Avropa İttifaqında güc balansı dəyişir

post-img

Miqrasiya siyasəti yenidən qurulur

Avropa İttifaqında son illərdə müşahidə olunan siyasi dinamika tədricən güc balansını dəyişir. Artan sosial narazılıqlar, ideoloji qütbləşmə və miqrasiyanın yaratdığı davamlı təzyiq Avropa Parlamentinin özündə də açıq şəkildə hiss olunur. Parlament komitəsində miqrasiya qanunvericiliyinin sərtləşdirilməsinə dair iki yeni layihənin qəbul edilməsi bu tendensiyanın ən bariz göstəricisidir. Hadisə Avropa siyasətində ənənəvi mərkəz koalisiyasının əvvəlki kimi etibarlı olmadığını və siyasi xəritənin sağa doğru “əyildiyini” bir daha təsdiqlədi. Maraqlı məqamlardan biri də odur ki, sənədlər qəbul olunarkən Avropa Xalq Partiyasının (EPP) illərdir liberal və sosial-demokratlarla qurduğu koalisiya gözlənilmədən kənarda qaldı. EPP bu dəfə mövqeyini gücləndirmək üçün daha sərt siyasi xətt nümayiş etdirən sağ fraksiyalarla əməkdaşlığı üstün tutdu. Bu addım Avropada mərkəz partiyaların elektoratı qorumaq naminə sağ populist ritorikaya yaxınlaşmasının artıq pan-Avropa siyasi tendensiyasına çevrilməkdə olduğunu göstərdi.

Miqrasiya böhranı

Miqrasiya böhranı artıq on ildən çoxdur ki, Avropa cəmiyyətinin siyasi gündəmində aparıcı mövzudur. 2015-ci ildən etibarən qitəyə yönələn miqrant axınları sosial gərginlikləri artırdı, təhlükəsizlik narahatlıqlarını yüksəltdi, iqtisadi qeyri-müəyyənliyi dərinləşdirdi və demoqrafik diskussiyaları kəskinləşdirdi. Bu şərait sağ populist hərəkatlara geniş meydan açdı. Sağ qüvvələr özlərini “xalqın səsi” kimi təqdim edərək mərkəz partiyaları “qətiyyətsizlik”də ittiham etdi, sərt miqrasiya xəttini əsas siyasi alternativ kimi göstərdilər. Nəticədə bu gün artıq Parlamentdə formalaşan sağ blok real güc mərkəzi kimi çıxış edir.

Yeni miqrasiya qanunları üzərində müzakirələrdə də ziddiyətlər müşahidə olunur. Əsas çətinlik Avropanın humanitar identiteti ilə dəyişən siyasi reallıqlar arasındakı balanssızlıqdır. Bu kontekstdə ən çox müzakirə olunan məsələlərdən biri “təhlükəsiz üçüncü ölkə” konsepsiyasıdır. Konsepsiyaya görə, sığınacaq axtaran şəxslər onların heç bir bağlılığı olmayan ölkəyə göndərilə bilər və həmin ölkə Aİ tərəfindən təhlükəsiz hesab olunursa, Avropa dövlətləri öz humanitar öhdəliklərini qismən yerinə yetirilmiş sayır.

Bu yanaşma Avropanın onilliklər boyu formalaşdırdığı humanitar imicə ciddi zərbə kimi qiymətləndirilir. Çünki Aİ hər zaman sığınacaq hüququnun qorunmasını öz ideoloji fundamenti kimi təqdim edib. Maraqlıdır, təhlükəsiz ölkə kriteriyaları necə müəyyən ediləcək? Bu ölkələrin siyasi sabitliyi, hüquq sistemi və insan hüquqları üzrə göstəriciləri kim tərəfindən qiymətləndiriləcək?

Təhlükəsiz ölkələr

“Təhlükəsiz ölkələr” siyahısının təsdiqi də sərtləşdirilən miqrasiya qaydalarının tərkib hissəsidir. Siyahı müəyyən ölkələrdən gələn şəxslərin sığınacaq müraciətlərinin sürətlə rədd edilməsinə imkan yaradır və beləliklə, onların həyatının real təhlükə altında olması fərziyyəsi zəiflədilir. Bu siyasəti ən çox müdafiə edən ölkələrdən biri İtaliyadır.

Çünki Aralıq dənizi vasitəsilə Avropaya daxil olan miqrant yükünün böyük hissəsini təkbaşına daşıyan Roma uzun illərdir miqrasiya təzyiqinin əsas mərkəzi olub. Bu səbəbdən İtaliya daha sərt qaydaların ümum–Avropa səviyyəsində tətbiqini öz milli maraqlarının qorunması kimi qiymətləndirir.

Sərtləşdirmənin pərdəarxası

Avropada miqrasiya qaydalarını sərtləşdirmək istəyinin arxasında bir-birinə bağlı sosial, siyasi və təhlükəsizliklə əlaqəli çoxsaylı amillər dayanır. Son on ildə qitəyə miqrasiya axınının artması cəmiyyətlərdə narahatlıq yaradıb və seçici davranışını dəyişib. Bir çox avropalı sosial xidmətlərin, mənzil bazarının və səhiyyə sisteminin artan yüklə üzləşdiyini düşünür və bunu siyasi dairələrdən daha sərt nəzarət tələb etməklə əlaqələndirir. Xüsusilə 2015-ci il böhranından sonra formalaşan “miqrasiya yorğunluğu” ictimai rəydə Aİ-nin mövcud mexanizmlərinin effektiv olmadığına dair təsəvvürü gücləndirib.

Təhlükəsizlik məsələsi də prosesdə mühüm rol oynayır. Avropada baş verən bəzi terror hadisələrinin miqrant qrupları ilə əlaqələndirilməsi sərhədlərin açıq qalmasının riskləri barədə müzakirələri artırıb. Yunanıstan və İspaniya kimi ölkələr ədalətli bölüşdürmə mexanizmlərinin işləmədiyini bildirir və sərtləşmənin həm daxili sabitlik, həm də ümum–Avropa nizamı üçün zəruri olduğunu vurğulayırlar. Bu fonu daha da çətinləşdirən amillər arasında Yaxın Şərqdə müharibələr, Afrikada siyasi çevrilişlər və iqlim dəyişmələrinin yaratdığı məcburi köçlər də var.

Aİ rəhbərliyi hesab edir ki, qarşıdakı illərdə yeni miqrasiya dalğaları qaçılmaz olacaq və sərt qaydalar tətbiq edilməsə, Avropanın institusional imkanları bu təzyiqi qarşılaya bilməyəcək.

Əslində, məsələ daha dərindir. Sadə dillə desək, Avropa öz ideoloji əsaslarını yenidən nəzərdən keçirməyə məcburdur. Onilliklər boyu qurulan humanitar narrativ qlobal miqyasda cazibəsini qorusa da, daxili siyasi arxitekturadakı çatlar artıq bu modelin əvvəlki kimi işlək olmadığını nümayiş etdirir. Yeni siyasi reallıq Avropanı bir paradoksun mərkəzinə gətirib, dəyərlər ilə təhlükəsizlik arasındakı tarazlıq daha incə və daha həssas xəttə çevrilib.

Miqrasiya böhranı qitənin liberal siyasətinin ən zəif nöqtəsini üzə çıxardı və göstərdi ki, idealların qorunması ilə sosial stabilliyin saxlanılması arasında sərhəd bəzən qəti addımlar tələb edir. Amma problem ondadır ki, bu addımlar atıldıqca, Avropa özünün ideoloji köklərindən uzaqlaşdığı görüntüsü yaradır və bu görüntü daxildən parçalanmanı artırır, beynəlxalq arenada suallar doğurur.

“Qoca qitə” uzun illər normativ güc kimi fəaliyyət göstərib, yəni gücünü hərbi və ya iqtisadi vasitələrdən çox, dəyərlərə əsaslanan sistemlə təsdiqləyib. Lakin sərtləşdirilən miqrasiya siyasəti, xüsusilə də “təhlükəsiz üçüncü ölkə” kimi mexanizmlər Avropanın özünə yaratdığı bu imici təhlükə altına alır. Bu gün kontinentdə kompromis mədəniyyətinin zəifləməsi yeni bloklaşma dövrünün başlanğıcından xəbər verir.

Beləliklə, proses Avropanın daxili inteqrasiyasını da sual altında qoyur. Əgər siyasi qütbləşmə bu templə dərinləşməyə davam edərsə, federalist və suverenist xətlər arasında qarşıdurma daha da kəskinləşəcək. İttifaq daxilində onsuz da mövcud olan şimal–cənub, qərb–şərq iqtisadi və siyasi parçalanmaları yeni ideoloji bölünmələrlə üst-üstə düşərək inteqrasiyanın gələcəyini daha mürəkkəbləşdirəcək.

Nəzrin ELDARQIZI
XQ

Siyasət