Milli ideya və millət ideyası

post-img

III MƏQALƏ

Qlobal geosiyasət və milli ideya

Öncəki məqalələrdə aparılan təhlillər göstərir ki, hər bir toplumda milli ideyanın məzmunu, forması və strateji hədəfi ölkənin keçdiyi tarixi, sosial-mədəni təkamül yolundan birbaşa asılıdır. Bundan başqa, geosiyasi özəlliklər milli ideyanın formalaşması və məqsədi baxımından mühüm rol oynayırlar.

Azərbaycanda milli ideyanın formalaşmasında vurğulanan amillərin yeri və rolunu fəlsəfi dərk etmək üçün qısa da olsa, müstəqilliyin əldə edilməsi mərhələsində qlobal geosiyasətin Cənubi Qafqaza təsirinin bir sıra aspektlərinə nəzər salmaq lazımdır. Çünki regional və hətta, keçmiş Sovet İttifaqı miqyasında yaranmış geosiyasi dinamika və mənzərə haqqında dəqiq təsəvvür əldə etmədən milli ideyanın hansı səbəblərdən və necə formalaşdığının və yeni tarixi mərhələyə keçidin fəlsəfəsinə vara bilmərik. Burada məsələyə Azərbaycan reallıqları ilə geosiyasi proseslərin qarşılıqlı əlaqəsi kontekstində vahid mövqedən yanaşmaq lazımdır.

Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqillik əldə etməsi zamanı respublika kifayət qədər mürəkkəb geosiyasi dinamikanın təsiri altında idi. Bir tərəfdən SSRİ-nin dağılmasının yaratdığı siyasi ziddiyyətlər çox idi. Azərbaycan üçün bu, əsas olaraq havadarları tərəfindən yönəldilən və ciddi yardım alan Ermənistanın (məsələ yalnız hərbi dəstəklə bağlı deyildi – burada müxtəlif sahələr üzrə lobbiçilik, ideoloji, siyasi, hərbi, iqtisadi, maliyyə, diplomatik və s. dəstəkdən söhbət gedir) sərhəd tanımaq istəməyən təcavüzü ilə bağlı idi. Özü də erməni təcavüzkarlığını həm Qərb, həm də Rusiya eyni canfəşanlıqla qızışdırırdı.

Bu cür xarici təsyiqin fonunda o dövrün Azərbaycan rəhbərliyi səriştəsiz fəaliyyəti ilə vəziyyəti daha da ağırlaşdırırdı. Nəticədə Azərbaycan SSR qeyri-müəyyən, dolaşıq, riskli və dağıdıcı şərtlər daxilində müstəqil Azərbaycan Respublikasına çevrilmək kimi çətin bir vəzifə qarşısında qalmışdı.

Dövlətçilik baxımından, bu, əlverişsiz və riskli geosiyasi şəraitdə uğurlu müstəqil dövlət qurmağa nail olmaq demək idi. Təbii ki, həmin mərhələdə milli ideya deyilən bir məhfum Azərbaycanda konkret məzmunlaşdırılmamışdı.

Müstəqil demokratik dövlətin milli ideyası

Belə alınır ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan olduqca çətin, mürəkkəb və riskli geosiyasi mənzərə daxilində sovet respublikası olmaqdan müstəqil demokratik dövlət olmağa transfer etməli idi. Bu tarixi addım həm də daxildə separatçılığın vüsət alması fonunda baş verməli idi. Əlbəttə, öncə sabitliyə nail olmaqla separatizmi neytrallaşdırmaq gərəkdi. Paralel olaraq müstəqil dövlət üçün zəruri olan siyasi-hüquqi təsisatları müasir işlək səviyyədə formalaşdırmaq lazımdı. Bu proses sosial, iqtisadi və mənəvi-mədəni inkişafla müşayiət olunmalı idi. Eyni zamanda, elə bir ideoloji konsept yaratmaq lazım idi ki, cəmiyyəti bütövləşdirməklə yanaşı, dövlətçiliyin davamlı və perspektivli inkişafını təmin etsin.

Bununla, XX əsrin 90-cı illərinə qısa ekskurs göstərir ki, həmin dövrün geosiyasi dinamikası fonunda Azərbaycanda mürəkkəb və riskli reallıqlar meydana gəlmişdi. Bu reallığın təsiri, bütövlükdə, müstəqil dövlətçilik baxımından neqativ idi. Elə bir ümidverici dəyişmələr gözə dəymirdi. Lakin hələ vəziyyət tam ümidsiz deyildi. Azərbaycan xalqının iki qiymətli sərvəti vardı: tarixi-mədəni, sivilizasion ənənə, dövlətçiliyin dərin kökləri və zəngin liderlik ənənəsi!

Bu faktorların kompleks formada düzgün müəyyən edilmiş sistemli strateji fəaliyyətə fokuslanması xilas yolu ola bilərdi. Bunun üçün isə hər şeydən öncə, xalqa xilaskar lider lazım idi. Azərbaycan xalqı bu tarixi seçimini düzgün müəyyən etdi – Heydər Əliyevi özünə lider seçdi və müstəqil dövlətçiliyin taleyini Ulu öndərə həvalə etdi!

Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisdəki nitqi zamanı üzərinə düşən “böyük vəzifəni” yerinə yetirməyə çalışacağını və Azərbaycanın vəziyyətinin “ağır, mürəkkəb və gərgin” olduğunu vurğulamışdı. Ulu öndər bəyan etmişdi ki, “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkisaf etdirməyi ozüm ücün ən əsas vəzifələrdən biri hesab edirəm”. Bu vəzifənin öhdəsindən gəlmək üçün isə Ulu öndər üç fundamental istiqaməti (və ya fəaliyyət aspektlərini) bəyan etmişdir.

“Dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında; müasir tələblərlə; dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır”. Bunlar müasir mərhələdə həm milli ideyanın müəyyən olunması, həm də millət ideyasının inkişafı üçün tarixi tezislərdir. Onlar milli ideya və millətin öz inkişafı üçün əhəmiyyəti olan üç məqamı lakonik ifadə edirlər.

Milli ideyada 3 məqamın sintezi

Birincisi, tarixi-mədəni və sivilizasiya faktorlarının kompleks nəzərə alınması fonunda dövlətçilik ənənəsidir.

İkincisi, müasir geosiyasi dinamikanın tələblərinə uyğunluqdur.

Üçüncüsü, dövlətçilik ənənəsi və müasir tələblərin sintezində, ümumiyyətlə, dünyada gedən proseslərin ciddi nəzərə alınmasıdır.

Birinci tezisdə dövlətçilik ənənəsi tarixi-mədəni aspektdə Azərbaycanda hər bir tarixi dönəmdə və mədəniyyət daxilində dövlətlərin yaranması və inkişafının qanunauyğunluqlarını diqqətə almağı ifadə edir. Sivilizasion aspektdə isə Heydər Əliyevin aşağıdakı məşhur fikirləri – “Azərbaycan həmişə müxtəlif sivilizasiyaların kəsişməsində mövcud olmuşdur, müxtəlif mədəniyyətləri və dinləri birləşdirmişdir”; zəngin mədəniyyətimizin formalaşmasına “müxtəlif mərhələlərdə həm zərdüştilik, yəhudi, xristian, həm də islam mədəniyyətlərinin təsiri olmuşdur” fikirləri baza rolunu oynayır.

Buradan məntiqi olaraq belə qənaət yaranır ki, Azərbaycanın milli ideyasının sivilizasion təməlini qədimdən formalaşmış multikultural dəyərlərin mövcud olması təşkil edir. Bütün tarixi dönəmlərdə Azərbaycanda kollektiv şüur və təfəkkürdə müxtəlif “sivil mem”lərin (burada “mem” termini hər sivilizasiyaya xas olan kodları ifadə edir) vəhdəti mərkəzi yer tutmuşdur.

Bu ənənəni uğurla müasir tarixi mərhələyə transfer edən Heydər Əliyev qlobal miqyasda geosiyasi mənzərənin xüsusiyyətlərini də ciddi surətdə nəzərə almışdır. Həmin tezisin işığında milli ideyanın “ərazi bütövlüyünün təmini” kimi müəyyən edilməsinin özündə tarixi, mədəni, dövlətçilik ənənəsi, sivilizasion özünəməxsusluğu və mövcud geosiyasi dinamikanı Azərbaycan reallıqları kontekstində nəzərə alınmasının tarixi bir addım olduğu nəticəsini çıxara bilərik. Bu fikrin prizmasında 1993–2003-cü illər müddətində Azərbaycanda milli ideyanın reallaşması və yeni “millət” ideyasının inkişaf etdirilməsi aspektində əldə edilən nailiyyətlər maraqlıdır. Bu cür yanaşma, təbii ki, problemə tarixiliklə müasirliyin kəsişməsi “zonasında” dövlətçilik şüuru işığında baxmağı tələb edir. Azərbaycanı həmin kontekstdə Avropa ölkələrindən fərqləndirən cəhət ondan ibarətdir ki, millət ideyası və milli ideyanı dini doktrina çərçivəsində deyil, dünyəvi tarix, sosial, mədəni, sivil və geosiyasi reallıqlar kontekstində müəyyən etdi. Burada Avropa ölkələri ilə qısa müqayisə aparmaq yerinə düşərdi.

İspaniyada milliyyətçi katolisizm

İspaniyalı araşdırmaçılar (tarixçilər, tarixşünaslar, filosoflar və b.) hələ VI əsrdən İspaniyada katolisizmin ispan millətinin tərifində əsas yer aldığını yazırlar. O dövrdə milli ideya belə idi: “Tanrı ispan xalqını dünyada ilahinin planlarını həyata keçirmək üçün yaratmışdır”.

XVI əsrdə isə ispan milləti, milli ideyası və millətçiliyi tam olaraq katolisizmlə eyniləşdirildi. Yəni artıq ideoloji səviyyədə belə bir inam vardı ki, Tanrı ispanları katolikliklə “ittifaqda” yaratmışdır, yəni bu əbədi vəhdət pozulmamalıdır. İspan tarixçilər bunu İspaniyada milliyyətçi katolikliyin sistem kimi başlanğıcı sayırlar.

XVIII əsrdə maarifçiliyin yayılmasına qədər İspaniya tam olaraq milli ideya və millət ideyasını katoliklik çərçivəsində qəbul etmişdir. Maarifçilik ənənəvi “antiispan şüuru” formalaşdırmağa başladı. Lakin ispanlar buna tezliklə sərt reaksiya verdilər.

İspan tarixçisi Xose Lusi Rordigers Himenes yazır ki, XIX əsrdə “korrupsiyalaşmış doktrinlərlə zəhərlənmiş” ispanları “yenidən xristianlaşdırmaq” üçün “ənənəvi institutların bərpası” uğrunda mübarizə başladı. İspan tarixçinin fikrinə görə, bu, milliyyətçi katolisizmi ideologiya kimi deyil, mentalitet olaraq qəbul etmək idi ki, o zamandan ispan ənənəviçiliyinin aksiomlarından biri kimi təsəvvür edilməkdədir. Bu cür yenilşmənin mənası isə ispan milli ideyasını tamamilə “dini faktora tabe etmək” və “İspaniyanın tarixi taleyinin dünyada katolisizmi müdafiə və təsdiq etməklə bağlıdır” mövqeyinə gətirməkdən ibarət idi.

Nəhayət, 1939–1975-ci illərdə İspaniyada rəhbər olan Fransisko Franko katolizismi tam olaraq “ispan milləti” ideyası və ispan milli ideyasının müəyyənedicisi səviyyəsində doktrin halına gətirdi. Onun başlıca xüsusiyyəti katolik kilsəsinin cəmiyyətin həyatında (həm də şəxsi həyatda) hegemonluğunu təmin etməkdən ibarət idi. Alimlər qeyd edirlər ki, F.Franko, hətta, təhsil sistemini katolikləşdirmişdi və onu tam siyasi rejimə tabe etmişdi.

XXI əsrdə Avropa ölkələrində bu prosesin davam etdiyini avropalı tədqiqatçılar vurğulayırlar. Məsələn, 2000-ci ildən başlayaraq İspaniyada “tarixi yaddaş”ın bərpası və yenidən məzmunlaşdırılması ilə bağlı diskussiyaların vüsət aldığını qeyd edirlər.

2005-ci ildən isə katolik separatizmi və bask identikliyi ilə bağlı proseslərin genişlənməsi ilə ispan fəlsəfi-elmi camiyəsində daha dərindən fikir ayrılıqları başlamışdır. Əksər araşdırmaçılar cəmiyyətin bütövlüyünü saxlamaq üçün milliyyətçi-katolik mövqeyə qayıtmağa üstünlük verirlər.

Azərbaycanın dünyəvi milli ideyası

Avropa ölkələri ilə bağlı vurğuladığımız fikirlərdən fərqli olaraq Azərbaycanda müasir dövlətçilik şüuru sekulyar faktorlar üzərində məzmun almışdır. Burada azərbaycançılıq, tarixi ədalət, multikulturalizm, vətənsevərlik, milli ləyaqət və hüquq ayrıca yer tutur. Milli ideyanın ərazi bütövlüyünün təmini kimi müəyyən edilməsində də bu faktorlar mühüm rol oynayır. Azərbaycan bununla tarixi ədaləti bərpa etməli, milli ləyaqəti yenidən aktuallaşdırmalı, suverenliyi tam təmin etməli, gənclərin vətənsevərliyində milli ilə beynəlmiləlin sintezinin inkişaf etdirilməsinə nail olmalı və beynəlxalq hüquq normalarını regionda təmin etməli idi. Bütün bunların hamısına Azərbaycan Respublikası dövləti nail oldu. Bizim “Xalq qəzeti”ndə milli ideya ilə bağlı dərc edilmiş silsilə məqalələrdə məsələnin bu aspekti təhlil edildiyindən üzərində dayanmırıq.

Sonda onu vurğulayaq ki, Prezident İlham Əliyev yeni tarixi mərhələ üçün bəyan etdiyi milli ideyanı artıq konseptual tezisləri və praktiki fəaliyyəti ilə reallaşdırır. Dövlət başçısı II Qarabağ savaşından sonra müxtəlif kontekstlərdə ifadə etdiyi fikirlərdə Böyük millət quruculuğu prosesinə də start vermişdir. Bu o deməkdir ki, yeni tarixi mərhələdə milli ideya və millət ideyası bir-biri ilə vəhdətdə gerçəkləşəcəklər. Azərbaycan Prezidenti, Azərbaycan intellektualları və Azərbaycan cəmiyyəti bu vəzifənin öhdəsindən gəlməyə qadirdir.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət