III məqalə
Dünya siyasətində turbulentlik
“Turbulentlik” fizikadan gələn anlayışdır. Ümumiyyətlə, nizamı aydın olmayan, qeyri-müəyyən, proqnozlaşdırılması çox çətindir, lakin açıq prosesi xarakterizə edir. Onun siyasətə ilk konseptual reduksiyasını 1990-cı ildə ABŞ politoloqu Ceyms Rozenau etmişdir. O, dünya siyasi sisteminin turbulentliyə meylliliyini vurğulamışdır. Yəni dünya miqyasında siyasi proseslərin ümumi qanunauyğunluğu pozulmuşdur və yeni düzən formalaşmamışdır. Bu da qlobal səviyyədə xeyli ixtilafların yaranmasına əsas vermişdir.
Xaotik təsirlər qlobal səviyyədən regional miqyaslara olmuşdur. Onun da nəticəsi çox sayda regional münaqişələrin yaranmasıdır. Bununla, faktiki surətdə, dünya siyasi sistemi idarəolunmaz hala gəlmişdir. Belə bir vəziyyətin təzahürlərindən biri nüfuz uğrunda mübarizənin daha da kəskinləşməsi və bir sıra dairələrdə proteksionizmin güclənməsidir.
Bütün bunlar qlobal geosiyasətdə müəyyən qüvvələr bir-biri ilə münasibətlərində neqativ halları artırmışlar. O cümlədən, Azərbaycana Ermənistanın təcavüz etməsi və bu davranışı dünyanın böyük güclərinin faktiki olaraq dəstəkləməsi özünü göstərmişdir.
Azərbaycan və bütövlükdə Türk dünyası bu proseslərə necə reaksiya verməli idi? Əlbəttə, özlərini qorumaq və müstəqil inkişaf etmək formatları axtarmalı və onu reallaşdırmağa çalışmalı idilər. Türk Dövlətləri Təşkilatı vurğulanan aspektdə xilas yolu kimi meydana gəlmişdir. Bu prosesə ənənəvi olaraq özlərini güclü sayanlar və dünyada əsl söz sahibi olanların reaksiyası ciddi məsələdir. Onlar, təbii ki, öz nüfuzlarını saxlamağa çalışmalı və bu yolda qarşıya çıxan türk dövlətləri kimi “əngəlləri” aşmalıdırlar. Buradan türk coğrafiyasında siyasi, geosiyasi, ideoloji, təhlükəsizlik, hərbi və digər xarakterli proseslərin sürətlənməsi və genişlənməsi aydın olur.
Yəni burada kimlərdənsə şikayət etmək və ya narazılığı bildirmək çıxış yolu deyil. Kimlərdəsə vicdan axtarmaq, insanlıq gözləmək də xülyadır – bütün hallarda öz maraqlarına nail olmaq üçün hər üsuldan istifadə edəcəklər. Məhz buna görədir ki, hətta türk cəmiyyətlərində elə hüdudsuz hərəkət edən qruplar tapılır ki, sağlam düşüncə onu izah edə bilmir. Heç bir etik sərhəd və mənəvi-əxlaqi qayda gözləmədən olduqca böyük vəhşət yarada bilirlər. Bununla türklərin “gözünü qırıb” onları kölə etməyə çalışırlar. Buna görədir ki, bəzən türk dövlətlərində elə amansızlıqla cinayət törədirlər ki, insan ağlına sığmır.
Belə çıxır ki, bütövlükdə dünya səviyyəsində yeni siyasi ab-hava yaranmışdır və Türk dünyası ondan kənarda qala bilməz. TDT-yə bu prizmadan yanaşmaq reallığa daha uyğun olardı.
Birlik və həmrəylik
İndi TDT ilə bağlı bir-birinə əks olan iki proses getdikcə intensivləşir. Bir tərəfdən, TDT üzvləri birlik və həmrəyliklərini yeni səviyyəyə yüksəltməkdədirlər. Bunun üçün onlar sosial, mədəni, iqtisadi, kommunikasiya, informasiya, təhlükəsizlik, ideologiya, təhsil, elm və digər sferalar üzrə müasir tarixi dönəmdə görünməmiş miqyasda konkret proqramlar həyata keçirirlər. Təcrübə göstərir ki, türk dövlətləri bu istiqamətlərdə həm birgə çalışa bilir, həm də konkret nəticələr alırlar. O cümlədən, ortaq əlifbanın yaradılması, ortaq dil ilə bağlı müzakirələrin aparılması, müxtəlif mənəvi, mədəni sferaları əhatə edən layihələrin həyata keçirilməsinə başlanması kimi proseslər geridönməz trendə çevrilməkdədir. Bu isə o deməkdir ki, TDT artıq real geosiyasi güc halına gəlir.
Üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılır. TDT-nin nail olduğu səviyyəni Macarıstanda qəbul edilən Bəyannamənin bir sıra bəndlərindən aydın görmək mümkündür. Orada deyilir:
– Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni, siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi, sosial tərəqqiyə, regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər.
– Türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar.
– Tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirir, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlayırlar. Eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunmasının zəruriliyi qeyd edilir.
– Təşkilatın üzvləri regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid və çağırışlar yaradan terrorizm və transmilli mütəşəkkil cinayətkarlığın bütün formaları, terrorizmin maliyyələşdirilməsi və kibercinayətkarlıqla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini bir daha təsdiqləyirlər. Bu kontekstdə Suriyanın ərazi bütövlüyü, birliyi əsasında təhlükəsizliyin və sabitliyin bərqərar olması, ona qarşı sanksiyaların aradan qaldırılması istiqamətində Türkiyənin konstruktiv rolu yüksək qiymətləndirilir.
Bunlar 17 bəndin cəmi 4-dür. Lakin məna və məqsədcə çox geniş hədəflərə fokuslanmanı açıq göstərir. Türk dövlətləri qlobal geosiyasi miqyasda söz sahibi olmanın uğurlu modelini dəqiq müəyyən etmişlər. Bunun fonunda türk dövlətləri onlara qarşı nələrin ola biləcəyini də detallarına qədər dərk etmişlər və bunu aşağıdakı müddəa ilə Bəyannamədə ifadə etmişlər: “Üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılır”.
Bunlardan çox əhəmiyyətli nəticə çıxarmaq olar – artıq dünya siyasətində “türk ruhu” ciddi surətdə hiss olunur və buna qarşılıq hansı addımları bir sıra dairələrin ata biləcəyi öncədən müəyyənləşmişdir. Bu da o deməkdir ki, Türk dünyası böyük geosiyasi mübarizəyə köklənmişdir və ona hazırdır. İndi bu kontekstdə türk toplumlarına qarşı atılan addımlara baxaq.
Kənar hücumların əsas hədəfləri
Başa düşürlər ki, ümumiyyətlə, türkləri dayandırmaq mümkün olmayacaqdır. Xüsusilə, Azərbaycanın həqiqi mənada möhtəşəm layihələri və onların daha möhtəşəm siyasi-diplomatik təqdimatı göstərir ki, türk dövlətləri dünya miqyasında məharətli siyasi oyunçulardır! Azərbaycan və Türkiyənin son zamanlar bir-birinin ardınca dünyaya təsiri olan addımlar atmaları və onların sistemli, davamlı və nəticəverici olması çoxlarını heyran qoymuşdur.
Dünyanın müxtəlif regionlarında (Qafqazada, Yaxın Şərqdə, Mərkəzi Asiyada¸ Uzaq Şərqdə və hətta Afrikada) siyasi-diplomatik “türk fırtınası” vardır. Qafqaza hakimliyi və Mərkəzi Asiyaya güclü təsirləri Azərbaycan edir. Bakının Yaxın Şərqə və Avropaya da təsirləri özünü göstərir. Suriyadakı proseslərə kənardan çoxlu təsirlər olmasına baxmayaraq, ilk növbədə Türkiyənin və onunla bərabər Azərbaycanın situasiyaya hakimliyi indi kimsədə şübhə doğurmur. D.Tramp daxil, siyasi liderlər indi bu “türk siyasi möcüzəsi”ndən danışırlar.
Məsələ ondan ibarətdir ki, elə dairələr vardır ki, bu gedişatdan razı deyil və əks addımlar atmağa çalışırlar. Türk toplumlarında müşahidə edilən bir sıra anormal proseslər məhz oradan qaynaqlanır. Onlar bilirlər ki, türklərin birliyi və həmrəyliyini pozmadan onları yollarından döndərmək mümkün olmayacaq. Ona görə də müxtəlif ideoloji təxribatlar ortaya atılır. Son zamanlar isə əsas hədəfin dil, din və mədəniyyət olduğu aydınlaşır. Bu prosesin başqa bir “üzü” türk cəmiyyətləri arasında nifaq salmaqla bağlıdır. Şimali Kipr nümunəsində buna cəhd etdilər. Ancaq türk dövlət başçıları müdrik çıxdılar. Çünki türk siyasi liderlər baş verənlərə təmkinli, səbirli və ağıllı reaksiya verdilər ki, yekunda bizə dost olmaq istəməyənlər bir şeyə nail ola bilmədilər.
Bunlara paralel olaraq müxtəlif KİV vasitəsi ilə türk dövlətlərini bir-birinə qarşı qoymaq, onların hansısa gücdən asılılığı görüntüsü yaratmaq kimi fəaliyyətlərə də rast gəlinir. Bu da səmərəsiz çabalardır.
Bütün bunların, ümumiyyətlə, uğursuz olacağına yuxarıda bəyannamədən gətirdiyimiz 4 bəndin təhlili əsasında əmin ola bilərik.
Türk sivilizasiyasının dünyaya töhfələri
Bu, çox dərin məsələdir. Tarix boyu türk xalqları və onların yaratdıqları dövlətlər dünya sivilizasiyasının inkişafına ciddi təkanlar vermişdir. Türklər əsas olaraq mədəniyyətləri, siyasətdə səbirli, müdrik və ədalətli olmaları ilə seşilmişlər. Bunları hətta Qərbdə geniş araşdırmışlar. Məsələn, Vyanada XX əsrdə bir araşdırma məktəbi yaradılmışdı. Orada türk sivilizasiyasını tədqiq etmişlər. Alman araşdırmaçılar belə qənaətə gəlmişlər ki, türklərin çöl mədəniyyəti dünya mədəniyyətinin inkişafına ciddi töhfələr vermişdir. Türklər bu mədəniyyətlə ailə, cəmiyyət, var-dövlətin idarəolunması və s. kimi sosial strukturların formalaşmasına ciddi təkanlar vermişlər.
Məsələn, “savaşçı çobanlar” ailənin idarə edilməsində türk nümunəsini yaymışlar. Bununla onlar iki məqsədə nail olmuşlar. Birincisi, ailə modelini cəmiyyətin təməlinə yerləşdirmişlər və bu zaman asılılıq bağlantılarını aradan qaldırmışlar. Tədqiqatlarda göstərilir ki, slavyan ailəsində ciddi asılılıq və köləlik vardısa, türk ailələrində sərbəstliklə qanunlara (törəyə) əməl etməyin nisbəti mövcud idi. Yəni türk ailəsində valideyn-valideyn, valideyn-övlad, övlad-övlad münasibətlərində köləlik mövcud deyildir. Əvəzində ailənin maraqları naminə birlik və törəyə uğun çoxalma (demoqrafik artım) prinsipləri hakim idi. Türk ailələrində kiçik oğul yurdda qalmalı və valideyinlərinə qulluq etməli idi. Böyük övladlar isə mütləq “ev” qurmalı idilər və bu üsulla çoxalma olmalı idi. Bu prosesdə mülkün ədalətli bölünməsi də törədə dəqiq müəyyən edilmişdi.
Tarixi mənbələrdə göstərilir ki, bu prosesi türklər ədalətli və qanunauyğun aparmışlar. Nəticədə ailə düzəninin türk modeli dünyaya “savaçı çobanlar” vasitəsilə yayılmışdır (əlbəttə, türk birgəyaşam modeli yalnız “savaşçı çobanlar”la məhdudlaşmır, biz nümunə olaraq onları göstəririk).
Müxtəlif tədqiqatçılar türk xalqlarının özünəməxsus birgəyaşam mədəniyyəti ilə orijinal sivilizasiya növü yaratdıqlarını aydınlaşdırmışlar. Bununla türk sivilizasiyası özünəməxsus formada mədəniyyət, dinc yanaşı yaşamaq, qanunlara uyğun həyat sürmək və ədalətli olmaq kimi fəzilətləri bütün dünyaya bəxş edib. TDT mövcudluğu və inkişafının təməlində bu anlayış var. Deməli, TDT, faktiki olaraq, dünyaya ədalət, paylaşma, yardımlaşma, hüquq və qanunun aliliyi kimi dəyərləri müasir dünyanın təzadları şəratində yenidən qazandırma məqsədini qarşıya qoymuşdur!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru