Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı dünya mediasının diqqət mərkəzində olub

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı dünya mediasının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, nüfuzlu “Reuters” agentliyinin “Azərbaycan Aİ-ni qaz dəhlizinin genişləndirilməsi ilə bağlı maliyyə məhdudiyyətlərini yenidən nəzərdən keçirməyə çağırır” sərlövhəli məqaləsində Prezident İlham Əliyevin aşağıdakı fikirləri təqdim edilib: “Avropanın enerji təhlükəsizliyi problemləri bizə məlumdur. Hazırda onların təhlükəsiz şəraitdə olmasına baxmayaraq, orada sənayenin tələbatları bizə bəllidir. Hətta yaşıl enerjiyə olan tələbatı da bilirik. Yaşıl enerjiyə böyük sərmayələrin yatırılmasına baxmayaraq, Avropa İttifaqında yenə də elektrik enerjisi çatışmır və bu məqsədlə hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək yaşıl enerji kabeli üzərində işləyirik. Yeri gəlmişkən, dörd qiqavat yalnız başlanğıcdır. Beləliklə, Avropa Komissiyasında əyləşənlər gözlərindən eynəyi çıxarsınlar və dünyaya realist nöqteyi-nəzərdən baxsınlar, Azərbaycan kimi ölkələri dəyərləndirsinlər və Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməsinlər, yaxşı tərəfdaş kimi davransınlar. Biz buna hazırıq”.

Agentlik əlavə edib ki, Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini tam dayandırdığını diqqətə çatdırıb. O qeyd edib ki, faydalı qazıntıya tətbiq edilən embarqo aradan qaldırılmalıdır. Azərbaycanın dövlət başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın tədbirlərinə diqqət çəkib.

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışını geniş işıqlandırıb, dövlətimizin başçısının çıxışında dünya nizamında baş verən transformasiya, ABŞ ilə münasibətlər, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri, Ermənistan-Azərbaycan münasibətləri mövzularına diqqət çəkib.

TASS agentliyi Azərbaycan Prezidentinin çıxışını əhatə edən bir sıra materiallar dərc edib. Materiallarda vurğulanır ki, regionda vəziyyətin inkişafı Ermənistanın mövqeyindən asılıdır. Bildirilir ki, Azərbaycan Ermənistan tərəfi ilə qarşılıqlı etimada əsaslanan mexanizmlərin qurulmasına hazırdır, lakin Bakı təhlükəsizlik məsələlərində prinsipial mövqeyini qoruyur.

TASS, həmçinin Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın komandasına USAID-in qanunsuz fəaliyyəti ilə bağlı faktların təqdim ediləcəyi barədə bəyanatına diqqət çəkib. Bu məsələ forumun ən çox rezonans doğuran məqamlarından biri kimi təqdim olunub. Digər materiallarda Qərb ölkələrinin Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirməsi və daxili işlərə müdaxiləsinin sərt şəkildə tənqidi təqdim olunub.

“RIA Novosti” agentliyi də Prezident İlham Əliyevin çıxışı ilə bağlı bir neçə material yayımlayıb. Burada USAID-in fəaliyyəti ilə bağlı sərt tənqidlər, Qərbin müdaxilə cəhdləri və Trampın qələbəsindən sonra ABŞ-Azərbaycan münasibətlərindəki dəyişikliklər əksini tapıb. Prezident İlham Əliyev bildirib ki, Bakı yeni administrasiyadan daha praqmatik yanaşma gözləyir. Agentlik Azərbaycanın Trampın komandasına USAID-in fəaliyyəti ilə bağlı məlumat təqdim edəcəyini xüsusi vurğulayıb.

“İnterfaks” agentliyi Prezident İlham Əliyevin ABŞ-ın yeni administrasiyasına konkret faktların ötürülməsi barədə bəyanatının beynəlxalq əhəmiyyətinə diqqət yetirib. Agentlik qeyd edir ki, Azərbaycan lideri dialoqa açıqdır, xarici təsirlərlə bağlı məsələlərdə mövqeyini aydın şəkildə ifadə edir.

“Lenta.ru” portalı Prezident İlham Əliyevin ABŞ ilə münasibətlərin yaxşılaşması barədə bəyanatını oxuculara təqdim edib. Materialda qeyd olunur ki, əvvəlki gərginliklərə baxmayaraq, Bakı Vaşinqtonla əməkdaşlığın yeni mərhələsinə hazır olduğunu nümayiş etdirir.

“İzvestiya” qəzeti USAID-in fəaliyyəti ilə bağlı kompromat xarakterli materialların Tramp komandasına təqdim olunacağı fikrini ön plana çəkib. Qəzet bu məlumatın qlobal güc balansında və ABŞ-ın xarici siyasətində mümkün dəyişikliklər kontekstində əhəmiyyətini vurğulayıb.

“Regnum” agentliyi forumun geosiyasi əhəmiyyətini və Qərbin müdaxilə siyasətinə dair tənqidi yanaşmaları ön plana çıxarıb. Agentlik forumu alternativ baxışların səsləndiyi əhəmiyyətli platforma kimi qiymətləndirib.

“Gazeta.RU” beynəlxalq məsələlərə diqqət ayıraraq Prezident İlham Əliyevin Qərb institutlarının nüfuzunu itirməsi barədə bəyanatını qeyd edib. Nəşr, həmçinin Trampın qələbəsindən sonra Azərbaycanın ABŞ-la münasibətində baş verən dəyişikliklərə toxunub. Portal Prezident İlham Əliyevin Rusiya və Ukrayna arasında yaxın vaxtlarda sülh perspektivinin olmadığını bildirdiyini də yazır. Məqalədə qeyd olunur ki, hazırkı geosiyasi vəziyyət və tərəflərin mövqeləri yaxın müddətdə davamlı sülhün əldə olunmasını mümkünsüz edir. Bu fikir ümumdünya çağırışları və müxtəlif regionlarda müşahidə olunan qeyri-sabitlik fonunda səsləndirilib.

“Vestnik Kavkaza” agentliyi ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsinin Ermənistan üçün məyusedici nəticə olduğunu vurğulayıb. Nəşr Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd edir ki, İrəvan fərqli nəticələr gözləyirdi və indi xarici siyasətində yeni istiqamətlər axtarır. Bildirilir ki, Azərbaycan yeni xarici siyasi reallıqlardan istifadə edərək regional sabitliyi möhkəmləndirməyi və milli maraqlarını daha fəal şəkildə irəli aparmağı planlaşdırır.

Belarusun “Belta” dövlət informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” beynəlxalq forumundakı çıxışına dair məqalə dərc edib. “Əliyev: Bakı USAID-in qanunsuz fəaliyyəti ilə bağlı faktları Trampın komandasına təqdim edəcək” sərlövhəli materialda dövlətimizin başçısının USAID-in qanunsuz fəaliyyəti ilə bağlı fikirlərinə geniş yer verilib. Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd olunur ki, hazırda Azərbaycanın Baş Prokurorluğu bu təşkilatın qanunsuz fəaliyyəti ilə bağlı araşdırma aparır və onun ilkin nəticələri USAID-in anti-Azərbaycan fəaliyyətinin miqyasını, hökumətin işinə xələl gətirmək niyyətini, habelə ölkənin daxili işlərinə aşkar müdaxilə cəhdlərini nümayiş etdirir. Nəticələr hazır olan kimi, Azərbaycan tərəfi onu Tramp administrasiyasına təqdim edəcək.

Moldovanın nüfuzlu “Noi” xəbər portalında Prezidenti İlham Əliyevin beynəlxalq forumdakı çıxışına dair geniş məqalə dərc edilib. Rumın və rus dillərində dərc olunan “İlham Əliyev: Sülh sazişi ilə bağlı top Ermənistanın tərəfindədir” sərlövhəli məqalədə sülh sazişinin imzalanması perspektivinə dair dövlətimizin başçısının fikirlərinə geniş yer ayrılıb. Portal Azərbaycan Prezidentinin aşağıdakı fikirlərini sitat gətirib: “Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəlincə, top Ermənistandadır. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm”. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev İrəvanın Vaşinqtonla münasibətlərinə də toxunaraq qeyd edib ki, Ermənistan ABŞ-da seçkilərdən sonra demokratların hakimiyyətdə qalacağına ümid edirdi və Trampın Prezident seçilməsi onlar üçün böyük məyusluq olub.

Türkiyənin rəsmi “Anadolu” agentliyi və geniş auditoriyaya malik “Sabah” qəzetinin “Əliyev Müstəqilliyinin tanınması üçün ŞKTC-in yanında olacağını söylədi” və “Əliyev ŞKTC-yə dəstəyini ifadə etdi” sərlövhəli materiallarnda qeyd olunur ki, Azərbaycan Prezidenti 44 ölkədən 80-dən çox ekspertin iştirak etdiyi “Yeni dünya nizamına doğru” beynəlxalq forumundakı çıxışında ŞKTC ilə münasibətlərə toxunaraq Şimali Kiprin lideri Ersin Tatarla təmasları davam etdirdiyini bildirib. “İlham Əliyev Azərbaycanın ŞKTC-nin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olmasında fəal rol oynadığını, Ersin Tatarı Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşünə dəvət etdiyini deyib. ŞKTC Bayrağının bu sammitdə Şuşada dalğalandığını xatırladan Azərbaycan Prezidenti deyib: “ Biz hər zaman qardaşlarımızlayıq, siyasətimiz hər zaman çox aydındır. Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur. Onlar tarix və əməlləri ilə buna layiqdirlər. Hamımız xatırlayırıq ki, Birləşmiş Millətlər Təşkilatının ovaxtkı Baş katibi Kofi Annanın təşəbbüsü ilə referendum keçirilib və Kipr türkləri birləşməyə, Kiprdəki yunanlar isə birləşmənin əleyhinə səs verdilər. Sonra nə oldu? Kipr dəvət edildi və Avropa İttifaqına üzv oldu. Bu, ədalətli idi? Əlbəttə ki, yox. Bu ikili standartlar idi? Əlbəttə, bəli. Amma təəssüf ki, siyasətçilərin çoxu bu haqda danışmaq istəmir. Onlar başağrısı olmamasına üstünlük verirlər. Çünki onların başağrısı yarada biləcəklərini hamı təsəvvür edə bilər və başağrısı heç də onların yarada biləcəyi ən böyük zərər deyil. Amma Azərbaycana gəldikdə, məncə, Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik”.

Qardaş ölkənin “Haber7” portalında dərc olunmuş “Əliyev: Türkiyə və İsrail münasibətləri bizi narahat edir” sərlövhəli məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev hər iki ölkənin Azərbaycanın dostu olduğunu vurğulayaraq qeyd edib: “Biz Türkiyə ilə müttəfiqik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, bizim müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub. İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, - baxmayaraq ki, biz özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi. Yenə də bu, bağlı qapılar arxasında baş verdi. Biz bunu heç vaxt ictimailəşdirmədik. Biz buna görə heç vaxt özümüzü tərifləməyə çalışmadıq. Biz, sadəcə olaraq, müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik”.

Türkiyənin “Milliyet” qəzeti isə dövlətimizin başçısının beynəlxalq forumda çıxışı barədə “Əliyev: Rusiya ilə Ukrayna arasında yaxın gələcəkdə sülhün təmin ediləcəyi real görünmür” sərlövhəli məqalə dərc edib. Geniş məqalədə Prezident İlham Əliyevin Rusiya-Ukrayna münaqişəsinə, həmçinin türk dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsinə dair fikirləri yer alıb. Materialda dövlətimizin başçısının aşağıdakı fikirləri sitat gətirilir: “ Rusiya ilə Ukrayna arasında müharibə ilə bağlı mövqeyimizə gəldikdə, biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. İşğaldan və öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi, biz, əlbəttə, həmin vəziyyəti tam anlayırıq. Bir sözlə, kimdən soruşsanız, deyəcək: “Biz istəyirik ki, müharibə dərhal dayansın”. Bəli, biz də istəyirik. Lakin əsas sual ondan ibarətdir ki, həmin atəşkəs, daha doğrusu, potensial atəşkəs və əgər belə demək olarsa, müvəqqəti atəşkəs dayanıqlı olacaqmı? İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır”. Həmçinin Azərbaycan Prezidentinin türk dövlətləri ilə əlaqələrin möhkəmlənməsi, Bakının TDT-in fəaliyyətində fəal iştirakı, bu çərçivədə müxtəlif sahələrdə əməkdaşlığın inkişafı barədə fikirlərinə geniş yer ayrılıb.

Qardaş ölkənin “Haber Global” telekanalı isə “İlham Əliyevdən Türkiyə ilə müttəfiqlik mesajı” adlı reportaj yayımlayıb. Aparıcı dövlətimizin başçısının beynəlxalq forumdakı çıxışında Türkiyə ilə müttəfiqlik əlaqələrinin möhkəmlənməsinə dair fikirləri fonunda diqqəti iki qardaş ölkənin liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Qarabağda, Şuşada görüşlərini əks etdirən videomateriallara çəkib.

“Yeni Şafak” qəzetinin birinci səhifəsində dərc olunmuş “Əliyev qətiyyətlə bildirdi: ŞKTC-in yanında olacağıq”, “Cümhuriyyet” nəşrinin “İlham Əliyev: Hər zaman ŞKTC-in yanındayıq və onun müstəqil dövlət qurmasını təmin edəcəyik”, həmçinin “Türkiye”, “Hibya” və qardaş ölkənin digər mətbuat orqanları, həmçinin Şimali Kiprin TAK rəsmi agentliyi, “Kıbrıs Postası” qəzeti dövlətimizin başçısının Şimali Kipr haqqında fikirlərini ön plana çıxarıblar.

Rumıniyanın və Bolqarıstanın qabaqcıl mediası Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” beynəlxalq forumdakı çıxışını geniş işıqlandırıb və onunla bağlı məqalələr dərc edib.

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi, “G4media”, “Bursa”, “Income”, “Stiripesurse”, “Profit”, “Capital”, “Flux24” və digər nüfuzlu nəşrləri, Bolqarıstanın “Dnevnik”, “5 minuti”, “News.bg” nəşrləri, “BNT1” milli televiziya kanalı Azərbaycan Prezidenti İlham Əiyevin çıxışına istinadla “Azərbaycan Avropa İttifaqını qaz ixracının genişləndirilməsinə dair maliyyə məhdudiyyətlərini yenidən nəzərdən keçirməyə çağırır” sərlövhəli məqalələr dərc edib.

Məqalələrdə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, Avropa İttifaqı Azərbaycandan təbii qaz idxalını davam etdirmək istəyirsə, uzunmüddətli qaz alqı-satqı müqavilələri və maliyyə modellərini yenidən nəzərdən keçirməlidir. Dövlət başçısı əlavə edib ki, Bakı rəsmiləri alternativ ixrac bazarları axtarmağa hazırdır. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının fosil yanacaqlarla bağlı yeni layihələrin maliyyələşdirilməsinə tətbiq etdiyi qadağanı və uzunmüddətli qaz müqavilələrinin olmamasını Aİ-yə qaz ixracının artırılmasında əsas maneələr kimi göstərib.

Məqalələrdə qeyd olunub ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra enerji idxalını diversifikasiya etmək məqsədilə Aİ 2021-ci ildəki 8 milyard kubmetrlik idxalla müqayisədə 2024-cü ildə Azərbaycandan 13 milyard kubmetr qaz idxal edib. 2022-ci ildə Brüssel və Bakı arasında imzalanmış razılaşmaya əsasən, 2027-ci ilə qədər bu rəqəm ən azı 16 milyard kubmetrə çatdırılmalıdır. Azərbaycan Energetika Nazirliyi isə 2026-cı ilə qədər Avropaya qaz ixracını 14 milyard kubmetrə qədər artırmaq niyyətində olduqlarını açıqlayıb. Lakin İlham Əliyevin son açıqlamaları bu hədəflərin asanlıqla reallaşmayacağını göstərir. Belə ki, Brüsselin infrastruktur layihələrinə maliyyə dəstəyi göstərməməsi bu istiqamətdə ciddi çətinliklər yaradır.

Materiallarda rəsmi Bakının Azərbaycanın Avropaya əsas qaz ixrac arteriyası olan 3.500 kilometrlik Cənub Qaz Dəhlizinin genişləndirilməsində maraqlı olduğu bildirilir. Məqalələrin sonunda diqqətə çatdırılır ki, Azərbaycan 2020-ci ilin dekabrından etibarən Aİ-yə qaz tədarük edir və Rusiya ilə enerji əlaqələrinin azaldılması fonunda mühüm alternativə çevrilib. Hazırda Azərbaycanın ən böyük qaz alıcıları Bolqarıstan (ümumi tələbatın 60 faizi), Yunanıstan (18 faiz və İtaliya (15 faiz) təşkil edir.

Bolqarıstanın BTA milli xəbər agentliyi AZƏRTAC-a istinadla Prezidentin Azərbaycan və Gürcüstan arasında olan sıx əməkdaşlığı barədə çıxışından yazıb. Bildirilib ki, Gürcüstanla əlaqələr Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanla münasibətlərin ölkəsi üçün strateji əhəmiyyət daşıdığını bəyan edib. Dövlət başçısı vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq enerji, nəqliyyat və regional təhlükəsizlik sahələrində mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu və Cənub Qaz Dəhlizi kimi layihələr bu tərəfdaşlığın konkret nəticələri olaraq göstərilir. Diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin “yeni dünya nizamı” anlayışına istinad etməsi isə Azərbaycanın və bütövlükdə regionun dəyişən qlobal geosiyasi reallıqlara uyğun olaraq strateji mövqeyini daha da möhkəmləndirmək istədiyini göstərir.

“Caspian Post” nəşri “Prezident İlham Əliyev: Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı əlaqələrin olmasını istəyirik” sərlövhəli məqaləsində qeyd olunur ki, Azərbaycanın dövlət başçısı son aylar ərzində hər iki ölkənin yüksək vəzifəli şəxslərinin bir neçə dəfə səfərləri olduğunu, İranda Prezidentin qələbəsinə səbəb olan seçki prosesi və Tehrandan alınan mesajların Bakını çox ruhlandırdığını qeyd edib. O əlavə edib ki, biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlər qurmaq istəyirik”.

“Marketscreener”, “Caspian Alpine” portalları Prezident İlham Əliyevin Avropaya qaz tədarükü ilə bağlı fikirlərinə geniş yer ayırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı ərəbdilli mediada da geniş işıqlandırılıb. “Əl Hərir” portalında dərc olunmuş məqalədə dövlətimizin başçısının Çinlə iqtisadi əlaqələrin əhəmiyyətinə dair fikirləri yer alıb.

“Addiyar” nəşri isə Prezident İlham Əliyevin ölkəmizin İslam dünyasında yeri ilə bağlı fikirlərini təqdimi edib. Qeyd olunub ki, dövlət başçısı Azərbaycanın dəfələrlə müxtəlif tədbirlər üçün ev sahibi ölkə seçildiyi və İslam Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyini bildirib. Həmçinin İslam Dünyasının Mədəniyyət, Təhsil və Elm Təşkilatı (ICESCO) Şuşanı İslam mədəniyyətinin paytaxtı seçib.





























Siyasət