Kremldən Azərbaycanın bədxahlarına tərs şapalaq
Azərbaycan Prezidenti İlham Əliyevin qonşu Rusiya Federasiyasına işgüzar səfərinin müddəti qısa olsa da, həm ölkələrarası münasibətlərin daha da inkişaf etdirilməsi, həm regional məsələlərin həllinə töhfə verilməsi, həm də beynəlxalq miqyaslı problemlərin müzakirəsi baxımından son dərəcə böyük əhəmiyyət kəsb edir. İnanırıq ki, bu səfər həm keçmiş Qarabağ münaqişəsinin tamamilə gündəlikdən çıxarılmasına zəmin yarada bilər, həm də Azərbaycanın sonuncu hədəfinə çatmasını – Zəngəzur dəhlizinin reallığa çevrilməsini yaxınlaşdırar.
Ancaq burada başqa məqamlar da var ki, səfər haqqında söz açarkən onları yada salmamaq mümkün deyil. Birinci, Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə görüşdə xatırlatdı ki, ölkələrimiz arasındakı indiki yüksək səviyyəli münasibətlərin təməlində ulu öndər Heydər Əliyevlə Vladimir Putinin qarşılıqlı inamı və bir-birinə etimadı dayanır. Biz jurnalistlər o illərdə – Vladimir Putinin 2001-ci ildə Bakıya səfəri barədə yazarkən deyirdik ki, Kremlin bu addımı – Heydər Əliyevin dəvətini cavabsız qoymaması Rusiyanın digər siyasətçilərinə dərs oldu. Belə deməyə haqqımız da var idi. Çünki Rusiyanın Putindən əvvəlki rəhbərləri işğalçı Ermənistana milyard dollarlıq (o illər üçün həmin rəqəm olduqca böyük məbləğ idi) silah-sursat hədiyyə etmişdilər. Vladimir Putin isə dəfələrlə deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.
İkinci, Vladimir Putin Azərbaycan Prezidenti ilə görüşdə 2001-ci ildən də çox-çox irəli gedərək xatırlatdı ki, BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam: “Onun atası, – bunu bütün BAM inşaatçıları yaxşı bilir, – Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində Baykal –Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi. Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi”.
Bu məqamda xatırladaq ki, keçmiş SSRİ-dən Rusiyanın ucqarlarında məhz Moskvaya miras qalan iki nəhəng iqtisadi layihə – daha doğrusu, mənbə var ki, onların birinin – Baykal– Amur Magistralının ərsəyə gəlməsində Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin, digərinin – Tümen neftinin tapılaraq çıxarılmasında Fərman Salmanovun xüsusi xidmətləri olmuşdur. Bu iki faktı Rusiyada hamı ehtiramla xatırlayır və həmin iki şəxsin adı daim uca tutulur.
Avropanın ən görkəmli siyasətçilərindən olmuş Uinston Çörçill deyibmiş ki, bəzən ölkələrarası münasibətlərdə hansısa fərdin nümunəsi bütöv siyasətin nəticəsindən səmərəli olur. Ötən il Rusiyada Ulu öndərin 100 illiyi ilə bağlı genişmiqyaslı və mötəbər tədbirlərin keçirilməsi də məhz həmin fərdi nümunəyə göstərilən etimadın təzahürü idi.
Xüsusilə vurğulamaq istədiyimiz üçüncü məqam isə prezidentlər Vladimir Putinlə İlham Əliyev arasındakı şəxsi dostluq münasibətlərinin daim qorunub saxlanılmasıdır. Biz bu münasibətləri Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması zamanı da gördük – iki ölkə liderinin qarşılıqlı anlaşma və qərarı regionda çox böyük əks-səda vermişdi – 44 günlük İkinci Qarabağ müharibəsinin sonunda imzalanmış üçtərəfli bəyanatın müddəalarına Moskva və Bakının böyük hörmətlə yanaşması zamanı da, sonrakı proseslərdəki qarşılıqlı hörmət və yüksək siyasi mədəniyyətin nümayiş etdirilməsi prosesində də.
Heç kəsin yadından çıxmayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanmışdı. O zaman özünü ekspert adlandıran bəzi qaragüruhçular vay-şivən qaldırırdılar ki, bu sənəd Azərbaycanın maraqlarına cavab vermir. O zaman “Xalq qəzeti”nin siyasi-analitik qrunun əməkdaşlarından biri bədxahlarımıza adıçəkilən sənədin 18-ci bəndini xatırlatmışdı. Orada deyilirdi: “18. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”.
O vaxtkı qaragüruhçulardan bu gün soruşuram: Azərbaycanın son iki ildə həyata keçirdiyi qətiyyətli addımların hansını göstərə bilərsiniz ki, bəyannamənin 18-ci bəndində öz əksini tapmamış olsun? Danışanda bir az ədalətli olmağınız yetər ki, xalqın gözündən düşməyəsiniz. O vaxt anlamamısınızsa, indi – ortada real nəticələr olanda anlayın ki, bütün uğurlarımızın əsas təməllərindən biri də Azərbaycanın xarici siyasətinin çoxistiqamətli olması, qonşu dövlətlərlə münasibətlərdə etibarlılıq, qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən addımların atılmasıdır.
Yuxarıda qeyd etdik ki, dövlət başçımızın bu səfəri çərçivəsində şahidi olduğumuz faktlar bədxahlarımıza endirilən tərs şapalaq kimi qiymətləndirilə bilər. Bu şapalaqdan Fransa başda olmaqla Avropadakı anti-Azərbaycan qüvvələrə də pay düşür, ABŞ-ın dövlət siyasətinə təsir göstərməyə çalışan ermənipərəst qüvvələrə də, regiondakı və ölkəmizdəki qaraqəlbli insanlara da.
Ekspertlərin fikrincə, bu səfərin hələ Qərbdə özünə yer eləməmiş Rusiya ilə əməkdaşlığı kortəbii şəkildə pozmuş Ermənistanın Moskva əleyhinə təbliğatlar aparması fonunda reallaşdırılmasının da xüsusi əhəmiyyəti var. Çünki Qərbdə hamı Azərbaycanın dostluq və tərəfdaşlıqda sədaqətli olduğunu daha yaxşı gördü. Ağ evdə inanırlar ki, Azərbaycan Kremllə olan tarixi münasibətlərinə sədaqət nümayiş etdirirsə, deməli, gələcəkdə ABŞ-la olan dostluqdan da imtina etməyəcək. Qərb ölkələrində hamıya gün kimi aydındır ki, bəzi Qərb dövlətlərinin qeyri-dost münasibətlərinə baxmayaraq, ümumilikdə rəsmi Bakının Qərblə də münasibətləri normaldır. Bu da ağıllı, məntiqli siyasətin tərkib hissəsidir. Azərbaycan bütün tərəfdaşlar, xüsusilə də qonşu ölkələrlə qarşılıqlı hörmətə əsaslanan münasibətləri inkişaf etdirir.
Bəs Ermənistan neylədi? Ordan–burdan yığışıb gəlmiş hay qəbilələrinə Cənubi Qafqazda dövlət yaratmaq imkanı vermiş və yüz illər boyu onları himayə etmiş Rusiyaya təpik atdı, nankorluq etdi, xəyanət törətdi. Bəs Qərb bunları görmədi? Gördü, görür və bundan sonra daha yaxşı görəcək.
İttifaq QAÇAYEV