Get, futbolunu oyna!

post-img

Məhkəməyə “top atanlar” barədə bir neçə söz

Başlıq oxucularımızı çaşdırmasın. Söhbətimiz futbol barədə deyil. Nə də futbolu siyasətə alət edənlərə cavab vermək kimi istəyimiz var. Çünki mənasızdır. Birbaşa deyək ki, əsas olan məsələyə ədalətli yanaşmadır. 

Dünən Bakı Hərbi Məhkəməsində müxtəlif hərbi cinayətlərdə ittiham olunan ermənilərin çoxdandır gözlənilən məhkəməsi başlanıb. Əlbəttə, məhkəmənin gedişi barədə cəmiyyətə ətraflı məlumat verilib və veriləcək. Məhkəmənin ədalətli qərar çıxaracağına da əminik. Bunlar öz yerində. Yazımız prosesin Ermənistanda doğurduğu ajiotaj barədədir. Əlbəttə, ölkədən kənarda da çoxsaylı reaksiyalar var. Onların birini diqqətə çatdırmaqla yazımıza yekun vuracaq, eyni zamanda, bütövlükdə məhkəmənin ədalətinə şübhə yaradanlara sözümüzü deyəcəyik. 

Bəri başdan deyək ki, Bakıda keçirilən məhkəmə prosesinə istər Ermənistanda, istərsə də onun hüdudlarından kənarda bir neçə ənənəvi baxış var. Revanşistlər və şovinistlər bildirirlər ki, proses, guya, quramadır və məqsəd Ermənistanı və dünya erməniliyini cəzalandırmaqdır. Bu kateqoriyadan olanların bir qismi məhkəməyə görə Ermənistanın hazırkı hakimiyyətini – baş nazir Nikol Paşinyanı və onun administrasiyasını günahlandırır. Onlar, necə deyərlər, hər şeyi başdan başlayırlar. Təxminən belə: Nikol dilini dinc qoysaydı, müharibə olmazdı və indiki durum yaranmazdı. Başqa sözlə desək, Qarabağdakı separatçı rejim mövcudiyyətini qoruyar və erməni avantürizmi də tarixin zibilliyinə atılmazdı. 

Bakıda keçirilən məhkəməni sentimental tonda təqdim edənlər də var. Bu cür düşüncə sahibləri erməni xalqının milli hiss və ləyaqətinin ayaqlar altına atıldığı iddiasını irəli sürür və əlbəttə ki, Azərbaycan xalqına və ümumən türklərə qarşı nifrət aşılayırlar. Bu nifrətin bir hədəfi də Paşinyan iqtidarıdır ki, belə yanaşmada da hansısa təəccüblü məqam yoxdur. Çünki hazırda Ermənistanda vəziyyət o qədər isterikdir ki, hətta tərs gələn doğuşa görə də təqsirkar Paşinyandır. 

Bəlkə də Ermənistanda Bakıda keçirilən məhkəməyə ədalət bucağından baxanlar var. Hərçənd, onların sayı çox az olduğundan, səsləri eşidilmir və bu, ümumi bəladır. Çünki təkcə haqqında söz açdığımız məsələ deyil, ümumən bütün məsələlərdə reallıqları görməmək və düzgün nəticə çıxara bilməmək erməni cəmiyyətinin düçar olduğu ənənəvi mərəzdir. Məhkəmə prosesi mərəzin dozasını daha da artırmaqdadır. 

Bakıda keçirilən məhkəməni geosiyasi reallıqlar pəncərəsindən qiymətləndirənlər də var. Belələri qlobal dəyişikliklərin erməni varlığı üçün acınacaqlı situasiya formalaşdırdığı qənaətinə gəlir, öz aləmlərində vəziyyətdən çıxış imkanları axtarırlar. Amma tapdıqları kin və qəzəbdir. Yəni, normal düşünmək imkanından məhrumdurlar. Onlar üçün Qarabağdakı separatçı rejim hələ canını tapşırmayıb. Onlar işlətdikləri fikirlərdə, gətirdikləri arqumentlərdə çox asanlıqla beynəlxalq hüququn norma və prinsiplərinə tüpürməklə məşğuldurlar. 

Bakıdakı məhkəmə prosesi ilə bağlı “demokratik Ermənistana” “avtoritar Azərbaycanın” təzyiqi kimi yanaşanlar da tapılır. Bu kateqoriyadan olanlar dünya birliyini ölkəmizə qarşı qaldırmaq naminə ənənəvi tezislərə baş vurur, insan hüquq və azadlıqlarına, söz və ifadə azadlığına dair spekulyativ metodları gündəmə gətirirlər. Çox güman, qarşıdakı müddətdə belələrinə bəzi beynəlxalq dairələrin də şivən ritorikasına əsaslanmış dəstək nümayişlərini görəcəyik. 

Əlbəttə, Bakıda hərbi cinayətlərdə ittiham olunan ermənilərlə bağlı məhkəmə prosesi ilə əlaqədar Ermənistandakı və ölkə kənarındakı bütün isterik reaksiyaların hamısını diqqətə çatdırmaq fikrimiz yoxdur. Çünki yarıtmaz düşüncə məhsullarından süzülən çirkabın ayrı-ayrı elementlərini bir yazıya sığışdırmaq mümkünsüzdür. O da aydındır ki, qarşıdakı müddətdə hay-şivən məhsullarının sayı da artacaq, məzmunu da genişlənəcək. İndilik hər şeyi bir kənara qoyub, belə demək mümkünsə, futbola baxaq. 

Bəli, Bakıda keçirilən məhkəmə prosesinə etiraz səsini ucaldanlardan biri də erməni futbolçu, hazırda İtaliyanın “İnter” klubunun üzvü Henrix Mixitaryandır. O, özünün sosial şəbəkə hesabında “Ruben Vardanayana və erməni məhbuslarına azadlıq” fikrini paylaşıb. Yəqin, Şuşadakı villasının xiffətini çəkir. Hesab edirik ki, bu məxluqa veriləcək cavabımız onun kimilərinə də cavabımızdır. Cavabımızı isə sərlövhəmizdir. Onu təkrarlamağa ehtiyac duymuruq. 

Ə.RÜSTƏMOV
XQ  

 

 

Siyasət