30 illik qarşıdurmanın ağrılarını yaşayan cəmiyyətlər psixoloji sədləri tədricən aşmağı bacarmalıdır
İrəvanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli “dəyirmi masa” keçirilib. Belə görüşlərin iki ölkə və xalq arasında etimad mühitinin yaradılması üçün ictimai fəalların bir araya gəldiyi şəffaf platforma rolunu oynadığı şəksizdir.
ARAYIŞ: Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ilk görüş 2025-ci il oktyabrın 22-də İrəvanda keçirilib. Sonra Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup noyabrın 21-də Azərbaycan paytaxtına səfər edib. Bu, “Sülh körpüsü” təşəbbüsü çərçivəsində baş tutan üçüncü dialoqdur.
Xatırladaq ki, ötən ilin oktyabrında İrəvan görüşündə qarşıdakı 6 ay ərzində vətəndaş cəmiyyəti nümayəndələrinin məlumatlandırılması istiqamətində görüləcək işlər, ekspertlər və media sektorunda əməkdaşlıq məsələləri müzakirə edildi, konkret istiqamətlər üzrə layihələrin həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanılması təsdiqləndi. Dörd ay bundan əvvəl İrəvanda olan heyətin üzvü, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov XQ-yə bunları demişdi: “Qarşımızda müəyyən planlar və ideyalar dayanır. Ümid edirik ki, nəzərdə tutduğumuz istiqamətlər üzrə Azərbaycan və Ermənistan liderləri tərəfindən aparılan dövlətlərarası sülh gündəliyinə biz də müəyyən töhfəmizi verə biləcəyik”.
Beləliklə, o zaman əldə olunan razılaşmalar tədricən həyata keçirilir. Fevralın 13-dən 19 nəfərlik Azərbaycan nümayəndə heyəti dəyirmi masa görüşündə iştirak ediblər. Nümayəndə heyətimizin İrəvan təmaslarına keçməzdən əvvəl vacib bir məqama toxunmaq istərdik. Bizim QHT nümayəndələrimiz qonşu ölkəyə bundan əvvəlki səfərdə olduğu kimi, hava yolu ilə, təyyarədə deyil, Azərbaycanın Aşağı Əskipara və Ermənistanın Voskepar kəndi yaxınlığındakı quru sərhədin delimitasiya və demarkasiya olunmuş hissəsindən keçib gediblər. Bu fakt iki ölkə arasında “de-fakto” sülhün bərqərar olmasının əyani göstəricisi, vizual sübutudur. Bu təmaslar Bakının münaqişə başa çatandan dərhal sonra irəli sürdüyü sülh gündəliyi sayəsində mümkünə çevrilir.
***
Bəli, iki ölkə, iki xalq arasında çoxlu qanların axıdıldığı, minlərlə qurbanın verildiyi müharibədə, ilk baxışda, bütün körpülərin yandırıldığı təsəvvürü yarana bilər. Amma geriyə dönüş, düşmənçiliyə son qoymaq, qonşuluq münasibətlərini bərpa etmək üçün yanmış körpülərin bərpası qaçılmazdır. Tarixi Vaşinqton sammitindən sonra Azərbaycan tərəfi dünyanın bir nömrəli ofisində imzalanmış anlaşmaların praktiki həyata keçirilməsi istiqamətində ardıcıl addımlar atmaqda davam edib. O cümlədən Azərbaycan öz ərazisindən Ermənistana yüklərin daşınmasına qoyulan qadağanı aradan qaldırdı ki, bu da Qazaxıstan və Rusiyadan qonşu ölkəyə taxılın, Bakıdan yanacağın çatdırılması prosesini sadələşdirməyə kömək etdi. Bunun Ermənistan iqtisadiyyatına əhəmiyyətli təsir göstərdiyini ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan da təsdiqləyib . O, İctimai Televiziyaya müsahibəsində Ermənistanın Azərbaycan yanacağının idxalı sayəsində təxminən 2,6 milyon dollara qənaət etdiyini təsdiqləyib.
Ermənistan baş naziri Nikol Paşinyanın isə ötən il dekabrın 21-də Avrasiya İqtisadi Şurasının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən iclasında sülhə və əməkdaşlığa doğru atdığı addımlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirməsi dünyanın ən nüfuzlu media portallarında yayımlandı: “Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin qarşısının alınması, eləcə də ikitərəfli ticarətin başlanması üçün şəraitin yaradılması qərarına görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığımı bildirirəm. Bu, regionda sülhün və sabitliyin bərqərar olunmasında ilk mühüm nailiyyətlərdən biridir”.
İqtidardakı “Mülki müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan məlum təmasların iki ölkə arasında sülh atmosferinin möhkəmləndirilməsinə yönəldiyini bildirib. O, Ermənistan və Azərbaycan cəmiyyətinin müxtəlif nümayəndələrinin görüşlərinin ardıcıl xarakter daşıyacağını vurğulayıb.
***
Reallıq ondan ibarətdir ki, iqtisadi və siyasi aspektlərdə gedən normallaşma prosesini iki xalq arasında uzun illər formalaşmış psixoloji səddin aşılması, etimad səviyyəsinin yüksəldilməsi kimi yardımçı amillər də müşayiət etməlidir. Hər iki cəmiyyətdə “Sülh körpüsü” missiyası uğurla həyata keçirilir, bunu İrəvanda davam edən “dəyirmi masa”nın ilkin nəticələri də sübut edir. Bu təşəbbüs çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. O, bu formatda ikitərəfli təmasların qarşılıqlı etimadın möhkəmləndirilməsində və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb, həmçinin iştirakçıların suallarını cavablandırıb. Dəyirmi masa müzakirələrində Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan da iştirak edib. Müzakirələr zamanı iştirakçılar 2025-ci il avqustun 8-də Vaşinqton sammitində müəyyən edilmiş sülh gündəliyindən irəli gələn məsələlərə, həmçinin qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətlərinin roluna toxunublar.
Bu məqamda Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı zamanı “France 24” telekanalına müsahibəsində dediyi sözləri xatırlatmağımız yerinə düşər: “...Bu tarixi sənədin Ağ Evdə – yeri gəlmişkən, Birgə Bəyannaməni də şahid qismində imzalayan ABŞ Prezidentinin iştirakı ilə – imzalanması münaqişənin başa çatması deməkdir və biz əbədi olacağına ümid etdiyim sülh dövrünə qədəm qoyduq. O vaxtdan altı aydan çox vaxt keçir və Ermənistanla sərhəddə vəziyyət sakitdir. Artıq atışma, itki, xəsarət alan yoxdur”.
***
Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri iki ölkənin qarşılıqlı addımlar atmaq və müəyyən əlaqələr yaratmaq niyyətinin ciddiliyindən xəbər verir. İndiyədək ölkə liderləri səviyyəsində kifayət sayda baş tutmuş təmaslar cəmiyyətlərin sülh prosesinə qoşulmasındam ötrü lazımi şərait və mühit formalaşdırıb. Vətəndaş cəmiyyəti təmsilçilərinin vasitəçi olmadan, yalnız hökumətlərin dəstəyi ilə görüşüb-danışması sülh gündəmi üçün vacib amil sayılır. Vasitəçisiz, müstəqil şəkildə təşkil edilən görüşlər sülh prosesinin tərəflərində əlavə məsuliyyət yaradır, daha geniş təmaslara təkan verir. Ən vacib məqam isə bu görüşlərin Vaşinqtonda əldə olunan 8 avqust razılaşmalarının həyata keçirilməsi istiqamətində atılan praktiki addımların davamı olmasıdır.
Bu, artıq zamanın diktəsidir: iki qonşu ölkənin və xalqın sülh şəraitində yaşaması zəruri olduğu kimi, düşmənçiliyin də əbədi davam etməyəcəyi qəbul edilməlidir. İntəhası, 30 ildən uzun müddətdə müharibə şəraitində yaşayan xalqların aldıqları mənəvi-psixoloji zərbələrin yaratdığı yaraların sağalması vaxt və səbir tələb edən prosesdir. Buna görə hər iki cəmiyyətin sülh və dinclik şəraitində birgə yaşamasına hökumətlərin təşviqi ilə məhz vətəndaş cəmiyyəti institutlarının verdiyi dəstək olduqca əhəmiyyətlidir. Dağılmış sülh körpülərinin yenidən inşasına dəstək verən vətəndaş cəmiyyətlərinin əsas missiyası iki xalq arasında ünsiyyətin qurulması, qarşılıqlı etimadın möhkəmləndirilməsidir. Rəsmi Bakı və İrəvanın bu yöndə atdıqları birgə addımları, intensivləşən və inkişaf edən dialoq mühiti bölgədə möhkəm sülhə və tərəqqiyə aparan ən doğru yoldur.
Tofiq ABBASOV,
siyasi icmalçı
Etiraf etmək lazımdır ki, qonşularımız bizim saf, xoşməramlı təşəbbüslərimizə hələlik adekvat yanaşmaqda çətinlik çəkirlər. Bunun da səbəbi böyük əksəriyyətin ürəyində Azərbaycana qarşı olan nifrət, gözügötürməzlik kimi mərəzdən qurtula bilməməsidir. Bu mərəzin kökləri ötən əsrin əvvəllərindən formalaşan erməni radikalizminə, millətçiliyinə, qonşuları ilə hərb dili ilə danışmaq istəyinə gedib çıxır. Ötən əsrin sonlarında Qarabağ xəstəliyinə tutulanda biz onları problemi danışıq yolu ilə həllinə, ortaq məxrəc tapmağa dəvət etdik. Onların məkrli niyyətlərinin heç vaxt reallaşmayacağını əvvəlcədən bilirdik. Çünki ortada tarixi ədalətsizlik və haqsızlıq var idi. Son aqibətləri indi bütün dünyaya məlumdur. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa edəndən sonra sülh təşəbbüsləri ilə çıxış etsə də, İrəvan hamısına “yox” cavabını verirdi. İki qonşu dövləti, xalqları birləşdiricək hansısa rüşeymin yaranmasına qarşı çıxırdılar. Nikol Paşinyan artıq reallığı anlayırdı, amma cəmiyyət ona bu yöndə qətiyyətli addımlar atmağa imkan vermirdi.
Onu da xatırlatmaq istərdim ki, hələ İkinci Qarabağ müharibəsinə qədər hər iki ölkənin ziyalılarının səfərləri və görüşləri, dövlət başçılarının təmasları qarşı tərəfin günahı uzundən müsbət nəticələrə gətirib çıxarmadı. 2020-ci ilin payızında müharibə başa çatan kimi Bakı Ermənistanı bölgədəki inteqrasiya layihələrinə qoşulmağa dəvət etdi. İndi onlar bu çağırışların məhz sülhün əldə edilməsinə yönəldiyini anlamağa başlayıblar. Axı bu iki xalq bir-birini inkar etməklə, nifrətlə yaşaya biməz. Yəni Azərbaycan Prezidenti İrəvana sülh uğrunda birgə mübarizə aparmağa və birgə qələbə çalmağı təklif edir. Bu, olduqca rasional, sağlam ruhlu bir yanaşmadır. İlkin nəticələri görürük. Bu dəfə vətəndaş cəmiyyəti təmsilçilərimiz, həmkarlarımız quru sərhəddən keçərək Ermənistana getdilər. Deməli, haqqında danışdığımız buzlar yavaş-yavaş əriməyə başlayır. Əminəm ki, bu təmasların sayı nə qədər çox və geniş spektrli olarsa, müxtəlif sahələrin insanları sistemli bir araya gələrsə, sülh reallığına, əməkdaşlığa daha tez çatarıq. Kommunikasiyaların tam açılması isə hamıdan çox Ermənistana lazımdır. Bunun üçün onun “ev tapşırıqlarını” vaxtında yerinə yetirməsi müharibə səhifəsinin birdəfəlik bağlanması demək olacaq.
İmran BƏDİRXANLI
XQ


