Həyətdə həmişəkitək qələbəlik yaşanırdı. Bu səhnədən sevindi, yeni gələnlərin qabağına qaçdı. Birdən öz-özünə düşündü ki, bu adamlar erməni deyillər. Yəni xüsusi yalmanmağına ehtiyac yoxdur, onsuz da onu ac qoymayacaqlar.
İçərisində köhnə evi olan, hazırda restoran kimi fəaliyyət göstərən həyətdə ötən dörd ilin iki ilində məşəqqət yaşadığını, yeməyə güclə bir şey tapdığını xatırladı. Amma daha əvvəlki yeddi ildə də düz əməlli ömür sürməmişdi, dəfələrlə döyülmüşdü. O günləri kino lenti kimi gözünün önündən keçirmək onun üçün son dərəcə böyük əzabdır. Hərdən bu əzabı yaşamağa isə sadəcə məhkumdur. Zəhrimara qalmış yaddaş...
Amma buğlamanın qoxusu burnunun deşiklərindən girib ötənləri yada salarkən gözlərindən təzəcə axıtmağa başladığı yaşı qurutdu. Canına təpər gəldi. Ehmalca yeni gələnlərin oturduqları masaya yaxınlaşdı. Öz-özünə “Buğlama sifariş ediblərsə, yəqin iri sümükləri olacaq”, – düşündü. Bu təsəvvürlə masadakıları seyr edərkən, nifrət etdiyi sual verildi: Ayə, bu, erməni itidir? Səslənən cavab isə şəklənmiş qulaqlarını bükməsinə səbəb oldu: – Hə, hə, ermənilərdən qalıb.
Qorxurdu ki, erməni iti olduğuna görə döyülər. Amma heç vaxt döyülməmişdi. Hələ eşitdiyi bir cavab canına yağ kimi yayılmışdı: – Bu torpaqlarda ermənilərin ancaq itləri qala bilər! Deməli, onun üçün təhlükə yoxdur, istədiyi qədər yaşaması mümkündür. Lənətə gəlmiş ömür isə sona çatır. Qocalıb, artıq 11 yaşındadır. Hərçənd özündə vəziyyətlə barışmamaq əzm və təpərini hiss edir. Buğlamanın sümüyünü də eyni əzmlə gözləyirdi.
Həyətə insan nəfəsi iki il əvvəl dəymişdi. Həmin gün vaxtilə eşitdiyi güllələrin qulaqdeşən səslərindən çox-çox dəhşətli mənzərə ilə rastlaşmışdı. Ahıl bir kişi və qadın rəngi getmiş dəmir darvazadan içəri dizləri üstə, iməkləyərək, torpağı öpə-öpə daxil olmuşdular. Tezliklə bu cütlük həyətdəki köhnəlmiş evin daşlarına sarılmışdı. İt ağlı ilə səhnənin təsirindən kövrəlmiş, qadına təskinlik vermək üçün onun qarşısında dayanıb quyruğunu bulamışdı. Bu an ağladığını gizlətməyə çalışan kişinin qabar əlinin sığalını belində hiss etmişdi. Çox xoşlanmış və axırıncı dəfə nə vaxt sığallandığını yadına salmaq istəmişdi. Bacarmamışdı, sanki bu hissi heç yaşamamışdı.
***
Həyətdə kiminsə ağladığını da görməmişdi, ancaq qara-qışqırıq səsləri duymuşdu. Sonuncu dəfə eşitdiyi səsləri xatırladı. Bu, əvvəlki hay-şivənlərdən deyildi. Hiss edirdi ki, nə isə daha böyük bədbəxtlik üz verib. Evdəkilər çaş-baş halda ora-bura qaçır, əllərinə keçən hər şeyi götürüb aradan çıxırdılar. Onlara qoşulub getmək istəmiş, ancaq son anda fikrindən daşınmışdı. Axı bu adamlar ona xoş gün yaşatmamışdılar. Bir sözlə, gedənlərə qoşulmağın yaxşı heç nə vəd etmədiyini ağlına yeritmişdi. Eyni zamanda, ətrafda güllə səslərindən qulaq tutulduğundan, qorxmuş, həyətdən çıxmağa cürət etməmiş, evin bir küncünə sığınmışdı.
Çox keçməmiş güllə səsləri daha yaxından eşidilməyə başlamışdı. Təlaşı görünməmiş dərəcədə artsa da, yenə həyəti tərk etmək barədə düşünməmiş, birtəhər aclığa dözmüşdü. Güllə səslərinin tədricən azalması ilə aclıq hissinin daha da artdığını hiss etmişdi. Həyətdən çıxsınmı, çıxmasınmı? – Naçar duruma düşmüşdü ki, elə bu an darvazanın qapısı təpiklə açılmışdı.
Əvvəlcə içəri girən olmamışdı. Daha sonra əlində o vaxtadək heç vaxt görmədiyi aləti tutmuş, başında dəmir papaq, üzərində qeyri-adi geyim olan bir adamın ehtiyatla həyətə daxil olduğunu, cəld şəkildə o tərəf-bu tərəfə iti nəzərlərlə baxdığını seyr etmişdi. Tezliklə, eyni qiyafəli daha bir neçə şəxs gəlmişdi. Adamların danışıq tərzi həyətdə yaşayan ermənilərin danışığından tamam fərqlənmişdi. Həmin ərəfədə həyətin sakini olan ermənilərdən birinin o birinə “bizi it kimi qovacaqlar” deməsini xatırlamışdı. Bu fikir ona qəribə gəlmişdi. Axı it olan odur. Adamı niyə it kimi qovsunlar? – deyə öz-özünə sual vermiş, ancaq tez də döyüldüyü anları yada salaraq, ürəyində “sizə o da azdır” fikirləşmişdi…
Həyətə erməniləri it kimi qovanlar gəlmişdilər. Deməli, əsl it elə qovulanlar idi. Gələnlərdən biri isə ona yaxınlaşıb möhkəm səslə, bir qədər də gülümsəyərək belə demişdi: Salam əəə, Vazgen! Mənə niyə Vazgen deyirlər, axı Tuzikəm, - deyə öz-özünə mırıldanmışdı. Doğrudur, sonradan hər həyətə girən ona “Vazgen” dediyindən, bu adla barışmışdı. Həm də ona görə barışmışdı ki, gələnlər yeməyə nə isə verir, onu ac qoymurdular. Ən əsası isə döymürdülər.
İki il sonra gördüyü qoca kişi ilə qadın özlərinə qapılmışdılar. Onlar hərəsi bir tərəfdə ağladıqdan sonra bir-birinə sarılaraq möhkəm hönkürmüşdülər. O an qeyri-adi görkəmli, hündür boylu adamlardan birinin də əlindəki aləti küncə qoyub gözündən yaş axıtdığını yadına salmışdı. Heç iki gün keçməmiş bu şəxs də, onun yanındakılar da sevinclə bir-birilərinə sarılmışdılar. Tuzik isə güllə səslərinin onların əlindəki alətdən çıxdığını görmüşdü. Ancaq qorxmamış, həyətə doluşmuş, əllərindəki avtomatlardan göyə atəş açan insanları seyr etmişdi. Anidən atasından eşitdiyi, ona da öz atasının danışdığı bir əhvalatı xatırlamış və duyuq düşmüşdü. Qeyri-adi geyimdəki şəxslər azərbaycanlılardır. Elə sonradan həyətə daxil olan və səssizliyi hönkürtüləri ilə pozan qocalar da başqaları deyildi.
İndi Tuzik həyətin azərbaycanlıların restoranı kimi fəaliyyət göstərdiyini bilir. Artıq erməni iti azərbaycanlıların sayəsində ömrünün ən gözəl anlarını sümük yeməklə keçirdiyinin fərqindədir. Üstəlik, heç kəs Tuziki “Vazgen” çağırmırdı. Axı qocalar “Vazgen” adının çəkilməsini qəti şəkildə qadağan ediblər. Onların həyəti restoran kimi işlədən övladları və nəvələri də valideynlərinin sözlərinə qulaq asır, gələnləri qoyulmuş qadağalarla məlumatlandırırlar.
Atası babasının da Tuzik adını daşıdığını demişdi. Demişdi ki, baba Tuzik vaxtilə azərbaycanlıların itləri ilə dostluq edib, ən yaxın dostu Toplan olub. Atası babasının Toplanın çox güclü və qorxmaz olduğunu, baba Tuziki dəfələrlə digər erməni itlərinin dişində parçalanmaqdan qoruduğunu da demişdi. Toplanın gedişindən sonra baba “Tuzik”in ağır günləri başlayıbmış. Həm tez-tez əraziyə sonradan gəlmiş ermənilərin itləri tərəfindən boğulurmuş, həm də ac-yalavac qalırmış. Baba Tuzik Toplanlı günlərin xiffətini çəkərkən, onu dostundan güllə səslərinin ayırdığını yada salırmış. Axırıncı səs daha dəhşətli olub. Toplan sahibinin cansız bədəninə sarıldıqdan sonra sakinlərə qoşulub həyəti tərk edib.
Atası ölməzdən əvvəl bala Tuzikə öz atasının dostu olan “Toplan”nın vaxtilə yaşadığı həyəti göstərmişdi. “Tuzik” həm o həyətdə, həm də öz yaşadığı yerdə sonradan ermənilərin məskunlaşmalarını görməsə də, bu barədə atasından eşitmişdi. İndi isə torpağın əsl sahibinin kim olduğunu çox gözəl bilirdi. Çünki azərbaycanlılar buradakı hər şeyə, onun özünə də qayğı ilə yanaşırdılar.
Nəhayət, restorana yeni gələnlər hərəkətə keçərək, buğlamanın yekə sümüklərini ona atdılar. Sümüklərdən birinin üstündə ətin qaldığını görən Tuzik, adamlar həyətə daxil olarkən, keçirdiyi sevinc hissinin iki qatını yaşadı. Tezliklə daha bir neçə sümüyü də gəmirdi. Qarnını doldurduqdan sonra erməni sahiblərinə qoşulub ərazini tərk etmiş itlərin halına acımağa başladı. Düşündü: Azərbaycanlıların atdıqları sümüklə yaşamaq mümkündürsə, niyə getdilər? Guya, getməklə ağ günə çıxacaqlar? Axı özünü nümunəvi aparan Tuzik sümüklə bərabər kabab da dadırdı. Ömrünün sonunadək başqa yeməklərdən də dadacağına əmin idi. Amma bir balaca narahatlığı da var idi. Quduzluq iynəsinin vurulması gecikdiyindən, hərdən əndazədən çıxması onda bədbinlik yaradır, həyatdan küsdürürdü. Atasından əndazədən çıxan itlərin başına hansı oyunun açıldığını eşitmişdi. İt kimi qovulmaq da istəmirdi. Ömrünün son günlərinədək bu torpaqda yaşamaq arzusunda idi.
Əvəz RÜSTƏMOV