Prezidentin köməkçisi: Bu gün kontent yaradıcılığı baxımından Azərbaycan mediasının göstəriciləri artıb

post-img

Müstəqilliyimizin ilk illərindən Azərbaycan, təəssüf ki, həmişə sistematik şəkildə dezinformasiya, psixoloji müharibə həddinə çata biləcək hücumlara məruz qalıb. Dünən Prezident İlham Əliyev də Azərbaycan media mənsubları və beynəlxalq ictimaiyyətin suallarına cavab verərkən bu məsələ barəsində ətraflı danışdı. Biz burada bir neçə kateqoriyada və təsnifatda ölkəmizə qarşı hücumları fərqləndirməliyik.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Qərb media dairələrindən ölkəmizə qarşı hücumlar olduğunu diqqətə çatdıran H.Hacıyev bu günlərdə dezinformativ məsələlərin müzakirə edildiyi zaman sosial media və süni internet platformalarının ön sırada olduğunu bildirib. “Lakin biz Azərbaycanın təcrübəsində baxa bilərik ki, kifayət qədər nüfuzlu media resursları ölkəmizə qarşı sistematik şəkildə dezinformasiya kampaniyasının aparılmasında ön sıralardadır. Burada “Le Figaro”, “Le Monde”dən başlamış digər “fake news” mediaları da qeyd edə bilərik. Media platformalarında süni intellektin tətbiq olunması ilə Azərbaycanın rəsmi şəxslərinin səslərini belə təhrif edəcək bir formada “deep fake” texnologiyası əsasında geniş dezinformasiyalar aparılır. Həmçinin erməni diaspor dairələrinin ölkəmizə qarşı müxtəlif narrativlərdən istifadə edərək, Qarabağın yenə də tarixini təhrif edərək, müxtəlif dini mövzuları gündəmə gətirərək ölkəmizə qarşı kampaniyalar aparıldı”, - deyə o, əlavə edib.

Prezident İlham Əliyevin beynəlxalq media ilə görüşünü qeyd edən Prezidentin köməkçisi istər Vətən müharibəsində olan təcrübə, istərsə də Şuşa media platformasında həmişə dövlətimizin başçısının beynəlxalq media nümayəndələri ilə açıq, səmimi və geniş spektrli bir müzakirə ilə görüşə başladığını qeyd edib: “Dünən özünüz də şahidi oldunuz ki, iki saat yarımdan artıq dünyanın 50-dən artıq ölkəsindən təmsil olunan jurnalistlərin suallarını Prezident açıq, aydın cavablandırdı. Bu isə ölkəmizə qarşı aparılan informasiya cəbhəsinin yarılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib komponentlərindən biridir. Eyni zamanda, Azərbaycan mediasının rolunu qeyd etmək istərdim ki, onlar ölkəmizin milli maraqlarından çıxış edərək istər Vətən müharibəsində olduğu kimi, istərsə də indi bu kampaniyaların qarşısında bir sipər rolunu oynayır”.

Onun sözlərinə görə, yerli media nümayəndələri Azərbaycanın obyektiv həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırıb: “Bu gün kontent yaradıcılığı və kontent istehsalı baxımından Azərbaycan mediasının göstəriciləri əsaslı dərəcədə artıb. Bu, təkcə Azərbaycan dilinə yox, həmçinin digər dillərə şamil edilir: rus, ingilis və digər dillər. Təqdim olunan kontentlərin keyfiyyəti də əsaslı dərəcədə artıb. Hesab edirik ki, bunlar ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısının alınmasında vacib alətlərdən biridir. Son dövrlərdə “fact checking” yanaşmaları da mediamızda geniş yayılıb. Həmçinin dövlət orqanlarında dezinformasiya faktlarını müəyyənləşdirərək onları təkzib və ifşa edən yanaşmaları əsaslı dərəcədə artıb”.

Siyasət