Gürcüstanın strateji seçimi regional inteqrasiyadır

post-img

Dünyada qlobal ticarət yollarının yenidən formalaşdığı dövrdə Cənubi Qafqazın geostrateji əhəmiyyəti sürətlə artır. Bu tarixi fürsətdən yararlanmağa çalışan Gürcüstan regionun əsas logistika qovşağına çevrilmək hədəfini özünün strateji prioriteti sayır. Baş nazir İrakli Kobaxidzenin Azərbaycan və Ermənistanla birgə gömrük məntəqələri yaratmaq təşəbbüsü məhz bu məqsədə xidmət edir. O deyib: “Asiya İnkişaf Bankının dəstəyi ilə biz Azərbaycan və Ermənistanla birgə gömrük-keçid məntəqələri layihələri üzərində fəal işləyirik. Bu, regional əməkdaşlığın bariz nümunəsidir”.

Gürcüstanın Baş naziri bildirib ki, ölkəsi artıq Avropa İttifaqı standartlarına tam uyğun olan Yeni Kompüterləşdirilmiş Tranzit Sistemini (NCTS) uğurla tətbiq edib. Eyni zamanda, Şərq–Qərb magistralı, Bakı–Tbilisi–Qars dəmir yolu, quru limanları və inşası planlaşdırılan Anakliya dərin su limanı layihələri Cənubi Qafqazda üçtərəfli iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək potensialına malikdir.

Bu əməkdaşlığın kağız üzərində deyil, real müstəvidə işlədiyini göstərən nümunə isə Azərbaycan neft məhsullarının Gürcüstan vasitəsilə Ermənistana daşınması prosesidir. İlkin mərhələdə tranzit və gömrük rüsumları ilə bağlı yaranmış çətinliklərin sürətli həlli tərəflərin praqmatik yanaşma sərgilədiyini sübut etdi. Rüsumlarda tətbiq olunan güzəştlər marşrutun iqtisadi cəlbediciliyini artırmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında Gürcüstanın vasitəçiliyi ilə praktiki iqtisadi bağların qurulmasına şərait yaratdı.

Birgə gömrük-keçid məntəqələri layihələri isə yalnız texniki yenilik deyil, həm də siyasi-iqtisadi etimad mühitinin bünövrəsidir. Belə mexanizmlər prosedurları sadələşdirməklə vaxt itkisini azaldır, tranzit xərclərini optimallaşdırır və Cənubi Qafqaz respublikalarının Orta Dəhliz sistemindəki rolunu möhkəmləndirir. Bu yeni əməkdaşlıq modelinin əsasını isə “tək dayanacaq” prinsipi təşkil edir. O, sərhəd-keçid müddətini orta hesabla 30–50 faiz azaldaraq bürokratik maneələri aradan qaldırır. Birgə gömrük məntəqələri gələcəkdə tariflərin şəffaf və əvvəlcədən bəlli olmasını təmin edərək “proqnozlaşdırılan logistika” mühiti yaradacaq. 

Gürcüstanın “Strategic Analysis Center” və “Tbilisi School of Analysis” mərkəzlərinin ekspertləri Kobaxidzenin bu təşəbbüsünü müsbət dəyərləndirirlər. Onlar vurğulayıblar ki, Rusiyaya qarşı sanksiyalar və digər marşrutların qeyri-sabitliyi fonunda Gürcüstan Azərbaycanla birlikdə Orta Dəhlizin alternativsiz keçid nöqtəsinə çevrilib. Gömrük sisteminin Avropa standartlarına uyğunlaşdırılması tranziti qərb investorları üçün də cəlbedici edəcək. Artıq Gürcüstan yüksək tranzir haqqının zərərli olduğunu təcrübəsində sınaqdan keçirib.

Azərbaycan yanacağının Ermənistana Gürcüstan dəmir yolu ilə tranziti Tbilisi üçün sınaq rolunu oynadı. Bu zaman baş nazir Kobaxidzenin tarifin sıfırlanması qərarı göstərdi ki, rəsmi Tbilisi qısamüddətli mənfəəti qurban verərək regional sabitliyin təminatçısı olmağa hazırdır.

Gürcü ekspertlərin qənaətinə görə, Azərbaycan və Ermənistanla ortaq gömrük zonalarının yaradılması iqtisadi vasitələr ilə sülhü təşviq edən addımdır. Üç ölkənin gömrük əməkdaşlarının vahid rəqəmsal platformada işləməsi qaçaqmalçılıq və korrupsiya riskini azaldır, layihələrin tənqidçilərinin narahatlıqlarını minimuma endirir. Tranzit rüsumlarının rasional və bazar prinsiplərinə uyğun tənzimlənməsi isə ölkənin etibarlı tərəfdaş imicinin formalaşmasında həlledici rol oynayacaq. Bildirilir ki, yükdaşımalar üçün əsas meyar yalnız coğrafi üstünlüklər deyil, həm də proqnozlaşdırıla bilən tarif siyasəti, sabit qaydalar və inzibati maneələrin minimuma endirilməsidir. Bakı, Tbilisi və İrəvanın bu amilləri nəzərə alması Orta Dəhliz çərçivəsində rəqabət qabiliyyətini artırır və region üçün cəlbedici marşrut formalaşdırır. Baş nazirin təşəbbüsü məhz bu məqsədə xidmət edir. 

Onu da qeyd edək ki, Asiya İnkişaf Bankı (AİB) Cənubi Qafqazda iqtisadi inteqrasiyanı və ticarəti inkişaf etdirmək üçün bir sıra layihələr həyata keçirir. Bank Azərbaycanın sərhəd-keçid məntəqələrinin modernləşdirilməsinə 50 milyon dollar kredit ayıracaq, texniki yardım layihələrinə isə 2 milyon dollar vəsait qoyub. AİB həmçinin Gürcüstanda yol infrastrukturuna 415 milyon dollar investisiya yatırıb. Bu təşəbbüslər regionun logistikasını gücləndirməklə ticarət xərclərini azaldır, beynəlxalq bazarlara çıxışı asanlaşdırır. Bank gələcək illərdə Azərbaycana əlavə olaraq 2,5 milyard dollaradək investisiya qoymağı planlaşdırır.

AİB-nin layihələri Cənubi Qafqaz üçün strateji əhəmiyyət daşıyır. Yalnız infrastruktur deyil, həm də rəqəmsal texnologiyalar və regional əməkdaşlıq dəstəklənir, bu da bölgənin beynəlxalq iqtisadi sistemə daha fəal inteqrasiyası üçün mühüm addımdır.

Məsələ ilə bağlı gürcüstanlı politoloq Bəhram Mehtiyev XQ-yə bildirdi ki, tranzit rüsumlarının balanslı və proqnozlaşdırılan şəkildə tətbiqi yalnız iqtisadi səmərəliliyi artırmır, həm də tərəfdaş ölkələr arasında etimad mühitinin güclənməsinə xidmət edir: “Bu, xüsusilə Gürcüstanın Azərbaycan və Ermənistanla birgə həyata keçirdiyi gömrük-keçid məntəqələri layihələri kontekstində önə çıxır. Belə mexanizmlər gömrük prosedurlarını sadələşdirir, sərhəddə vaxt itkisini minimuma endirir və tranzit xərclərinin optimallaşdırılmasına imkan yaradır”.

Politoloqun sözlərinə görə, bu yanaşma Cənubi Qafqazda iqtisadi inteqrasiyanın dərinləşməsinə, yükdaşımaların effektivliyinin artırılmasına və Orta Dəhlizdə Gürcüstanın strateji mövqeyinin möhkəmlənməsinə birbaşa töhfə verir. Belə layihələr həm də regional əməkdaşlıq üçün institusional zəmin yaradır, qarşılıqlı anlaşılmazlıqların vaxtında həllinə imkan verir və gələcəkdə oxşar tranzit məsələlərində potensial gərginliklərin qarşısını ala bilər”.

Politoloq qeyd etdi ki,  Gürcüstanın fiskal siyasət və kompromis balansını düzgün qurması Cənubi Qafqazda iqtisadi sabitlik və etimada əsaslanan yeni əməkdaşlıq formatlarının formalaşmasına zəmin yaradır: “Tbilisinin son addımı da buna xidmət edir. Təcrübə göstərir ki, tranzit sahəsində sərt fiskal yanaşma qısa müddətdə büdcə daxilolmalarını artırır, lakin uzunmüddətli perspektivdə yük axınlarının alternativ istiqamətlərə yönəlməsinə səbəb olur. Bu isə həm infrastrukturun səmərəsiz istifadəsinə, həm də tranzit ölkənin strateji mövqelərinin zəifləməsinə gətirib çıxarır. Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana daşınması ətrafında yaranmış vəziyyət bu risklərin real olduğunu nümayiş etdirdi.

Unudulmamalıdır ki, balanslaşdırılmış tranzit siyasəti təkcə iqtisadi alət deyil, həm də regional əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm strateji vasitədir”.

Pünhan ƏFƏNDİYEV 
XQ

 





Siyasət