“Minsk konfransının bütün strukturları – Minsk qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ məsələsinin həlli üzrə şəxsi nümayəndəsi vəzifəsi ləğv edilməlidir”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bu açıqlamasının davamında deyib: “Müvafiq qərarların qəbul edilməsinin optimal yolu bu qurumların ləğvi ilə bağlı Bakı və İrəvanın birgə təklifidir”.
Zaxarovanın sözlərinə görə, Minsk qrupunun həmsədrləri olan amerikalılar və fransalılar 2022-ci ilin fevralından rusiyalı həmkarları ilə əlaqəni kəsiblər: “Bundan sonra isə 2022-ci il oktyabrın 6-da Praqada keçirilmiş Azərbaycan–Ermənistan–Aİ–Fransa sammitinin yekununda Ermənistanın özü Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı”.
Rusiya XİN rəsmisi əlavə edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağ nizamlanması üzrə təsdiq edilmiş mandatı 2023-cü ilin sentyabrında yerlərdə vəziyyətin əsaslı şəkildə dəyişməsi ilə əlaqədar aktuallığını itirib.
XQ