KTMT: Qərb Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialından istifadə edir

post-img

Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı ilə İrəvan arasında postmünaqişə dövründə nizamlanmaya təsir göstərməyə çalışır. Bunu fevralın 14-də KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov deyib. Məlumatı “İzvestiya.ru” verib. 

“Ermənistanın təşkilata üzv olmasına baxmayaraq, kənardan gələn cəhdlər postmünaqişə nizamlanmasının formatına təsir etməkdə davam edir”, - deyə o, “Sputnik Belarus” portalının yayımladığı brifinqdə deyib.

Serdyukov deyib ki, ayrı-ayrı dövlətlər Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə və Xəzər dənizinin resurslarına çıxış əldə etməyə çalışırlar. Bunun üçün onlar Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialından istifadə edirlər.

Fevralın 13-nə keçən gecə Azərbaycan Dövlət Sərhəd Xidməti “cavab əməliyyatı” elan edib, nəticədə Ermənistan silahlı qüvvələrinin döyüş postu məhv edilib, İrəvan 4 hərbçinin həlak olduğunu bildirib. Azərbaycan bunu fevralın 12-də Ermənistan hərbçilərinin hücumuna cavab adlandırıb, nəticədə Bakının məlumatına görə, ölkənin dövlət sərhəd xidmətinin bir hərbçisi yaralanıb.

Bundan əvvəl, fevralın 1-də Ermənistanın baş naziri Nikol Paşinyan vurğulamışdı ki, ölkənin keçmiş Ermənistan SSR sərhədləri daxilində öz ərazisini müdafiə etmək üçün döyüşə hazır ordusu olmalıdır. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, İrəvanla Bakı arasında sülh Ermənistan konstitusiyasına dəyişikliklər edildikdən sonra mümkün olacaq.

Hələ 2023-cü il oktyabrın 5-də Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyannamə imzalayıb. Buraya Qarabağ da daxildir. Bu, 2023-cü ildə münaqişənin kəskinləşməsindən sonra, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağa nəzarəti bərpa edərək, Ermənistan hərbi qulluqçularının oradan tamamilə çıxarılmasını tələb edəndən sonra baş verib. Ertəsi gün tərəflər hərbi əməliyyatların tam dayandırılması barədə razılığa gəliblər.

Sentyabrın sonunda qondarma "Dağlıq Qarabağ Respublikası" rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən onun fəaliyyətini dayandırdığı barədə fərman imzalayıb.

P.ƏMİRCANOV

XQ

Siyasət