Arman Tatoyanın siyasi özfəaliyyəti erməni cəmiyyətinə yaxşı heç nə vəd etmir
Ermənistanın insan hüquqları üzrə keçmiş (2016-2022) müvəkkili, ölkəmizə qarşı revanşist dəstənin “öndəgələn simalarından” Arman Tatoyan son vaxtlar xeyli fəallaşıb. O, siyasi iddiasını ortaya qoyub və açıq şəkildə 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərinə hazırlaşır. Bu məqsədlə “Birlik qanadları” adlı siyasi təşəbbüs qrupu yaradıb.
Bu günlərdə ABŞ-ın “The Washington Times” nəşrində A.Tatoyanın məqaləsi dərc olunub. Müəllif ABŞ-ın vasitəçilik səylərini şübhə altına alaraq, Azərbaycanın, guya, Ermənistanın suveren ərazilərini “işğal etdiyi” iddiasını irəli sürür. Tatoyan sülh gündəliyindən kənara çıxaraq, 2021-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Sünik və Geqarkunik bölgələrində “125 kvadrat mildən çox əraziyə nəzarət etdiyini” iddia edir və bunu beynəlxalq hüququn pozuntusu kimi təqdim edir. O, danışıqlar prosesinin bu reallığı “normallaşdırdığını” və Bakının hərbi üstünlüyündən faydalandığını (?) yazır.
Məqalədə Azərbaycanda Ermənistan cəmiyyəti ilə bağlı səslənən fikirlər kontekstdən çıxarılaraq “aqressiv ritorika” kimi qələmə verilir, eyni zamanda, ABŞ-ın təşəbbüsü ilə müzakirə edilən nəqliyyat razılaşmalarının “mövcud vəziyyəti legitimləşdirdiyi” iddia olunur. Tatoyan ABŞ və Avropa vasitəçilərini açıq mövqe tutmağa çağıraraq, Azərbaycan qoşunlarının geri çəkilməsini sülh danışıqları üçün ilkin şərt kimi irəli sürür və mövcud prosesi məcburiyyət altında aparılan danışıqlar (?) kimi qiymətləndirir.
Keçmiş ombudsman, bütövlükdə, Vaşinqtonun Cənubi Qafqaz siyasətinə tənqidi yanaşma sərgiləyir. Müəllif ABŞ-ın Bakı–İrəvan dialoqunda balanslı mövqe tutmadığını iddia edərək, Azərbaycanı güc yolu ilə yeni reallıqlar yaratmaqda ittiham edir. Onun fikrincə, uzunmüddətli danışıqlar prosesi real vəziyyəti arxa plana keçirir və faktiki hərbi mövcudluq beynəlxalq reaksiya olmadan davam edir. Tatoyan xüsusilə, sərhəd bölgələrində yaşayan əhalinin sosial və təhlükəsizlik problemlərinə diqqət çəkir, diplomatik təşəbbüslərin bu riskləri azaltmadığını vurğulayır. Məqalədə ABŞ-ın vasitəçilik missiyasının yalnız siyasi razılaşmalarla kifayətlənməməli olduğu, konkret şərtlər irəli sürməsinin zəruriliyi qeyd olunur. Müəllif hesab edir ki, mövcud yanaşma dəyişməzsə, regionda dayanıqlı sabitlik mümkün olmayacaq.
Bir gün sonra sosial şəbəkədə yaydığı açıqlama və videomüraciətdə isə Tatoyan Azərbaycanla sülh danışıqları fonunda irəli sürdüyü iddiaları yenidən təkrarlayıb. O, sülhün vacibliyini qəbul etdiyini bildirsə də, Ermənistanın “suveren ərazilərinin azad edilməsi” məsələsinin gələcəyə saxlanılmasının yolverilməz olduğunu vurğulayıb.
***
Əlbəttə, A.Tatoyanın son dövrlər fəallaşması təsadüf sayıla bilməz. Ombudsman postunu tutduğu müddətdə ölkəmizə qarşı açıq qərəzli mövqeyi ilə tanınmış Tatoyan artıq hüquq müdafiəçisi obrazından çıxaraq siyasi iddia ortaya qoyur. Onun 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərinə hesablanmış fəaliyyəti revanşist düşərgənin yeni sima axtarışının tərkib hissəsi kimi dəyərləndirilə bilər. “Birlik qanadları” adlı siyasi təşəbbüsün yaradılması da bu strategiyanın təşkilati bazasıdır.
Tatoyanın “The Washington Times”də dərc olunan məqaləsi məhz bu siyasi kampaniyanın beynəlxalq auditoriyaya yönəlmiş mərhələsi kimi diqqət çəkir. Məqalədə əsas xətt ABŞ-ın vasitəçilik səylərini gözdən salmaq, eyni zamanda, Azərbaycanı, guya, Ermənistanın suveren ərazilərini işğal etməkdə suçlamaq üzərində qurulub. Müəllif uzun illər İrəvanda formalaşmış, lakin regional reallıqlarla uyğunlaşmayan tezisləri Qərb oxucusuna sanki dəyişməz həqiqət kimi təqdim etməyə çalışır.
Tatoyan sülh gündəliyindən bilərəkdən kənara çıxaraq, 2021-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Sünik və Geqarkunik bölgələrində geniş ərazilərə nəzarət etdiyini iddia edir və bu vəziyyəti beynəlxalq hüququn pozulması kimi qələmə verir. Halbuki regionda baş verən proseslər sərhədlərin delimitasiya və demarkasiya olunmaması fonunda formalaşıb və bu məsələ illərdir Ermənistanın özü tərəfindən bilərəkdən dalana dirənib. Tatoyan bu faktı “görməyərək” danışıqlar prosesini Azərbaycanın xeyrinə işləyən mexanizm kimi təqdim etməyə cəhd göstərir.
Məqalədə diqqətçəkən məqamlardan biri də Azərbaycanda səsləndirilən bəzi siyasi fikirlərin kontekstdən çıxarılaraq aqressiv ritorika kimi təqdim edilməsidir. Bu yanaşma təkcə subyektiv deyil, həm də manipulyativ xarakter daşıyır. Çünki Ermənistan cəmiyyətində illərdir açıq şəkildə səsləndirilən revanşist çağırışlar, ərazi iddiaları və etnik nifrət ritorikası Tatoyanın məqaləsində tamamilə kənarda saxlanılır. Selektiv yanaşma isə yazının hüquqi və siyasi obyektivliyini ciddi şəkildə şübhə altına alır.
Tatoyan ABŞ-ın təşəbbüsü ilə müzakirə edilən nəqliyyat və kommunikasiya razılaşmalarını da hədəfə alaraq, bu proseslərin mövcud vəziyyəti legitimləşdirdiyini iddia edir. Əslində isə regionda nəqliyyat xətlərinin açılması qarşılıqlı asılılığı artıran, sülh üçün real zəmin yaradan mexanizmdir. Bu reallıqdan narahat olan qüvvələr məhz Ermənistan daxilində sülh gündəliyinin iflasında maraqlıdırlar. Tatoyanın mövqeyi bu düşərgənin maraqları ilə üst-üstə düşür.
Keçmiş ombudsmanın ABŞ və Avropa vasitəçilərini açıq mövqe tutmağa çağırması, Azərbaycan qoşunlarının geri çəkilməsini danışıqlar üçün ilkin şərt kimi irəli sürməsi faktiki olaraq prosesi dalana dirəmək cəhdidir. Bu yanaşma sülh deyil, şərt dili üzərində qurulmuş təzyiq mexanizmidir. Belə tələblər danışıqları kompromis platformasından çıxararaq ultimatum müstəvisinə keçirir ki, bu da region üçün təhlükəli presedent yaradır.
Tatoyanın Vaşinqtonun Cənubi Qafqaz siyasətinə yönəlmiş tənqidi ritorikası da diqqətdən yayınmır. O, ABŞ-ın Bakı–İrəvan dialoqunda balanslı mövqe tutmadığını iddia edərək, məsuliyyəti bir tərəfin üzərinə yükləməyə çalışır. Halbuki ABŞ və Avropa institutlarının əsas məqsədi regionda uzunmüddətli sabitliyin təmin olunmasıdır və bu sabitlik yalnız real güc balansı və yeni siyasi reallıqlar nəzərə alınmaqla mümkündür.
Bir gün sonra Tatoyanın sosial şəbəkələrdə yaydığı açıqlama və videomüraciət isə “The Washington Times”da səsləndirilən tezislərin daxili auditoriya üçün təkrarından başqa bir şey deyil. O, sülhün vacibliyini qəbul etdiyini bildirsə də, dərhal ardınca Ermənistanın suveren ərazilərinin azad edilməsi şüarını irəli sürür. Bu ziddiyyət Tatoyanın sülh anlayışının əslində keçmiş status-kvonun bərpası ilə məhdudlaşdığını göstərir.
Reallıq ondan ibarətdir ki, Tatoyanın fəallaşması Ermənistan cəmiyyətində sülhə qarşı olan dairələrin yeni lider axtarışının nəticəsidir. Onun beynəlxalq tribunaları seçməsi isə daxili siyasi mübarizədə xarici dəstək görüntüsü yaratmaq məqsədi daşıyır. Lakin bu cəhdlər regionda formalaşmış yeni reallıqları dəyişmir. Əksinə, revanşist ritorika Ermənistanı daha da təcrid olunmuş vəziyyətə sürükləyir və sülh şanslarını azaldır.
Onun çıxışları göstərir ki, Ermənistan daxilində hələ də müharibənin nəticələrini qəbul etmək istəməyən siyasi qüvvələr mövcuddur. Bu qüvvələr üçün sülh təhlükəli görünür, çünki sülh məsuliyyət tələb edir. Məhz buna görə də onlar beynəlxalq hüquq, insan haqları və vasitəçilik terminlərindən istifadə edərək köhnə iddiaları yeni qəlibdə təqdim etməyə çalışırlar. Lakin bölgənin gələcəyi bu cür ritorika ilə deyil, reallıqları qəbul edən, praqmatik və məsuliyyətli yanaşma ilə müəyyən olunacaq.
Səxavət HƏMİD
XQ

