ABŞ-dəki erməni diasporu ölkəmizlə bağlı növbəti təxribata hazırlaşır.
Sentyabrın 19-da ermənipərəst kon-qresmenlər – Respublikaçılar Partiyasının üzvü Kristofer Smit və Demokratlar Partiyasının üzvü Ceyms Makqovernin həmsədrliyi ilə Nümayəndələr Palatasının Tom Lantos adına İnsan Hüquqları Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçiriləcək. Gözlənildiyi kimi, tədbir Amerika Erməni Milli Komitəsinin (ANCA) təşkilatçılığı ilə baş tutacaq.
Dinləmələrdə əsas müzakirə mövzusu Bakıda saxlanılan və ədalət mühakiməsinin barələrində çıxaracağı hökmü gözləyən Qarabağdakı keçmiş separatçı rejimin “qlavar”larının və digərlərinin (yayılan məlumatda onlar “erməni hərbi əsirlər” adlandırılır–S.H.), guya, ölkəmizdəki siyasi məhbusların vəziyyəti, Qarabağdakı erməni mədəniyyət nümunələrinin statusu, ermənilərin Qarabağa qayıtmaq hüququ və sair məsələlər olacaq.
Bədnam ANCA-nın canfəşanlığı bununla bitmir. Elə həmin gün komitənin təşəbbüsü ilə erməni lobbiçilərinin çoxluq təşkil etdiyi ABŞ Konqresində lokal xarakterli antiterror tədbirlərinin birinci ildönümü ilə bağlı genişmiqyaslı tədbir keçiriləcək. Əlbəttə, komitənin yaydığı məlumatda antiterror tədbirlərinin adı belə təhrif olunub. Ölkəmizin zərurətdən, separatçıların təxribatlarına son qoymaq məqsədilə keçirdiyi tədbirlər “Azərbaycanın “Artsax”a amansız hücumunun ildönümü” kimi qələmə verilib. ANCA-nın yaydığı məlumatda deyilir: “Konqress liderləri, ictimai fəallar və koalisiya tərəfdaşları sentyabrın 19-da Kapitoli təpəsi adlandırılan yerdə Azərbaycanın “Artsax”da 2020–2023-cü illərdə törətdiyi “soyqırımı”na görə məsuliyyətə cəlb edilməsinə həsr olunmuş tədbirdə iştiraka toplaşacaq və yerli ermənilərin qlobal mandat və beynəlxalq müdafiə altında təhlükəsiz qaytarılmasına çağıracaqlar. “Cavabdehlik 2024” adlı tədbir Azərbaycanın 2023-cü il sentyabrın 19–20-də on aylıq mühasirədən (?) sonra etnik təmizləmə və 120 min (?) etnik erməninin öz tarixi vətənlərindən qovulması (?) ilə başa çatan “Artsax”a hərbi hücumunun birinci ildönümünə təsadüf edir”.
ANCA-nın icraçı direktoru Aram Ambaryanın sözlərinə görə, onlar Amerikanın hər yerindən Vaşinqtona ona görə toplaşırlar ki, Azərbaycana hərbi yardıma qanunvericilik yolu ilə qadağa qoyulsun və ölkəmizə sanksiyalar tətbiq etməklə bizi məsuliyyətə cəlb etsinlər: “Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının “Artsax”ın yerli ermənilərinin beynəlxalq himayəyə alınmasını tələb edən qətnaməsinin icrasına rəhbərlik etməklə bu prosesi geri qaytara bilər və qaytarmalıdır”.
Qeyd etmək lazımdır ki, ANCA bundan əvvəl də həm Tom Lantos adına İnsan Hüquqları Komissiyasında, həm də Konqresin özündə tədbirlər keçirib. Amma onların tədbirlərinin heç bir real nəticəsi olmayıb. Özləri və dəvət edilmiş bir neçə şəxs yığışıb ölkəmizin qarasına danışıb, şər-böhtanlarını səsləndirib, sonra da dağılışıb. Erməni diasporunun pulu müqabilində lobbiçilik edən konqresmenlər və senatorlar bununla da işlərini bitmiş hesab ediblər. Əslində, bu tədbirlərin nəticə verəcəyi də gözlənilən deyildi. Məsələ ondadır ki, konqresmen və senatorlar hər yerdə özlərini təmsil edirlər və öz adlarından danışırlar. Onların daşıdıqları məsuliyyət dövlətlərin məsuliyyət yükü ilə müqayisə oluna bilməz. Bizim üçün əsas olan dünya dövlətlərinin mövqeyidir. Antiterror tədbirlərinin mahiyyətini başa düşən dövlətlər bizə qarşı hansısa sanksiya tətbiq etməyi heç xəyallarına gətirmədilər. Çünki bu tədbirlərin məqsədinin ölkəmizin ərazi bütövlüyünü bərpa etmək olduğunu və sanksiya tətbiq edəcəkləri təqdirdə bunun hansı mənfi nəticələr doğuracağını anladılar.
Əlbəttə, bu cür tədbirlərin keçirilməsinin ölkəmizdə xoş qarşılanması da mümkün deyil. Bununla hər halda ölkəmizin imicinə xələl gətirilməsinə çalışırlar. Zənnimizcə, Türkiyədə çox yayğın olan bir deyimi burada işlətmək yerinə düşər: “Çamur (palçıq–S.H.) at, özü qalmasa da, izi qalsın”. Bu deyim bir hadisənin, əməlin yalan olduğu isbatlansa belə, onun təsirinin uzun müddət davam etməsini özündə ehtiva edir.
Amma dahi Lev Tolstoy da yaxşı deyib: “Birinə çamur atmadan öncə yaxşı düşün və heç unutma: öncə sənin əllərin çirklənəcək!”. Bizi nüfuzdan salmağa, ləkələməyə çalışan konqresmen və senatorlar da bununla öz reputasiyalarına xələl gətirdiklərinin fərqində olmalıdırlar. Onlar müxtəlif qara-qura işlərlə məşğul olan senator Robert Menendezin aqibətindən nəticə çıxarmalıdırlar. Çünki onun yolu ilə getməyin sonu uçuruma yuvarlanmaqdır.
Ermənilərə, necə deyərlər, “züy tutan” dairələr, nəhayət, qəlblərinin dərinliklərində bildikləri həqiqəti dilə gətirmək cəsarəti də tapmalıdırlar. Azərbaycan Ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi tədbirlərin ərazi bütövlüyümüzün tam təmin edilməsi, Qarabağ iqtisadi rayonunun hər yerində suverenliyimizin bərpa olunması, separatçı rejimin varlığına son qoyulması məqsədi daşıdığını dilə gətirə bilməsələr də barı sussunlar. Onlar haylara havadarlıqdan, revanşistlərə dəstəvüz verməkdən əl çəkməlidirlər. Senator və konqresmenlər bu hadisələri Azərbaycana qarşı hansısa sanksiyaların tətbiqi, ölkəmizin, guya, “etnik təmizləmə” həyata keçirməsi kimi heç kəsin inanmadığı yalanları gündəmə gətirmək üçün istifadə etməyə cəhd göstərməməlidirlər.
Onu da qeyd edək ki, ANCA adlanan qurum bu kimi əməlləri ilə Ermənistan hakimiyyətinin mövqeyinə qarşı da çıxır. Bu gün rəsmi İrəvan Bakı ilə sülh müqaviləsi üzrə danışıqlar aparır. Bir neçə gün öncə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəlindiyini, 3 maddənin isə qismən razılaşdırıldığını bildirmişdi. Qeyd etmişdi ki, sazişin tezliklə imzalanması üçün real şans var. Dünən isə baş nazir Nikol Paşinyan dünya erməni sammiti zamanı sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycandan qaz idxalını və ya tranzitinin mümkünlüyünü istisna etmədiyini bildirib: “Biz qazı Rusiya və İrandan idxal edirik. Bir müddət əvvəl Azərbaycandan açıqlamalar gəldi ki, gələcəkdə sülh yaranarsa, Ermənistan Azərbaycandan da qaz idxal edə bilər. Ermənistan ərazisindən Naxçıvan və ya Türkiyəyə tranzit qaz kəmərinin keçdiyini təsəvvür edərək, o zaman bu variantları da istisna etmək olmaz”.
Ümumiyyətlə, Ermənistan hakimiyyəti son vaxtlar leksikonuna ciddi düzəlişlər edib. Paşinyanın və onun hökumət üzvlərinin istifadə etdikləri sözlər diasporda cəmləşib işi-gücü aranı qızışdırmaq olan ermənilərin istifadə etdikləri kəlmələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Bu isə Hayastan baş nazirinin Azərbaycanın “dəmir yumruğ”unun gücünü 2020–2023-cü illərdə dəfələrlə görməsindən irəli gəlir. Xaricə qaçıb, gizlənib oradan, necə deyərlər, xoruzlananlar isə zərbəni bilavasitə öz üzərlərində hiss etmədikləri üçün danışdıqları sözün məsuliyyətini də anlamırlar. Onların əməlləri, obrazlı desək, bölgədə suyu bulandırmağa xidmət edir. Bu çərçivədə ANCA-nın bədnam fəaliyyəti xüsusilə seçilir.
Qeyd edək ki, ANCA ABŞ-də geniş fəaliyyət göstərən erməni diasporunun əsas təşkilatı olmaqla, Azərbaycan torpaqlarında etnik separatizm ocağının yaranmasında, sonrakı dövrdə rayonlarımızın işğal olunmasında və bu işğalın uzun illər davam etməsində özünəməxsus rol oynayıb. Yaxşı təşkilatlanmış komitə bütün digər erməni diaspor qurumlarından daha çox nümayəndəliyə və ofis şəbəkəsinə malikdir. Təşkilatın mənzil-qərargahı Vaşinqtonda yerləşir. Həmçinin onun İrəvanda da ofisi var. İşğalın davam etdiyi müddətdə ANCA Xankəndiyə də soxulmuşdu. ANCA müxtəlif gənclər təşkilatlarının, mətbu orqanların və institutların təsisçisidir. Qurum “Massis Weekly”, “Armenian Liberty”, “Snark News Agency” və “Armenian News” kimi media resursları ilə yaxın əlaqələrə malikdir. ANCA-nın fəaliyyətinin müəyyən mənada buxovlanması, onun rəhbərlərinin Ermənistana buraxılmaması Paşinyanın Azərbaycanla sülh istəyində səmimi olmasının daha bir göstəricisi ola bilər. Ermənistan hökuməti Fransa erməni təşkilatlarının əlaqələndirmə şurasının həmsədri Murad Papazyanı, “Daşnaksütyun” partiyasının Fransa bölməsinin gənclər birliyinin sədri Njde Karakavoryanı arzuolunmaz şəxs elan edib ölkəyə buraxmadığı kimi, fəaliyyəti ilə sülh prosesində tormozlayıcı rol oynayan ANCA liderləri barəsində də tədbirlər görməlidir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin rəhbəri Fərid Şəfiyev məsələ ilə bağlı bildirdi ki, ABŞ Konqresində vaxtaşırı anti-Azərbaycan tədbirləri keçirilir. Onun sözlərinə görə, erməni diasporu və lobbisi bu prosesdə xüsusi aktivliyi ilə seçilirlər. Diaspor və lobbi ölkəmizin ünvanına “etnik təmizləmə”, “mənəvi terror”, “mədəni irsin dağıdılması” kimi absurd ittihamlar irəli sürür, bu kimi fikirləri təbliğ edir: “Bundan əlavə, hansısa hərbi cinayət məsələsini də tez-tez qabardırlar. İddia edirlər ki, guya, Azərbaycan hərbi cinayətlər törədib. Uydurmalarla ermənilərə qarşı hərbi cinayətin törədildiyini deyirlər. Onlar qondarma rejimin süqut etməsindən sonra onun saxlanılan sabiq başçılarını da “əsirlər” adlandırırlar”.
F.Şəfiyev qeyd etdi ki, Qarabağdakı “erməni mədəni irsi”nin aqibəti məsələsi də onların tez-tez müraciət etdiyi məsələlərdəndir: “Halbuki, ermənilərə məxsus olmuş mədəniyyət nümunələrinin dağıdılması məsələsi yoxdur. Buna baxmayaraq, erməni yalanları, dezinformasiyaları və diaspor–lobbi tandeminin aktiv fəaliyyəti davam edir”.
Mərkəz rəhbərinin fikrincə, onların aktivliyi həm də bizim passivliyimizdən qaynaqlanır: “Yəni bu məsələdə bizim bəzi boşluqlarımız var. Bu, bir-iki analitik mərkəzin görəcəyi iş deyil, kompleks tədbirlərə ehtiyac duyulur. Erməni yalanları ilə kollektiv mübarizə aparılmalıdır. Bütövlükdə, erməni diaspor və lobbisinin fəaliyyətinin Ermənistan dövləti və onun vətəndaşları üçün müsbət nəticələnəcəyini düşünmürəm. Erməni diaspor və lobbisinin fəaliyyəti 44 günlük Vətən müharibəsi zamanı nəticəsiz qaldı, eləcə də post-müharibə dövründə də nəticəsiz qalacaq”.
Səxavət HƏMİD
XQ