Mark ENDEVELD
(əvvəli qəzetin ötən saylarında)
Beləliklə, heç bir xəbərdarlıq etmədən, gənc prezident Emmanuel Makron, bütün enerjisini ona sərf edən adamla birdən-birə bütün əlaqələrinə son qoyur. Ən çox zəif adamların at oynatdığı sosial şəbəkələr dövründə hər şey mümkündür və heç nə ayıb deyil. Ona görə də belə bir nankor dövrdə Makron möcüzələr yaradır. O, özünü sevdirir, onu sevənlərdən bol-bol istifadə edir, sonra da onları lazımsız bir şey kimi kənara atır. Özü də heç bir vicdan əzabı çəkmədən. Təbii ki, qoca Jan-Pier, Makronun ona qarşı bu soyuq münasibətinin, onunla əlaqələrinin birdən-birə kəsməyinin səbəblərini başa düşmür. 2012-ci ildə Emmanuel Makronun Yelisey sarayının Baş katibinin müavini təyin olunmasını məhz Jan-Pier Juyet prezident Hollanddan xahiş etmişdi. İki il sonra 2014-cü ilin avqust ayında Makronun iqtisadiyyat naziri təyin edilməsini də prezidentə Jan-Pier Juyet təklif etmişdi.
Bunlar nə tez Makronun yadından çıxdı? Makron nə tez unutdu ki, 2015-ci ilin payızından başlayaraq Jan-Pier Juyet hamıdan gizlin, tez-tez onun yanına – İqtisadiyyat Nazirliyinə gəlib gənc nazirin gələcək siyasi arzularını dəstəkləyir, ona dəyərli məsləhətlər verirdi? 2016-cı ilin dekabr ayında Fransua Holland yenidən prezidentliyə namizədliyindən imtina edəndən sonra Jan-Pier Juyet həyat yoldaşı Bricit Tettinjer ilə birlikdə Emmanuel Makronun Tuket şəhərindəki evinə gəlib onlarda qonaq qalmamışdımı? Daha sonra o, öz cibindən xeyli pul verib Makronun yaratdığı “Hərəkətdə!” hərəkatına maliyyə dəstəyi olmamışdımı? Hələ öz yaxın dostlarına, ailə üzvlərinə, qohumlarına da tapşırmışdı ki, Makronun siyasi hərəkatına onun kimi şəxsi büdcələrindən maliyyə dəstəyi versinlər... Necə oldu ki, Emmanuel ona arxa olan, ona çətin günlərində kömək əli uzadan belə bir adamı sonra saymadı? Prezident olandan sonra onun Jan-Pier Juyetin zənglərinə, mesajlarına, elektron məktublarına cavab verməməsinə necə haqq qazandırmaq olar? Bəlkə, Makron Fransua Hollandı xatırladan hər şeyin üstündən birdəfəlik xətt çəkmək istəyir? Seçkidən sonrakı aylarda da Makrondan xəbər çıxmır. Jan-Pier Juyet onun bu sükutundan narahat olsa da, “Makron təzə seçilmiş prezidentdir, çox güman ki, başı çox qarışıqdır”, – deyə öz-
özünə təsəlli verir. Sonra bu geniş ürək sahibi dostlarına qohumlarına şikayət etməyə başlayır. Jan-Pier Juyetin Makrona göndərdiyi SMS mesajlarının, e-maillərin sayı getdikcə artsa da, gənc prezidentdən xəbər çıxmır. Ata kimi sevdiyi bir adamın bu biganəliyi, qoca Jan-Pierin çox xətrinə dəyir. Makronun saymamazlığı onu bərk incitsə də, hələ də ümid edir, hələ də inanır ki, prezidentin başı bir az işdən ayrılandan sonra ona cavab verəcək. Ancaq aylar keçir, Makrondan səs çıxmır. Axırda Jan-Pier Juyet məcbur olub Yelisey sarayının baş katibi Aleksi Kohlerlə əlaqə saxlamağa çalışır. Lakin Aleksi Kohler də nə onun SMS mesajlarına, nə də elektron məktublarına cavab verir. Halbuki prezidentdən sonra dövlətin ikinci ən vacib adamı olan bu məmur Makronla belə yaxın olmağında, onun sağ əlinə çevrilməyində ancaq və ancaq Jan-Pier Juyetə borcludur. Çünki 2014-cü ilin avqustunda Jan-Pier Yelisey sarayının baş katibi olanda, yeni iqtisadiyyat naziri Emmanuel Makrona məhz o, məsləhət görmüşdü ki, Aleksi Kohleri özünə kabinet direktoru götürsün... Görünür, Aleksi Kohlerin də yaddaşı Makronunku kimi zəifdir.
2018-ci il yanvar ayının 18-də Londonda təşkil olunacaq Fransa–Britaniya sammitini hazırlamaq üçün Yelisey sarayına gələn Fransanın İngiltərədəki səfiri Jan-Pier Juyet, bu fürsətdən istifadə edib, Makronun ona qarşı bu soyuq münasibətini anlamağa çalışır. Həmin gün Respublika Prezidenti rəsmi olaraq Fransanın İngiltərədəki səfirini öz kabinetində qəbul edir. “Hə, necədir sənin yeni vəzifən? Xoşuna gəlirmi?”, – deyə dövlət başçısı riyakar təbəssümlə ona sual verir. Səfir Jan-Pier Juyet onun bu sualına müsbət cavab verəndən sonra söhbəti dəyişir: “Bir dəqiqə Emmanuel... mən sənə o qədər SMS, e-mail göndərmişəm... Ancaq sən heç birisinə cavab vermədin. Mən başa düşmürəm...”. Makron onun sözünü kəsir: “Nə SMS? Nə e-mail? Mən heç nə almamışam...”. Juyet sözünə davam edir: “Mən eyni e-mailləri Aleksi Kohlerə göndərmişəm...”. Elə bu vaxt Yelisey sarayının Baş katibi otağa daxil olur. Makron onu özünə şahid çəkir: “Aleksi, heç bilirsən, Jan mənə nə dedi? Deyir ki, bəs mən sizə SMS mesajları, xeyli e-mail göndərmişəm, ancaq siz cavab verməmisiniz... Bu nə deməkdir? Axı biz heç nə almamışıq... elə deyil? Nə SMS, nə də e-mail...”. Yelisey sarayının Baş katibi də prezidentin dediklərini təsdiqləyir. Bu sözlərdən sonra Juyet onlara inanmağa hazırdır: “Hə, başa düşdüm... indi ürəyim sakit oldu. Mən də elə bilirdim ki, siz daha mənimlə danışmaq istəmirsiniz...”.
Ancaq Brijit Makron Jan-Pier Juyetin həyat yoldaşı Brijit Tettinjer ilə dostluğunu saxlayıb. Onlar mütəmadi olaraq telefonla danışır, bir-birindən hal-əhval tuturlar. Brijit Makronun rəfiqəsinin həyat yoldaşına – ərinin keçmiş himayədarına – qarşı diqqətsizliyindən, saymazlığından çox gözəl xəbəri var və onun bu hərəkətini tez-tez məzəmmət edir. Brijit hesab edir ki, ərinin Jan-Pier Juyetə qarşı belə açıq-aşkar saymazlıq etməsi, özünü bu qədər təkəbbürlü aparması ona zərər verə bilər... Ancaq bu mövzuda Emmanuel Makron arvadına qulaq asmır.
“Yalançı” Attali
Jan-Pier Juyet Makronu seçki kampaniyası zamanı dəstəkləyən, ona maddi və mənəvi kömək göstərən, onun qələbəsindən sonra isə unudulan adamların uzun siyahısında yalnız birincidir. Başqa bir ağır çəkili siyasətçi – İqtisadiyyat Nazirliyinə tez-tez gəlib Makrona dəyərli məsləhətlər verən, FMİ-in (Beynəlxalq Valyuta Fondu) keçmiş rəhbəri, Dominik Stros-Kan da prezidentin istifadə edib, sonra unutduğu adamlardandır. Makron, seçki kampaniyası zamanı ondan, xüsusilə onun şəbəkələrindən yaxşıca istifadə etdi. Ancaq prezident seçiləndən sonra onu yaddaşından sildi. Düz 2017-ci ilin may ayından bəri Dominik Stros-Kan nə Makronu görüb, nə də onunla telefonla danışıb.
Başqa bir şəxsiyyətin də Emmanuel Makronun prezident seçilməsində böyük köməyi olub, ancaq onun da yeni prezidentdən o qədər də xəbəri yoxdur: Jak Attali. Onu da etiraf etmək lazımdır ki, bu adamların ikisinin də yüksək dərəcəli eqoları var – ikisi də bir-birinin tayıdır, ikisi də necə deyərlər, “nə yardan doyur, nə əldən qoyur”. Məsələ burasındadır ki, Fransua Mitteranın keçmiş müşaviri Attali, həmişə üzdə, diqqət mərkəzində olmaq istəyir. Ancaq bu sahədə o, Makrona çata bilməz, Makron özünü gözə soxmaqda çox mahirdir. Sarkozinin vaxtında 2007- ci ildə Jak Attalinin başçılıq etdiyi və onun adını daşıyan “Attali komissiyası”nın üzvü olanda, Makron təbəssümü, danışıq tərzi və ideyaları ilə bütün komissiya üzvlərinin simpatiyasını qazanmışdı. “Onun rolu ancaq yazmaq idi”, – deyə
Attali bir neçə ildən sonra, Makronun onun komissiyasındakı işini tərifləyənlərə quru-quru cavab verir. Bundan sonra, onların arası tədricən sərinləməyə başlayır və nəhayət, 2015-ci ilin yayında münasibətləri tamamilə pozulur. Ona görə də Jak
Attali qərara gəlir ki, prezident seçkilərində Makronu yox, Manuel Vallsı dəstəkləsin. Makron bunu eşidəndə ironiya ilə gülür. İqtisadiyyat naziri olanda, müsahibələrinin birində bütün Fransa mətbuatının onun müəllimi və vaxtilə onu qanadının altına alan bir adam kimi təqdim etdiyi Jak Attali haqqında, Makron bu sözləri deyir “O yalançıdır!”. Düzdür, Makron prezident seçiləndən sonra Attali onunla barışmağa can atacaq və bu məqsədlə ona cəmiyyətdəki bərabərsizlikləri üzə çıxarmaq üçün yeni komissiya yaratmaq təklif edəcək... Lakin Yelisey sarayı ona daha heç bir missiya tapşırmayacaq.
Beləliklə, heç bir xəbərdarlıq etmədən, gənc prezident Emmanuel Makron, bütün enerjisini ona sərf edən adamla birdən-birə bütün əlaqələrinə son qoyur. Ən çox zəif adamların at oynatdığı sosial şəbəkələr dövründə hər şey mümkündür və heç nə ayıb deyil. Ona görə də belə bir nankor dövrdə Makron möcüzələr yaradır. O özünü sevdirir, onu sevənlərdən bol-bol istifadə edir, sonra da onları lazımsız bir şey kimi kənara atır. Özü də heç bir vicdan əzabı çəkmədən. Təbii ki, qoca Jan-Pier, Makronun ona qarşı bu soyuq münasibətinin, onunla əlaqələrinin birdən-birə kəsməyinin səbəblərini başa düşmür. 2012-ci ildə Emmanuel Makronun Yelisey sarayının Baş katibinin müavini təyin olunmasını məhz Jan-Pier Juyet prezident Hollanddan xahiş etmişdi. İki il sonra 2014-cü ilin avqust ayında Makronun iqtisadiyyat naziri təyin edilməsini də prezidentə Jan-Pier Juyet təklif etmişdi.
(ardı var)