Hakan Fidan: Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını arzu edirik

post-img

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə Ermənistan arasında tarixi sülh imkanı daha da güclənib. İki ölkə arasında etimadı artıran konkret addımların atılması qərarını alqışlayır, sülh sazişinin tezliklə imzalanmasını arzu edirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı ifadə edib.

Hakan Fidan deyib: “Biz, qardaş Azərbaycanla müttəfiqlik səviyyəsinə qaldırdığımız münasibətlərimizi hər sahədə daha da inkişaf etdiririk. İşğaldan azad edilmiş torpaqların yenidən qurulması və dirçəldilməsinə dəstək veririk”.

Türkiyə ilə Ermənistan arasında başladılan normallaşma prosesini regional hadisələri nəzərə alaraq, Azərbaycanla sıx koordinasiya olunaraq davam etdirəcəklərini bir daha vurğulayan Hakan Fidan deyib: “Bəzi üçüncü ölkələrin 1915-ci il hadisələri ilə bağlı əsassız iddiaları qızışdırıb yenidən gündəmə gətirməsi normallaşma prosesini baltalayır. Bu ölkələr Ermənistana yaxşılıq etmir. Cənubi Qafqazda Azərbaycanla birlikdə təşəbbüsçüsü olduğumuz 3+3 Regional Əməkdaşlıq Platforması çərçivəsində ilk dəfə Tehranda xarici işlər nazirləri səviyyəsində görüş keçirildi. Növbəti iclas 2024-cü ildə Türkiyədə keçiriləcək. İran Prezidenti Seyid İbrahim Rəisi bu yaxınlarda Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası münasibətilə ölkəmizə səfər edəcək”.

“Prezidentimizin səyləri ilə inkişaf edən Türk Dövlətləri Təşkilatının dünya miqyasında təsiri getdikcə artır. Biz bu təşkilatı təhlükəsizlikdən iqtisadiyyata qədər hər sahədə hərtərəfli inteqrasiya modelinə çevirməyi hədəfləyirik.

Biz, həmçinin Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistanla bütün sahələrdə ikitərəfli əlaqələrimizi daha da inkişaf etdiririk. Digər tərəfdən, regional əlaqəni gücləndirmək səylərimiz çərçivəsində Şərq-Qərb Dəhlizini effektiv marşruta çevirməyi hədəfləyirik. Azərbaycan və Türkmənistan təbii qazının ölkəmiz vasitəsilə Avropaya nəql edəcək layihələrin hazırlanması istiqamətində işimizi davam etdiririk. Bolqarıstan, Macarıstan və Rumıniya ilə imzaladığımız təbii qaz tədarükü sazişləri Avropanın enerji təchizatı təhlükəsizliyinə verdiyimiz töhfələrin digər konkret nümunələridir”,-deyə nazir bildirib.

Siyasət