Bayru hökumətinin tərkibi solçuların iştirakı olmadan, ancaq bir neçə makronistin iştirakı ilə açıqlanıb. Mişel Barnyenin dövründə olduğu kimi, yenə də Marin Lö Penin qrupu arbitr mövqeyindədir.
F.Bayru hökumətinin tərkibi açıqlandıqdan dərhal sonra bu hökumətin də ömrünün uzun olmayacağı səsləndirilir. 35 nazirdən ibarət hökumət elan olunandan dərhal sonra solçular və ifrat sağçı Milli Birlik partiyaları tərəfindən pislənilib, hətta sağçı Respublikaçı Partiyası tərəfindən tənqid olunub. Sonuncular M.Barnyenin sadiq tərəfdarları idilər.
Bildirilir ki, ədliyyəyə Jeral Darmanən, milli təhsilə Elizabet Born, gender bərabərliyinə Oror Berje, büdcəyə Ameli dö Monşalənin təyinatından, eləcə də keçmiş baş nazir və sosialist Manuel Vallsın gəlişi ilə makronist tanınmışlar hökumətə qayıdıblar. “Həqiqətən də dinozavr iyi gəlir və bu, V Respublikanın sona çatmasına səbəb olacaq”, – deyə parlamentarilər bildirib.
Bəziləri yeni hökuməti hətta “Barnye II” adlandırıb. Təyin edilmiş 35 nazirdən 19-u Assambleya tərəfindən devrilmiş əvvəlki komandanın bir hissəsidir. Yeni daxil olanların üçdə biri artıq Emmanuel Makronun rəhbərliyi altında hökumətin üzvü olub.
Barnye hökumətində Respublikaçıların və Makron partiyası “Renaissance”ın müvafiq olaraq 10 və 11 portfeli, MoDem-in isə üç portfeli var idi. Buna görə də prezident partiyası bu yeni hökumətdə 12 nazirliklə üstünlüyü bərpa edib, LR 6 nazirliyə, Fransua Bayrunun sədrlik etdiyi MoDem partiyası isə cəmi 2 nazirliyə (Xarici İşlər və Parlamentlə Əlaqələr) rəhbərlik edir.
Ancaq yeni hökumətdə solçular təmsil olunmur. Barnye hökumətinin süqutundan sonra Yelisey sosialistləri hökumətə daxil olmağa inandırmağa ümid edirdi. Çoxsaylı görüşlərə baxmayaraq, 2024-cü ilin dördüncü Baş naziri istədiyi kimi şəxsiyyətlərin üçdə birini sağdan, üçdə birini soldan, üçdə birini isə mərkəzdən təyin edə bilmədi.
Ölkədə siyasi böhran davam edir. Siyasi partiyalar arasında razılıq yoxdur. Ekspertlər Barnye dövründə makronistləri və sağları bir araya gətirən bazanın getdikcə dağıldığını vurğulayırlar.