IV MƏQALƏ
XX əsrin ilk onillikləri: Azərbaycan milli sahibkarlığı
Prezident İlham Əliyevin dünya güclərinin Xəzər regionu uğrunda kəskin mübarizəsi fonunda ayrıca Azərbaycan milli sahibkarlığı məsələsinə önəm verməsi konseptin məzmunu və mahiyyəti baxımından çox önəmlidir. Çünki faktiki olaraq bu yanaşma müəllifin müasir tarixi mərhələdə Xəzərin konseptində Azərbaycan faktorunun nəzəri-konseptual konteksdə daxil edilməsinin tarixi siyasi əsasını yaratmağa imkan verir. Bununla Azərbaycan Prezidenti ilk dəfə olaraq Xəzər konseptində Azərbaycan faktorunu ciddi elmi konseptual baza əsasında nəzərə alan yaradıcı şəxsiyyətdir.
Bunların fonunda Azərbaycanda milli sahibkarlıqla bağlı İlham Əliyevin “Azərbaycan nefti dünya siyasətində” adlı əsərdə irəli sürdüyü müddəalara bir qədər geniş nəzər salaq. Müəllif yazır ki, XX əsrin başlanğıcında Xəzər ticarət donanmasının bütün kadr tərkibinin 4,4 faizini Azərbaycan kapitalının nümayəndələri təşkil edirdilər. Yükqaldırmanın isə 42,1 faizi azərbaycanlılara məxsus idi. Deməli, həmin dönəmdə azərbaycanlılardan əsas olaraq yük daşımalarda istifadə olunurdu ki, bu da sahibkarlıq məsələsində problemlərin olduğunu göstərir.
Məsələn, 1907-ci ildə Xəzər buxar yanacaq tanker parkının 129 gəmisindən cəmi 29-u Azərbaycan milli sahibkarlarına aid idi (lakin onların sırasına azərbaycanlı olmayan Nobel qardaşlarını da daxil edirlər). Onlar “Ş.Əsədullayev”, “M.Nağıyev”, M.C.Nəcəfov” şirkətlərinə məxsus idilər (ancaq Azərbaycan milli sahibkarları vurğulanan isimlərlə məhdudlaşmırdı). Azərbaycan milli sahibkarlarının ixrac etdikləri neft məhsullarının həcmi hər il 10 milyon puddan artıq idi.
Burada Azərbaycan Prezidenti çox maraqlı bir faktora da toxunur. Azərbaycan sahibkarları H.Z.Tağıyev, M.Nağıyev, H.Dadaşov və başqaları neft işində milli kapitalı artırırdılar. Məsələ onunla aktualdır ki, XIX əsrin sonu XX əsrin əvvəllərində bank sahibkarları sırasında milli təmsilçilər yox idi. Bu, bütövlükdə milli sahibkarların neft sektorunda mövqeyinə mənfi təsir edirdi, onun böyüyüb üstün olmasına əngəl idi.
Şübhəsiz ki, kənar böyük güclər Azərbaycan nefti ilə bağlı kapitalda hökmranlıq etməkdə maraqlı idilər. Bu şərtlər daxilində sual meydana çıxırdı: XX əsrin əvvəllərində Azərbaycan neftinin sahibi nə dərəcədə azərbaycanlılar idilər? Onu da vurğulayaq ki, XX əsrin əvvəllərində Bakı birja camiyəsində cəmi 14 azərbaycanlı vardı ki, bu da ümumi sayın 5 faizini təşkil edirdi. Lakin 1904-1914-cü illərdə xüsusi kredit müəssisələri şəbəkəsinə “H.Z.Tağıyev” bankir ofisi də daxil idi.
Beləliklə, sovetlərin yaradılması ərəfəsində Azərbaycan neft sənayesi ilə bağlı qədim tarixdən gələn ənənə artıq formalaşmışdı. Onun əsas əlamətlərini Prezident İlham Əliyevin əsərləri əsasında geosiyasi kontekstdə müəyyən etmək olar.
XX əsrin əvvəllərində Azərbaycan nefti
Azərbaycan liderinin əsərləri əsasında aparılan təhlil göstərir ki, qədimdən Xəzərin geosiyasi obrazında coğrafi özəlliklərlə təbii resurslardan istifadə başlıca rol oynamışlar. Coğrafi olaraq hansı ölkələrin Xəzərə aid olunması məsələsinin müəyyən edilməsi və bu zaman relyef və iqlimin özünəməxsusluğunun diqqətə alınması ciddi faktor sayılmışdır. Bu məsələ zaman keçdikcə Xəzəryanı regionun neftlə çox zəngin olması faktının həmin dövrlərin güclü imperiyalarına məlum olması sayəsində yeni səviyyədə aktuallıq kəsb etmişdir. O, iki aspektdə siyasi müstəviyə çıxarılmışdır.
Birincisi, güclü dövlətlərin Xəzərə sahib olmaq uğrunda amansız mübarizəyə başlaması.
İkincisi, Xəzərə yol və həmin regionun təbii sərvətlərini daha səmərəli şəkildə daşımaq ön plana çıxmışdır.
Azərbaycan Prezidentinin əsərlərində bunun nümunələri inandırıcı şəkildə verilmişdir. Yəni dünya dövlətləri Xəzər regionuna yalnız neftlə zəngin olan əsrarəngiz ərazi kimi baxmamışlar. Onlar üçün Bakı limanı Azərbaycan təbiətinin gözəlliyi və neftinin zənginliyinin özünəməxsusluğu ilə tanışlıq üçün deyildi. Əsas olanı bu zənginliyi hansı üsulla istehsal edib, hansı yolla özləri üçün daşımaq və ya külli miqdarda gəlir əldə etməyə lazım idi. Bakını ona görə kənar güclər “çox sevir, ona təriflər yağdırırdılar”. O cümlədən Rusiya imperiyası və SSRİ üçün Bakı çox “qiymətli bir yer” idi.
Bu məqam hansı səbəblərdən XX əsrin əvvəllərində Azərbaycan neftinin istehsalı, istismarı və nəqlində milli kapitalın az yer tutduğunu izah edir. Halbuki Azərbaycan nefti sayəsində milyonlar qazanan əcnəbilərin heç biri Azərbaycanda neft sənayesinin milli maraqlar üzərində inkişafında maraqlı deyildi. Buna görə də neft mədənlərində azərbaycanlılar çox ucuz işçi qüvvəsi idilər. Bununla bağlı Azərbaycan Prezidentinin əsərlərində Cənubi Azərbaycandan Bakıya neft sferasında işləmək üçün gələnlərin həyatları çox yaxşı təsvir edilmişdir.
Bunun nə demək olduğunu Azərbaycan Prezidentinin əsərlərinin ruhundan anlamaq mümkündür. Cənubi azərbaycanlıların Bakıya gəlişi könüllü iş axtarışı olsa da, Bakı milli müstəqil dövlətin paytaxtı deyildi. Buna görə də onlar üzərində yadlar hökmranlıq edirdilər və azərbaycanlı mesenatların dəstəyi olmasa idi, bütövlükdə xalq daha pis duruma düşərdi. Burada Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın vəziyyəti ilə nisbi müqayisə aparmaq olar. Yəni Azərbaycan müstəqil olmayınca, dünyanın heç bir yerində azərbaycanlıların haqları-hüquqları qorunmayacaqdı. Müxtəlif üsullarla onları istismar edəcəkdilər. Və burada yadlardan mərhəmət gözləmək mənasızdır.
Yeganə çıxış yolu müstəqil güclü dövlət olmaqdan ibarətdir. Azərbaycan Prezidentinin Xəzər geosiyasi konseptinin başlıca qayəsi bundan ibarətdir. Siyasi fəaliyyətlə yanaşı, həmin konsept də Azərbaycanın müstəqil və güclü dövlət olmasının zəruriliyinin tarixi, siyasi, geosiyasi, mənəvi-mədəni əsasını ortaya çıxarır. Bunlardan aydın olur ki, ulu öndər Heydər Əliyev nəyə görə daim Azərbaycanın güclü müstəqil dövlət olmasında israr edirdi! Müstəqillik bizim insan və toplum kimi ləyaqətli varoluşumuzun yeganə yoludur!
Beləliklə, tarixi siyasi təcrübə əsasında Azərbaycan Prezidenti Xəzər konsepti ilə bağlı çox mühüm qənaətlər əldə etmişdir. 1920-ci ildə Azərbaycanın sovetlərin tərkibinə qatışdırılması ilə Xəzər məsələsində müasir dövr üçün də böyük geosiyasi mənası olan iki dəyişiklik oldu.
Birincisi, Azərbaycanda artıq müəyyən dərəcədə formalaşmış milli sahibkarlıq mədəniyyətinə ciddi zərbə dəydi. Onun nəticəsi sovetlərin tədricən milli neft zədaganlarını məhv etməsi oldu. Hətta Çar Rusiyasının əngəl olmadığı prosesi sovetlər dağıtdılar. Bununla SSRİ-nin tam oturuşduğu müddətdə Azərbaycanda milli neft sahibkarlığından danışmaq mümkün deyil. Bunun fonunda mərkəzi hakimiyyət “Bakı nefti öncə SSRİ üçündür, ondan qalan olsa, Azərbaycan istifadə edər” kimi istismarçı prinsiplə hərəkət edirdi. Hətta V.Lenin N.Nərimanova bunu açıq demişdi.
İkincisi, qlobal geosiyasət baxımından SSRİ-nin yaranması Xəzərin tarixi təkamülü baxımından ciddi dəyişikliyə səbəb oldu. Konkret olaraq, Xəzəryanı region süni bir modelə transformasiya edildi. Əgər tarixən Xəzəryanı region dənizi əhatə edən 5 ölkədən ibarət idisə, sovetlər onların üçünü (Özbəkistanın Xəzərə bitişik ərazisi yoxdur) bir dövlətdə birləşdirib, təbii modeli iki ölkənin münasibətləri səviyyəsinə yendirdi – SSRİ və İran. Sonradan məlum olacaqdı ki, bu qeyri-təbii geosiyasi transformasiya Xəzərin hüquqi statusunu müəyyən etməkdə və deməli, onun ədalətli geosiyasi konseptinin yaradılmasında başlıca maneə olacaq.
Məsələnin bu aspekti üzərində dövlət başçısının əsərlərində geniş dayanılmışdır.
Xəzərin statusu və Xəzəryanı region modeli
SSRİ dağılandan sonra müstəqilliklərini əldə etmiş ölkələrin qarşısına Xəzərin statusunu müəyyən etmək kimi vacib bir vəzifə çıxdı. Xəzərin dəniz və ya göl kimi qəbul edilməsi sadə coğrafi seçim deyildi. Onun arxasında geosiyasi anlamı böyük olan məsələlər dayanırdı. İki yol vardı.
Birincisi, Xəzəri onu əhatə edən ölkələrin milli sektorları kimi qəbul edib, hər dövlətin həmin sektorda müstəqil fəaliyyətinə nail olmaq.
İkincisi, Xəzəri qapalı dəniz və ya göl kimi “daxili hövzə” kimi qiymətləndirib, ona ümumi sahiblik modelini tətbiq etmək. Nümunə kimi Fonsek buxtasının Salvador, Nikaraqua və Honduras arasında daxili qapalı su hövzəsi kimi bölünməsini göstərirdilər. Lakin Azərbaycan Prezidenti əsərində bunun Xəzərə tətbiqinin qətiyyən mümkün olmadığını göstərmişdir. Başlıca arqument isə ondan ibarətdir ki, Fonsekə tək sahibliyi İspaniya edirdisə, Xəzərdə heç sovet dönəmində hansısa bir dövlətin sahibliyi olmamışdır – həmin dönəmdə SSRİ və İran Xəzərdə yiyəlik edirdilər.
Deməli, ikinci yol Rusiya və İrana Xəzəryanı regionda hegemonluq etmək şansı verirdi. Birinci yol isə hər bir milli müstəqil dövlətin özünəməxsus sektorunda milli maraqlar üzrə fəaliyyət göstərməsinin hüquqi bazasını formalaşdırırdı. Birinci yolun fəal tərəfdarı və təşəbbüskarı Azərbaycan idi (Qazaxıstan da onu müdafiə edirdi). İkinci yolun fəal tərəfdarı isə İran və Türkmənistan idi.
Bütün bunlara görə, Xəzərin statusu müasir mərhələdə əsas geosiyasi məsələ kimi qəbul edilməli idi. Həmin baxımdan ümummilli lider Heydər Əliyevin Xəzərin statusuna münasibəti həm ədalətli, həm də tarixi gerçəkliyə və geosiyasi mənzərəyə uyğun idi. Azərbaycan Prezidenti İlham Əliyev həmin prinsipləri aşağıdakı kimi təqdim edir.
Birinci prinsip – Xəzər açıq dəniz deyildir, çünki okeanla birbaşa birləşmir.
İkinci prinsip – Xəzər qapalı dənizdir, çünki Dünya okeanına təbii çıxışı yoxdur.
Üçüncü prinsip – Xəzər daxili dəniz, daxili su hövzəsi və ya daxili göl deyildir, çünki o, bir dövlətin deyil, 5 dövlətin sərhədləri hüdudunda yerləşmişdir.
Dördüncü prinsip – dənizsahili dövlətlər başqasına məxsus sektorda onun razılığı ilə iş görə bilər.
Bu prinsiplər tam olaraq BMT-nin 1982-ci il beynəlxalq dəniz hüququ Konvensiyasına uyğundur. Sonrakı proseslər də göstərdi ki, Azərbaycan lideri Xəzərin geosiyasi məsələsində haqlıdır və Heydər Əliyevin irəli sürdüyü prinsiplər hər bir Xəzəryanı region dövləti üçün faydalıdır.
Vurğuladığımız məqam özlüyündə 2 mühüm geosiyasi faktoru meydana çıxarır. Onlardan biri ondan ibarətdir ki, müasir mərhələdə Xəzərin geosiyasi konseptinin tarixi ədalət və regionun siyasi tarixi əsasında beynəlxalq hüququn normaları çərçivəsində (yəni hansısa güclü dövlətin şəxsi istəyinə görə deyil) yaradılması seçim deyildir, zərurətdir. Digəri – bu möhtəşəm elmi və geosiyasi “hərəkat”ın situmullaşdırıcı və yaradıcı faktoru Azərbaycan Respublikasıdır.
Prezident İlham Əliyevin “Xəzəryanı regionun geosiyasəti” konseptinə yanaşmasının başlıca müəyyənedici faktoru bundan ibarətdir. Nəzəri-konseptual miqyasda digər mühüm məqam Azərbaycan liderinin Xəzəryanı regionun dəqiq tərifini verməsi ilə bağlıdır. Dövlət başçısı, öncəki məqalələrdə vurğuladığımız kimi, Xəzəryanı region dedikdə Azərbaycanı, Mərkəzi Asiyanın qərb hissəsini, Rusiyanın cənubu və İranın şimalını əhatə edən əraziləri nəzərdə tutur. Bu müəyyənetmə metodu Xəzərin məkan olaraq tarixi, siyasi və coğrafi təkamülü ilə regionun bioresurslarının nisbəti, onların istifadəsi və nəqlinin özəlliklərini qarşılıqlı əlaqədə ciddi surətdə nəzərə alır.
Bu cür yanaşmanın politoloji, tarixi və geosiyasi nəzəri əsasları ilə yanaşı, fəlsəfi əsası da mövcuddur. Fəlsəfədə alman əsilli eston bioloqu Y.fon İkskyülün daxil etdiyi “Umwelt” (“ətraf mühit”) anlayışından geniş istifadə olunur. Bu anlayış hər bir canlı orqanizmin öz dünyası olmasını və onun formalaşmasının həmin orqanizmin “dünya anlamı” daxilində baş verdiyini ifadə edir. Yəni ibtidai canlılardan tutmuş cəmiyyət və dövlət kimi mürəkkəb strukturlara qədər hər bir varlığın özünün “dünya duyumu vardır ki, bu da onun “mövcudolma sahəsini” təşkil edir. Bu ideyanı genişləndirərək belə qənaət ala bilərik ki, Xəzəryanı regionun “real mövcudluq dünyasını” ona daxil olan ölkələrin mövcudolma arealı əsasında müəyyən etmək olar. Azərbaycan Prezidenti yüksək konseptual səviyyədə bu yanaşmanı ifadə etmişdir.
Bütün bunlar Prezident İlham Əliyevin “Xəzəryanı regionun geosiyasəti” konseptinin üçüncü komponenti (və ya tərkib hissəsi) üzərində dayanmağa baza yaradır. Vurğulandığı kimi, o, müasir regional və qlobal geosiyasi xüsusiyyətlər fonunda Xəzərin obrazının yaradılması ilə bağlıdır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru


