Prezidentin Zəfər mesajları: Qərb və Ermənistan nəticə çıxarmalıdır!

post-img

“Sülh göyərçini”nin lələyi yenə yoluna bilər

“İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər”. Prezident İlham Əliyev bu fikri noyabrın 8-də Zəfər Günü münasibətilə xalqa müraciətində bildirib.

Qeyd edək ki, 44 günlük müharibədən ötən müddətdə ABŞ başda olmaqla, kollektiv Qərbin Ermənistana savaşda uğradığı rüsvayçı məğlubiyyəti, düşdüyü acınacaqlı durumu unutdurmaq yolunda çox çalışdığını gördük. Məsələn, Fransanın ayrı-ayrı təmsilçiləri İrəvanda və digər yerlərdə məskunlaşmış Qarabağ erməniləri ilə görüşlərində onlarda böyük ruh yüksəkliyinin olduğunu bildirdilər, guya, torpaq itkisi ilə barışmadıqlarını vurğulayan bəyanatlar səsləndirdilər. Elə fon yaratdılar ki, sanki Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisi deyil, ölkəmiz işğalçılıq yol tutub və sair.

Məqsəd aydındır: – Ermənistanla Azərbaycan arasında yeni müharibə mühiti formalaşdırmaq. Əlbəttə, müəyyən işlər görə bildilər. Ermənistan silahlı qüvvələrinin mütəmadi şəkildə atəşkəs rejimini pozması və bu kimi əməllər fikrimizin sübutudur. Ancaq Ermənistan və havadarları əsl niyyətlərinə çata bilmədilər. Prezident İlham Əliyevin xalqa müraciətində söylədikləri isə həmin qüvvələrin bundan sonra da heç nəyə müyəssər ola bilməyəcəklərinə əminlik yaradır.

Dövlətimizin başçısı qeyd etdi ki, müqəddəs Zəfərimiz təkcə Ermənistanın deyil, arxasında duranların da acı və alçaldıcı məğlubiyyətidir: “Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur”.

Prezident İlham Əliyev müraciətində Ermənistana və erməni xalqına ünvanlanmış bəzi mesajlar da verib. Dövlətimizin başçısı bildirib ki, erməni xalqının düşməni Ermənistana dəstək olan qüvvələrdir. Məlum olduğu kimi, həmin qüvvələr, guya, ölkənin arxasında dayandıqlarını göstərirlər, ancaq azacıq çətinlik anında geri çəkilirlər. Ötən dörd ildə bunu çox gördük. Prezident Əliyevin belələrini “dovşan kimi, siçan kimi qaçan siyasətçilər” adlandırmasında böyük məna yükü var.

Məhz bu səbəbdən erməni xalqı və Ermənistan rəhbərliyi ölkəmizin liderinin sözlərinə yaxşı qulaq asmalıdır. Asırmı? Təəssüf ki, bunu demək mümkünsüzdür. Çünki hər iki qütb tipik erməni xəstəliyinin təsiri altındadır. Bu xəstəlikdə isə türklərə və o cümlədən azərbaycanlılara dərin nifrət hissi var. Mövcud tendensiyanın sıradan çıxması son dərəcə vacibdir. Amma...

Bəli, hələlik, onu deyə bilərik ki, Ermənistan rəhbərliyi xəstə təxəyyüllərindən özünü sığortalaya bilmir. Buna görə də ABŞ başda olmaqla, kollektiv Qərbin Cənubi Qafqaz müstəvisində oynadığı çirkin oyunun alətinə çevrilir. Qeyd edək ki, Birləşmiş Ştatların sonuncu prezident seçkilərində məğlubiyyətə uğramış Cozef Bayden Administrasiyası sözügedən oyunu daha “rəngarəng” şəkildə qururdu.

Nəzərə alaq ki, məhz Bayden Administrasiyası tarixdə qalan, qondarma “erməni soyqırımı”nı tanımışdı. Eyni zamanda, Azərbaycana qarşı haqsızlığın ən bariz nümunəsinə çevrilmiş Azadlığa Dəstək Aktına 907-ci düzəliş kimi mənfur məsələni gündəmə gətirmiş, həmin düzəlişə əsasən ölkəmizə ABŞ-nin yardımını əngəlləmişdi. Bir sözlə, Bayden Administrasiyası Birləşmiş Ştatların anti-Azərbaycan siyasətini ən pik həddə çatdırmışdı.

Əlbəttə, ölkəmizin Birləşmiş Ştatların yardımına ehtiyacı yoxdur. Başlıca məqam 907-ci düzəlişin ədalətsiz mahiyyətindədir. Təsəvvür edin ki, 1992-ci ildə torpaqlarımız işğal altına düşmüş, ancaq həmin düzəliş, faktiki olaraq, Azərbaycanı təcavüzkar kimi qələmə vermiş, ölkəmizə yardımı dayandırmış, bizi, bir növ, sanksiya ilə baş-başa qoymuşdu. Hazırda canını tapşırmaqda olan Bayden Administrasiyası məhz belə bir qondarma məsələni qabartmaqla, öz aləmində, Azərbaycana təzyiq göstərməyə qalxmışdı. Əlbəttə, gülməli və gülməli olduğu qədər də faciəli durumdur.

Bilirik ki, Fransada erməni lobbi və diaspor təşkilatları həmişə güclü olublar. Bu, istər-istəməz rəsmi Parisin də siyasətinə təsirini göstərib. Ancaq Fransa rəhbərliyi heç zaman ölkəmizə qarşı Prezident Emmanuel Makron iqtidarının dövründəki kimi azğın mövqe sərgiləməyib. Makron avantüristdir öz yerində, ancaq bu avantürizmi körükləyən ABŞ olub. Ötən müddətdə Vaşinqtonla Parisin növbəli şəkildə anti-Azərbaycan mövqe tutduğunu görmüşük. Birinci, belə demək mümkünsə, barıtı çox edəndə, ikinci bir qədər gözləyib və ya əksinə. Hər iki cinah belə “ehtiyatlılıqla” ölkəmizə qarşı tutduqları mövqenin planlaşdırılmış mahiyyət daşıdığını pərdələmək istəyib. Ancaq, necə deyərlər, dəvəquşu başını quma salır, elə bilir əndamı görünmür. ABŞ-nin də, Fransanın da Ermənistanı qızışdırmaqla nəyə çalışdığını gözəl duyurduq.

Qətiyyətlə onu da deyə bilərik ki, Bayden Administrasiyası həm də Hindistanı Azərbaycana qarşı qoymağa çalışıb. Bunu birbaşa deyil, məhz Makronun köməyi ilə gerçəkləşdirmək yolunu tutub. Məqsəd dünyanı qan içində boğmaq, bütün bölgələrdə yeni-yeni münaqişə ocaqları alovlandırmaq olub. O cümlədən, Cənubi Qafqaz müstəvisində də. Ancaq bütün bu sayaq mənfi meyillər sanki bumeranq effekti yaratdı. Fransada olduğutək ABŞ-də də böhran dərinləşdi.

Bəli, Makron administrasiyası kimi, Bayden Administrasiyası da ölkə daxilində yarıtmaz siyasət həyata keçirdi ki, nəticədə yerli əhalinin sosial durumu pisləşdi, iqtisadi durğunluq qeydə alındı, üstəlik ABŞ-nin dövlət borcu astronomik həddə çatdı. Ümumən, ABŞ-də daxili vəziyyət heç zaman sabit olmayıb. Zaman-zaman “Amerika xalqı” kimi sıranan ideyanın saxtalığı üzə çıxıb. Vaxtilə mövcud olmuş “SSRİ xalqı” ideyasının saxtalığı kimi.

Məhz Baydenin yeritdiyi naşı siyasət “Amerika xalqı”nda dərin çatların mövcudluğunu tam əyani şəkildə göstərdi. Qoca Co ölkənin ictimai-siyasi həyatının bütün eybəcərliklərini dünyaya nümayiş etdirdi. Bütün bunlar və sadalamadığımız bir çox mənfi meyillər Bayden Administrasiyasını ABŞ-nin tarixində ən riyakar, nankor və səbatsız bir iqtidara çevirdi.

Baydenlər, makronlar və onların təhriki ilə Azərbaycanı hədəfə götürənlər ölkəmizə qarşı təzyiq və hədə-qorxu metodlarını işə salmağın faydasızlığını başa düşməli, əməlləri ilə dövlətimizi nəyəsə məcbur edə bilməyəcəklərini dərk etməli idilər. Əmin olmalıdırlar ki, “erməni kartı”ndan istifadə heç bir səmərə gətirməyəcək. Azərbaycan lazım gələrsə yenə Ermənistana layiqli cavab verəcək və Cənubi Qafqaz müstəvisində oynanılan məkrli oyunu pozacaq. Prezident İlham Əliyev Zəfər Günü münasibəti ilə xalqa müraciətində məhz bu məqamı da vurğuladı.

Ə.RÜSTƏMOV
XQ

Siyasət