Ankarada Fidan və Blinken Qəzzadakı ağır durumu müzakirə ediblər

post-img

Dünən Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin dövlət katibi Entoni Blinkenlə Qəzzadakı son vəziyyəti, eləcə də bir çox aktual regional və qlobal məsələləri müzakirə ediblər. “Türkiyənin ingilis dilində nəşr olunan “The Daily Newspaper” qəzeti görüş barədə geniş şərh dərc edib. 

Yazıda qeyd edilir ki, E.Blinken Türkiyə paytaxtına İsrail-Fələstin münaqişəsinə həsr olunmuş Yaxın Şərq turundan sonra gəlib. Bu, oktyabrın 7-də HƏMAS hücumuna cavab olaraq İsrailin müharibəyə başlamasından sonra onun Türkiyəyə ilk səfəridir. Vaşinqtonun “baş diplomat”ının Türkiyənin şimal-şərqinə səfər edən ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulmayıb.

Yeri gəlmişkən, ABŞ-ın dövlət katibi bazar günü işğal altındakı İordan çayının qərb sahilinə qəfil səfər edib və orada Fələstin prezidenti Mahmud Abbasla görüşüb. Bundan başqa, o, İraqa və Şimali Kiprə  də səfər edib.

Xatırladaq ki, keçən həftə Blinken İordaniya, Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edərək həmkarları ilə görüşüb. Bunlar hamısı ərəb dövlətləridir. Onlar amerikalı diplomatı Qəzzada atəşkəsi dəstəkləməyə çağırıblar. 

Qəzet sonra yazır ki, Ankarada H.Fidanla görüş zamanı əllərində Fələstin və Türkiyənin bayraqları olan bir qrup anti-amerikan nümayişçi E.Blinkenin səfərinə etiraz ediblər və “Türkiyəni tərk et!” şüarını səsləndiriblər. Türkiyə polisi kütləni dağıtmaq üçün müdaxilə edib.
Bu arada İsrail rəsmiləri bildiriblər ki, HƏMAS oktyabrın 7-də götürdüyü girovları azad etdikdən sonra Qəzza sakinlərinə əlavə yardım göndərilməsinə icazə vermək üçün “humanitar fasilə” təklifini qəbul edə bilər.

Məlum olduğu kimi, ABŞ dövləti İsrailin mövqeyini dəstəkləyir, bununla bərabər, bölgədəki aktorları inandırmağa çalışır ki, Vaşinqton səyləri Qəzzada humanitar böhranın aradan qaldırılmasına yönəldilib. 
E.Blinken H.Fidanla münaqişə bölgəsində mülki şəxslərin müdafiəsi, regionda sülh naminə davamlı həll mexanizminin yaradılması və Türkiyənin münaqişəyə rəqiblər arasında zəmanətçi dövlət olaraq vasitəçilik təklifini müzakirə edib.
Ankara Vaşinqtonu İsrailin Qəzzadakı sərt hərəkətlərinə dəstək verməməyə və savaşın regional problemə çevrilməsinin qarşısını almaq üçün konkret addımlar atmağa çağırır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son bazar günü bildirib ki, müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarı olaraq zorakılığı dərhal dayandırmaq “Türkiyənin borcudur”. Onun sözlərinə görə, Ankara Qəzzaya fasiləsiz humanitar yardım axınını təmin etmək üçün regiondakı müttəfiqləri ilə işləməkdə davam edir.

Lakin Ankara İsrailin Baş naziri Binyamin Netanyahu ilə əlaqələri kəsib və zorakılıqlara etiraz olaraq Ankaranın İsraildəki səfirini geri çağırıb.

R.T.Ərdoğan Qərbi ikili standartlarda və mənəvi nüfuzunu itirməkdə də ittiham edib. “Ukrayna-Rusiya müharibəsində həlak olan dinc sakinlər üçün “timsah göz yaşları” tökənlər indi minlərlə günahsız uşağın öldürülməsini sakitcə izləyirlər”, -deyə Türkiyə lideri bildirib.
Xatırladaq ki, bazar ertəsi Qəzzada Səhiyyə Nazirliyinin rəsmisi bildirib ki, İsrailin mühasirəsində olan şəhərə dörd həftədən çox davam edən zərbələri nəticəsində yarısı qadın və uşaq olmaqla, 10 minə yaxın adam həlak olub.

“The Daily Newspaper” qəzeti sonra yazır ki, Fələstin-İsrail müharibəsi fəal xarici siyasət xətti yürüdən, NATO üzvü və Yaxın Şərqdə xüsusi çəkisi olan Türkiyə ilə Vaşinqtonun münasibətlərinə gərginlik yaradır.

Blinkenin Ankarada Fidanla bağlı qapılar arxasında danışıqları, İsrailin Qəzzada amansız bombardmanı və genişlənən yerüstü hərbi əməliyyatına başlamasından əvvəl də ABŞ ilə Türkiyə arasında problemlər vardı. 

Belə ki, Vaşinqton Türkiyə parlamentinin İsveçin ABŞ-ın lideri olduğu NATO müdafiə təşkilatına qoşulmaq cəhdinə, nəhayət, “yaşıl işıq” yandıracağı ümidindədir.

Ankara isə ABŞ Prezidenti Co Bayden tərəfindən də dəstəklənən  və hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin balansında olan “F-16” qırıcı təyyarələrinin modernləşdirilməsinə dair sazişin Konqresdə hələ də təsdiqini tapmamasından narazıdır.
Rəsmi Ankara PKK-nın Suriya qanadı olan YPG-yə ABŞ-ın dəstəyi ilə bağlı çoxlu sualları var. Terrorçuların Suriya-Türkiyə sərhədinə yaxın ərazilərdə çox sayda gizli sığınacaqları var və oradan türk hərbçilərinə qarşı tez-tez hücumlar edilir və yerli sakinlər bu qanlı terrordan əziyyət çəkir.

ABŞ YPG-nin terror qruplaşması olan İŞİD-lə mübarizədə yaxın müttəfiqi olduğunu iddia edir. Ankaranın əlində isə hər ikisinin eyni qrupa aid olduğuna dair sənədlər var.

Xatırladaq ki, Ankara ötən ilin oktyabrında Türkiyənin paytaxtına PKK-nın məsuliyyəti öz üzərinə götürdüyü ağır terror aktına cavab olaraq, Suriya və İraqda PKK/YPG terrorçularına qarşı hava hücumlarını artırıb.

Böyük ehtimalla H.Fidan E.Blinkenə bildirib ki, Türkiyə NATO müttəfiqinin sərhədləri boyunca PKK/YPG terrorçularına verdiyi dəstəyə görə təəssüflənir və bir müddət əvvəl baş vermiş türk əsgərinin həlak olduğu “pilotsuz təyyarə insidentinin təkrarlanmaması” üçün rabitə kanallarını açıq saxlayır.

Qəzet yazır ki, Türkiyə və ABŞ diplomatları Ankarada həmçinin Cənubi Qafqazdakı mövcud vəziyyəti də müzakirə ediblər. Qeyd olunub ki, Ermənistanın  otuz ilə yaxın davam edən işğalından sonra Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü təmin edibdir. Bakı regionda ədalətli sülhün bərqərar olunması üçün ciddi səylər göstərir. 

Sonda qeyd edək ki, ABŞ-nin dövlət katibi Ankaradan sonra Tokio, Seul və Yeni Dehliyə yollanıb.

Təqdim etdi:
Məsaim ABDULLAYEV
XQ
 

Dünya