Günahsız kimdirsə, daşı o atsın!

post-img

REPLİKA

 

Dindarlar zina edərkən ələ keçirilən bir yəhudi qadını daşlayıb öldürmək tələbi ilə onu İsa peyğəmbərin (ə.) yanına gətirirlər. Adamların konkret məqsədləri olur: Əgər İsa peyğəmbər qadını xilas etsə, deməli, Həzrəti Musanın (ə.) qoyduğu qanunlara qarşı çıxmış olacaqdı. Beləliklə, Həzrəti İsa əvvəlki peyğəmbərə hörmətsizlikdə günahlandırılacaqdı. Qadın ölümə məhkum ediləcəyi təqdirdə isə xristianlığın mərhəmət fəlsəfəsi puç olacaqdı. Bu cür dolaşıq durumda arxası ondan cavab gözləyən və hayküy qoparan insan selinə doğru dayanmış İsa peyğəmbər (ə.) belə deyir: “Birinci daşı aranızda ən günahsız kimdirsə, o atsın!”... 

***

İran Prezidenti İbrahim Rəisi bildirib ki, İsraili dəstəkləyən bütün dövlətlər fələstinlilərəqarşı cinayətin iştirakçılarıdır. Əlbəttə, cənab Rəisi bu fikirləri söyləyərkən, əsasən ABŞ üzərinə fokuslanır. Yəni, İranın ənənəvi anti-Amerika xəttinə yeni çalarlar gətirir. Özlüyündə isə belə bir bəyanatı səsləndirmək 

son dərəcə böyük məsuliyyət tələb edən addımdır. 

 

İran İsrail adlı dövlətin mövcudluğunu, ümumiyyətlə, qəbul etmir. Bir halda ki, beynəlxalq idman yarışlarında israilli atletlərlə üzləşən iranlılar görüşlərə çıxmaqdan imtina edirlər, deməli, Tehranın Tel-Əviv əleyhinə təbliğatının alt qatları daha dərindir. Hər halda, bununla bağlı mübahisə etmək niyyətində 

deyilik. İranın İsraildən xoşu gəlir, ya gəlmir,  məsələnin Azərbaycana böyük ölçüdə dəxli yoxdur. Hərçənd, ümumən sülh tərəfdarı olan ölkəmiz istəyər ki, dünyada barış mühiti formalaşsın və həmin mühitdə İsraillə İran da birgə təmsil olunsunlar. 

 

Əlbəttə, arzu və istəklər çox vaxt reallıqla uzlaşmır. Ona görə mətləbdən uzaqlaşmayaraq və az əvvəl diqqətə çatdırdıqlarımıza nəzərən bildirək ki, hazırda İran İslam  Respublikasının lideri üçün bu cür bəyanat vermək çox asandır. Deyə bilmərik ki, cənab 

Rəisinin düşüncəsində Azərbaycan İsraili dəstəkləyən ölkədir, ya yox. Ümid edirik ki, İran lideri İsraillə bütün sahələrdə isti münasibətlərə malik Azərbaycanı “cinayət ortağı” adlandırmaz. Həm də o səbəbdən ki, Azərbaycan–İran, İran–Azərbaycan münasibətlərində ittiham dövrünün geridə qaldığına  inanırıq. Hərçənd, cənub qonşumuzdakı bəzi  dairələrin Bakını İsraillə yaxın münasibətlərdə günahlandırdığından da xəbərdarıq,  erməni mediasının onların fikirlərini həvəslə tirajlayaraq anti-Azərbaycan xəttini tündləşdirməsindən də...

***

Azərbaycan illər ərzində dünyanın anti-İran ovqatına heç bir reaksiya verməyib,  ölkəni sarsıtmağa yönəlmiş təşəbbüslərin  iştirakçısına çevrilməyib. Dövlətimiz həmişə çalışıb ki, dünyada kimin İrana hansı münasibət bəsləməsindən asılı olmayaraq, Tehranla mehriban qonşuluğa və dostluğa sadiqlik göstərsin. Elə bu təməlin nəticəsidir ki, ölkələr yaşadıqları hər cür gərginliyə rəğmən, yenidən masa arxasına keçməyi bacarırlar. Axı ən azından danışmaq, fikir bildirmək və anlaşmaq ənənəsi var. 

 

İsrail-Fələstin münaqişəsinin hazırkı durumunda isə görünən budur ki, gerçək anlaşma ənənəsindən uzaq tərəflər qanlı münaqişə törədirlər. Hansının haqlı, hansının haqsız olduğunu söyləmək çox çətindir. Hər kəsin öz haqqı var. Böyük haqq isə budur: müharibədə dinc insanların - körpələrin, uşaqların, qadın və qocaların həyatlarını itirmələri bəşəri faciədir. Təəssüf ki, bu kateqoriyadan olan insanlar qlobal siyasətin qurbanına çevrilirlər. Belə bir durumda biz qonşumuz, İslam dünyasında nüfuza malik İrandan nə gözləyirik? Gözləyirik ki, qanlı münaqişəni dayandırmaq üçün real cəhdlər göstərsin. İ.Rəisinin İsraili və ona dəstək verənləri günahlandıran fikirlər  söylədiyi anlarda bir israilli, ya da fələstinli uşaq güllə yarasından həyatını itirirsə, deməli, onun sözlərinin əhəmiyyəti qalmır. Reallıq budur. Reallıq həm də odur ki, nə İsraili, nə də Fələstini dəstəkləyənlər mövqelərindən  geri duracaqlar. Beləcə vəziyyət daha da gərginləşəcək, ziddiyyətlər dərinləşəcək, tələfatların miqyası genişlənəcək. 

***

İran Prezidentinin söylədiklərinin kontekstində başqa məqama da toxunaq. Azərbaycanın torpaqları otuz ilə yaxın müddətdə Ermənistan tərəfindən işğalda qalmışdı. İşğal nəticəsində minlərlə dinc azərbaycanlı öldürülmüş, bir milyondan çox soydaşımız öz doğma yurd-yuvasından didərgin salınmışdı. Xocalı soyqırımı kimi əsrin faciəsi yaşanmışdı ki, bu qanlı olayda qətlə yetirilənlər sırasında uşaq və körpələr də az deyildi. İşğalçı Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı misli görünməmiş işgəncələr törətmişdi. 

 

Amma bunlara rəğmən biz bütün sahələrdə Tehranın İrəvana dəstək verdiyini görmüş, haqlı etirazımızı bildirmiş, bir çox hallarda isə narazılığımızı giley-güzar, inciklik şəklində ifadə etmişdik. Axı İran Azərbaycanla ortaq tarixi bölüşən ölkədir. Qarabağ münaqişəsində kimin haqlı, kimin haqsız olduğunu hamıdan yaxşı bilənlərdən biri odur. Heç şübhəsiz, Cənubi Qafqazdakı erməni  avantürizminin köklərinə də İran çox yaxşı  bələddir. Yəni, İslam respublikası bölgəmizlə bağlı həqiqətlərə hər zaman bir köynək  yaxınlığı ilə fərqlənib. Amma bu yaxınlıq  ona haqq-ədalət müdafiəçisi olmaq, məzlum  azərbaycanlılara qarşı törədilmiş haqsızlıqların qarşısına çıxmaq üçün əsas yaratdımı? Sualımız ritorikdir, çünki cavab hər kəsə məlumdur...

***

Məqsədimiz İranı ittiham etmək deyil.  Onu da bildirək ki, dövlətlərin bir-biri ilə  münasibətlərində və əlaqələrində bir çox hallarda fərdi spesifik amillər müstəsna yer tutur. Çox güman ki, Ermənistan-Fələstin münasibətləri də məhz bu baxımdan unikallığı ilə seçilir. İndiki durumda isə əsas olan Yaxın Şərqdə gərginliyin yumşaldılması, qanlı müharibəyə son qoyulmasıdır. Arzu edərdik ki, İran Prezidenti çoxəsrlik dövlətçilik ənənələrinə malik dövlətin rəhbəri kimi məhz bunu düşünsün.

 

Sonda əvvəldə diqqətə çatdırdığımız əhvalata qayıdaq. İsa Peyğəmbərin “Birinci daşı aranızda ən günahsız kimdirsə, o atsın!” fikrindən sonra ətrafa səssizlik çökmüşdü. Beləcə izdiham dağılmış, gərginlik aradan qalxmış, həyat öz məcrasına qayıtmışdı. 

 

Əvəz RÜSTƏMOV

XQ 

Siyasət