İranın 14-cü hökumətinin siyasətinin əsas prioritetlərindən biri yaxın qonşularla münasibətləri inkişaf etdirməkdən ibarətdir. Prezident Məsud Pezişkianın Azərbaycana səfəri regionda təhlükəsizliyin dayanıqlı olması və ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılan əhəmiyyətli addımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Şurasının (Parlament) Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlaəddin Borucerdi yerli mətbuata verdiyi açıqlamada deyib. O bildirib ki, qonşularla siyasi, iqtisadi və mədəni əlaqələri genişləndirmək İranın xarici siyasət kursunun əsasını təşkil edir. “Bu baxımdan Prezident Məsud Pezişkianın Azərbaycana səfəri dövlət üçün mühümdür və qarşılıqlı faydalı əlaqələrin inkişafına əsaslı töhfə verəcək”, - deyən İran parlamentinin üzvü vurğulayıb ki, ölkə Prezidentinin Azərbaycana səfəri İran-Azərbaycan münasibətlərinin bərpası yolunun davamıdır.
Prezident Məsud Pezişkianın Azərbaycana səfərinin faydalı olacağına əminliyini bildirən Ə.Borucerdi deyib: “Çətin anlarda qonşular problemlərin həllində yaxından kömək göstərərək dostluq nümayiş etdirirlər. Hərtərəfli əməkdaşlıq əlaqələri regionda təhlükəsizliyin dayanıqlı olmasını təmin edir”.
İran parlamentinin Loristan vilayətindən deputatı Əlaəddin Borucerdi qeyd edib ki, İran və Azərbaycan regionda terrorçuluğa və beynəlxalq cinayətkarlığa qarşı birgə, təsirli mübarizə aparmaq potensialına malikdirlər.