Dezinformasiya ilə mübarizədə səylər birləşir
Müasir dünya nizamının rəqəmsal transformasiyaya uğraması və informasiya texnologiyalarının həndəsi silsilə ilə inkişafı nəticəsində sərhədlər fiziki anlayışdan virtual müstəviyə keçib. Bu, milli dövlətlərin suverenliyi anlayışına tamamilə yeni məzmun qazandırmışdır. Nəzərə alaq ki, informasiya axınının saniyələr içində qlobal ictimai rəyi manipulyasiya etmək, cəmiyyətləri daxildən parçalamaq və hətta siyasi rejimləri dəyişdirmək gücünə malik olduğu indiki mərhələdə informasiya təhlükəsizliyi hərbi təhlükəsizlik qədər kritik əhəmiyyət daşıyır.
Türk Dövlətləri Təşkilatı müstəvisindəki son proseslər və xüsusilə mediada dezinformasiyaya qarşı vahid regional strategiyanın hazırlanması istiqamətində atılan qətiyyətli addımlar da qlobal çağırışlara, mümkün xaos və anarxiya təmayüllərinə verilən adekvat, strateji reaksiya kimi qiymətləndirilməlidir. Çünki qlobal texnoloji platformaların, transmilli sosial şəbəkə nəhənglərinin milli qanunvericilik bazalarından və yerli tənzimləmə mexanizmlərindən effektiv şəkildə yan keçərək, fəaliyyət göstərmələri suveren dövlətləri, faktiki olaraq, rəqəmsal müstəmləkəçilik təhlükəsi ilə üz-üzə qoymuşdur.
Mövcud reallıq imperativ şəkildə diktə edir ki, yalan məlumat, saxta xəbər və dezinformasiya artıq lokal xarakter daşımaqdan uzaqdır və həmin fenomen həm Şərqə, həm də Qərbə bərabər dərəcədə təsir göstərən, cəmiyyətləri qütbləşdirməyə, dövlət institutlarına etimadı sarsıtmağa və xarici siyasət kurslarını hədəf almağa yönəlmiş qlobal problemdir.
Belə bir şəraitdə, həmçinin, nəhəng platformalar transmilli korporasiyalar kimi fəaliyyət göstərərək, milli hökumətlərin tənzimləmə cəhdlərinə müqavimət göstərir, mövcud alqoritmləri vasitəsilə hansı məlumatın populyarlaşacağını, hansının isə kölgədə qalacağını müəyyənləşdirirlər. Həmin alqoritmik diktatura milli informasiya məkanını qorumaq istəyən dövlətlər üçün ciddi başağrısına çevrilir.
Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya Siyasəti Departamentinin baş mütəxəssisi Zarina Kalmuratova mövcud vəziyyəti şərh edərkən, dövlətlərin beynəlxalq rəqəmsal platformalarda məlumatların yayılması miqyasına qarşı həssaslığını xüsusi qeyd edir və o, “Euronews” telekanalına müsahibəsində “YouTube” və “Instagram” kimi çoxsaylı platformaların mövcudluğunu, orada müxtəlif şəxslərin yalan məlumatlar yaydıqlarını və dövlətlərin bununla bağlı təsirli tədbirlər görə bilmədiklərini vurğulamışdır.
Z.Kalmuratovanın şərhi əsas problemi, yəni məzmunun hansısa ölkənin yurisdiksiyasından kənara çıxan qlobal platformalar vasitəsilə yayıldıqda milli qanunların tətbiqinin çətinliyini qabardır və durum Qırğızıstan üçün də keçərlidir. Ona görə də orada məhdudiyyətlər xüsusilə kəskin xarakter daşıyır. Ancaq təkbaşına heç bir dövlət həmin rəqəmsal nəhənglərlə bərabər səviyyədə danışıqlar aparmaq və onları milli qaydalara tabe etdirmək gücündə deyil. Deməli, Türk Dövlətləri Təşkilatının kollektiv gücü və vahid strategiyası həlledici amil kimi meydana çıxır. Axı yüz yetmiş milyondan çox əhalini əhatə edən vahid rəqəmsal bazarın tələbləri texnoloji şirkətlər tərəfindən gözardı edilə bilməz.
Dezinformasiya ilə mübarizədə vahid strategiyanın formalaşdırılması prosesi spontan şəkildə yaranmamışdır və təşəbbüs son illərdə keçirilən ardıcıl, məqsədyönlü toplantıların məntiqi nəticəsidir. Belə ki, prosesin institusional təməli təşkilata üzv dövlətlərin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli şəxslərinin iştirakı ilə reallaşan toplantılarda qoyulmuşdur. Bu baxımdan xüsusilə Bakıda keçirilən görüşlər – Türk Dövlətləri Təşkilatının Media və informasiya üzrə işçi qrupunun on ikinci iclası və nazirlərin yeddinci konfransı vurğulanmalıdır. Adıçəkilən tədbirlər fərqli siyasi sistemlərə malik ölkələr arasında vahid media siyasətinin işlənib hazırlanmasını hədəfə çevirmişdir.
Həmin təşəbbüs olduqca mürəkkəb sualları gündəmə gətirir. Bunlardan ən vacibi haqlı tənqid məkanını məhdudlaşdırmadan vətəndaşların saxta xəbərlərdən mühafizəsininin təşkili, dövlətlərin qlobal platformalara təsir imkanlarının artırılması və regional formatın ayrı-ayrı ölkələrin təkbaşına həll edə bilmədiyi problemləri nizamlamasıdır.
Əvvəlki dövrlərə nəzər saldıqda, 2022-ci ilin mayında İstanbulda düzənlənən Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə Məsul Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin dördüncü toplantısı strateji yol xəritəsinin cızılmasında mühüm rol oynamışdır. Həmin toplantıda Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun tərəfindən irəli sürülən “Həqiqət uğrunda mübarizə” doktrinası Türk dünyasının dezinformasiya ilə mübarizəsinin ideoloji bazasını formalaşdırmışdır.
Fəxrəddin Altun qlobal media inhisarlarının yaratdığı rəqəmsal faşizmə qarşı birgə müqavimətin vacibliyini vurğulayaraq, ortaq kommunikasiya modelinin yaradılmasını təklif etmişdir. Prosesin davamı olaraq 2023-cü ilin əvvəlində Daşkənddə və daha sonra Bişkekdə keçirilən işçi qrupu görüşləri niyyətlərin konkret sənədlərə və fəaliyyət planlarına çevrilməsini təmin etmişdir.
Qırğızıstanın paytaxtında təşkil olunan Rəqəmsal İnkişaf Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev rəqəmsal əsrin yalnız təhdidlərlə məhdudlaşmadığını, həm də əməkdaşlıq üçün yeni imkanlarla dolu olduğunu qeyd edərək texnoloji inteqrasiyanın vacibliyini ön plana çəkmişdir.
Lakin strateji dönüş nöqtəsi kimi, 2024-cü ilin iyul ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən ikinci Şuşa Qlobal Media Forumunu xüsusi qeyd etmək lazımdır. Yalan məlumatların ifşası və Dezinformasiyaya qarşı mübarizə mövzusuna həsr olunmuş həmin mötəbər tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev tərəfindən səsləndirilən fikirlər regional strategiyanın əsas sütununu təşkil edir. Hikmət Hacıyev 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları dövründə Azərbaycana qarşı həyata keçirilən sistemli dezinformasiya kampaniyalarını, psixoloji müharibə elementlərini və informasiya terrorunu konkret faktlarla diqqətə çatdırmışdır və informasiya təhlükəsizliyinin təmin olunmasının hərbi təhlükəsizlik qədər vacib olduğunu vurğulayaraq, Türk dövlətlərini vahid narrativ formalaşdırmağa və hücumçu proaktiv diplomatiya yürütməyə çağırmışdır. Strategiyanın praktiki müstəviyə keçməsində 2023-cü ilin noyabrında İstanbulda keçirilən media sammiti və orada Türk Xəbər Agentlikləri Alyansının təsis edilməsi haqqında qərarın qəbulu inqilabi addım hesab edilməlidir. Çünki Türkiyənin Anadolu, Azərbaycanın AZƏRTAC, Qazaxıstanın Kazinform, Qırğızıstanın Kabar və Özbəkistanın UzA agentliklərinin rəhbərlərinin imzaladığı sənəd xəbər axınının Qərb agentliklərinin filtrindən keçmədən birbaşa mənbədən mənbəyə ötürülməsini təmin edən mexanizmdir.
İndiki dövrdə beynəlxalq ictimai rəy əsasən Qərb mediasının formalaşdırdığı narrativlər əsasında idarə olunur və Türk dövlətləri haqqında yaradılan stereotiplər, erməni lobbisi və ya digər dairələrin yaydığı qərəzli yanaşmalar regionun reallıqlarını təhrif edir. Buna görə də ortaq televiziya kanallarının, rəqəmsal resursların və kinematoqrafiya məhsullarının yaradılması Türk dünyasının həqiqətlərini, mədəni zənginliyini və siyasi mövqeyini dünyaya alternativsiz şəkildə çatdırmağa imkan verəcəkdir. Asadjon Xodjayevin Daşkənddəki çıxışında vurğuladığı kimi, ən mükəmməl texnoloji baryer belə istifadəçi məlumatı analiz etmək qabiliyyətinə malik deyilsə, effektsiz qalacaqdır və strategiya çərçivəsində TDT ölkələrinin təhsil sistemlərinə media savadlılığı fənninin inteqrasiyası, jurnalistlərin ixtisasının artırılması üçün mübadilə proqramlarının genişləndirilməsi və vətəndaş cəmiyyətinin prosesə cəlb edilməsi nəzərdə tutulur. Maraqlı məqam ondan ibarətdir ki, Türk dünyasının həmin təşəbbüsü Qərbə qarşı yönəlmiş bir izolyasiya cəhdi olmaqdan uzaqdır, əksinə, qlobal informasiya məkanının sağlamlaşdırılmasına verilən töhfədir. Çünki yalan məlumat və dezinformasiya bu gün Qərb demokratiyalarını da daxildən sarsıdan, seçkilərə müdaxilə edən və sosial gərginlik yaradan problemdir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə formalaşdırdığı qlobal şəbəkə və Türkiyənin NATO üzvü kimi Qərb mediası ilə əlaqələri TDT-nin səsini həm Qlobal Cənubda, həm də Qlobal Şimalda eşitdirməyə imkan verir və nəticə etibarilə Türk Dövlətləri Təşkilatının mediada dezinformasiyaya qarşı hazırladığı regional strategiya sadəcə texniki tənzimləmə və ya bürokratik prosedur toplusu çərçivəsindən kənara çıxır. Həmin sənəd XXI əsrin hibrid müharibələrində sağ qalmaq, milli suverenliyi qorumaq və gələcək nəsillərə sağlam informasiya mühiti ötürmək üçün hazırlanan təhlükəsizlik doktrinasıdır və qlobal texnoloji platformaların nəzarətsiz hökmranlığına və alqoritmik imperializmə qarşı milli dövlətlərin təkbaşına müqavimət göstərməsi getdikcə qeyri-mümkün hala gəlir. Yalnız birgə iradə, Hikmət Hacıyev, Fəxrəddin Altun, Kubanıçbek Ömüraliyev və digər rəsmilərin nümayiş etdirdiyi strateji baxış rəqəmsal əsrin yaratdığı təhdidləri neytrallaşdıra bilər.
Bütün bu proseslərin fonunda Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə yaradılan vahid informasiya strategiyası təkcə bir müdafiə mexanizmi olaraq qalmır, həm də gələcəyin informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayacaq proqressiv model kimi çıxış edir. Şuşada keçirilən forumda iştirak edən qırx doqquz ölkənin nümayəndələri, o cümlədən beynəlxalq media ekspertləri və strateji araşdırma mərkəzlərinin rəhbərləri Türk dünyasının bu təşəbbüsünü diqqətlə izləyir və bu təcrübədən yararlanmaq istəyirlər ki, bu da TDT-nin qlobal arenada artan nüfuzunun və təsir gücünün bariz göstəricisidir. Xüsusilə vurğulamaq lazımdır ki, rəqəmsal platformaların milli dövlətlərin suverenliyinə meydan oxuduğu bir dövrdə Türk dövlətlərinin bu birgə addımı digər regional təşkilatlar üçün də nümunə təşkil edə və gələcəkdə qlobal rəqəmsal idarəçilik sisteminin formalaşmasına təsir edə biləcək mühüm amilə çevrilə bilər.
Yusif ŞƏRİFZADƏ
XQ

