İran Prezidenti Paşinyana nə deyib?

post-img

Yaxud İrəvan–Tehran qəfil telefon təmasına sözardı

Ermənistanın baş naziri Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Böyük ehtimalla, təmas birincinin istəyi ilə gerçəkləşib. Adətən, qarşı tərəf təşəbbüs göstərəndə, erməni baş nazirin aparatı bunu xüsusi vurğulayır. Ancaq indi belə bir hal yoxdur. 

Bəli, indiki həssas məqamda Paşin­yanın Rəisi ilə telefon danışığına ehti­yac duyması maraq doğurmaya bilməz. O da maraqlıdır ki, onların arasındakı söhbətlə bağlı İran və Ermənistan tərə­findən yayılmış məlumatlar fərqlidir. Ermənistanın məlumatı kiçik həcmlidir, ümumi xarakter daşıyır və orada yal­nız ölkələrin liderlərinin İrəvan–Tehran münasibətlərini müzakirəyə çıxardığı vurğulanır. Ancaq İran Prezidentinin mətbuat xidmətinin açıqladıqları, kifayət qədər, detallı təsir bağışlayır və hiss olunur ki, tərəflər müzakirə dairəsini ge­niş götürüblər. 

İran və Ermənistan liderlərinin nəzərdən keçirdikləri mövzulardan bi­rincisi Cənubi Qafqazda kommunikasi­yaların açılmasıdır. İslam respublikası­nın lideri bildirib ki, Tehran regiondakı dövlətlərin suverenliyinə və ərazi bütöv­lüyünə hörmət prinsipi əsasında möv­cud istiqamətdə atılacaq istənilən addı­mı dəstəkləyir. Əlbəttə, İran hər zaman eyni mövqedə olub.

Yəni, hazırda Rəisinin diqqətə çat­dırdıqlarında təəccüblü nə isə yoxdur. Təəccüblü olan İran Prezidentinin yuxarıda diqqətə çatdırdığımız fikirlə­rini Ermənistan hökumətinin iki ölkə, eləcə də region ölkələri arasında avto­mobil və dəmir yolu əlaqələrini inkişaf etdirmək planına cavab xüsusunda səsləndirməsidir. Sual olunur: hazırda hansı səbəbdən regional kommuni­kasiyaların açılmasına maneçilik var? Əlbəttə, başlıca maneə Azərbaycanla Ermənistan arasında sülh mühitinin is­tisna təşkil etməsidir. Bəs, sülhə imkan verməyən hansı tərəfdir? Birmənalı qaydada demək olar ki, Ermənistan!

***

Regional kommunikasiyaların açıl­ması dedikdə, gözlər önündə Azər­baycanın digər ərazilərini Naxçıvanla birləşdirən quru yolu canlanmaqdadır. Ölkəmizin mövcud xüsusdakı mövqe­yi bundan ibarətdir ki, sözügedən yolun açılmasında Ermənistanın əra­zi bütövlüyü və suverenliyi ilə bağlı hər hansı problem yoxdur. Başlıca məqam həmin marşrutun “Azərbay­candan Azərbaycana asan yol” mən­tiqini rəhbər tutmasıdır. Yəni, prinsip ondan ibarətdir ki, orada gömrük-ke­çid, sərhəd-nəzarət məntəqəsi olma­sın. Bu, Bakının tələbidir. Bakı həm də ona görə mövqeyində israrlıdır ki, Ermənistanın 10 noyabr 2020-ci il ta­rixli üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlik var. Əgər İrəvan öhdəliyini yerinə yetirmək istəmirsə, Azərbaycan Naxçıvana yolun İrandan keçməsinə razıdır və Prezident İlham Əliyevin də bildirdiyi kimi, bununla əlaqədar Tehranla müvafiq razılaşma əldə olunub. 

***

Onu da nəzərə alaq ki, Ermənista­nın Qərbdəki dəstəkçiləri Naxçıvana yolun Ermənistan ərazisindən keç­məsində təkidlidirlər. Onlar ölkəni təc­riddən qurtarmağı və gücləndirməyi düşünürlər. Bu səbəbdən də Bakıya mövcud istiqamətdə təzyiq göstər­mək cəhdləri var. Belə bir anlaşılmaz mövqe tutanlar Azərbaycanın müstəqil əsasda verdiyi qərarın, yəni Naxçıvana yolun Ermənistandan deyil, İran ərazi­sindən keçmək preambulasını qəbule­dilməz sayırlar. Fikirlərini isə təxminən bu cür əsaslandırırlar: Tehrana nəfəslik vermək olmaz!

***

Bəli, İranın nəfəsini kəsmək istəyənlərin kiçik səngərində yer alan İrəvan rəsmilərinin Tehranı öz tərəf­lərinə çəkmək, yaxud da onu Bakıya qarşı qaldırmaq istəmələri mümkün­dür. Təsadüfi deyil ki, bir sıra ekspertlər Paşinyanın Rəisiyə qəfil telefon zəngi­ni məhz mövcud prizmadan dəyərlən­dirirlər. Bəs, Ermənistanın istəyinə nail olması nə dərəcədə mümkündür?

Əvvəla, İran–Ermənistan münasi­bətləri hər nə qədər rəvan müstəvidə olsa da, birinci ikincinin hansı “sular­da üzdüyünü” bilməmiş deyil. Digər tərəfdən, ümumən Tehranın Cənubi Qafqazın qlobal tranzit əhəmiyyətinin vurğulanmasını rəhbər tutan layihələri dəstəkləməsi şübhəsizdir. Həm də ona görə şübhəsizdir ki, bu layihələr onun özü üçün də iqtisadi baxımdan sərfəli­dir. Ancaq İran elə ölkədir ki, onu yalnız iqtisadi fayda ilə hansısa təşəbbüsə cəlb etmək, şirnikləndirmək mümkün­süzdür. Tehranın rəsmi elitası, eləcə də siyasi dairələri iqtisadi fayda amili ilə siyasi mənfəət paradiqmasını vəh­dətdə tutmağı bacaracaq, hər məqamı hesablayacaq qədər tədbirlidirlər. 

Nəzərə alsaq ki, Cənubi Qafqaz İran üçün oturuşmuş siyasi mahiy­yət daşıyır, bu mənada Rəisinin böl­gə ölkələrinin ərazi bütövlüyündən və suverenliyindən söz açması, həm də onların işlərinə kənardan müdaxilə­nin yolverilməzliyinin vurğulanmasıdır. “İran İslam Respublikasının Qafqaz­la bağlı xarici siyasəti müəyyəndir və elə etmək lazımdır ki, Qafqaz region­dankənar ölkələrin rəqabət meydanına çevrilməsin və onun məsələləri kənar şəxslərin müdaxiləsi olmadan, region ölkələrinin özləri tərəfindən həllini tap­sın”, – deyən İran Prezidentinin sözləri də fikrimizin təsdiqidir.

Deməli, indi məlum olur ki, nə üçün Ermənistanın baş nazirinin aparatı İslam respublikasının rəhbəri ilə tele­fon danışığı barədə kiçik məlumatla kifayətlənib. Müvafiq surətdə düşün­mək mümkündür ki, Paşinyan Rəisi ilə söhbətdə sərfəli nəticə əldə etməyi ba­carmayıb. Necə bacarsın? Axı, Ermə­nistan öz sərhədinə Avropa İttifaqının sayı, az qala, hər kvartalda artırılan müşahidə missiyasını yerləşdirib, ABŞ hərbçiləri ölkənin ordusunda təlim­lər keçirir. Hələ Fransa amili də var. Ümumən kollektiv Qərbin İranın bir ad­dımlığında “lövbər salması” ölkəyə qə­tiyyən sərfəli deyil.

***

Bəli, bütün bunlara görədir ki, “Re­gion region ölkələri üçündür” prinsipini əsas tutan İran özünün dövlət başçı­sının şəxsində Ermənistanın liderinə “3+3” platformasından söz açıb və bil­dirib ki, mövcud platforma regional mü­nasibətlərin və əməkdaşlığın möhkəm­ləndirilməsi, eləcə də region ölkələri arasında münasibətlərin tənzimlənmə­si istiqamətində konstruktiv mahiyyət daşıyır. 

Yeri gəlmişkən, Prezident İ.Rəisi Paşinyanla telefon danışığı zamanı “3+3” platformasının bir müddət əv­vəl Tehranda gerçəkləşmiş toplantı­sından da bəhs edib. Məlum olduğu kimi, həmin toplantıda İranla yanaşı, Azərbaycanın, Türkiyənin, Rusiyanın və Ermənistanın xarici işlər nazirləri iş­tirak etmişdilər. O da diqqət çəkmişdi ki, erməni XİN rəhbəri Ararat Mirzoyan görüşə könülsüz, sırf İranda qıcıq do­ğurmamaq üçün qatılıb. 

Qeyd edək ki, Tehran toplantısın­da Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla A.Mirzoyanın qısa təma­sı da baş tutmuşdu. Bu qarşılaşmanın elə bir ciddi əhəmiyyətinin olmadığını isə Ermənistanın yaydığı məlumat təsdiqləmişdi. Ölkənin baş xarici si­yasət idarəsindən bildirilmişdi ki, “3+3” İrəvan–Bakı münasibətlərinin, ümumən Ermənistan–Azərbaycan nizamlamasının müzakirəyə çıxarıl­dığı platforma ola bilməz. Nə üçün? Səbəb çox sadədir. Ermənistan Qər­bin vasitəçiləri olmadan keçinə bilmir. Habelə, baş nazir N.Paşinyan nəinki ölkəsinin Azərbaycanla münasibətlə­rinə, eləcə də Cənubi Qafqaza xarici oyunçuların cəlbini əsas götürmək­dədir. O oyunçuların ki, onlar prinsip etibarilə həm İrana, həm Rusiyaya qarşı barışmaz mövqedədirlər. Üstə­lik, Azərbaycanın daxili işlərinə, o cümlədən İranla ikitərəfli münasibət­lərinə müdaxilə etmək əzmindədirlər. Onlar, həmçinin, Türkiyəyə münasi­bətdə də konsturktiv mövqe tutmur­lar. Bütün bunların fonunda İ.Rəisinin N.Paşinyana, hətta “ağıllı ol” mesa­jını verdiyini bildirmək mümkündür. Nikol ağıllı olacaqmı, bunu əlahəzrət zaman göstərəcək. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət