Milli özünüdərk, özünəqayıdış günü

post-img

Kamal ABDULLA,
akademik,
Xalq yazıçısı 

Siyasi dairələrdə həmişə belə bir fikir dolaşır: “Müharibə, ən kobud siyasətdir”. Haqq deyimdir. Bəşər tarixi boyunca müharibə adı insan leksikonuna dağıdıcı, məhhvedici amil kimi daxil olmuş, viranəliklə sinonim kimi səslənmişdir. Müharibə daim anaların göz yaşları, körpələrin hıçqırığı, insan ah-naləsi və fəryadı ilə izlənmişdir. 

Amma müharibələr var ki, sülh na­minə aparılır, haqqa, ədalətə söykənən bəşəri əmin-amanlığa, azadlığa, milli dir­çəlişə xidmət edir. Azərbaycanın erməni işğalçılarına qarşı apardığı müharibə də belə müqəddəs mahiyyət daşımış, cə­miyyətə insanların dərk edə bilmədiyi mənəvi və nurani həzz gətirmişdir. Bu, müharibə deyildi, müqəddəs cihad idi. Öz milli varlığı, heysiyyəti, əzabkeş bir xalqın sındırılmış qüruru, təhqir edilmiş mənəvi varlığı uğrunda aparılan şərəfli mücadilə, ən nəhayət, bu, qədim bir xalqın, əsrlər boyunca ədalətə və haqqa sığınan bir millətin Vətən uğrunda, doğma torpaq, yurd, qədim əraziləri naminə, ən son anda öz torpaqlarında, bununla yanaşı, qonşu diyarlarda sülh və əminamanlıq uğrunda fasiləsiz mübarizəsi idi. 

Azərbaycan xalqı tarixən keşməkeşli həyat yaşamışdır. Sülhpərvər, ədalətli, naqislikdən, pisliklərdən uzaq olduğu halda, zaman-zaman özü arzuolunmaz ictimai-siyasi bəlalara tuş gəlmişdir. Hər cəhətdən kamil və qüsursuz bir toplum kimi Azərbaycan xalqı əsrlər boyunca bütün millətlərə, dövlət və ölkələrə tole­rant münasibət bəsləmiş, öz sülhsevər, xoşməramlı, multikultural düşüncələrlə öz qonşuları ilə dinc-yanaşı yaşamışdır. Lakin tarix boyu zaman-zaman basqın­lar görmüş, təcavüzə məruz qalmış bir xalq, millət kimi əsrlər boyunca ağ­rı-acılardan keçmişdir. Xalqımızın ən məşəqqətli taleyi isə ermənilərlə qonşu­luqdan başlamışdır. Ermənilər zəhərli bir ilan kimi içimizə girmiş, ictimai-siyasi hə­yatımıza daim narahatlıqlar gətirmişlər. Niyyəti naqis olan ermənilərin əməlləri də şər-böhtan, şantaj və şovinizm üzə­rində qurulmuşdu. Əsrlər boyu davam edən bu məkr və hiyləyə, ən nəhayət, 2020-ci ildə 44 günlük qələbə müjdəli müharibə ilə son qoyuldu. 

Torpaqlarımızın işğaldan azad olun­ması uğrunda sentyabrın 27-dən baş­lanan zəfər yürüşümüz tez bir zaman­da – 44 gün ərzində yekunlaşdı. Dağlıq Qarabağ da daxil olmaqla, zəbt edilmiş torpaqlarımızın işğaldan azad olunması Azərbaycan xalqının tarixinə parlaq bir səhifə kimi yazıldı. Orta əsrlərdən bəri itirə-itirə gəldiyimiz torpaqlarımız ilk dəfə olaraq geri qaytarıldı. Azərbaycan hələ Ulu öndərin hakimiyyəti illərindən ermə­ni təcavüzü ilə intensiv mübarizə aparır, beynəlxalq güclərin təsir qüvvəsindən istifadə edərək hər vəchlə erməni işğal­çılarını neytrallaşdırıb Azərbaycan tor­paqlarını xilas etmək yollarını arayırdı. Ulu öndər Qarabağın azad ediləcəyinə həmişə inanmış və bunu dönə-dönə vur­ğulamışdır: “Biz Qarabağa qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır”. 

Ümummilli lider Heydər Əliyevin ha­kimiyyəti dövründə son anda torpaqların azadlığı uğrunda ədalətli müharibənin qaçılmazlığı planı mövcud idi. Lakin bu planı Azərbaycan Respublikasının Pre­zidenti, müzəffər Ali Baş Komandan, Ulu öndərin “özü qədər inandığı, gələcəyinə böyük ümidlər bəslədiyi” İlham Əliyevin qətiyyəti, sonsuz mətanəti və sərkərdəlik məharəti ilə Azərbaycanın xilaskar Ordu­su həyata keçirdi. Bu qələbə Ali Baş Ko­mandanın ətrafında xalq və ordu birliyinin unikal nümunəsinə çevrildi. 

Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyev müharibədən öncə dünya dövlətləri, güc mərkəzləri ilə si­yasi dialoqu genişləndirdi, qələbəyə dip­lomatik zəmin hazırladı. Onun çoxsaylı mətbuat orqanlarına, internet saytlarına verdiyi müsahibələr düşməni siyasi və diplomatik cəhətdən tərksilah etməyin nəzəri bünövrəsini qoydu. İlkin mənada 44 günlük müharibənin taleyi ideoloji zə­mində həll edildi. Hər saatı, hər dəqiqəsi gərgin siyasi mübahisə və ikili standartla­ra xidmət edən bəzi mətbuat nümayən­dələri ilə, hətta, münaqişə səviyyəsinə gəlib çatan polemikalarda, cənab İlham Əliyevin qələbəsi ilə başa çatan debat­larda Azərbaycan öncə informasiya mü­haribəsində qələbə çaldı. İlham Əliyev bu debatlarda siyasi lider kimi mübarizlik rəmzinə çevrildi. 

Vətən müharibəsi tarixə Azərbay­can xalqının qürur və iftixar simvolu kimi düşdü. İlham Əliyevin 17 illik hakimiyyəti dövründə, səylə, cəsarətlə, iradi qüvvə ilə hazırlanan planlar, təxminən, 30 illik işğala son qoydu, erməni vandallarının torpağımızdan təmizlənməsini təmin etdi. Bu qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə təsdiq edildi və mümkünsüz görünən bir vəzifə həyata keçirildi. 

Bu qələbənin qazanılmasında daxili və xarici amillərin kompleks həlli, bütün resursların qələbəyə yönəldilməsi son anda uğurlu nəticəni təmin eləyən amil­lərdən birinə çevrildi. Qardaş Türkiyənin, onun prezidenti R.T.Ərdoğanın qətiyyətli mövqeyi, Azərbaycanın həmişə yanın­da olduğunu nümayiş etdirməsi bu tarixi qələbənin əldə edilməsində siyasi qa­ranta çevrildi. Azərbaycan Prezidentinin digər dövlət rəhbərləri və siyasi elitası ilə, xüsusən Rusiya Federasiyasının rəhbər heyəti ilə tarazlaşdırılmış siyasi xətt yü­rütməsi Azərbaycanın qələbəsində böyük rol oynadı. Bir sözlə, cənab Prezidentimiz İlham Əliyev müharibə dövründə, ondan əvvəlki illərdə, sonrakı proseslərdə uzaq­görən siyasi addımlar atmaqla respublika­nı lüzumsuz siyasi şantajlardan, diploma­tik hədələrdən qurtardı, onun haqq işinin bütün dünya miqyasında, beynəlxalq təş­kilatlarda birmənalı şəkildə qəbul edilmə­sinə zəmin yaratdı. 

Bu qələbənin qazanılmasında Azər­baycan cəmiyyətində bərqərar olmuş to­lerantlıq, ölkədə “dövlət siyasəti və həyat tərzinə” çevrilmiş multikultural düşüncə tərzi də böyük rol oynamışdır. Azsaylı xalqların döyüşlərdə verdiyi şəhidlər çox vaxt titul xalqın şəhidlərinə bərabər sayda olurdu. Bu döyüşlər zamanı kimin hansı kənddən, hansı şəhərdən, hansı eldən-o­badan olması, hansı millətə mənsubluğu soruşulmurdu. Döyüşdə hamı azərbay­canlı idi, hamı Azərbaycan vətəndaşı kimi vuruşurdu. Bu, qələbəni təmin edən mənəvi birliyin, monolitliyin yaranmasına səbəb olan başlıca amillərdən idi.

Müharibənin ilk günlərindən Azərbay­can Ordusu zorakılıqdan uzaq, düşünül­müş, ağla, zəkaya söykənmiş, müasir texnika və texnologiyalardan istifadə edərək, ədalətli müharibə aparmış, dö­yüş vaxtı ancaq hərbi obyektləri hədəfə almış, dinc əhaliyə zərər vurmamışdır. Düşmənin illərdən bəri möhkəmləndi­rilmiş səngərləri, sədləri və istehkam­ları bir göz qırpımında aşılıb keçilmiş, müasir döyüş taktikalarının görünmə­miş nümunələri tətbiq edilmişdir. Prezi­dent İlham Əliyev döyüşləri xarakterizə edəndə Azərbaycan Ordusunun müasir texniki vasitələrdən bacarıqla istifadə et­məsini, müharibənin gedişində humanist hərəkətlər nümayiş etdirməsini xüsusi vurğulamışdır: “Bu gün Azərbaycan Or­dusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə, o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Azərbay­can 44 gün ərzində parlaq Qələbə qaza­naraq, Ermənistanı məğlub etdi, işğala son qoydu. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kənd­lər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyul­sun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın… Buna nail olduq. Bizim şanlı ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir”. 

Vətən müharibəsnin dönüş nöqtələri, mühüm mərhələləri, qələbənin təminatın­da həlledici rol oynamış döyüş səhnələri xüsusi diqqətə layiqdir. Şuşa qalasının, Şuşa şəhərinin azad edilməsi bu məna­da ciddi əhəmiyyətə malik hadisə idi. Bu, demək olar ki, müharibənin taleyini həll edən amilə çevrildi. Ulu öndər təsadüfən demirdi: “Şuşasız Qarabağ, Qarabağ­sız Azərbaycan yoxdur”. Şuşa uğrunda mürəkkəb və cəsarətli döyüş səhnələri, həqiqətən də, dünya hərb tarixinin misil­siz bir səhifəsini təşkil edir. Təsadüfi de­yildir ki, Prezident İlham Əliyev bu döyüş haqqında xüsusi fəxarətlə danışır, onun hərbi-siyasi məziyyətlərini çox yüksək qiymətləndirir: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Or­dumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şu­şanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xü­susi yer tutacaq. Çünki bu əməliyyatı bi­zim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”. 

Şuşaya diqqət, Şuşaya həssas ya­naşma, qayğı və canyananlıq təsadüfi deyil. Şuşa Qarabağın baş tacıdır, elm, mədəniyyət mərkəzidir, Azərbaycanın etnoqrafik muzeyidir, folklor yaddaşıdır. Azərbaycanın varlığı, həm də Şuşadan keçir. Şuşanın azad edilməsi Ulu öndə­rin ən ülvi arzularından biri idi. Təsadüfi deyil ki, İlham Əliyev Şuşa azad olunduq­dan dərhal sonra ilk hesabatı Ulu öndərin məzarı başında verdi: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdik. Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözü­nüz aydın olsun, dünya azərbaycanlıları!” 

Şuşa öz tarixi missiyasını yenidən lə­yaqətlə yaşayır. Beynəlxalq tədbirlərə ev sahibliyi etmək, müxtəlif mədəni-kütləvi yığıncaqların mərkəzinə çevrilmək onun yeni beynəlxalq statusuna aiddir. Şuşa az bir müddətdə sürətli inkişaf yoluna qədəm qoyub, əsl müasir, modern şəhər siması­nı almağa başlayıb. Şuşa bu gün bütün mədəni dünyanın diqqət mərkəzində olan bir şəhər kimi sivilizasiya mərkəzinə çev­rilməkdədir. Bu, cənab Prezidentimizin xü­susi diqqət və qayğısı ilədir. 

Müharibə qansız-qadasız ötüşmür. İstər ədalətli, istərsə də işğalçılıq mühari­bəsi olsun, hər biri öz izlərini dağıntılarla, itkilərlə, qan-qada ilə qoyur. Vətən müha­ribəsində Azərbaycanın itkiləri az olmadı. Şəhərlər, kəndlər dağıldı, evlər-eşiklər viran qaldı, yüzlərlə insan qaçqın halın­da öz yurd-yuvasından didərgin düşdü, genefondumuza zərbə dəydi, gələcəyin neçə-neçə qurucusu öz canı ilə hesabat verib şəhidlik zirvəsinə qovuşdu. Bunlar artıq tarixdir. Amma itkilərimizə baxma­yaraq, biz qürur mənbəyimiz olan ərazi bütövlüyümüzü təmin etdik, xalqımızın milli mənliyini özünə qaytardıq. 

Vətən müharibəsi dövründə torpaqla­rımızın azad edilməsində, ərazi bütövlü­yümüzün bərpasında müəyyən kəm-kə­sirlər qalmışdı. Qarabağ torpaqlarının müəyyən bir hissəsinə hələ də erməni silahlı dəstələri nəzarət edirdi, Xankəndi separatizm yuvası kimi fəaliyyət göstə­rirdi. Bu mərhələ də cari ilin sentyabr ayında keçirilən birgünlük lokal antiterror əməliyyatı ilə başa çatdı, ölkəmizin suve­renliyi, Konstitusiya hüququ tam bərpa edildi. Yenə də Ali Baş Komandanın qə­tiyyəti, cəsarəti, şəxsi təşəbbüsü Qələbə­ni təmin etdi. O, yenə də bəzi şəkkaklara ustad dərsi keçdi, “nəyin nə zaman həll edilməsini yaxşı bildiyini” bir daha sübut etdi. 

Biz bu gün qalib xalq olaraq yaşayı­rıq. Qalibiyyətin dadı şirindir, ruhlandı­rı-cıdır, qürurvericidir. Lakin biz lovğa­lanmırıq, bu qalibiyyətimizdən, heç də sui-istifadə etmirik. Bu gün biz yenə də sadə arzularla sülh, əmin-amanlıq, sakit­lik, dinc quruculuq haqqında düşünürük, bütün Cənubi Qafqazda sülhün qarantı kimi çıxış edirik. Biz Ermənistana bütün bu qanlı olaylardan sonra yenə də sülh təklifləri edirik. Lakin bütün bunlara rəğ­mən, Ermənistan yenə də müxtəlif si­yasi manipulyasiyalarla manevrlər edir, sülh danışıqlarından yayınır, revanşist hərəkətlərlə bölgədə çaxnaşma salmaq­da meyilli olduğundan əl çəkmir. Cənab Prezident İlham Əliyev bu istiqamətdə beynəlxalq səylərini bu gün də əsirgəmir, Vətən müharibəsinin sülh müjdəsini real­laşdırmaq üçün əlindən gələni edir. Bu, bütünlükdə Azərbaycan dövlətinin, bütün azərbaycanlıların istəyidir. 

Hamımızın qürur duyduğumuz Zəfər Günümüz mübarək! Bu, bizim milli qürur günümüzdür, milli ləyaqətimizin günüdür, milli özünüdərk, milli özünəqayıdış günü­müşdür!

Siyasət