Yaxud Ter-Petrosyanın tarix “dərsində” Paşinyana qəzəb motivləri
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin baş naziri Nikol Paşinyanı “xəyanətkar” və “allahsız” adlandırıb. Səbəb baş nazirin Erməni Apostol Kilsəsinə qarşı cəbhə açmasıdır. Ancaq Levonun Nikolu aşağılamasını vurğulamaqdan uzağıq. Çünki ikincini xəyanətkar kimi qələmə verənlərin sırası genişdir və Ermənistanın birinci prezidentinin mövcud xüsusda söylədikləri yenilik deyil. Yenilik Ter-Petrosyanın anti-Paşinyan ritorikasının ümumi məzmunundadır. Məhz bu məqam düşünməyə, XX əsrin əvvəllərində yaşananlara bir qədər fərqli prizmadan yanaşmağa əsas verir.
Beləliklə, L.Ter-Petrosyanın sözlərindən belə çıxır ki, rus çarizmi 1903-cü ildə Erməni Apostol Kilsəsinə qarşı mübarizə apara bilməmişdisə, Nikolun 2025-ci ildə də bunu bacarması mümkünsüzdür. Elə isə aşağıdakı suallara cavab axtaraq: Çarizm erməni kilsəsindən nə istəmişdi? Onun erməni ruhaniliyinə münasibətdəki qəzəbi nədən qaynaqlanmışdı? 1903-1905-ci illərdə erməni varlığı adına yaşananlarla 1915-ci ildə Osmanlı İmperiyasında baş verənlər arasında hansı bənzərlik olmuşdu? Nəhayət, ötən əsrin əvvəllərinin hadisələri ilə indiki dövrün oxşarlığı nədədir?
Deməli, çar II Nikolayın 1903-cü ildə imzaladığı qanuna görə, Erməni Apostol Kilsəsinin bütün daşınar və daşınmaz əmlakı müsadirə edilməli idi. Bu sıraya kilsələrə, monastırlara, o cümlədən erməni məktəblərinə məxsus torpaqlar, binalar, kitabxanalar, pullar və digər mülkiyyətlər aid edilirdi. Müsadirə olunacaq əmlak Rusiya dövlətinin sərəncamına veriləcək və onun idarəsi rəsmi qurumlara tapşırılacaqdı. Qanunun əsaslandırması isə bu idi ki, kilsənin maliyyə resurslarının dövlət tərəfindən daha effektiv və məqsədyönlü istifadəsi zəruridir. Lakin əsl məqsəd başqa idi...
Əlqərəz, sözügedən qanun erməni xalqının mədəni və dini varlığını hədəfə alan hüquqi akt kimi qiymətləndirildi və haylarda kəskin reaksiya doğurdu. Erməni keşişlər, deputatlar və ziyalılar sənədin ləğvi üçün həm imperiya rəhbərliyinə, həm də beynəlxalq aləmə müraciətlər ünvanladılar, mitinqlər, nümayişlər və kütləvi itaətsizlik aksiyaları keçirdilər. Hətta bəzi yerlədə silahlı müqavimət halları da qeydə alındı. Yeri gəlmişkən, II Nikolayın iradəsini süngü ilə qarşılayan erməni siyasi təşkilatlarından terrorçu Daşnaksütyun və Hnçaq partiyaları xüsusi fəallıq göstərdilər.
Rusiya hökuməti qanunun tətbiqinə qarşı çıxanlarla sərt davrandı, onları repressiyalara məruz qoydu, çoxlu sayda keşiş həbs olundu, məktəblər bağlandı, qarşıdurmalarda xeyli insan həyatını itirdi. Yaranmış gərginlik və müqavimət o qədər güclü oldu ki, 1905-ci ildə hakimiyyət sənədi rəsmən ləğv etmək məcburiyyətində qaldı. Bu, erməni xalqının birlik və iradəsinin güclü təzahürü kimi qiymətləndirilir və hazırda erməni tarixşünaslığında xalqın qələbəsi olaraq təqdim olunur.
Əslində, həmin dövrün hadisələri mərkəzləşdirmə və ruslaşdırma siyasəti aparan Rusiya imperiyasında 1905-ci il inqilabından əvvəlki narazılıq dalğasının tərkib hissəsi idi. Nəzərə alaq ki, imperiya daxilindəki müxtəlif milli azlıqların öz hüquqları uğrunda mübarizələri də olmuşdu. Amma II Nikolayın yalnız Erməni Apostol Kilsəsinin əmlakını müsadirə qərarı təsadüfi deyildi. İmperatorun addımının arxasında həm siyasi, həm ideoloji, həm də imperiya təhlükəsizliyi ilə bağlı konkret səbəblər dayanırdı. Axı Erməni Apostol Kilsəsi təkcə dini qurum statusu daşımırdı.
Məlum olduğu kimi, kilsə məktəbləri idarə edir, tarix, ədəbiyyat və dini biliklər yayırdı. Onun bu hakim mövqeyinin imperiya üçün təhlükəlilik faktorunu şərtləndirən amil isə XIX əsrin sonları – XX əsrin əvvəllərində vüsət almaqda olan erməni millətçiliyi idi. O millətçilik ki, Qərbdən idarə olunurdu. Adlarını çəkdiyimiz Daşnaksütyun və Hnçak kimi terrorçu erməni qruplaşmaları isə Qərbin Osmanlı İmperatorluğu ilə yanaşı, Rusiya İmperiyasını da daxildən çökdürmək planında yer almışdılar. Sözügedən qurumların təsiri ilə ermənilər arasında Avropa maarifçiliyi, liberalizm, millətçilik və müstəqillik ideyaları geniş yayılmışdı. Hay gəncləri və ziyalıları “köhnə qitə”dən ixrac edilən millətlərin öz müqəddəratının təyinatına, konstitusiyalı idarəçiliyə və insan haqlarına dair fikirlərlə tanış olmuşdular.
Çarizmin yanaşmasına görə, ermənilər imperiyada, xüsusilə Cənubi Qafqaz bölgəsində (Qafqaz canişinliyində) loyal olmayan təhlükəli azlığa çevrilmişdilər. Rusiya hayların Osmanlıdakı haylarla siyasi əlaqələr quracaqlarından və vahid hərəkat formalaşdıracaqlarından, Erməni Apostol Kilsəsinin prosesdə katalizator rolunu oynacağından ehtiyatlanırdı. Çünki həmin vaxt kilsənin, xüsusilə Eçmiədzin Katolikosluğunun ixtiyarında çox böyük torpaq sahələri, məktəblər və maddi sərvətlər cəmlənmişdi. Hökumət bu resurslardan mədəni və siyasi məqsədlər naminə yararlanan təşkilatı nəzarətdən çıxmış sayırdı. Əmlakın dövlətə verilməsi həm kilsəni zəiflətmək, həm də onun resurslarını imperiya maraqlarına yönəltmək məqsədi daşıyırdı.
Məlumdur ki, Qərb dövlətlərinin Osmanlını sarsıtmaq məqsədi daşıyan “xristian azlıqları qorumaq” siyasəti olub. XIX əsrdə xüsusilə Böyük Britaniya və Fransa həmin azlıqların (o cümlədən ermənilərin) hüquqlarının müdafiəsi ilə çıxış edirdi və bu siyasət 1978-ci ilin Berlin Konqresi zamanı rəsmi şəkildə formalaşmışdı. O konqres ki, orada Osmanlı İmperiyası ermənilərlə bağlı islahatlar aparacağına dair öhdəlik götürmüşdü (Berlin müqaviləsinin 61-ci maddəsi). Erməni siyasi fəallar isə beynəlxalq təzyiqləri öz haqlarını tələb etmək üçün vasitəyə çevirmişdilər. Onları Qərb mətbuatı dəstəkləmiş, Osmanlı və Rusiya imperiyalarında “ermənilərə qarşı zorakılıq” manşetlərini tirajlamışdı. Ümumən, Qərb dövlətləri Osmanlı və Rusiya imperiyalarını zəiflətmək üçün etnik və dini azlıqların problemlərindən geosiyasi vasitə kimi istifadə etmişdilər. Beləcə, XIX əsrin sonu – XX əsrin əvvəllərində “erməni məsələsi” siyasi-diplomatik alətə çevrilmiş, nəhayət 1915-ci ildə qondarma “erməni soyqırımı” “törədilmişdi”.
Birinci Dünya müharibəsində iştirak edən Osmanlı rəhbərliyi daxildəki erməni amilinin dövləti arxadan vurduğunu görmüş, bu cür dözülməz təmayüllərə qarşı mübarizə aparmış, erməni qövmünün təmsilçilərini imperiyanın bir tərəfindən o biri tərəfinə köçürmək qərarına gəlmişdi. Hazırda Ermənistan, dünya erməniliyi və onun havadarları məhz həmin köçürmə siyasətini “erməni soyqırımı” adı ilə qələmə verirlər.
Qeyd edək ki, o dövrdə erməni kilsəsi anti-Osmanlı dirənişinin mərkəzində dayanmış, müxtəlif təxribat planlarının hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak etmişdi. Deməli, çar II Nikolay 1905-ci ildə Erməni Apostol Kilsəsi ilə bağlı haqqında söz açdığımız qərarından geri dönməyib dövlətə asi çıxmış erməni qruplaşmasını zərərsizləşdirməkdə qətiyyət nümayiş etdirsəydi, hazırkı qondarma “erməni soyqırmı”nın “gerçəkləşmə məkanı” Rusiya da ola bilər, beynəlxalq miqyasda Türkiyə ilə yanaşı, Rusiyanı da ittiham edilərdi...
Göründüyü kimi, XX əsrin əvvəllərində Qərb tərəfindən hərəkətə gətirilmiş “erməni kartı”nın yekun hədəflərində eynilik var idi. Söhbət Osmanlının və Rusiyanın timsalında iki imperiyanı çökdürmək məqsədindəki eynilikdən gedir. Birinci Dünya müharibəsindən sonra dünya bu iki dövlətin tənəzzülünü gördü. Lakin “planlar” yarımçıq qaldı. Atatürk Türkiyəsi ilə sovet Rusiyasının yaxınlaşması onların reallaşmasına maneçilik törətdi. Üstəlik, həm sovet Rusiyasının, həm də sabiq SSRİ-nin rəhbərliyi erməni qövmünü razı salmağa girişdi və bu, əzəli Azərbaycan torpaqlarından haylara böyük ərazi hədiyyələri hesabına edildi.
Sonda gələk bilavasitə indiki dövrə. Qəribə vəziyyət yaranıb. Rusiya prinsipcə, erməni təəssübündən geri qalmır, qondarma “soyqırımı” iddiasını təbliğ və təşviq edir. Görəsən, erməni məkrinin ayrı-ayrı epizodlarına şahidlik edən tarix bu qədərmi tez unudulur? Halbuki, L.Ter-Petrosyanın Paşinyana ittiham xüsusunda dilə gətirdikləri adi məsələ sayıla bilməz. Onda çox böyük ibrət payı var. Amma Rusiyada buna əhəmiyyət verilmir. Düşüncə Nikolu hakimiyyətdən uzaqlaşdırmaq yönümlüdür, məqsəd Ermənistandakı Qərb təsirini yenməkdir.
Erməni Apostol Kilsəsinin rolunu minimallaşdırmaq və heçə endirmək istəyən Qərbpərəst Paşinyan Ter-Petrosyan tərəfindən “xəyanətkar” və “Allahsız” adlandırılırsa, onun anti-kilsə ritorikası ilə II Nikolayın dini quruma qarşı mübarizəsi arasında eynilik motivləri axtarılırsa, deməli, kilsənin erməni milli identikliyinin təmsilçisi ehkamına münasibətdə ikitirəlik var. “1903-cü ildə Rusiya imperatoru II Nikolay Erməni Kilsəsinin əmlakının müsadirəsi və erməni məktəblərinin bağlanması haqqında qanun qəbul etdi. Bu, erməni xalqının bütün təbəqələri arasında etiraz və itaətsizlik dalğasına səbəb oldu. Nəticədə erməni millətçiliyinin formalaşması sürətləndi və 1905-ci ildə imperator bu qanunu ləğv etməyə məcbur oldu”, - deyən Ermənistanın birinci prezidentinin sözünün canı var: əgər erməni xalqı Rusiya imperiyasının qüdrətli imperatorunu məğlub edə bilmişdisə, Nikolun eyni aqibətdən yaxa qurtarması mümkünsüzdür. Onu da nəzərə alaq ki, hazırda Nikolun hərəkəti ilə 1903-cü ildə II Nikolayın anti-kilsə ritorikasının məzmununda çox böyük oxşarlıq var. Ən böyük sual isə budur: Paşinyan anti-kilsə davranışı nəticəsində özünə qarşı formalaşmış etiraz dalğasını yenməyi və kilsəsiz erməni dövləti formulunu yaratmağı bacaracaqmı?
Əvəz CAHANGİROĞLU
XQ