BƏƏ “günəşi” Cənubi Qafqazda barış “cücərdəcəkmi”?
Qətiyyətlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə bir araya gəlmələri həm Cənubi Qafqaz, həm də dünya gündəmində mühüm əhəmiyyət daşıyan hadisədir. Hədəfində Bakı-İrəvan sülhünün dayandığı bu hadisə barədə söz açacaq, bir sıra əlaqəli məqamlara aydınlıq gətirəcəyik.
Birincisi, Əbu-Dabi görüşü Cənubi Qafqaz üçün sülh mühitinin prioritetliyini vurğuladı. Deməli, münasibətlərdəki normallaşmanın vacibliyi keçmiş münaqişə iştirakçılarının hər biri tərəfindən yetərincə dərk edilir və onlar təmasları intensivləşdirib yekun nəticəyə gəlməkdə maraqlıdırlar. Ölkəmiz, eyni zamanda, israrlıdır. Qalır Ermənistanın da eyni iradəni nümayiş etdirməsi.
İkincisi məqam. Qarabağla bağlı Azərbaycan-Ermənistan danışıqları uzun müddət vasitəçilik institutunun egidası altında aparılıb. Bu baxımdan ATƏT-in Minsk qrupunun, habelə, 44 günlük müharibədən sonrakı Rusiya, ABŞ, Avropa təşəbbüslərinin üzərində dayanmaq mümkündür. Hərçənd, bunlar real fayda vermədi. O səbəbdən ki, vasitəçilər danışıqları qlobal məqsəd və mənafe gündəmlərinin əsirinə çevirdilər. Onların hərəsi, obrazlı desək, sülhü öz tərəfinə “dartdı”. Rəsmi İrəvanın itirilmişlərin bərpasına yönələn kor inadı isə Ermənistanı illüziya bataqlığına sürüklədi.
Əlqərəz, Əbu-Dabidəki görüş vasitəçilik institutunun təsirlərindən kənar idi. Çünki BƏƏ, prinsip etibarilə, tərəfsizdir. Baxmayaraq ki, Azərbaycanla dostluğun çəkisi, Ermənistanla yaxşı münasibətlərin çəkisindən ağırdır. Hər halda, tərəzinin bir gözü o birindən o qədər fərqlənmir və çox güman, Ermənistanda da bunu bilirlər.
Bəli, Əbu-Dabidə kənar maraq sahiblərinin özlərini göstərmələri üçün meydan olmadı. Ancaq bu, Bakı ilə İrəvan arasında vasitəçilərsiz ilk təmas deyildi. İndiyədək tərəflər həm sərhəd xəttində, həm də müxtəlif beynəlxalq platformalarda dəfələrlə üzləşiblər. Ancaq dünənki görüşü fərqləndirən bir mühüm cəhət var. Görüşdə həm Azərbaycandan, həm də Ermənistandan barış mühitinin bütün komponentləri üzrə məsuliyyət daşıyan rəsmi şəxslər iştirak etdilər. Deməli, sülhə fundamental yanaşmanın zəruriliyi qəbul və dərk edilir. Bu isə o deməkdir ki, Əbu-Dabi görüşü təkcə diplomatiya hadisəsi olaraq qiymətləndirilməməlidir. Ona daha geniş aspektdən yanaşılmalıdır.
Üçüncü məqam. Dediyimiz kimi, Azərbaycan və Ermənistan rəsmiləri bu yaxınlaradək müxtəlif beynəlxalq tədbirlərdə üz-üzə gəlib, müzakirələr aparıblar. O cümlədən, onların vasitəçilərsiz hansısa məqamlar ətrafında qarşılıqlı fikir mübadilələri olub. Hər iki ölkənin liderləri arasında da həmçinin. Ancaq vasitəçilərsiz ayaqüstü, epizodik təmasların dünyaya mesaj səsi yüksəkdən eşidilməyib. Belə görüşlər, adətən, regional miqyasda müəyyən rezonans doğurub. Dünən isə nəinki Cənubi Qafqazın, ümumən, sülhə təşnə dünyanın nəbzi Əbu-Dabidə döyündü.
Beynəlxalq ictimaiyyət hiss etdi ki, tarixən qlobal konfrantasiyalar məkanı olan Cənubi Qafqazdakı ölkələr öz talelələrini özləri müəyyənləşdirmək əzmindədirlər. Əbu-Dabi görüşünün nəticələrindən asılı olmayaraq, durumu məhz belə qiymətləndirmək mümkündür. Dünyaya, o cümlədən, vasitəçilik iddiasına düşüb öz məqsədlərini güdənlərə, manipulyativ mövqe tutanlara da başlıca mesaj budur.
Dördüncü məqam. Münasibətlərdə səmimiyyət son dərəcə vacib amildir. Əslində, Azərbaycan 44 günlük müharibə qalibi kimi Ermənistana sülh əlini lap əvvəldən uzatdı. Təəssüf ki, qarşı tərəf bundan nəticə çıxarmağı bacarmadı. Dəfələrlə də eyni hal təkrarlandı. Amma məqsədimiz bu haqda söz açmaq deyil. Məqsədimiz Əbu-Dabidə də ilk əl uzadan tərəfin məhz Azərbaycan olduğunu vurğulamaqdır. Prezident İlham Əliyev yüksək alicənablıq və diplomatik nəzakətlə ona doğru yaxınlaşan baş nazir Nikol Paşinyanı salamladı. Dövlətimizin başçısının erməni nümayəndə heyətinin digər üzvlərinin də əlini sıxmaq üçün hərəkətə keçməsi fonunda ikincilərin müəyyən çaşqınlıq yaşamaları da diqqətdən yayınmadı. O cümlədən, onların daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri ilə salamlaşmaq üçün növbəyə dayanmaları. Həqiqətən, xoş görüntülər idi və bu mənzərə müsbət ab-havanın, qarşılıqlı inamın formalaşmasına töhfə elementi olaraq qiymətləndirilə bilər.
Bəli, Prezident İlham Əliyev özünəxas jesti ilə münasibətlərdəki başlıca amilin səmimiyyət olduğunu vurğuladı. Dövlətimizin başçısı örnək davranışı ilə əslində, yalnız səmimi yanaşmanın sülh gündəmini irəli aparan nəticələr doğuracağına eyham vurdu. Deməli, qarşı tərəf də adekvat olmalıdır. Nəzərə alaq ki, səmimiyyət həm də etimad doğururur. Deməli, qarşıda duran ümdə vəzifə Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirlərini möhkəmləndirməkdir. Hesab edirik ki, Əbu-Dabi görüşü bu mənada da xüsusi əhəmiyyət daşıdı.
Beşinci məqam. Azərbaycan və Ermənistan arasında birbaşa dialoq səciyyəsi daşıyan Əbu-Dabi görüşü dünyanın, obrazlı desək, çalxalandığı dövrdə reallaşdı. Hindistan-Pakistan qarşıdurması, 12 günlük İran-İsrail müharibəsi sonrası müəyyən gərginliklərin qalması, hələ də davam edən və getdikcə amansızlaşan Rusiya-Ukrayna savaşı fonunda Cənubi Qafqaz siyasi coğrafiyası müstəvisində BƏƏ-dən dünyaya sülh mesajı ünvanlandı. Bunun mənəvi tərəfləri də var, sağlam məntiqi də. Axı heç bir müharibə, böyük ölçüdə, xalqlara fayda verməyib, əksinə, faciələr yaşadıb. Hakimiyyətlər öz xalqlarını düşünürlərsə, rasional davranmalıdırlar. Rasional davranış isə ilk növbədə iqtisadi mənfəət amilini rəhbər tutmalıdır.
Əlbəttə, iqtisadi mənfəətə hesablanmış rasional davranış heç də prinsipsizlik ola bilməz və daha çox səbəb-nəticə əlaqələrindən qaynaqlanır. Böyük itkilər doğurmuş, məhrumiyyətlər və acılar yaşatmış müharibəni törədən Azərbaycan olmayıb. Ölkəmiz öz qətiyyəti ilə ixtilafa son qoymuş, ədaləti müqəddəs Zəfər pilləsinə qaldırmış tərəfdir. Savaş və qarşıdurma baiskarı Ermənistan dövlətinin rəhbərliyi isə indiki mərhələdə avantüradan tam uzaqlaşaraq, səbəb faktorunun – I və II Qarabağ müharibələrinin yekun nəticəsinin, yəni ölkəmizin şanlı Zəfərinin formalaşdırdığı reallıq çərçivəsində rasional davranışa üstünlük verməli, mənfəətini məhz bu reallığın çərçivələri daxilində axtarmalıdır. Rəsmi İrəvan nəzərə almalıdır ki, mənfəət yalnız prinsiplərə hörmətlə yanaşılacağı təqdirdə mümkündür. Ümid edirik ki, Əbu-Dabi görüşü rəsmi İrəvanın mövcud məqamı düşünüb sabit qərara gəlməsində həlledici rol oynayacaq. Qeyd edək ki, haqqında söz açdığımız dünyaya sülh mesajının gerçəklik fazası bundan asılıdır.
Altıncı məqam. Əlbəttə, tam şəkildə demək olmaz ki, Əbu-Dabi görüşü Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması reallığını doğuracaq. Şübhəsiz, gələcəkdə yeni təmaslar da olmalıdır. Ancaq dünənki görüşün nəticələrinə dair rəsmi məlumatların təhlili göstərir ki, Bakı-İrəvan dialoqunda tərəflərin müzakirə mövzularının əhatəsi genişdir. Ümid etmək olar ki, bu cəhət prinsipial məsələlərə ortaq münasibət müstəvisində də özünü göstərəcək. Prinsipial məsələlərə gəldikdə, Ermənistan bir daha təcavüz yolu tutmayacağını əməli tədbirlərlə göstərməli, tutarlı təminat verməli və regional kommunikasiyaların açılması ilə bağlı konstruktiv davranmalıdır. Ölkə, ümumən, konstruktiv mövqe nümayiş etdirməli və 44 günlük müharibənin meydana çıxardığı prinsipial baxışlarla razılaşmalıdır. Həm də ona görə ki, Azərbaycan tərəfindən irəli sürülmüş həmin baxışlar Ermənistanın düşdüyü təcriddən qurtulması üçün yeganə zəmanətdir. Nəinki Paşinyan iqtidarı, bütövlükdə hay ictimai-siyasi industriyası illüziyalara qapılmaq dövrünün keçmişdə qaldığının fərqinə varmalıdır.
Sonda bir daha dialoq formatı barədə söz açaq. Belə nəticəyə gəlmək olar ki, Azərbaycan və Ermənistan liderlərinin, eləcə də onları müşayiət edən dövlət rəsmilərinin Əbu-Dabi görüşü məhz ikili dialoqun böyük təntənə müstəvisi kimi yadda qaldı. Mövcud cəhətin özü də sülh perspektivinə nikbin yanaşmaq üçün əsaslar verir. O zaman inanaq ki, sözügedən dialoq formatı qorunacaq, Cənubi Qafqaza uzun müddətdir gözlənilən sabitliyi, əmin-amanlığı və rifahı, böyük anlamda isə dayanıqlı və davamlı sülhü gətirəcək. İndi sülh zamanıdır. Onu gözlətmək, şansı əldən vermək olmaz.
Ə.CAHANGİROĞLU
XQ