Müstəqilliyimiz, Konstitusiyamız və suverenliyimiz

post-img

2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilməsi – milli dövlətçilik dəyərlərimizə, siyasi tariximizə ali ehtiramın təcəssümüdür.

Müstəqilliyimiz, Konstitusiyamız və Suverenliyimiz – bu üç anlayış bəşəriyyətin müxtəlif formasiyadan keçərək əldə etdiyi ən ali hüquqi nemətdir. Biz də dünya xalqları içərisində bu nemətləri əldə edib onu qoruyub saxlamağı bacarmışıq. Müstəqillik bizə asan başa gəlməyib, müqəddəs üçrəngli bayrağımızı qanımızla suvarıb bunlara layiq olmuşuq.

Azərbaycan xanlıqları müxtəlif səbəblərdən 1804-cü ildən başlayaraq bölünərək Çar Rusiyası tərəfindən işğal olunub və işğalın sonu 1828-ci ildə Azərbaycanın iki yerə bölünməsi ilə başa çatmışdır. Şimalımız Rusiyanın, cənubumuz Qacarların hakimiyyəti altına keçmiş və böyük ayrılığımız beləcə başlamışdır. Çar Rusiyası dünyanın müxtəlif yerlərindən yığıb gətirdiyi erməniləri Vətənimizin dilbər guşəsi olan Qarabağımızda ən münbit torpaq sahələrinə yerləşdirib və bundan uzun zaman istifadə etmişdir.

Müstəqillik isə bir millətin və ya dövlətin öz vətəndaşları, əhalisi tərəfindən idarə edilməsi, başqa xalqların, dövlətlərin nəzarətindən azad olmaq hüququdur. Bu bir mənəvi duyğu, həm də quruluşun əsas təməlidir. Bunu demokratik yolla və ya silahlı mübarizə ilə əldə etmək olar. 1991-ci ildə respublikamız müstəqillik əldə etsə də, ölkədə hakimiyyət böhranı, daxili-siyasi çəkişmələr, seperatizm yenidən baş qaldırdı. Həm daxildən, həm də xaricdən təhlükənin miqyası sürətlə böyüməyə başladı. Bir tərəfdən Qarabağ təhdidi, digər tərəfdən vətəndaş müharibəsi ölkəni yenidən parçalanmaq həddinə gətirib çıxardı. Nəhayət, 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı tariximizdə dönüş nöqtəsi yaradaraq Ümummilli liderimizin rəhbərliyi ilə biz müstəqilliyimizi bu bəlalardan qoruya bildik.

1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə xalqımız dövlətin ali hüquqi qüvvəyə malik olan Əsas Qanununu, dövlətin siyasi, hüquqi və iqtisadi sisteminin əsaslarını müəyyən edən Konstitusiyasını qəbul etdi. Bu çox böyük bir uğur oldu, biz müstəqil bir dövlət kimi dövlətlər sırasında öz yerimizi müəyyən etdik. Ulu öndər Heydər Əliyev demişdir: "Bizim Konstitusiyamız Azərbaycan Respublikasının tarixi ənənələrini, xüsusiyyətlərini əks etdirir. O, Azərbaycan Respublikasında demokratik–hüquqi dövlətin qurulmasını, ölkəmizdə olan bütün vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəkdir. Bu bizim özümüzün Konstitusiyamızdır, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır”.

Müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixində Konstitusiyanın qəbulu strateji siyasi transformasiyanın və milli hüquq sisteminin yenidən qurulmasının başlanğıc nöqtəsi kimi çıxış etmişdir. 1995-ci il Konstitusiyası yalnız hüquqi sənəd deyil, həm də Azərbaycan xalqının suverenlik ideyalarını, milli dövlətçilik ənənələrini və demokratik inkişaf iradəsini ifadə edən fundamental siyasi aktdır. Onun hazırlanması və qəbul edilməsi prosesi ulu öndər Heydər Əliyevin dərin dövlətçilik fəlsəfəsinə, hüquqi təfəkkürünə və siyasi iradəsinə əsaslanaraq həyata keçirilmişdir. Dahi liderin Konstitusiya layihəsi üzərində işləyən komissiyanın yekun iclasında dediyi “Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam” fikri bu sənədin konseptual dəqiqliyini və siyasi-hüquqi məsuliyyətlə hazırlanmasını göstərən mühüm nümunədir.

Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının ali dəyər kimi təsbit edilməsi, hakimiyyət bölgüsü prinsipinin tətbiqi, dövlətin və cəmiyyətin qarşılıqlı məsuliyyətinin müəyyənləşdirilməsi ölkənin siyasi sisteminin modernləşdirilməsi istiqamətində dönüş nöqtəsi olmuşdur. Konstitusiyanın ideya əsasları sovet hüquq sisteminin totalitar idarəçilik modeli ilə kəskin ziddiyyət təşkil edir. Sovet siyasi sistemində dövlətin cəmiyyətdə fövqəladə dominant mövqeyi, fərdin hüquqlarının ikinci plana keçirilməsi, mərkəzləşmiş idarəçiliyin üstünlüyü azadlıq ideyalarının məhdudlaşdırılmasına səbəb olurdu. Azərbaycan Respublikasının yeni Konstitusiyası bu modeldən tam imtina edərək liberal-demokratik hüquq məkanının qurulmasını təmin etmişdir.

Konstitusiyanın preambulası Azərbaycan xalqının siyasi iradəsini, milli dövlətçilik fəlsəfəsini və strateji inkişaf prioritetlərini ifadə edən siyasi-bərqərarlaşdırıcı bəyannamə xarakteri daşıyır. Burada göstərilən prinsiplər – dövlət müstəqilliyinin qorunması, suverenliyin təmin edilməsi, ərazi bütövlüyü, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi – Azərbaycan Respublikasının inkişaf strategiyasının elmi-siyasi konsepsiyasını formalaşdırır.

Konstitusiyanın 147-ci maddəsi hüquqi dövlətin normativ strukturunun əsas prinsipini, Konstitusiyanın ən yüksək hüquqi qüvvəyə malik olmasını müəyyən edir. Bu, Azərbaycan hüquq sistemində konstitusionalizm ənənələrinin formalaşması baxımından fundamental əhəmiyyət daşıyır. Konstitusiya hüquqi iyerarxiyanın zirvəsində dayanaraq qanunvericilik sisteminin ideoloji və normativ təməlini təşkil edir.

Konstitusiya Azərbaycanda dövlət hakimiyyəti orqanlarının təşkili, onların səlahiyyət bölgüsü, qarşılıqlı tarazlıq və nəzarət mexanizmlərini təsbit etməklə demokratik idarəetmə modelini formalaşdırır. Prezident institutunun konstitusion səlahiyyətləri, Milli Məclisin qanunvericilik funksiyaları, məhkəmə hakimiyyətinin müstəqilliyi, yerli özünüidarəetmə institutlarının təsbit edilməsi – bütün bunlar demokratik siyasi sistemin struktur dayaqlarını formalaşdırır. Eyni zamanda, Konstitusiya cəmiyyətin inkişaf dinamikasını tənzimləyən əsas mexanizmlərdən biri kimi vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə hüquqi zəmin yaradır. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti, mülkiyyət münasibətlərinin qorunması, söz və ifadə azadlığı, sərbəst toplaşma hüququ kimi fundamental prinsiplər demokratik məkanda vətəndaş təşəbbüslərinin genişlənməsinə şərait yaradır.

Suverenlik anlayışı isə siyasi elm və hüquq nəzəriyyəsinin əsas kateqoriyalarından biri kimi dövlətçilik konsepsiyasının mahiyyətini müəyyən edən fundamental prinsipdir. Elmi ədəbiyyatda suverenlik adətən iki əsas istiqamətdə təhlil edilir: xalq suverenliyi və dövlət suverenliyi. Bu iki anlayış həm nəzəri, həm də praktik baxımdan sıx bağlı olmaqla bir-birini tamamlayır. Azərbaycan Respublikasında suverenliyin bu dual xarakteri Konstitusiyada və dövlət idarəçiliyinin müasir praktikası çərçivəsində özünün parlaq ifadəsini tapmışdır. Xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsi xalq və dövlət suverenliyinin real gücünü nümayiş etdirən tarixi-siyasi hadisə olmuşdur. Konstitusion hüquqda xalq suverenliyi prinsipi dövlət hakimiyyətinin yeganə mənbəyinin məhz xalq olduğunu təsbit edir. Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsində bu prinsip normativ şəkildə ifadə olunmuşdur. Belə ki, xalq suverenliyi xalqın öz taleyini müəyyən etməsi, dövlətin idarə olunmasında iştirak etməsi, siyasi hakimiyyətin formalaşdırılmasında həlledici rol oynaması, dövlət qurumlarının fəaliyyətinə nəzarət etmək hüququnu həyata keçirməsi kimi fundamental demokratik dəyərləri ifadə edir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti, Azərbaycanın professional ordusunun gücü və xalqın sarsılmaz birliyi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və beynəlxalq hüquqa uyğun olaraq suverenliyini tam təmin edə bildi. Bu tarixi qələbə suverenlik prinsipinin yalnız nəzəri deyil, həm də praktik gücünü nümayiş etdirdi. 10 noyabr 2020-ci il tarixində Ermənistan tərəfi kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi. Bu sənəd Azərbaycanın öz qanuni suveren hüquqlarını bərpa etdiyi faktını beynəlxalq səviyyədə rəsmiləşdirdi. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradı Azərbaycan xalqının və dövlətinin əldə etdiyi tarixi uğurun simvolik təsdiqi oldu. Azərbaycanın XXI əsrdə ilk Zəfər paradını keçirən dövlət kimi dünya tarixində yer alması suveren dövlətin milli gücünü və siyasi iradəsini nümayiş etdirən beynəlxalq əhəmiyyətli hadisə idi. Zəfər paradı milli birliyin təntənəsini, dövlət suverenliyinin reallığını, xalq suverenliyinin siyasi təzahürünü, Azərbaycan Ordusunun güclü hərbi-siyasi potensialını bütün dünyaya göstərdi. Müzəffər Ali Baş Komandanın 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Bayrağını qaldırarkən dediyi sözlər yüzilliklər boyu azərbaycanlı qanı daşıyan hər kəsin dillər əzbəri olacaq: “Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

2020-ci ildə ərazi bütövlüyünün böyük hissəsinin bərpa edilməsi suverenlik hüququnun praktiki təsdiqi kimi dövlətin beynəlxalq hüquq çərçivəsində mövqeyini gücləndirmiş və Konstitusiyanın ərazi bütövlüyü ilə bağlı müddəalarının real həyata keçirilməsinə zəmin yaratmışdır. Suverenlik hakimiyyətin formalaşması və legitimliyi ilə də sıx bağlıdır, çünki dövlətin müstəqilliyi yalnız coğrafi ərazi ilə deyil, həm də xalqın iradəsinə əsaslanan siyasi sistemlə ölçülür.

Azərbaycan Konstitusiyasına görə, hakimiyyətin yeganə sahibi xalqdır və qanunvericilik, icra və məhkəmə hakimiyyəti bu iradənin müxtəlif formalar üzrə həyata keçirilməsini təmin edən mexanizmlər kimi fəaliyyət göstərir, beləliklə, suverenlik hüquqi baxımdan bölünməz, siyasi baxımdan isə demokratik legitimliklə möhkəmlənmiş olur. Suverenliyin mühüm tərkib hissələrindən biri də iqtisadi müstəqillikdir və Azərbaycan öz təbii sərvətlərinə, enerji resurslarına və iqtisadi qərarvermə mexanizmlərinə tam nəzarət etməklə iqtisadi suverenliyini təmin edir, bu da ölkənin regional və qlobal miqyasda müstəqil iqtisadi tərəf kimi çıxış etməsinə imkan verir.

Azərbaycanın beynəlxalq hüquq sistemindəki mövqeyi də suverenlik prinsipinə əsaslanır və ölkə beynəlxalq münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etməklə daxili işlərinə hər hansı müdaxiləni qəbul etmir, dövlətlərin bərabərliyi, sərhədlərin toxunulmazlığı, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərini öz xarici siyasətinin əsas xəttinə çevirir. Azərbaycan həm BMT, Avropa Şurası, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq qurumlarda fəal iştirak etməklə suverenlik prinsipini qlobal səviyyədə müdafiə edir, həm də regional təhlükəsizlik proseslərində iştirak etməklə suveren dövlət kimi öz mövqeyini möhkəmləndirir.

Suverenlik, eyni zamanda, vətəndaşların fundamental hüquq və azadlıqlarının təminatı ilə tamamlanır, çünki xalqın iradəsinə əsaslanan dövlət insan hüquqlarının təminatına əsaslanmalıdır və Konstitusiyanın ikinci bölməsi insan hüquqlarını suveren dövlətin təməl funksiyası kimi müəyyən etməklə dövlət–vətəndaş münasibətlərinə demokratik xarakter verir. Bütün bu amillərin fonunda Azərbaycan Respublikasında suverenlik yalnız hüquqi norma deyil, həm də milli kimlik, dövlətçilik iradəsi, siyasi qərarvermə səlahiyyəti və iqtisadi müstəqillik prinsipləri üzərində formalaşan kompleks dövlət konsepsiyasıdır və bu konsepsiya müasir dövrdə ölkənin uzunmüddətli inkişafını təmin edən əsas strateji dayaqlardan biri kimi çıxış edir. Müstəqillikdən sonrakı dövrdə qəbul edilən strateji qərarlar, həyata keçirilən institusional islahatlar və Konstitusiyanın inkişaf dinamikası suveren dövlətçiliyin uzunmüddətli davamlılığını təmin edən əsas sütunlara çevrilmişdir. Bu gün Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə, həmrəyliyinə, humanizmə, ədalətə və qanunun aliliyi prinsiplərinə əsaslanan müstəqil və suveren dövlətə sahibdir.

Könül ƏLƏSGƏROVA,
Samux rayon prokuroru, kiçik ədliyyə müşaviri

Siyasət