“Sivilizasiya beşiyi”, yoxsa vandalizm mərkəzi?

post-img

Ter-Petrosyanın xəstə təxəyyülü yenidən alt-üst vurur

Ermənistanın birinci (11 noyabr 1991– 3 fevral 1998) prezidenti, özünü əvvəllər Azərbaycanla kompromis tərəfdarı kimi göstərsə də, son vaxtlar radikal revanşistlərin cərgəsinə yuvarlanan Levon Ter-Petrosyan, deyəsən, siyasi uğursuzluğunu etiraf edərək bu sahədən uzaqlaşıb və elm dəryaçasına baş vurub. Diqqətli oxucular burada bilərəkdən “dərya” deyil, “dəryaça” sözündən istifadəyə üstünlük verdiyimizin fərqindədir. Çünki Ter-Petrosyanın baş vurduğu məhz dəryaçadır. Hər halda sentyabrın 3-də onun “İlur.am” saytında yerləşdirilən “Dahilər Ermənistan və ermənilər haqqında” sərlövhəli məqaləsi ilə tanışlıq belə deməyə əsas verir.

Levon Akopoviçin məqaləsi onun “ermənilik xəstəliyinə” çox güclü mübtəla olduğundan xəbər verir. Məlumdur ki, ötən əsrlərdə erməni xalqının Mikael Çamçyan, Xaçatur Abovyan, Kristapor Mikaelyan, Simon Zavaryan, Qaregin Njde, Drastamat Kanayan (Dro), müasir dövrdə isə Zori Balayan, Silva Kaputikyan, Jirayr Libaridyan, Jirayr Səfilyan kimi nümayəndləri bu “xəstəliyə” yoluxmuşdular. Onlar nəinki özləri yoluxmuş, virus daşıyıcısı kimi bütöv bir xalqı da bu “dəhşətli epidemiya”ya düçar etmişdilər. Bu bəlanın erməni xalqını hansı vəziyyətə saldığı göz önündədir. Odur ki, yaxşısı budur, “xəstəliyin” əsas simptomlarını sıralayaq.

Əlbəttə, metaforik mənada işlətdiyimiz bu bəla erməni xalqının sağlam düşüncədən kənara çıxaraq uydurma miflər, saxta tarix və əsassız iddialar üzərində siyasət qurmasını nəzərdə tutur. Onun özündə ehtiva etdiyi əsas cəhətlərə uydurma tarix yaratmaq, qondarma soyqırımı iddiaları, ərazi iddiaları, qurban psixologiyası, diaspor maraqları, revizionizm, revanşizm və manipulyativ təbliğat daxildir. Bu səbəbdən “ermənilik xəstəliyi”, sadəcə, ideologiya yox, həm də siyasi-psixoloji sindrom kimi xarakterizə olunur. Levon Ter-Petrosyanın məqaləsi onun bu xəstəliyin daşıyıcısı olduğuna şübhə yeri qoymur.

***

Sabiq prezident yazının girişində sanki, necə deyərlər, qabaqdangəlmişlik edərək yazır: “Xalqımızın ləyaqəti, qüruru və həyat sevinci naminə, amma heç də lovğalanmadan və ya başqa xalqlara qarşı zərrə qədər nifrət hissi bəsləmədən bu sətirləri qələmə alıram. Bu məqalə ilə son vaxtlar keşişlər nəslinin davamçısı kimi işlətdiyim “xütbələr” silsiləsini bağlayıram. Bu münasibətlə “Arminfocenter” saytından rusca “Dahilər Ermənistan və ermənilər haqqında” məqaləsini bəzi ixtisarla oxuculara təqdim edirəm. Təəssüf ki, ermənicə tərcüməsi yoxdur. Bu, ehtiyatsız tərtib olunub, eyni zamanda, müəyyən faydalılığı olan nəşrdir”.

Ter-Petrosyan yazır ki, Ermənistan mövcud olduğu minilliklər ərzində (?) tez-tez “sivilizasiyanın beşiyi” adlandırılıb (?) və bu gün belə adlandırılır. Qeyd edib ki, guya, ermənilər özləri cəsarətləri, müdrikliyi, şücaətləri, ədəbiyyatı, mədəniyyəti, memarlığı və bir çox digər fəzilətləri ilə dünya tərəfindən xatırlanırlar. “Böyük hökmdarların və hərbi rəhbərlərin, yazıçı və şairlərin, aktyor və rejissorların, din xadimlərinin, erməni xalqının dostlarının Ermənistana və erməni xalqına maraq, hörmət və məhəbbətlərini ifadə edən bəzi sitatlarını və açıqlamalarını dərc edirik” – yazan sabiq prezident Qədim Roma siyasi və dövlət xadimi Qay Yuli Sezardan, “tarixin atası” adlandırılan Herodotdan, Rusiyanın ilk imperatoru I Pyotrdan, imperatriçə II Yekaterinadan tutmuş ingilis şairi Corc Bayrona, polyak bəstəkar Frederik Şopenə, sovet kinorejissoru Andrey Tarkovskiyə, şair Rəsul Həmzətovadək bir çox tanınmış şəxslərin Ermənistan və ermənilər barədə dedikləri, yazdıqları fikirləri sitat gətirib. Onların həmin fikirlərin müəllifi olduqları bir ayrı söhbətin mövzusudur. Amma atalar “Aşıq gördüyünü çağırar” deyiblər. Ermənistan dövlətini və erməniləri tanımaq üçün bizim hansısa əcnəbinin yazdıqlarını oxumağımıza, dinləməyimizə ehtiyac yoxdur. Biz azərbaycanlıların bildiyimiz və gördüyümüz erməni xalqı var ki, Ter-Petrosyanın yazdıqlarından sonra onların obrazını bir daha göz önünə gətirmək istəyirik. Sözsüz ki, onlardan fərqli olaraq eqoizm, narsizm, özünəvurğunluq, təkəbbürlülük kimi hisslərdən uzağıq. Sadəcə, faktların dili ilə “sivilizasiyanın beşiyi” Ermənistan dövlətinin və onun “sivil, mədəni, yüksək dəyərlərin daşıyıcıları olan” vətəndaşlarının törətdikləri bəzi əməlləri xatırladırıq.

***

İlk növbədə qeyd etməliyik ki, Ter-Petrosyanın irəli sürdüyü bu “özünütərif toplusu”, sadəcə, bir siyasi liderin subyektiv baxışı deyil, bütövlükdə, erməni ideologiyasının əsasında dayanan ənənəvi yanaşmadır. Ermənilər əsrlər boyu özlərini olduğundan artıq göstərmək, tarix və mədəniyyətlərini şişirtmək, qonşuların mədəniyyətinə yiyələnərək onu “erməni mirası” kimi təqdim etmək mərəzindən əziyyət çəkiblər. Əslində “sivilizasiyanın beşiyi” iddiası da məhz bu təfəkkürün məhsuludur. Amma faktların dili, real tarix və azərbaycanlıların canlı təcrübəsi göstərir ki, Ermənistan nə “beşik” olub, nə də “sivilizasiya” mərkəzi.

Əvvəla, əzəli Azərbaycan torpaqları üzərində qurulmuş bu ölkənin tarixində “sivilizasiyaya” bağlana biləcək ən kiçik işarə belə yoxdur. Əksinə, ermənilərin siyasi davranışları daim dağıdıcılıq, zorakılıq və başqalarının torpaqlarına göz dikmək üzərində qurulub. XX əsrin əvvəllərində Osmanlı imperiyasında minlərlə günahsız türk və azərbaycanlının məhz erməni silahlı dəstələri tərəfindən qətlə yetirilməsi, Şərqi Anadoluda törədilən qırğınlar tarixdə öz təsdiqini tapıb. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı başladığı etnik təmizləmə siyasəti də həmin xəstəliyin davamı idi.

Maraqlıdır, “erməni müdrikliyi”ndən bəhs edən Ter-Petrosyan 1988-ci ildə Qərbi Azərbaycanda öz tarixi yurd yerlərindən 250 min azərbaycanlının evindən didərgin salınmasını, yaşlı, qadın və uşaqların qarlı dağlarda qətlə yetirilməsini hansı müdrikliklə izah edə bilər? Yeri gəlmişkən, məhz Ter-Petrosyan 1993-cü ildə “Erkrapa” könüllü döyüşçüləri ilə görüşdə azərbaycanlıların Ermənistandan qovulmasına haqq qazandırmışdı. Həmin görüşün videogörüntüləri bir müddət öncə ictimailəşdirilib. Sabiq prezident “erməni şücaəti”ndən danışırsa, onda 1992-ci ilin fevralında Xocalıda 613 mülki azərbaycanlının, o cümlədən 63 uşağın və 106 qadının amansızcasına öldürülməsini hansı qəhrəmanlığa sığışdıracaq? Əgər “erməni mədəniyyəti”ni önə çəkirsə, onda işğal dövründə Qarabağda məscidlərin təhqir edilməsini, qəbiristanlıqların dağıdılmasını, muzeylərin talanmasını, tarixi abidələrin yerlə-yeksan edilməsini hansı mədəniyyətin nümunəsi sayır?

Bütün bunlar bir həqiqəti üzə çıxarır: Ermənistan “sivilizasiyanın beşiyi” deyil, barbarlığın, vandalizmin və dağıdıcılığın simvoluna çevrilmiş bir dövlətdir. Ermənilərin bu cür davranışları təkcə Azərbaycana qarşı deyil, başqa xalqlara qarşı da müşahidə olunub. 

Digər tərəfdən, “erməni xalqının dostları”nın, guya, onlara təriflər yağdırması da ciddi suallar doğurur. Tarixin müxtəlif dönəmlərində imperatorların, şairlərin, yazıçıların kiməsə xoş söz deməsi heç də onların real simasını müəyyən etmir. Bu gün azərbaycanlıların şəxsi təcrübəsi, gördükləri faktlar Ter-Petrosyanın sitat gətirdiyi sözlərin qanadlı ifadələrdən başqa bir şey olmadığını göstərir.

Azərbaycanlılar yaxşı bilirlər ki, “ermənilik” eqoizm, narsizm və özünəvurğunluqla yoğrulmuş ideologiyadır. Ermənilər özlərini dünyanın mərkəzi kimi təqdim etsələr də, gerçəkdə qapalı, təcrid olunmuş, qonşularına nifrət bəsləyən toplum modelini nümayiş etdirirlər. Onlar həqiqətən “mədəni xalq” olsaydılar, 30 ilə yaxın işğal altında saxladıqları torpaqları xarabalığa çevirməzdilər, Ağdamı “Qafqazın Xirosiması”na döndərməzdilər. Əgər doğrudan da “sivilizasiyanın daşıyıcısı” olsaydılar, Füzulini, Zəngilanı, Cəbrayılı, Qubadlını yerlə-yeksan etməzdilər. 2020-ci ilin noyabrında Kəlbəcəri tərk edərkən onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırmaz, dağıtmaz, ağacları kəsməz, qucaqlarında unitaz daşımazdılar...

Azərbaycan xalqı isə tarix boyu tamamilə başqa bir mədəni kodu yaşadıb. Bizim ən böyük üstünlüyümüz tolerantlıq, qonşuluq münasibətlərinə hörmət və sülhə bağlılıqdır. Azərbaycan paytaxtı yüz illərdir müxtəlif dinlərin, millətlərin dinc yanaşı yaşadığı şəhər olub. Şuşa musiqinin, poeziyanın mərkəzi kimi tanınıb. Sivilizasiyanın əsl göstəricisi də məhz budur, daha eqoist şüarlar yox. Odur ki, Ter-Petrosyanın təqdim etdiyi obraz süni təmtəraqdan ibarətdir. Ermənistanın real simasını tanımaq üçün Qay Yuli Sezarın və ya Corc Bayronun sözlərinə yox, Xocalıda qətlə yetirilən körpələrin şəkillərinə, Ağdamın xarabalıqlarına, Göy məscidin təhqir edilmiş divarlarına baxmaq kifayətdir. O zaman kimin “sivil”, kimin isə “barbar” olduğu aydın görünür.

Sonda onu da qeyd etmək istərdik ki, azərbaycanlıların yaddaşı güclüdür. Biz kiminlə üz-üzə olduğumuzu yaxşı bilirik. Ermənilərin nə qədər “özünü bəzəyən” yazılar yazmasından asılı olmayaraq, onların törətdikləri əməllər tariximizdə silinməz izlər buraxıb. Ermənistan nə sivilizasiyanın beşiyi, nə də mədəniyyətin daşıyıcısıdır. Əksinə, regionda sabitliyi pozan, müharibələr doğuran, nifrət toxumu səpən bir xəstəliyin adıdır.

Səxavət HƏMİD 
XQ 

 

Siyasət