Qərbi Azərbaycana qayıdış bəşəri hüquq məsələsidir

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 10-da bu ölkənin “Armenpress” xəbər agentliyində dərc olunmuş məqaləsində regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair yanlış, əsassız və zərərli fikirlər səsləndirmişdir.

Qərbi Azərbaycan İcması bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “İlk olaraq vurğulamaq istərdik ki, Qərbi Azərbaycan İcması Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsi istiqamətində aparılan siyasi prosesləri dəstəkləyir. Hesab edirik ki, iki dövlət arasında sülhün bərqərar olması və Qərbi azərbaycanlıların öz evlərinə qayıtması bir-birini tamamlayan məqsədlərdir.

Baş nazir Paşinyanın məqaləsində Qərbi Azərbaycan məsələsini hərbi təhdid kimi təqdim etməsi tamamilə qəbuledilməzdir. Baş nazirin bu mövzuda söylədikləri, o cümlədən guya İcmanın əsas sənədlərində Ermənistan ərazisinin 60 faizinə iddia əks olunduğuna dair fikirləri əsassızdır.

Qərbi Azərbaycan İcması olaraq biz Ermənistan hökumətindən sülhə və insan hüquqlarına zidd addımlarına, o cümlədən hərbi canilərin qəhrəmanlaşdırılmasına son qoymağı, silahlanma proqramını dayandırmağı, aldığı hücum xarakterli ağır və müasir silahları geri qaytarmağı və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağı tələb edirik”.

XQ

Siyasət