Erməni politoloq: Ermənistan Rusiya ilə əlaqələri pozur

post-img

“Ermənistan Rusiya ilə münasibətləri ardıcıl şəkildə pozur, Ermənistanın Rusiya ilə hər hansı inteqrasiya prosesindən imtina etməsi hər şeyi təslim edib Türkiyəyə tabe olması deməkdir”.

“Caliber” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirləri erməni politoloq, ABŞ-ın Stanford Universitetinin professoru Artur Xaçikyan baş nazir Nikol Paşinyanın MDB-nin Bişkek sammitində iştirakından imtina etməsini şərh edərkən deyib.

“Moskvanın xəbərdarlıqlarına baxmayaraq, İrəvan Roma Statutunu qəbul etdi və ölkədə hökumətə yaxın adamlar tərəfindən maliyyələşdirilən anti-Rusiya təbliğatı aparılır”, - deyə A.Xaçikyan bildirib.

Nikol Paşinyanın Ermənistanın Rusiya ilə münasibətlərdə xarici siyasət vektorunu dəyişmədiyi barədə bəyanatlarına gəlincə, Xaçikyanın fikrincə, bu, Ermənistan hakimiyyətinin “üslubu”dur.

Onun sözlərinə görə, ölkə rəhbərliyi vaxtaşırı ziddiyyətli bəyanatlar verir. Bununla belə, onlar “Rusiyanı regiondan çıxarmaq” arzusundadırlar.

Xatırladaq ki, oktyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstan prezidenti Sadır Japarovla telefon danışığında MDB-nin oktyabrın 13-də Bişkekdə keçiriləcək sammitində iştirak edə bilməyəcəyini bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

 

Siyasət