Vaşinqton yaratdığı diplomatik qalmaqalla bağlı suala cavab verməkdən yayınıb
Son üç gündə gündəmi zəbt edən mövzu ilə bağlı qəzetimiz geniş məqalə dərc edib. Mövzu ABŞ-nin hərbi təyyarələrinin Ermənistana silah və canlı qüvvə daşıması ilə bağlıdır. Məsələ hələ də gündəmdədir. Erməni mediası da diplomatik qalmaqala çevrilməyə “namizəd” sayılan bu olaya özünəməxsus şəkildə aydınlıq gətirməyə çalışıb.
Xatırladaq ki, “Caliber.az” məlumat yayaraq bildirmişdi ki, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə Ermənistan silahlı qüvvələri üçün yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Qeyd olunur ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparır.
“Caliber.az”ın sorğusuna əsasən, erməlilərin “news.am” saytı məlum olayla bağlı ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinndən açıqlama alıb. Xanım səfir suala konkret cavab vermək əvəzinə yayılan məlumatın ətrafında diplomatikcəsinə söz oyunu quraşdırıb. Onun sorğuya cavab olaraq verdiyi açıqlaması iki cümlədən ibarətdir: “İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal tərəfdaş” birgə hərbi təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, gətirilmiş bütün ABŞ hərbi texnikası və şəxsi heyəti Ermənistanı tərk edib”.
Aydın məsələdir ki, ABŞ–Ermənistan birgə hərbi təlimləri iki müstəqil dövlət arasında ikitərəfli münasibətlərə bağlı mövzudur. Bunu oxucularının nəzərinə çatdıran sayt səfirin açıqlamasına münasibət bildirərək, tam haqlı şəkildə qeyd edir ki, onun yaydığı xəbərlə səfir Kristina Quinnin açıqlaması fərqli mövzulardır.
“Söhbət Ermənistana gizli yolla 2 hərbi təyyarədə silah-sursat daşınmasından getdiyi halda, səfirlik hansısa “təlimləri” şərh edib. Bu, bir daha onu göstərir ki, ABŞ səfirliyinin bu faktlar qarşısında deməyə sözü yoxdur. Bunu yalan, dezinformasiya adlandıra bilməyiblər. Üstəlik, silah daşınması ilə bağlı saytın yaydığı xəbərdə ABŞ səfirliyinin cavabında qeyd olunan birgə hərbi təlimlərdən qətiyyən bəhs edilməyib”.
Ardınca sayt olaya şərhində xüsusi vurğulayır ki, yuxarıda qeyd olunan silahların okeanın o tayından Ermənistana daşınması Azərbaycanı narahat etməyə bilməz. Yəni, belə məlum olur ki, biz hazırda sülhə nail olmaqdan danışır, sülh sazişini imzalanması üçün təkliflərimizi veririk, Ermənistan isə bölgədə yeni müharibəyə hazırlaşmaqla məşğuldur və Birləşmiş Ştatlar da ona kömək edir . Buna nə ad vermək olar? Ermənistan 30 il ərzində necə işğalçı ölkə olubsa, necə Qərbin və digər haypərəst ölkələrin maşası kimi özünü indiki acınacaqlı duruma salıbsa, yenə də, utanıb-çəkinmədən, həmin oyununu davam etdirməkdədir.
Həm hərbi, həm də diplomatik cəbhədə qalib Azərbaycan Cənubi Qafqazda hər zaman sülhün tərəfdarı kimi çıxış edib. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur. İntəhası, biz 50 nəfərə qədər erməni mənşəli amerikalı mütəxəssisin Ermənistana təşrif buyurmasından narahat olmaya bilmərik.
Bunları diqqətli izləyicilərin diqqətinə çatdıran sayt Vaşinqtonun Ermənistandan istifadə etməklə bölgədə özünün korporativ maraqlarını güddüyünü bildirir: “Gözlənilən İran–İsrail müharibəsi ərəfəsində ABŞ üçün Ermənistan kimi platsdarm lazımdır. Fəqət onun Ermənistanı silahlandırması tamam başqa məqsədi güdür. Burada artıq İran–İsrail müharibəsi bəhanəsi işə yaramır”.
Oxuculara onu da bildirək ki, səfirin açıqlamasından sonra saytın yaydığı məlumatda açıq mətnlə bildirib ki, onlarda İrəvanın “Zvartnots” hava limanına eniş edən ABŞ-nin hərbi-nəqliyyat təyyarələrinin fotoşəkilləri var. Əgər məlumatı təkzib etmək üçün növbəti cəhdlər olarsa, həmin fotoları ictimailəşdirəcək: “Biz ABŞ-nin Ermənistandakı səfirliyini verdiyimiz məlumatın mahiyyətini təhrif etmək cəhdlərini dayandırmağa, əvəzində Cənubi Qafqazda gərginliyin dərəcəsini xeyli artıran vəziyyətə aydınlıq gətirməyə çağırırıq”.
Maraqlıdır ki, olayla bağlı ABŞ-nin Azərbaycandakı səfirliyi susmağa üstünlük verib. Amma susan təkcə səfirlik deyil. Nədənsə, İran da bu məsələyə səssiz qalıb. Axı, burada söhbət okeanın o tayından göndərilən silah-sursatın, hərbi kontingentin Ermənistanın İranla sərhədində yerləşdirilməsindən gedir. ABŞ bununla həm də İran tərəfi üçün ciddi təhdidlər yaradır.
Rəsmi Tehranın bu olaya susqunluğunu başının Yaxın Şərqdə barıt qoxusunun gəldiyi son dərəcə gərgin durumla izah etmək mümkündür. İsraillə hərbi qarşıdurma vəziyyətində Tehrana Vaşinqtonla da münasibətləri tarıma çəkmək heç lazım deyil.
İ.HƏSƏNQALA
XQ