Ceyhun Bayramov: Sülh prosesi ilə bağlı builki nəticələri nəzərə alaraq, Azərbaycan 2024-cü ilə nikbin baxır

post-img

Sülh prosesi barədə danışarkən, mühit çox önəmlidir. Ona görə də hər hansı müsbət irəliləyiş ümumi prosesə yaxşı mənada təsir edə bilər.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu mənada, dekabr ayında baş vermiş inkişaf ciddi etimad quruculuğu tədbiri kimi hesab edilə bilər. Bunun önəmi ondan ibarətdir ki, proses iki ölkə arasında vasitəçi olmadan baş verdi. Noyabrda delimitasiya üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi də müsbət inkişaf kimi qiymətləndirilməlidir.

“2023-cü ilin sonunda müəyyən müsbət nəticələr qazanılıb. Bizi məmnun edən məqam ondan ibarətdir ki, bütün bunlar birbaşa təmas nəticəsində əldə edilib. Azərbaycan tərəfi bu nəticələri nəzərə alaraq 2024-cü ildə hadisələrin inkişafına nikbin baxır. Öz tərəfimizdən təbii ki, legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüquq əsas götürərək üzərimizə düşən müsbət münasibəti göstərməyə davam edəcəyik”, - deyə C.Bayramov əlavə edib.

Siyasət