Deputat: ATƏT-in qondarma Minsk qrupunu süni şəkildə saxlamağa çalışmaq münaqişə yaratmaq məqsədi daşıyır

post-img

Helsinki Prinsiplərinin pozulmasından əziyyət çəkmiş ölkə kimi biz ATƏT-in öz prinsiplərini qorumaqda uğursuzluğundan dərin məyusluq hissi keçirən ilk dövlətlərdən biriyik. ATƏT-in daxilində və onun parlament ölçüsündə bu uğursuzluğun səbəblərini hərtərəfli şəkildə araşdırmaq vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov qurumun Vyanada keçirilən qış sessiyasında çıxışı zamanı səsləndirib. O qeyd edib ki, ikili standartlara və beynəlxalq hüququn seçmə yanaşma əsasında tətbiqinə son qoymaq lazımdır. İnsan hüquqlarından siyasi məqsədlər üçün sui-istifadə yolverilməzdir. Bu, insan hüquqlarına ayrı-ayrı fərdi hüquq pozuntuları hallarından daha çox ziyan vurur. Məsələn, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların geri qayıtmaq hüququnu görməzdən gəlmək riyakarlıqdır.

Q.Məmmədov bildirib ki, sülhyaratma prosesində tərəflərin razılığı kimi universal prinsip qorunmalıdır. Vasitəçiliyin zorla qəbul etdirilməsi cəhdləri BMT Baş Assambleyasının müvafiq qətnaməsi daxil olmaqla, beynəlxalq hüququn pozulması deməkdir. Məsələn, ATƏT-in qondarma Minsk qrupunu süni şəkildə saxlamağa çalışmaq münaqişə yaratmaq məqsədi daşıyır və sülhə xidmət etmir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş bütün konkret nəticələr ikitərəfli formatda mümkün olub. Azərbaycan qalan məsələlərin xoş niyyət əsasında ikitərəfli şəkildə həllinə sadiqdir. Ermənistan da qarşılıqlı şəkildə siyasi iradə göstərməli və sülhə mane olan bütün əngəlləri aradan qaldırmalıdır.

Xüsusilə diqqətə çatdırılıb ki, beynəlxalq ictimaiyyət təcavüzkar müharibədən zərər çəkmiş dövlətləri təcavüzün fəsadlarını aradan qaldırmaqda yalnız qoymamalıdır. Məsələn, Ermənistan Azərbaycanın minə yaxın yaşayış məntəqəsini dağıtmaqla və ərazimizin 13 faizini 3 milyon mina və partlamamış sursatla çirkləndirməklə bizə 150 milyard ABŞ dolları həcmində ziyan vurub. Bununla belə, təcavüzkar ölkə olan Ermənistan müxtəlif maliyyə dəstəklərindən bəhrələnir və bu yardımlarını yenidən silahlanma üçün istifadə edir. Azərbaycana isə heç bir kömək göstərilmir.

Azərbaycan nümayəndəsi çıxışının sonunda bildirib ki, ATƏT etimadın möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq məsələlərinə daha çox diqqət ayırmalıdır. Bağlantılar ATƏT-in fəal rol oynaya biləcəyi sahədir. Hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edən və ATƏT-in fəal iştirakçı dövləti olan Azərbaycan Asiya ilə Avropa arasında sinerjini təşviq etməyə hazırdır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Siyasət