinə riayət vacibdir.

Rəsmi Bakı ilə Vaşinqtonun qlobal müstəvidə mövqelərinin yaxınlaşması Böyük Britaniya, İtaliya, Pakistan, BƏƏ, Gürcüstan və digər etibarlı, sınaqdan keçmiş tərəfdaşlarla yanaşı, ikitərəfli münasibətlərin dərinləşməsinin bariz nümunəsidir. Bu baxımdan ABŞ Dövlət Departamentinin İranın Azərbaycan ərazisinə dron hücumlarını pisləyən və ölkəmizlə həmrəylik ifadə edən bəyanatı yüksək qiymətləndirilməlidir. Vaşinqtonun mövqeyi Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın ruhuna və məzmununa tam uyğundur. Həmin bəyanat ABŞ-ın Vitse-prezidenti Ceyms Devis Vensin ötən ay Bakıya səfəri və onun Prezident İlham Əliyevlə Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanma mərasimi zamanı dialoqu və mövcud reallığın tanınmasına söykənir. Qısa zaman kəsiyi göstərdi ki, bu sənəd ikitərəfli əlaqələri adi razılaşmalar çərçivəsindən kənara çıxarıb, ikitərəfli münasibətlərin tarixində yeni səhifə açıb.

Dövlət başçımızın Bakıda Devid Venslə birgə mətbuat konfransında dedikləri bunun əyani isbatıdır: “Qafqazda sülhün bərqərar olmasına mühüm töhfə vermiş dünyanın ən qüdrətli ölkəsinin strateji tərəfdaşı olmaqdan şərəf duyuruq. Prezident Trampın da şahid qismində imzaladığı birgə sülh bəyannaməsi sayəsində biz artıq 6 aydır ki, Ermənistanla sülh şəraitində yaşayırıq, yeni şəraitdə yaşamağı öyrənirik. Biz təkcə avtomobil tədarükü ilə deyil, həm də ölkəmizə tədarükün məhdudlaşdırılması ilə məşğul olmuşuq. Neft məhsullarını özümüz, təsirli əməkdaşlıq və ticarət başlatırıq”.

Burada vacib bir məqamı qeyd etməliyik. Müstəqillik dövründə rəsmi Bakı Vaşinqtonla bərabər, qarşılıqlı faydalı şərtlər əsasında şaquli güc strukturu və ya himayəsiz əlaqələr qurmağı bacarıb. Bu baxımdan, paytaxtda təkcə ABŞ biznesmenlərindən ibarət böyük nümayəndə heyətinin (30 aparıcı qlobal korporasiyadan 61 nəfər) deyil, həm də ən nüfuzlu ictimai təşkilatların təmsilçilərinin Azərbaycanlı həmkarları ilə görüşü ciddi göstəricidir. Münasibətlərin bu yeni fəsli dostluq jesti deyil, investisiya, texnologiya və konkret ideyalarla dəstəklənən real layihələrin başlanğıcıdır.

Birləşmiş Ştatlar, eyni zamanda, süni intellekt, kibertəhlükəsizlik və kosmosun tədqiqi sahələrində birgə layihələri də dəstəkləməyə hazırdır. Dəmir yolu və avtomobil nəqliyyatı, internet, qaz və neft kəmərini əhatə edən çoxşaxəli TRIPP layihəsini nəzərdən qaçırmaq olmaz. Onun üzərində iş bu ilin ikinci yarısında başlayacaq və tam həyata keçiriləndə Çinin qərb sərhədlərindən Atlantik okeanın dərinliklərinə kimi onlarla ölkəyə real fayda verəcək. Amma ən əsası, istər Vaşinqtonda 2025-ci il 8 avqust sammitində, istər Misirin Şar–əş–Şeyx şəhərində oktyabr sülh sammitində, o cümlədən Sülh Şurasının ilk iclasında, hətta Əbu-Dabidə “Şeyx Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi mərasimində Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin sözdə və əməldə qlobal təhlükəsizliyin təmin edilməsində strateji rolunu və beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi əhəmiyyətini ortaya qoydu. 30 il bundan əvvəl kim təsəvvür edərdi ki, kiçik və naməlum Azərbaycan dünyanı təkcə logistika və coğrafi cəhətdən dəqiq müəyyən edilmiş marşrutlar vasitəsilə deyil, həm də dost olmaq, ən barışmaz antaqonistlərin belə fərqli maraqlarını birləşdirmək bacarığı ilə seçiləcək. Zaman göstərdi ki, təlatümlərin hökm sürdüyü, köhnə dünya düzəninin aşındığı, yeni nizamın təməllərinin hələ atılmadığı çağdaş dövrdə haqlı olaraq qlobal hadisələrin mərkəzində İlham Əliyev görkəmli sima kimi meydana çıxdı. Azərbaycan lideri bu nəticəyə dönməz və ardıcıl xarici siyasəti, uzunmüddətli strategiyası və dəyişən beynəlxalq münasibətlər sisteminə uyğunlaşması sayəsində nail olub. Məhz bu üstünlüklərinə görə bu gün Bakı sülh danışıqlarında vasitəçiliyə ən ideal namizəd sayılır. Rəsmi Bakı, eyni zamanda, regionlararası proseslər üçün mühüm katalizatora çevrilib. Bir vaxtlar ölkəmiz hadisələr, sadəcə, reaksiya verirdisə, bu gün inteqrasiya və əməkdaşlıq proseslərini formalaşdırır. Bu statusu müasir beynəlxalq münasibətlər sistemində “güc” anlayışının önə çıxması şərtləndirir.

Avrasiya məkanının maraqlarının dönməz şəkildə birləşdirilməsi prosesinin daha bir mühüm komponentini nəzərdən qaçırmayaq. Fransa prezidenti Emmanuel Makron İlham Əliyevə zəng edib və telefon danışığında Azərbaycanın maraqlarına və ərazi bütövlüyünə “hərtərəfli dəstək” vədləri də daxil olmaqla, rəsmi Bakı ilə tam həmrəy olduğunu bildirib. Makron dövlətimizin başçısına Fransa vətəndaşlarının Astara vasitəsilə İrandan təxliyəsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. Bu zəng və dünənə qədər hayların dəstəkçisi olan Makronun etirafı rəsmi Bakının ikitərəfli münasibətlərdə konstruktiv olmasının, etnik və dini amillərə əsaslanmadığını, humanism prinsiplərini yüksək tutduğunu göstərdi.

Bəli, Azərbaycan lideri üçün münasibətlərdə səmimilik və dürüstlük vacib şərtdir. Beynəlxalq ictimaiyyət rəsmi Bakının Atlantikanın hər iki tərəfindəki diplomatik, hərbi-siyasi vəziyyətə adekvat davranmasına artıq öyrəşib. Onun təkcə qaranı ağdan ayırmağı yox, həm də onun rənglərinin çox olduğunu nümayiş etdirdiyini də görür.

Kamran BEHBUDOV,
professor

Siyasət