İrəvan Moskva ilə “körpüləri yandırmaq” istəmir

post-img

Paşinyanın Rusiya ilə bağlı fikirləri Kremlin “könlünü alma” cəhdidir

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyanın maraqlarına ziyan vuracaq addımlar atacağını istisna edib. Paşinyan bu barədə yerli mediaya müsahibəsində bildirib. Bununla belə o, prioritetin Ermənistanın milli maraqları olduğunu vurğulayıb: “Rusiyaya, Rusiyanın maraqlarına ziyan vurmaq – belə bir hal bizim gündəliyimizdə heç vaxt olmayıb, yoxdur və olmayacaq. Bu, istisnadır”.

Onun sözlərinə görə, heç bir qüvvə Ermənistanı Rusiyaya qarşı yönəlmiş hərəkətlər məntiqinə cəlb edə bilməz: “Rusiya ilə münasibətlərə dair strateji baxışımızı bölüşmək istərdim. Rusiyalı tərəfdaşlarımıza bütün məkanlarda, bütün platformalarda deyirik ki, biz sizə qarşı fəaliyyət göstərmirik. Bu, mümkün deyil. Biz rusiyalı tərəfdaşlarımıza deyirik ki, sizinlə mübahisəyə və ya söz güləşdirməyə girməyəcəyik, çünki mövcud münasibətləri qiymətləndiririk. Heç kim bizi Rusiyaya qarşı addım atmaq məntiqinə sürükləyə bilməyəcək”. Paşinyan qeyd edib ki, bu kontekstdə şəxsi əlaqələr də dövlətlərarası münasibətlərdən az əhəmiyyətli deyil: “Rusiya Prezidenti Vladimir Putin və Rusiya hökumətinin başçısı Mixail Mişustinlə bizim birbaşa və çox isti münasibətlərimiz formalaşıb”.

Baş nazir bir daha vurğulayıb ki, Ermənistan Rusiyanın maraqlarına qarşı fəaliyyət göstərməyəcək, lakin ölkə hər zaman öz maraqları naminə hərəkət edəcək: “Bizim strategiyamız budur. Biz başa düşürük ki, müəyyən kəsişmələr ola bilər. Ermənistanın maraqlarına zidd şəkildə hərəkət edib Rusiyanın və ya başqa bir ölkənin maraqlarını üstün tutmaq məntiqsiz olardı. Heç kim belə davranmır”.

***

Qeyd edək ki, N.Paşinyan bu fikirləri fevralın 10-da, yəni ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin İrəvanı tərk etdiyi gün səsləndirib. Həmin səfər zamanı ABŞ-la Ermənistan arasında nüvə enerjisi sahəsində dinc əməkdaşlığa dair memorandum imzalanıb. Sənədə Ermənistanın Baş naziri və ABŞ-ın Vitse-prezidenti dərkənar qoyub. Saziş iki ölkənin nüvə enerjisi sahəsində gələcək strateji qarşılıqlı fəaliyyətinin hüquqi əsasını təşkil edir. Memoranduma əsasən, Amerika tərəfi Ermənistana kiçik modul tipli reaktorlar tədarük edəcək. Layihənin ümumi dəyəri 9 milyard dollar təşkil edir. İlkin mərhələdə 5 milyard dollarlıq avadanlıq veriləcək. Qalan 4 milyard dollar isə uzunmüddətli perspektivdə yanacaq tədarükü və reaktorlara xidmət müqavilələrini əhatə edir. Bundan əlavə, Vens Paşinyanla birgə mətbuat konfransında ABŞ texnologiyasının Ermənistana gələcəyini bildirib. Səfər zamanı Ermənistana 11 milyon dollar dəyərində pilotsuz kəşfiyyat texnologiyalarının satışı təsdiq edilib.

Bütün bunlar Moskvada, yumşaq desək, xoş qarşılanmayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun İrəvan və Vaşinqton arasında atom layihələri ilə bağlı əməkdaşlığa dair şərhi bunun göstəricisidir. Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiyanın atom enerjisi sahəsində bacarıqları ABŞ-dan daha yüksəkdir və xidmətlərin dəyəri daha aşağıdır: “Ermənistanla ABŞ arasında nüvə energetikası sahəsində əməkdaşlığa gəlincə, orada köhnə sovet obyektləri mövcuddur. Təbii ki, bunlar sovet və Rusiya layihələridir. Bu sahədə Rusiya, şübhəsiz ki, daha böyük təcrübəyə və daha yüksək rəqabət qabiliyyətinə malikdir”. Onun sözlərinə görə, nüvə enerjisi sahəsində dünyanın ən qabaqcıl ölkələrindən biri olan Rusiya tərəfdaşlar tərəfindən belə tələbat yaranarsa, istənilən səviyyədə beynəlxalq rəqabətə davam gətirə bilər. “Rusiya daha az vəsait müqabilində uzun illər üçün daha yüksək keyfiyyət təmin edə bilir”, – deyə Peskov vurğulayıb.

Bu mənada N.Paşinyanın Rusiyanın maraqlarına ziyan vurmayacaqları barədə açıqlaması ilk baxışda aydın və qəti mövqe kimi görünür. O, açıq şəkildə deyir ki, Ermənistan heç vaxt Rusiyaya qarşı addım atmayıb və atmayacaq. Eyni zamanda, vurğulayır ki, əsas prioritet Ermənistanın milli maraqlarıdır. Məhz bu iki cümlə, bütövlükdə, İrəvanın hazırkı xarici siyasət xəttini anlamaq üçün açar rolunu oynayır. Son illər Ermənistanın həm Rusiya, həm də Qərblə münasibətlərində paralel xətt apardığı açıq görünür. Bir tərəfdən Avrasiya İqtisadi İttifaqı çərçivəsində Rusiya ilə əlaqələr davam edir, digər tərəfdən isə Avropa İttifaqı və ABŞ-la siyasi dialoq genişlənir, yeni layihələr gündəmə gəlir. ABŞ-ın vitse-prezidentinin İrəvana səfəri və bu səfər çərçivəsində nüvə enerjisi sahəsində əldə olunmuş razılaşma Ermənistanın Qərblə əməkdaşlığı dərinləşdirmək niyyətini göstərən mühüm addım idi. İmzalanmış saziş enerji təhlükəsizliyi baxımından İrəvan üçün yeni imkanlar vəd edir.

Belə bir durumda Paşinyanın Rusiyaya ünvanlanan yumşaq mesajları təsadüfi sayıla bilməz. Aydındır ki, Ermənistan rəhbərliyi Moskvanın narazılığını artırmaq istəmir. Xüsusilə də regionda baş verən hadisələr, Ukrayna müharibəsi və Qərb–Rusiya qarşıdurmasının kəskinləşdiyi bir vaxtda İrəvanın balans saxlamağa çalışması başadüşüləndir. Paşinyanın “biz sizə qarşı fəaliyyət göstərmirik” deməsi əslində, Rusiyanı sakitləşdirmək, münasibətlərdə əlavə gərginlik yaratmamaq məqsədi daşıyır. Eyni zamanda, o, bir məqamı da açıq bildirir: Ermənistan heç vaxt başqa ölkənin maraqları naminə öz maraqlarına zidd addım atmayacaq. Bu fikir daxili auditoriyaya hesablanmış mesaj kimi də görünə bilər. Çünki cəmiyyətdə Qərblə yaxınlaşmanı dəstəkləyənlər də, Rusiyadan uzaqlaşmanın riskli olduğunu düşünənlər də var. Baş nazir hər iki istiqamətə mesaj verir: nə Rusiyadan imtina edir, nə də Qərblə əlaqələrdən geri çəkilir.

Əslində, Ermənistanın bu cür siyasəti yeni deyil. Keçmiş hakimiyyətlər, o cümlədən Koçaryan–Sarkisyan rejimləri dövründə də İrəvan həm Moskva ilə strateji əlaqələr saxlamağa, həm də Avropa strukturları ilə münasibətləri inkişaf etdirməyə çalışıb. Bu, necə deyərlər, “nə əldən qoyur, nə yardan doyur” yanaşmasıdır. Sadəcə, indi şərtlər dəyişib və geosiyasi mühit daha gərgindir. Ona görə də balans saxlamaq əvvəlki illərlə müqayisədə daha çətin görünür.

ABŞ-la nüvə enerjisi sahəsində razılaşma isə xüsusi diqqət çəkir. Çünki enerji təhlükəsizliyi məsələsi hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır. Ermənistanın bu sahədə Rusiyadan asılılığını azaltmaq istəyi uzun illərdir müzakirə olunur. Yeni saziş bu istiqamətdə real addım kimi qiymətləndirilə bilər. Bu isə təbii olaraq Moskvada diqqətlə izlənir. Belə şəraitdə Paşinyanın “Rusiyanın maraqlarına ziyan vurmaq gündəmimizdə yoxdur” deməsi müəyyən mənada qabaqlayıcı izahat təsiri bağışlayır.

Bütün bunların fonunda Ermənistanın yenə də “iki stulda eyni vaxtda əyləşmək” cəhdinin gördündüyünü söyləmək olar. Bir “stulda” Rusiya ilə təhlükəsizlik və iqtisadi əlaqələr, digərində isə Qərblə siyasi və enerji əməkdaşlığı dayanır. İrəvan hər iki istiqamətdən faydalanmağa çalışır. Bu, kiçik və mürəkkəb regionda yerləşən bir dövlət üçün məntiqli seçim kimi təqdim olunur. Ancaq reallıq ondan ibarətdir ki, böyük güclər arasında rəqabət artdıqca belə balans siyasəti daha həssas olur. Hər addım diqqətlə ölçülməlidir. Paşinyanın son müsahibəsindəki fikirlər də məhz bu həssaslığın göstəricisidir. O, bir tərəfdən Qərblə əməkdaşlığı davam etdirir, digər tərəfdən isə Moskva ilə münasibətlərin qorunmasına çalışır.

Nəticə etibarilə, Ermənistanın hazırkı xətti açıq qarşıdurmadan qaçmaq, eyni zamanda, seçim imkanlarını saxlamaq üzərində qurulub. Bu yanaşma nə tam şəkildə Rusiyaya yönəlmək, nə də Qərbə kəskin dönüşdür. Daha çox manevr sahəsini qorumaq istəyidir. Nikolun açıqlaması da məhz bu siyasətin davamı kimi görünür: Rusiyanı qəzəbləndirməmək, Qərblə əməkdaşlığı isə dayandırmamaq. İki stulda eyni vaxtda nə qədər rahat, arxayın oturmağın mümkünlüyünü isə regiondakı proseslər göstərəcək.

Səxavət HƏMİD
XQ

Siyasət