Azərbaycanla Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

post-img

Bakı şəhərində Azərbaycanla Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Slovakiya nümayəndə heyətinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin Konsulluq departamentinin direktoru Martin Barton rəhbərlik edib.

Məsləhətləşmədə, həmçinin hər iki tərəfin xarici işlər orqanlarının müvafiq idarələrinin əməkdaşları, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəsmisi və Slovakiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.

Bundan əlavə, hər iki ölkənin vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması istiqamətində effektiv və çevik konsulluq yardımın göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, Slovakiyanın və Azərbaycanın viza siyasəti barəsində fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Slovakiya arasında miqrasiya, əmək, sosial müdafiə və digər sahələrdə əməkdaşlığın inkişafı üçün bir sıra təkliflər müzakirə edilib, müvafiq istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair razılıq ifadə olunub.





Siyasət