VI Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyası 78-ci sessiyasının sənədi kimi dərc olunub

post-img

1 “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyasının 78-ci sessiyasının sənədi kimi dərc olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü BMT-nin Baş katibinin çıxışlarında və bu təşkilatın rəsmi sənədlərində mədəniyyətlərarası dialoqa dair vacib qlobal təşəbbüs kimi yüksək qiymətləndirilib. Bu, Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikasının dünyada sülhə, əmin-amanlığa, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin beynəlxalq aləmdə təqdir olunmasının sübutudur.

Xatırladaq ki, Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən yüksək səviyyəli qonaqlar və mütəxəssislər iştirak ediblər. Forumda 4 plenar sessiya və aktual mövzularda 12 panel təşkil olunub. Forumun bir sıra panelləri Şuşada və Ağdamda da keçirilib.

Siyasət