II MƏQALƏ
Beynəlxalq hüquq normaları işləmir
Bu mövzunun I məqaləsində Azərbaycan Prezidentinin yığcam formada ölkənin əməkdaşlıq, sülh və təhlükəsizlik doktrinasının mahiyyətini şərtləndirən 5 faktoru vurğulamışdıq. Onların meydana gəlməsinin bünövrəsində isə, indiki mərhələdə ümumiyyətlə, beynəlxalq hüquq normalarının işləməməsi gerçəkliyi dayanır. Bu olduqca ciddi məsələdir. Müasir dünyanın geosiyasi mənzərəsinə həlledici təsir edir.
Son zamanlar qlobal miqyasda baş verən hadisələr göstərir ki, hazırda beynəlxalq hüquq normalarına əməl edilməməsi çox geniş miqyasda hərbi toqquşmalara aparıb çıxara bilər. Venesuela prezidentinin öz ölkəsindən xüsusi əməliyyatla oğurlanması BMT də daxil olmaqla dünya miqyasında böyük həyəcan yaratmışdır. Bir çox dövlətlər bunun beynəlxalq hüquqa sayğısızlıq olduğunu bəyan etmişdir.
Deməli, dünyanın istənilən regionunda analoji olayların baş verməyəcəyinin sığortası yoxdur. İndi bir sıra siyasi dairələrdə və KİV orqanlarının məqalələrində digər dövlətlərə qarşı da “Venesuela ssenarisi”nin təkrar olunması ehtimalından danışılır. Rusiya tərəfdən də bir sıra aqressiv bəyanatlar verilir. Onlar da “milli maraqlar”dan çıxış edərək, “yaxın regionlara nəzarətin “təbii” Moskvaya aid olduğu”nu “əsaslandırırlar”. Hətta mediada “Ermənistandan Ukraynadakına bənzər “Xüsusi hərbi əməliyyat” niyə keçirilməsin” sualını qoyurlar. Bu prosesin genişlənməyəcəyinə heç bir təminat yoxdur.
Məhz belə bir hüquqsuzluq şəraitində müstəqil dövlətin sülh, əməkdaşlıq və təhlükəsizlik doktrinalarının bir-birini tamamlaması və etibarlı təhlükəsizlik sisteminin yaradılması çox vacibdir. Azərbaycanın bu istiqamətdə böyük nailiyyətlərinin olduğu bir daha Prezidentin müraciətində ifadə edilmişdir.
Azərbaycan Respublikasının əməkdaşlıq, təhlükəsizlik və sülh istiqamətlərində fəaliyyət fəlsəfəsinin təməl faktorları başqa dövlətlərin fəaliyyət şərtlərindən ciddi surətdə fərqlənir. Bu incə fəlsəfi məqamı dərk etmədən Azərbaycanın sülh, əməkdaşlıq və təhlükəsizlik doktrinalarının qarşılıqlı əlaqəsini anlamaq mümkün deyildir. Burada 3 mühüm təməl prinsipi vurğulamaq lazım gəlir.
Ədalətli yanaşma
Azərbaycan rəhbərliyi üçün hər bir məsələyə ədalətli yanaşma başlıca prinsip olmuşdur. Ən çətin zamanlarda belə ölkə üçün birincidərəcəli əhəmiyyəti olan Qarabağ məsələsinə Azərbaycan liderləri tarixi ədalət mövqeyindən yanaşmışlar. Ulu öndər Heydər Əliyev və Prezident İlham
Əliyev bu prinsip üzərində xarici siyasətin hər bir prioritet istiqamətini müəyyən etmişlər. Nümunə kimi ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə daim Azərbaycan vətəndaşları olan ermənilərin hüquqlarının tam təmin edilməsi məsələsini xüsusi vurğulamasını göstərə bilərik.
Hətta 1993-cü ildən sonra rəsmi Bakı Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə yerli özünüidarəetmədə geniş imkanlar yaradılacağından açıq və birmənalı bəhs etmişdir. Yalnız ermənilərin havadarları və Ermənistanın şovinist seçimi bu prosesin qarşısını almışdır.
II Qarabağ müharibəsindən sonra da Azərbaycan Prezidenti Qarabağda qalmış ermənilərin cəmiyyətə reinteqrasiyası proqramını təklif etmişdir. Yenə də Ermənistan və ermənilər bu sivil təklifi obyektiv qiymətləndirə bilmədilər və nəticədə öz razılıqları ilə Azərbaycanı tərk etdilər. Onlara kimsə zərər vermədi, əksinə, təşkil edilmiş formada sağ-salamat ölkəni tərk etmələri üçün lazım olan bütün şərait yaradıldı.
Lakin, çox təəssüf ki, Azərbaycan rəhbərliyinin bu mərhələdəki ədalətli yanaşmasına ermənilərin havadarları və Ermənistan nankor münasibət göstərdilər. Onlar müxtəlif şər-böhtan və qondarma arqumentlərlə ermənilərə qarşı hüquqsuz davranıldığını deməyə başladılar. Bu da keçmədi, çünki Azərbaycan hüquqa ciddi münasibət göstərən və ona tam əməl edən dövlət kimi məntiqi davranır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin gəlişi ilə bağlı xalqa etdiyi müraciətin əvvəlində vurğuladığı aşağıdakı fikir həqiqəti əks etdirir. Dövlət başçısı demişdir: “2020-ci il tarixdə qalır. 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad etmişdir. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik”.
Bütün bunlar yığcam və kompleks halında Azərbaycanın dövlət olaraq ədalətlilik prinsipinə ciddi əməl etdiyini dünyaya sübut edir. Buna görə də Azərbaycana qarşı kimsə təxribatçı davrana bilməz.
Əməkdaşlığa istiqamətlənmiş fəaliyyət
Hər hansı müstəqil dövlətin real olaraq əməkdaşlığa istiqamətlənmiş fəaliyyət göstərməsi müasir tarixi mərhələdə olduqca ciddi əhəmiyyəti olan faktordur. Çünki beynəlxalq hüququn işləmədiyi bir dönəmdə konkret dövlətlərin niyyətlərinin əməkdaşlıq olması əsas faktordur. Azərbaycanın daxili və xarici siyasətinin mahiyyətində əməkdaşlıq bu səbəbdən ön sırada yer almışdır. II Qarabağ müharibəsi zamanı Ermənistanın bütün pozucu fəaliyyətinə baxmayaraq, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev müharibədən sonra qarşı tərəflə əməkdaşlığa və sülhə hazır olduğunu çoxsaylı müsahibələrində ifadə etmişdir. Haqlı olaraq Azərbaycan lideri əsas şərtin ölkənin ərazi bütövlüyünün təminindən ibarət olduğunu bəyan edirdi.
Bu bağlılıqda Prezident İlham Əliyevin aşağıdakı fikirləri reallığı tam əks etdirir. Dövlət başçısı ifadə etmişdi: “Mən demişdim ki, mən istəyirəm və Paşinyan, deyirəm sənə, bəyanat ver, öhdəlik götür, qrafik ver, cədvəl ver. Müharibənin ilk günündən mən bunu deyirdim. Hər kəs də bunu görə bilər”.
Azərbaycan rəhbəri verdiyi sözə qələbədən sonra tam əməl etdi. İlham Əliyev Ermənistanın ərazisinə nüfuz edə bilərdi, lakin etmədi. Hətta D.Tramp 2025-ci ildə təəccüblə Azərbaycan Prezidentindən soruşdu ki, bütün imkanların ola-ola nəyə görə Ermənistanın içərilərinə doğru ordun getmədi? İlham Əliyevin cavabı ədalətlilik və əməkdaşlığa canatmanın klassik nümunəsidir: “Bizim əsas məqsədimiz ərazi bütövlüyünün təmini idi, bizə lazım olanı aldıq və özgə torpaqlarında gözümüz yoxdur”!
Tam əminik ki, ABŞ Prezidenti bu tezisin doğruluğuna və Azərbaycan liderinin səmimiliyinə dərindən inanır! Bunu D.Trampın Azərbaycanla bağlı tutduğu mövqe də təsdiq edir. Rəsmi Vaşinqton Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa tam hazır olduğunu bəyan edir və hətta strateji tərəfdaşlıq səviyyəsində münasibətlər qurmağa önəm verdiyini deyir.
Azərbaycan rəhbərliyi də bu mövqeni yüksək qiymətləndirir. Onun təzahürlərindən biri ölkə rəhbərinin müraciətində ifadə etdiyi fikirlərdə yer almışdır. İlham Əliyev bəyan etmişdir: “Vətən müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq. Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır”.
Vaşinqtonda paraflanmış sülh müqaviləsində əsas şərtlərdən biri kimi Zəngəzur dəhlizinin işə salınması göstərilmişdir. Bu o deməkdir ki, Azərbaycan dövlət kimi sülhü əməkdaşlıq əsasında təmin etməkdə qərarlıdır. ABŞ də bu mövqeni dəstəkləyir və hətta Zəngəzur dəhlizini “TRIPP” adlandırmaq təklifini irəli sürmüşdür, yəni obrazlı desək, “Tramp yolu”!
Nəhayət, siyasi-diplomatik əhəmiyyəti yüksək olan bir prinsipi də vurğulama zəruridir.
Beynəlxalq təşkilatlarla sıx əlaqə
Dövlət başçısı müraciətində aşağıdakı qısa tezisi də ifadə etmişdir. İlham Əliyev demişdir ki, “Bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizim maraqlarımıza uyğundur. Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq”. Vurğulanan tezisin dərin fəlsəfi anlamında müstəqil dövlətin xarici siyasətində hüquqi normalar üzərində başqa dövlətlər və dövlətlər qrupları ilə münasibət yaratmağa üstünlük verməsi xüsusi yer tutur. Bu, müstəqil dövlətin xarici siyasətinin institutlaşmasında bərabərhüquqluluğun əsas prinsip kimi qəbul etməsi deməkdir.
Müasir dövrdə bu mexanizm başlıca olaraq beynəlxalq təşkilatlar vasitəsi ilə işləyə bilir. Buna görə də Azərbaycan Prezidentinin beynəlxalq təşkilatlarla sıx əlaqələrin inkişafına xüsusi diqqət yetirməsi konseptual məsələdir. Təcrübə də göstərir ki, rəsmi Bakı həmişə vurğulanan prinsip üzrə beynəlxalq təşkilatlarda fəaliyyət göstərir. Azərbaycan rəhbərliyi mümkün olan miqyasda beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirir və dərinləşdirir.
Məsələn, BMT TŞ-nin müvəqqəti sədri kimi Bakı çox fəallıq göstərmişdir. COP29-un təşkili və həyata keçməsində son dərəcə yüksək həssaslıq nümayiş etdirmişdir. Qoşulmama Hərəkatında irəli sürdüyü təşəbbüslər hər kəsə məlumdur. Avropa Siyasi Birliyi çərçivəsində əməkdaşlıq və təhlükəsizlik kontekstində atdığı addımlar da müsbət qarşılanmışdır. Bunlardan başqa, Azərbaycan artıq D-8-in üzvüdür. Bu təşkilata ölkəmizdən başqası yeni üzv kimi qəbul edilməmişdir.
Çox sayda digər faktları da göstərə bilərik. Vurğuladığımız məqamlar da aydın təsdiq edir ki, Azərbaycan dövlət olaraq beynəlxalq təşkilatlar çərçivəsində real fayda verən münasibətlər qurur və təşəbbüslər irəli sürür.
Qeyd edilən xüsusiyyətlərin ümumi nəticəsi isə çox mühümdür. Onu Prezident İlham Əliyev lakonik şəkildə müraciətində ifadə etmişdir. Dövlət başçısı bəyan etmişdir: “...Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın. Tədricən hər kəs görür ki, belə cəhdlərin sayı da kəskin azaldı. Çünki bunun heç bir mənası yoxdur. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz”.
Burada bir neçə faktorun kompleks təsiri nəticəsində Azərbaycan Respublikasının tam suveren və müstəqil dövlət olduğu əksini tapmışdır. Müstəqillik və suverenliyi təmin edən faktorlar dəqiq vurğulanmışdır. Dövlətin fəaliyyətinin nəticəsidir ki, kimsə Azərbaycana nə yuxarıdan aşağı baxa (yəni böyük qardaş rolunu oynaya bilir), nə də öz iradəsini diktə edə bilir.
Bütövlükdə kimsə Azərbaycanın daxili işlərinə qarışa bilməz, yəni ölkənin təhlükəsizliyi tam təmin edilmişdir. Prezident İlham Əliyev təhlükəsizliyi təmin edən faktorları da ayrıca vurğulamışdır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

