Azərbaycan parlamentarizmi: tarix və varislik

post-img

106 il bundan əvvəl – 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyətə başlamış, dövlətçilik tariximiz milli qanunvericilik orqanının yaradılması ilə daha da zənginləşmişdir.

Dünyada müasir parlament tarixi 1265-ci ildə fəaliyyətə başlayan İngiltərə parlamenti ilə başlanır. Bununla birgə, qeyd etmək lazımdır ki, parlamentin dövlət hakimiyyətinin müstəqil qoluna çevrilməsi üçün xeyli vaxt lazım olmuşdur. Belə ki, parlament yalnız XIX əsrdə dövlət institutu kimi formalaşmışdır.

Azərbaycanda müasir parlamentarizm təcrübəsi Rusiya imperiyasının Dövlət dumaları ilə bağlı olmuşdur. 1905-ci ildə inqilabın başlamasından sonra Rusiya imperiyasının siyasi sistemində tarixi dəyişiklik baş verdi. Çar II Nikolayın 1905-ci il oktyabrın 17-də verdiyi Manifest parlamentarizmin təşkilində əsas akt oldu. 1905-1917-ci illərdə Rusiyada dörd Dövlət Duması mövcud olmuşdur. Birinci və ikinci Dövlət dumaları vaxtından əvvəl buraxılmışdır. 1907-ci ildə ikinci Dövlət Dumasının (1907, 20 fevral–3 iyun) buraxılması isə dövlət çevrilişi hesab olunur.

Üçüncü və dördüncü Dövlət dumaları isə beş il fəaliyyət göstərmişdir. Dövlət dumalarına seçki sistemi hər vasitə ilə müsəlmanların onun işində təmsil olunmasını məhdudlaşdırmağa çalışırdı.

Azərbaycan deputatları Dövlət dumalarının işində fəal iştirak edirdilər. Birinci Dövlət Dumasında Yelizavetpol (Gəncə) quberniyasından olan deputat İsmayıl bəy Ziyadxanovun birinci çıxışını indi də həyəcansız oxumaq olmur. Ziyadxanov çıxışında demişdir: “Artıq bizim üçün də hərəkət etmək vaxtı çatmış və bundan sonra susmamağı qərara almışıq. Zaqafqaziya bir əsr bundan əvvəl ruslar tərəfindən işğal olunmuşdur. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük, təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq. Sözün əsl mənasında yüz il ərzində biz hökumətin şiddətli hücumlarına və böhtanlarına məruz qalmışıq. Siyasi, sosial və iqtisadi sahənin hansına nəzər salsanız, hamısında bizim haqqımızda haqsızlığın hökm sürdüyünün şahidi olacaqsınız...”

Azərbaycanın parlamentarizm tarixindən bəhs edərkən bəzən unudulan bir fakta da diqqət yetirmək lazımdır. Burada Müvəqqəti hökumət dövründə (1917, 2 (15 mart)-26 oktyabr (7 noyabr) Müəssislər Məclisinə seçkilər (1917, noyabr) nəzərdə tutulur. Bu seçkilər Azərbaycanda da ictimai-siyasi prosesləri gücləndirdi. Azərbaycanın milli siyasi partiyaları bu seçkilərdə iştirak etməklə böyük siyasi təcrübə qazandılar. Müəssislər Məclisinin ilk iclası 1918-ci ilin yanvarında keçirildi. Lakin bu ilk və son iclas oldu və çevriliş nəticəsində hakimiyyəti ələ alan bolşeviklər tərəfindən ləğv edildi.

Müəssislər Məclisinə seçkilər nəticəsində əldə edilən yerlərin sayı sonralar Zaqafqaziya (Cənubi Qafqaz) Seyminin (1918, 23 fevral – 26 may) formalaşmasında mühüm rol oynadı.

Seym Cənubi Qafqaz dövlətçiliyinin tarixində mühüm yer tutur. Məhz Seym tərəfindən 1918-ci il aprelin 22-də Zaqafqaziya Demokratik Federativ Respublikasının yaranmasını elan etdi. 1918-ci il mayın 26-da Gürcüstanın müstəqilliyini elan etməsi və Seymdən çıxması ilə Zaqafqaziya Seymi dağıldı. Mayın 27-də isə Azərbaycan Milli Şurası yaradıldı. Rusiyanın Müəssislər Məclisinə seçilmiş deputatları Zaqafqaziya Seyminin, Seymin müsəlman fraksiyasının üzvləri isə Azərbaycan Milli Şurasının formalaşmasında əsas rol oynadılar. Azərbaycan Milli Şurası mayın 28-də Azərbaycanın dövlət müstəqilliyini elan etdi. İstiqlaliyyət Bəyannaməsinin altıncı maddəsində deyilirdi ki, “Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur”. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi strukturu parlamentli respublika kimi müəyyən edilirdi.

İstiqlal Bəyannaməsinə əsasən, Azərbaycan Milli Şurasının fəaliyyəti dövründə birinci və ikinci hökumət onun tərəfindən təsdiq edildi, dövlət həyatının müxtəlif sahələrinə aid mühüm qərar qəbul edildi. Bununla birgə, istiqlaliyyətin elan edilməsinin ertəsi günü, 1918-ci il mayın 29-da Azərbaycanın tarixi şəhəri İrəvanın ermənilərə verilməsi haqqında faciəli qərar onun tarixi roluna ciddi zərbə vurdu. Bu qərara uyğun olaraq, İrəvan şəhəri Ermənistanın paytaxtına çevrildi, orada yaşayan azərbaycanlıların etnik təmizləməyə və deportasiyaya məruz qalmasına şərait yarandı. Bu acı təcrübə, təəssüf ki, sonrakı tarixi şəraitdə də davam etdirildi. Azərbaycanın Zəngəzur bölgəsinin qərb hissəsi və digər tarixi torpaqlar da ermənilərə verildi.

Milli Şura Gəncədə yaranmış siyasi böhrandan sonra iyunun 17-də fəaliyyətini dayandırdı və beş aydan sonra, noyabrın 16-da yenidən bərpa etdi.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentin Milli Şura formatından klassik parlamentə keçilməsinə ciddi önəm verirdi. Buna görə də 1918-ci il noyabrın 19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şuranın iclası keçirildi və parlamentin yaradılması haqqında qanun qəbul olundu. Parlamentin formalaşdırılmasında əsas kriteriya kimi əhalinin sayı götürüldü. Əhalinin sayına uyğun olaraq, müsəlmanlar 80, ermənilər 21, ruslar 10, digər xalqlar isə 9 deputat verməli idi. Beləliklə, parlamentin 120 nəfər üzvü olmalı idi.

Parlamentin çağırılması üzrə təşkilati tədbirlər başa çatdıqdan sonra, noyabrın 29-da “Bütün Azərbaycan əhalisinə!” müraciətnaməsi (Azərbaycan və rus dillərində) elan edildi. Müraciətdə deyilirdi ki, “Vətəndaşlar! Müharibə və inqilab zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurai – Millisi iqtizai-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurai-Millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus məxsus olan Şurai-Millinin milli bir şəkildən çıxarıb da dövləti bir şəkilə salmaq oldu...”

Parlamentin ilk iclası, onun stenoqrafik hesabatından göründüyü kimi, 1918-ci il dekabrın 7-də saat 13:25 dəqiqədə Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə tərəfindən açıldı. Rəsulzadə öz nitqinin əvvəlində parlamentin bütün Azərbaycanı təmsil etməsinə, yəni onun legitimliyinə diqqəti xüsusi cəlb edərək demişdir: “Bu gün əqəliyyət təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri dəvət olunmaq üzrə iştə bu məclis təşkil etmişdir. Bu məclis ümumi seçki üsulu ilə toplanaraq Azərbaycan Məclisi-Müəssisanı toplanıncaya qədər məmləkətimizin sahibi olacaq. Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndələri olduğundan bu məclis Vətənimizi tamamilə təmsil edə bilər”.

Parlamentin elə ilk iclasında Əlimərdan bəy Topçubaşov onun sədri seçildi. Parlament fəaliyyətə başlayanda Topçubaşovun İstanbulda olması, sonra isə Azərbaycan nümayəndə heyətinin sədri kimi Paris Sülh Konfransında iştirak etməsi ilə əlaqədar olaraq o, parlamentin işində iştirak edə bilmədi. İllər keçdikdən sonra, tam əminliklə demək olar ki, Topçubaşov parlamentin sədri kimi onun işində iştirak edə bilsəydi, nəinki parlamentin, hətta Cümhuriyyətin tarixi yeni nailiyyətlərə şahid ola bilərdi. Parlamentin fəaliyyətinin böyük dövründə onun işinə sədrin birinci müavini seçilən doktor Həsən bəy Ağayev rəhbərlik etmişdir.

Parlamentin fəaliyyətə başlaması Azərbaycanın ictimai-siyasi həyatının mühüm tarixi hadisəsi kimi böyük coşqu ilə qeyd edildi. Bundan sonra parlamentin gərgin fəaliyyəti başlamışdır. Bu fəaliyyətin miqyası haqqında müəyyən təsəvvürə malik olmaq üçün parlamentə dair bəzi statistik göstəricilərə nəzər salmaq lazımdır. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-də keçirilmiş son iclasınadək 145 iclası keçirilmişdir. Parlamentin tərkibində on bir komissiya fəaliyyət göstərmişdir. Hökumət, parlament fraksiyaları və komissiyaları tərəfindən 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılmış, onlardan 230-a yaxını qəbul edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti o dövr üçün aktual olan bütün vacib məsələlər üzrə qanunlar qəbul etmişdir. Onların içərisində dövlət quruculuğu, ordu, mədəniyyət, elm və təhsil, qaçqınların vəziyyətinin yaxşılaşdırılması və s. sahələrə aid qanunlar (qadınlara seçki hüququnun verilməsi haqqında, mətbuat haqqında, yüz nəfər azərbaycanlı gəncin təhsil almaq üçün xaricə göndərilməsi haqqında qanunlar və s.) mühüm yer tuturdu. Bu qanunların xeyli hissəsi qəbul edildikdən sonra yerinə yetirilmiş, öz dövrünü başa çatdırmışdır. Bununla birgə onların içərisində elə qanunlar da var ki, qəbul edilməsi və həyata keçirilməsi nəticəsində sonrakı tarixi dövrlərdə də davam etməklə parlamentə əbədi abidə rolunu oynadı. Bunların içərisində Bakı Dövlət Universitetinin açılmasını xüsusi qeyd etmək olar. Bakı Dövlət Universitetinin ilk rektoru V.İ.Razumovski xatirələrində yazırdı: “Azərbaycan öz maarif ocağını yaratdı, türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Asiya ilə Avropanın qovşağında yeni məşəl yandı.”

Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb beynəlxalq şəraitdə və daxili siyasi gərginlikdə fəaliyyət göstərirdi. Sovet Rusiyasının aqressiv siyasəti və hərbi müdaxilə təhlükəsi getdikcə artırdı. Xüsusi “Bakı əməliyyatı” hazırlanmışdı. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə Sovet Rusiyasının XI Qırmızı ordusu dövlətin sərhədlərini keçdi. Parlament aprelin 27-də son iclasını keçirdi. İclas saat 20:45-dən 23:25-dək davam etdi. İclasın sonunda yeddi maddədən ibarət qərar qəbul edildi və hakimiyyət müəyyən şərtlər daxilində kommunistlərə verildi. Bu şərtlərin heç biri, demək olar ki, yerinə yetirilmədi.

Azərbaycanda sovet hakimiyyəti quruldu. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə parlamentin də həyata keçirilməsini nəzərdə tutduğu tarixi qanunlar qəbul edilməsi mümkün olmadı. Belə ki, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransı tərəfindən Azərbaycan de-fakto tanınmışdı. Parlament bunu nəzərə alaraq, Azərbaycan nümayəndə heyətinin buraxılması və Qərbi Avropa ölkələrində (İngiltərə, Fransa və s.) və ABŞ-də diplomatik nümayəndələr açmaq haqqında qanun qəbul etmişdir, lakin bu qanun yerinə yetirilməmiş qaldı.

Sovet hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti zamanı əldə edilmiş parlament təcrübəsindən imtina edildi. Tarixdə heç bir ənənəsi olmayan sovet parlamentarizminin formalaşdırılmasına başlandı. Əvvəlcə parlament rolunu sovetlər qurultayları həyata keçirməyə başladı, sonra isə Ali Sovet yaradıldı.

Azərbaycanda yeni, müstəqillik dövrünün tələblərinə uyğun parlamentarizmin yaradılmasını yalnız ulu öndər Heydər Əliyev həyata keçirə bildi. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Milli Məclisinə mojaritar və proporsional sistemlə seçki keçirildi və müstəqillik dövrünün ilk parlamenti formalaşdırıldı. II çağırış Milli Məclisə seçkilər 2000-ci ilin noyabrında oldu. Hər iki parlamentin fəaliyyəti dövründə qanunvericilik sahəsində mühüm yeniliklərə imza atıldı. İnsan hüquqları, sosial-iqtisadi həyat, elm və təhsil, mədəniyyət və digər sahələrə dair əhəmiyyətli qanunlar qəbul edildi. Bununla bərabər, Azərbaycan parlamentinin seçilməsi və fəaliyyətinin daha da demokratikləşdirilməsi istiqamətində işlər davam etdirildi. 2002-ci il avqustun 24-də keçirilən referendum əsasında yalnız proporsional seçki saxlanıldı.

Azərbaycan parlamentarizminin inkişafı sahəsində ulu öndər Heydər Əliyevin xətti Prezident İlham Əliyevin dövründə daha da zənginləşdirildi. Konstitusiyaya uyğun olaraq, Milli Məclisin hər beş ildən bir olmaqla III-VI çağırışları (2005–2020-ci illər) keçirildi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə nəticəsində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və 19-20 sentyabr 2023-cü il tarixli lokal anti-terror əməliyyatı nəticəsində suverenliyin tam bərpası dövlət idarəçiliyində də yeniliklərə yol açdı. 2024-cü il fevralın 7-də yeni prezident seçkiləri keçirildi və İlham Əliyev inamlı qələbə qazandı.

Prezident seçkilərindən sonra Azərbaycanın bütün ərazisində ilk dəfə sentyabrın 1-də VII çağırış Milli Məclisə də seçkilər keçirildi. Uğurla başa çatan seçkilərdən sonra, sentyabrın 23-də Milli Məclisin ilk iclası oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parlamentin açılışında tarixi nitq ilə çıxış etdi. Prezident nitqinin əvvəlində ölkədə keçirilən prezident və parlament seçkilərinin əhəmiyyətini xüsusi qeyd edərək demişdir: “Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”. Prezident parlamentdə dövlətin qarşısında duran vəzifələri hərtərəfli şəkildə təhlil edərək yeni dövr üçün proqramı müəyyən etdi.

Azərbaycan dövləti və xalqı öz tarixi keçmişinə həmişə yüksək dəyər vermiş, varislik ənənəsini davam etdirmişdir. 1918-ci ildə əsası qoyulmuş Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin tarixi də bu sırada mühüm yer tutur. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi haqqında tarixi sərəncamında qeyd olunduğu kimi “1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır”.

Vasif HƏSƏNOV,
Dövlət İdarəçilik Akademiyasının müəllimi



Siyasət