Atəşkəsin pozulması – Ermənistan MN-in “tutuquşuluğu”

post-img

Qurumun bir açıqlaması digərini inkar edir

Ermənistan Azərbaycanla şərti sərhəddə atəşkəs rejimini pozmaqda davam edir. İş o yerə çatıb ki, ölkəmizin Müdafiə naziri Zakir Həsənov bununla bağlı ayrıca toplantı keçirib, adekvat tədbirlər görmək tapşırığı verib. Ermənistan Müdafiə Nazirliyi isə bir qayda olaraq, faktı danır və tutuquşu kimi eyni fikri təkrarlayır.

Bildirir ki, Ermənistan Baş nazirinin aparatı atəşkəs rejiminin pozulması hallarının və ya onlar haqqında məlumatların araşdırılması üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib, Azərbaycan təklifə cavab verməyib: “Ermənistan Respublikasının Müdafiə Nazirliyi təsdiq edir ki, Ermənistan Respublikasının baş naziri aparatının mövqeyinə uyğun olaraq, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatını təsdiq edən faktlar Ermənistan tərəfinə verildikdə onları araşdırmağa hazırdır”.

Onu da bildirək ki, Ermənistanın müxtəlif siyasi kluarlarında atəşkəsin, guya, Azərbaycan tərəfindən pozulduğuna dair fikirlər də yayılmaqdadır. Bunu tirajlayanlar, eyni zamanda, ölkəmizi təcavüzkar qismində göstərməyə, hətta “uzaqgörən” siyasi yüklü mülahizələr irəli sürməklə, Azərbaycanın Zəngəzuru tutmağa cəhd göstərdiyini iddia edirlər. Ermənistan baş naziri aparatının diqqətə çatdırdığımız mövqeyinə gəlincə, Azərbaycan bir neçə dəfə atəşkəsin qarşı tərəfdən açılan atəş nəticəsində pozulduğuna dair video-görüntü yayımlayıb. Lakin rəsmi İrəvan bununla əlaqədar hansısa tədbir görməyib. Xatırladaq ki, erməni iqtidarının həmin video-görüntüyə münasibəti aşkar həyasız tonla yadda qalmışdı. Bildirilmişdi ki, guya, sakitliyi pozan erməni ordu birləşmələri yox, hansısa könüllü dəstənin təmsilçiləri olub. İstər-istəməz, sual yaranır: Könüllü birləşmə üzvünün səngərdə, təmas xəttində nə işi var? Necə olub ki, həmin şəxs ərazidə peyda olub? Heç bir izahat yoxdur...

Bəli, Azərbaycan tərəfi belə sərsəm yanaşmaların spekulyasiya mahiyyəti daşıdığını dərk edir və buna görə Ermənistan baş naziri aparatının atəşkəs rejiminin pozulmasına dair birgə mexanizmin yaradılması təklifinə reaksiya vermir. Ümumən isə belə bir mexanizmin formalaşdırılmasına heç bir ehtiyac yoxdur. Sadəcə, atəş açmamaq kifayətdir.

Aydındır ki, rəsmi İrəvan mənasız məsələləri ortaya atmaqla, özünü “sülh göyərçini” qiyafəsində göstərməyə çalışır. Habelə, Azərbaycanı beynəlxalq aləmə destruktiv göstərmək məqsədi güdür. Lakin Ermənistan nə qədər çalışsa da, özünün pozucu niyyətini gizlədə bilmir. Fikrimizi ölkənin Müdafiə Nazirliyinin “Azatutyun” radiostansiyasının sorğusuna cavabı da təsdiqləyir.

Qeyd edək ki, sözügedən media orqanı Ermənistan baş hərbi idarəsinin son günlər “Azərbaycandan açılan atəşlərlə bağlı Sünikdən gələn siqnallara cavab verməsini” istəyib. İndiyədək atəşkəs pozuntuları zamanı eyni tezisi təkrarlayan Ermənistan MN isə faktiki olaraq reallığı etiraf etmək məcburiyyətində qalıb. Qurum bildirib ki, demarkasiya xətti boyunca vaxtaşırı təsadüfi, hədəfsiz atəşlərin açılması halları qeydə alınır: “Atəşkəs rejiminin intensiv, əhəmiyyətli və ya başqa sözlə, qəsdən və ya məqsədyönlü şəkildə pozulması halında biz rəsmi bəyanatlar veririk”.

Deməli, Ermənistan MN bir yandan Azərbaycan MN-nin, guya, dezinformasiya yaydığını açıqlayır, yəni atəşkəsin pozulduğunu danır, digər yandan atəş səslərinin eşidildiyini bildirir. Təzadlı durum yaranır. Belə çıxır, kimlərsə səngərdə boş-bekar oturub göyə atəş açmaqla məşğuldur. Bunu bildirən tərəf Ermənistan MN-dirsə, deməli həmin o boş-bekar şəxs də ermənidir. Kimlərsinsə açdığı atəş qəsdən və ya məqsədyönlü şəkildə deyilsə, bəlkə erməni səngəri uşaq bağçasıdır? Deməli, erməni baş hərbi idarəsi bu kimi halları əhəmiyyətsiz, qeyri-ciddi saydığından açıqlama yaymırmış. Sən demə, ciddi nə isə olsaydı, qurum rəsmi bəyanat verərmiş.

Bəli, durum təzadlı olduğu qədər də gülməlidir. Daha doğrusu, Ermənistan MN-nin mövqeyi olduqca gülüncdür. Axı qurum açılan atəşin hədəfsiz olduğunu bildirirsə, bu faktın özü rəsmi İrəvanın məsələdən xəbərdarlığının nəticəsidir. Olmazdımı ki, ümumiyyətlə sakitlik olsun?.. Həmçinin, deyə bilərik ki, təxribat əməli qəsdən və məqsədyönlü şəkildə törədilir. Məqsəd isə məlumdur - Azərbaycanı ədalətsiz sülhə məcbur etmək.

Görünür, havadarları Ermənistanı bu cür əməllərlə nəyəsə nail olmağın mümkünlüyünə inandırıb, onu həvəsləndiriblər. Əminliklə deyə bilərik ki, həmin havadarlar Azərbaycanı Ermənistanla bütün bəndləri razılaşdırılmış sülh müqaviləsinin mətninin imzalanması üçün irəli sürdüyü iki şərtdən daşındırmaq niyyətini güdürlər. Söhbət ölkəmizi ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasına dəyişiklik aparılması tələblərindən geri durmağa sövq etmək məramından gedir.

Rəsmi İrəvan və onu alətə çevirərək, Cənubi Qafqazla bağlı qlobal planlar gerçəkləşdirmək istəyən qüvvələr erməni avantürizmini diri saxlamağa çalışırlar. Onlar ölkəmizin hər iki tələbinin məğzində Ermənistanı gələcəkdə ərazi iddiasından və işğalçılıqdan daşındırmağın dayandığını gözəl bilir və atəşkəsi pozmaqla, öz aləmlərində, müqavimət göstərdiklərini düşünürlər.

Sonda onu da bildirək ki, Ermənistan və havadarları Azərbaycanın haqqında söz açdığımız iki tələbinin reallaşmasının, eyni zamanda, ölkəmizin 2020-ci ildə başladığı işi tam başa çatdırmaq olduğunun fərqindədirlər. Nəzərə alaq ki, istər erməni əsas qanununun ölkənin işğalçı mahiyyətli İstiqlaliyyət bəyannaməsinə istinad motivinin aradan qalxması, istərsə də torpaqlarımıza təcavüzü leqallaşdırmağın aləti sayılan ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycana qarşı ərazi iddiasından rəsmən imtinanın yüksək səslə bəyan edilməsidir. Paşinyan və tərəfdarları 44 günlük müharibədə məğlubiyyəti danaraq avantürist niyyətlərə kökləndikləri üçün tələblərimizə məhəl qoymur, üstəlik atəşkəsi pozaraq nə isə əldə edəcəklərinə ümid bəsləyirlər. Əlbəttə, necə deyərlər, gələcəkləri varsa, görəcəkləri də var.

Ə.RÜSTƏMOV
XQ

Siyasət