Bakıda “Türkman irsi” forumu Novruz təntənəsinə qovuşub
Böyük coğrafi arealı əhatə edən Türk dünyasının ortaq dəyərlərinin – dil, adət-ənənə, milli ruhun əsrlərlə qorunub saxlanılması və müasir dövrümüzə qədər gətirilib çıxarılması tarixi nailiyyətdir. Əlbəttə, bu işdə vətəninə, torpağına, bayrağına bağlı aydınların danılmaz xidmətləri olub. Onların fədakarlıqları ilə yanaşı, ayrı-ayrı insanların, eləcə də vətəndaş cəmiyyəti fəallarının bu istiqamətdə gördüyü işləri də unutmaq olmaz. Zamanın ağır sınaqlarından üzüağ çıxmış bu fəaliyyətin ən başlıca xüsusiyyəti isə Türk ellərinin birliyi və həmrəyliyidir.
Etiraf etmək lazımdır ki, eyni kökdən olan, eyni mədəniyyətə, tarixə malik Türk xalqları arasında əməkdaşlığın qeyri-hökumət təşkilatları – vətəndaş cəmiyətləri platformasında yeni keyfiyyətdə və müstəvidə inkişafına böyük ehtiyac duyulurdu. Tarixin ayrı-ayrı dönəmlərində mövcud şəraitdən asılı olaraq parçalanmış, bir-birindən ayrı düşmüş eyni kökdən olan xalqların bu gün QHT platformasında bir araya gəlməsi, əməkdaşlığın gücləndirilməsi, gələcəyə yönəlik yeni baxışların yaranması, ortaq dəyərlərin çeşidli çalarlarının üzə çıxarılması baxımından böyük əhəmiyyət kəsb edir.
Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə təşkil olunan “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı konfrans–forum türkmanların uzun illər öz ölkələrində və ölkələrindən kənarda gördükləri işlərə, sosial siyasi statusları uğrunda apardıqları mübarizələrə ictimai dəstək vermək məqsədi daşıyır. Son illər bir çox önəmli beynəlxalq layihələrə ev sahibliyi etmiş Azərbaycanda Türk dünyasının ortaq maraqlarının prioritet sayıldığı bu cür tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu da təsadüfi deyil. Axı Türk Dövlətləri Təşkilatının (TDT) ən fəal üzvü olan Azərbaycan bu coğrafiyaya ünvanlanan çağırışların tribunası rolunu oynayır.
* * *
Əslində, bu layihələrin böyük tarixi, ictimai-siyasi əhəmiyyəti var. Bakı Forumunda İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir. Onların içərisində İraq parlamentinin Türkmanlar qrupunun sədri, ictimai-siyasi xadim Ərşad Saleh, İraq Tarixçiləri Birliyinin təmsilçisi, “Türkmaneli” qəzetinin baş redaktoru Najat Şükür, İraq türkmanlarının “Tert TV” kanalının rəhbəri Türkeş Saleh, Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci, Suriya Türkman Platformasının yaradıcısı Əsəd Arber və digər şəxslər var.
Bu konfransın məqsədi vətəndaş cəmiyyətlərinin həmrəyliyinin vacibliyini hamının diqqətinə çatdırmaqdır. Konfransda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panellərdə türkman əsilli vətəndaş cəmiyyəti təmsilçiləri yerli QHT-lərlə birgə müzakirələr aparıblar.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Eıxan Şahinoğlu XQ-yə açıqlamasında bildirdi ki, Azərbaycana dost və qardaş olan türkmanların ölkəmizə, Qarabağa səfər etmələri, Bakı konfransında fikir mübadiləsi aparmaları, qarşılıqlı görüşlər keçirmələri çox faydalı və əhəmiyyətlidir. Bu cür təmaslar həm Azərbaycanın mövqeyinə, həm də türkman–azərbaycanlı qardaşlığının möhkəmlənməsinə xidmət edir. İraqda və Suriyada yaşayan türkmanlar hər zaman Türkiyənin və Azərbaycanın dəstəyini hiss etməlidirlər. Azərbaycan İraq və Suriya ilə münasibətlər qurarkən, ikitərəfli əlaqələri genişləndirərkən bu iki ölkədə türkmən amilinin varlığı Azərbaycanın yalnız xeyrinə işləyəcək. Yəni, bu amil həm də Azərbaycanın bu ölkələrdə mövqelərinin güclənməsinə dəstək anlamı daşıyır. Onlar da yaşadıqları ölkələrdə daim Azərbaycanın maraqlarını üstün tutacaqlar.
Bir vacib faktı qeyd etmək yerinə düşər. İraq türkmanlarının təmsilçisinin Bakıda verdiyi açıqlamasında İraq parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsinə çalışacaqlarını bildirməsi təsadüf sayıla bilməz. Bu faktın özü bir daha onu göstərir ki, Azərbaycanla qardaş türkmanlar arasında əlaqələrin intensivləşməsi, gediş-gəlişin artması hər iki tərəf üçün faydalıdır”.
* * *
Bakı konfransına qədər Qarabağa səfər etmək imkanı qazanmış qonaqlar gördüklərindən aldıqları təəssüratlarını dilə gətiriblər. “Türk dünyası bir olsa, heç bir şey onu sarsıda bilməz”. Bu fikri “Türkmana yardım gəncləri” könüllü hərəkatının sədri İsmayıl Bəyoğlu deyib. Onun sözlərinə görə, Qarabağa səfər etmək onlar üçün qürurverici olsa da, buradakı dağıntıları görmək çox məyusedici idi: “Biz işğaldan azad olunmuş ərazilərdə, Şuşada olduq. Doğrusu, ermənilərin o gözəl torpaqlarda törətdikləri vəhşiliyi, dağıntıları görəndə sarsıldım. Evlər, məktəblər viran qoyulub”. Azərbaycanın bu sınaqdan üzüağ çıxdığını vurğulayan İ.Bəyoğlu azad olunan ərazilərdə aparılan bərpa-yenidənqurma işlərinin sürətlə getdiyini vurğuladı: “Deməli, bu ölkəni, bu xalqı sarsıtmaq mümkün deyil”.
Bunu soy və qan qardaşımız olan bir türkmanın dilindən eşitmək qürurvericidir. Konfransda yaddaqlan çıxışlardan birini İraq parlamentinin deputatı Ərşad Salehi etdi. O, iraqlıların da Azərbaycan xalqı kimi mübariz olduğunu vurğuladı: “Birinci dünya müharibəsindən sonra İraq xalqı taleyin ümidinə buraxıldı. Amma onlar dillərini, mədəniyyətlərini və kimliyini unutmadı. Millətimiz öz kökündən heç vaxt imtina etmədi”. Qarabağa səfərində böyük dağıntıların şahidi olduğunu, İraq türkmanlarının bunu 1991-ci ildə yaşadıqlarını dilə gətirən Ə.Salehi azərbaycanlılarla türkmanların ortaq taleyə malik olduqlarını vurğuladı.
Çıxışlarda tez-tez səslənən fikirlərdən biri də Türk dünyasını bir araya gətirən bu forumun Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi olması barədə idi. Həqiqətən də, türkman əsilli vətəndaş cəmiyyəti təmsilçilərinin yerli QHT-lərlə birgə xalqlarımız arasında əməkdaşlığın daha da gücləndirilməsi yönündə apardıqları müzakirələr əlahiddə əhəmiyyət daşıyır.
Türkmanların tarixin acı sınaqlarına, müxtəlif dövrlərdəki çətinliklərə baxmayaraq, ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacardıqlarını bildirən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın sözlərinə görə, türkmanlar həm də yaşadıqları ölkələrin tərəqqisinə böyük töhfələr veriblər: “Onlar rifahın, əmin-amanlığın təmin olunmasında yaxından iştirak ediblər. Bu konfransın məqsədi də vətəndaş cəmiyyətlərinin həmrəyliyinin vacibliyini bir daha diqqətə çatdırmaqdır”.
* * *
“Qarabağ və Kərkük universitetləri arasında tələbə mübadiləsi aparıla bilər”. Bunu Türkman Akademiklər Təşkilatının sədri Nebil Şahin Kifrili "Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər" panel müzakirəsində dedi. Onun sözlərinə görə, bununla bağlı Qarabağ Universitetinin rektoru ilə şifahi razılaşma əldə olunub: “Mən İraqın Azərbaycandakı səfiri ilə bununla bağlı danışıqlar aparmışam. Qarabağ və Kərkük universitetləri arasında tələbə mübadiləsi razılaşdırılıb. Ümid edirəm, nəticə müsbət olacaq”.
Güney, Quzey Azərbaycan və İraq türklərinin bir bütövün parçaları olduqlarını qeyd edən Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxışını “Azərbaycan daim kərküklülərin qəlbində olub” –deyə bitirdi.
“Azad olunmuş ərazilərdə gedən bərpa-quruculuq işləri məni heyrətə gətirdi. Modern otellər, evlər və yollar Azərbaycanın iradəsinin və gücünün göstəricisidir”. Bu sözlərin müəllifi “Türkmaneli” qəzetinin baş redaktoru, yazıçı-jurnalist, tarixçi Necat Kevsəroğludur. O, forumun panel müzakirəsində maraqlı təşəbbüs irəli sürüb: Kərkükdə Azərbaycan Mədəniyyət Mərkəzi yaradılsın. Belə bir mərkəzin ədəbiyyatın, folklorun, eləcə də adət-ənənələrin müqayisəli şəkildə araşdırılaraq gələcək nəsillərə ötürülməsi üçün zəruriliyini deyən N.Kevsəroğlu özünün də könüllü şəkildə həmin mərkəzdə çalışmağa hazır olduğunu bildirib.
Bundan başqa, Kərkükdə Azərbaycan kitabxanasının açılmasının Türk dünyasının dahi şəxsiyyətləri haqqında geniş məlumatın əlçatanlığı və Azərbaycan haqqında araşdırma yazılarında müraciət edilə biləcək mənbənin olması baxımından faydalılığı önə çəkilib.
Panel müzakirələrdə Türkmaneli Federasiyası Dərnəklərinin sədri Mehmet Tütüncü maraqlı təkliflə çıxış edib. O, Kərkükdə Azərbaycan Universitetinin yaradılmasına dəstək verilməsini istəyib: “Səlahiyyətli şəxslərdən xahiş edirəm ki, bu mövzuya diqqət yetirsinlər. Bu məsələdə Azərbaycanın dəstəyi bizimçün çox önəmlidir. Bundan başqa, türkmanların gəlib Azərbaycanda təhsil almaları, azərbaycanlıların orada oxumaları, araşdırma aparmaları, əsərlər yazmaları bizim gələcəyimizə işıq tutacaq”.
Çıxış edən Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci, Türkman Həmrəylik Təşkilatının sədri Kürşat Çavuşoğlu, Əbədi Turan Kitab Fondunun sədri Esmira Fuad və İraq Türkmanları İnsan Haqları Dərnəyinin Almaniya üzrə təmsilçisi Qənim Osman Türk dövlətləri arasında ortaq dəyərlərin qorunması, gələcək nəsillərə çatdırılması üçün birgə fəaliyyətlərin həyata keçirilməsi barədə fikirlərini bölüşüblər.
Onu da qeyd edək ki, forum öncəsi türkman qonaqlar İraqda yaşayıb-yaratmış dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan Füzuli şəhərinə, eləcə də işğaldan azad edilmiş digər ərazilərə – Şuşa, Xankəndi, Xocalı, Suqovuşana səfər ediblər, orada keçirilən Novruz şənliklərinə qatılıblar. Bakıda Zəfər Parkını, Hərbi Qənimətlər Parkını və digər görməli yerləri ziyarət ediblər. Dünən isə forumdan sonra türkman qonaqlar Bakıda ilaxır çərşənbə ilə bağlı bayram törənlərinə qatılıblar.
Beləliklə, Türk dünyasının qovşağına çevrilən Bakı növbəti möhtəşəm tədbirə evsahibliyi etdi. Vətəndaş cəmiyyəti xətti ilə qurulan bu təmasların türkdilli xalqların gələcək inkişafına öz töhfəsini verəcəyini əminliklə söyləyə bilərik.
İmran BƏDİRXANLI
XQ