Şamil Ayrım: Qərbi azərbaycanlıların problemlərini dünyaya çatdırmalıyıq

post-img

Biz bu gün burada ədaləti bərqərar etmək, insan haqlarını qorumaq və tarixi bir məsuliyyəti yerinə yetirmək məqsədilə bir araya gəlmişik. Təəssüflər olsun ki, 1988-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox azərbaycanlı öz torpaqlarından və qohumlarının məzarlarının yerləşdiyi ərazilərdən ermənilər tərəfindən zorla deportasiya edilib. Təbii ki, onlar böyük əzab və çətinliklər yaşadılar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dekabrın 5-də Bakıda keçirilən “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

"Azərbaycan bu gün ərazi bütövlüyünə nail olub. Biz Qərbi azərbaycanlıların problemlərini dünyaya çatdırmalıyıq. Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir. Azərbaycan torpaqlarını tam azad edib. Reallığa baxdıqda bugünkü Ermənistan ərazisinin böyük bir hissəsi də tarixən Azərbaycan torpağı olub. Ancaq Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan sadəcə sülh və sabitlik istəyir", - deyə Ş.Ayrım diqqətə çatdırıb.

O bildirib ki, bu insanların mülkiyyət hüquqlarından məhrum edilməsi, ləyaqətlə yaşamaq hüququnun mənimsənilməsi bu gün beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir. Şərəfli, təhlükəsiz və könüllü şəkildə geri qayıtmaq Qərbi azərbaycanlıların haqqıdır. Bu, həm də regionun sülh və sabitliyi üçün çox vacibdir.

Siyasət