Tərəfdaşlıqla təhlükəsizliyin qovuşduğu nöqtə

post-img

Azərbaycan–İsrail münasibətlərinin indiki mərhələsi məhz bu vəhdəti ifadə edir

Hər hansı siyasi görüşə, dialoqa, rəsmi səfərlərə ayrıca götürülmüş, təqvimin yaddaşına yazılan tədbir kimi deyil, qlobal hadisələr zəncirinin bir halqası kimi baxanda, onun məhz indiki məqamda tarixi əhəmiyyəti aydın görünür. Azərbaycanın xarici siyasət xəttini qlobal kontekstdə nəzərdən keçirsək, onun özünəməxsusluğunun bütün çalarları üzə çıxar. Bu zaman rəsmi Bakının qlobal diplomatiyada prioritet olaraq Türkiyə, İsrail, İslam dünyası ilə, həmçinin ABŞ, Avropa, Asiya və Afrika ilə strateji münasibətləri paralel inkişaf etdirdiyinin şahidi olarıq.

Hadisələrin kəskin dönüşlü inkişafını müşahidə etdiyimiz çağdaş reallıqlar kontekstində Azərbaycanın çoxvektorlu müstəqil diplomatiyası nadir nümunələrdən biri sayılmalıdır. Bu diplomatiyanın üstün cəhəti ondan ibarətdir ki, ölkəmiz özünün xarici siyasətində “böyük güclər”in hərbi-siyasi blokları ilə məsafəli davranır, onların iştirakı, yaxud yönləndirməsi ilə yaranan münaqişələrin bir hissəsinə çevrilmir. Rəsmi Bakı “ənənəvi tendensiyaların” tamamilə əksinə olaraq, özünün milli maraqlara söykənən tərəfdaşlıq modelini nümayiş etdirir. Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan müstəqil siyasət aparmağa qadir dünyanın azsaylı dövlətlərindən biridir.

Məhz qeyd etdiyimiz xarici diplomatiya kontekstindən yanaşsaq, çeşidli beynəlxalq aktorlarla bərabərhüquqlu, qarşılıqlı faydalılıq və etimad əsasında dialoqun qurulması məsələlərində Azərbaycan–İsrail münasibətlərini nümunə göstərmək olar. İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarın Bakıya səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və burada apardığı danışıqlar, sadəcə, ikitərəfli münasibətlər kontekstində baş verən hadisə kimi önəmli deyildi. Bu səfər, eyni zamanda, Azərbaycanın regional və qlobal təhlükəsizlik sistemində artan nüfuzunun göstəricisi kimi qəbul olunmalıdır. İsrailli nazirin dövlət başçımızla görüşündə səsləndirdiyi “inkişaf etmiş iqtisadiyyatları olan İsrail və Azərbaycan regionlarımızda sabitliyin sütunlarıdır” sözləri yeni reallıqları əks etdirməklə yanaşı, iki fərqli bölgədə maraqları olan kənar aktorlara mesaj sayılmalıdır. Bəli, artıq dünənki bədxahlarımız da qəbul edirlər ki, bu gün Bakı Cənubi Qafqazda əsas güc və sabitlik mərkəzidir. Azərbaycan–İsrail əməkdaşlığı isə müstəqil xarici siyasətin real və konkret nəticələrə yönələn nümunədir.

***

Bakıya səfərində israilli nazirin nümayəndə heyətinin müşayiəti ilə iki ölkə arasındakı ənənəvi siyasi dialoqdan kənara çıxması, strateji və iqtisadi əlaqələri gücləndirmək, tərəfdaşlıq münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyini nümayiş etdirməsi xüsusilə diqqətəlayiqdir. Heç kəsə sirr deyil ki, Azərbaycan və İsrail uzun müddətdir enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, müdafiə sahələrində əməkdaşlıq edirlər. Amma bu gün iki ölkə arasında əlaqələr praqmatik əməkdaşlığın çərçivəsini aşaraq, daha geniş müstəvilərədək uzanıb və regional sabitlik arxitekturasının tərkib hissəsinə çevrilib. Məhz bu amili nəzərdə tutan İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Bakı görüşlərində Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında tərəfdaşlığın təkcə ikitərəfli məsələ deyil, həm də daha geniş geosiyasi kontekstdə davamlılıq amili kimi vurğuladı.

Nazir Gideon Saarın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda əldə olunmuş Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində irəliləyişi, tərəflərin imzaladıqları Birgə Bəyanatı xüsusi qeyd etməsi diqqətdən yayınmadı. Bu zaman onun əldə olunan nəticənin Prezident İlham Əliyevin balanslaşdırılmış daxili və xarici siyasəti nəticəsində mümkün olduğunu vurğulaması, ardınca dövlət başçımızın müdrik siyasəti olmadan regionda əmin-amanlığın mümkünsüzlüyünü dilə gətirməsi Tel-Əvivin Azərbaycanla münasibətlərə böyük dəyər verdiyinin isbatı sayılmalıdır. Bu sözlər təkcə reallığın səmimi etirafı deyil, həm də bütün dünyaya ünvanlanan vacib mesajdır. 

Siyasi məntiq onu deyir ki, İsrail xarici işlər nazirinin Bakıya səfəri Azərbaycan dövlətinin bu gün beynəlxalq siyasətin fəal subyekti kimi qəbul edildiyini, Cənubi Qafqazda yeni reallıqları formalaşdırdığını, öz milli maraqlarını bütünn müstəvilərdə və platformalarda müdafiə etməyə qadir olduğunu göstərdi. Bakı həm də sülh və inkişaf gündəminin carçısı imicini möhkənləndirmiş oldu.

Bakı görüşlərində Gideon Saarın toxunduğu vacib məsələlərdən biri Azərbaycanda yəhudi icmasının sabit və təhlükəsiz şəraitdə yaşaması ilə bağlı idi. Onun xüsusi olaraq dilə gətridiyi bu məqam diplomatik tərif deyil, daha çox Azərbaycanın unikal multikulturalizm və tolerantlıq modelinin etirafı kimi qəbul edilməlidir. Prezident İlham Əliyev müxtəlif tribunalardan dəfələrlə bəyan edib ki, Azərbaycan müsəlman dünyasında azsaylı ölkələrdən biridir ki, burada müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Bu tarixi reallıq ölkəmizin dünyada formalaşmış sülhsevər imicini daha da yüksəldir, onu dini və ya etnik zəmində qarşıdurmalara məruz qalmış regionlar üçün nümunə kimi göstərir.

***

Onu da qeyd edək ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov israilli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında Fələstin–İsrail münaqişəsi ilə bağlı dövlətimizin dəyişməz mövqeyini bir daha təsdiqlədi: “Danışıqlar zamanı ənənəvi olaraq regional və beynəlxalq təhlükəsizlik məsələləri, Yaxın Şərqdəki vəziyyət, o cümlədən Qəzza zolağı ilə bağlı məsələləri də müzakirə etdik. Fələstin–İsrail münaqişəsi kontekstində Qəzzadakı vəziyyətlə bağlı Azərbaycanın mövqeyi məlumdur. Biz sülhün, münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq”.

Populizmdən, emosional şüarlardan uzaq, beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərməyə üstünlük verən bu yanaşma Azərbaycanın xarici siyasətinin yetkinliyinin əyani sübutudur. Bu baxımdan Prezident İlham Əliyevin bu yaxınlarda yerli televiziya kanallarına müsahibəsi zamanı verdiyi açıqlamanı xatırlatmaq yerinə düşər: “Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. İndiyədək dərindən inanıram ki, qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə verməz. Ərəb Liqası var, Ərəb Liqasının mövqeyi mövcuddur, o, yetərincə aydındır və biz buna uyğun hərəkət edirik. İslam Əməkdaşlıq Təşkilatının qərarları var və biz də, o cümlədən bu qərarları qəbul etmişik və buna əməl edirik. Ona görə də lazımsız fəallıq göstərmək və yenə də parovozun önündə qaçmaq o qədər də yaxşı məşğuliyyət deyil”.

Bu, Azərbaycanın ədalətli və praqmatik mövqeyidir. Azərbaycan–İsrail münasibətlərinin hazırkı durumunu isə tərəfdaşlıqla təhlükəsizliyin kəsişdiyi ortaq nöqtə kimi xarakterizə etmək daha doğru olar.  

İmran BƏDİRXANLI  
XQ

 

Siyasət