Paris zamanı və məkanı səhv salıb

post-img

Fransanın Cənubi Qafqazda “Afrika ssenarisi” baş tutmayacaq

Cənubi Qafqaz bölgəsindən min kilometrlərlə uzaqda yerləşən dövlətlərin Ermənistan–Azərbaycan münasibətlərinə müdaxiləsi davam edir. Görünür, onlar özlərini dünyanın ağası hesab edərək, hər məsələyə burun soxmağı özlərinə rəva görürlər. Belə dövlətlərdən biri də Fransadır. Rəsmi Parisin ermənipərəstliyi lap əndazəni aşıb. Fransa xarici işlər naziri Katrin Kolonnanın bugünlərdə İrəvana səfəri zamanı verdiyi bəyanatlar bunun daha bir təsdiqidir.

Yeri gəlmişkən qeyd edək ki, bu, onun cari ildə Ermənistana ikinci səfə­ridir. Bundan öncə xanım Kolonna ap­relin 28-də İrəvanda olmuşdu. Fransız nazirin səfərindən 5 gün əvvəl – apre­lin 23-də isə Azərbaycan Ermənistan­la şərti sərhəddə “Laçın” sərhəd nə­zarət-buraxılış məntəqəsini yaradaraq özünün sərhədlərinə sahib çıxmışdı. Prezident İlham Əliyev avqustun 26-da Laçın şəhərində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxış edərkən bu barədə demişdi: “Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuş­dur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu et­dik. Bizə nə qədər təzyiqlər, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxı­lış məntəqəsinin qurulması ərazi bü­tövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivə­sində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruya­cağıq”.

Gözlənildiyi kimi, K.Kolonna İrəvan­da ermənilərin maraqlarına cavab verən bir sıra bəyanatlar verdi. Bu bəyanatlar arasında Fransanın Ermənistanın əra­zi bütövlüyü ilə bağlı məsələlərdə çox diqqətli olacağını, İrəvanla hərbi texnika və fransız silahlarının tədarükünə imkan verən müqavilə imzalanacağını deməsi diqqəti cəlb edir.

Fransa 30 ilə yaxın Ermənis­tan–Azərbaycan münaqişəsinin həlli məqsədilə yaradılmış və artıq tarixin arxivinə gömülmüş ATƏT-in Minsk qru­punun üzvü olub. Paris həmin dövrdə də məsələlərə ermənilərin maraqlarından yanaşırdı. Bununla belə əvvəlki prezi­dentlər formal da olsa, öz bitərəfliklərini qorumağa çalışırdılar. 2017-ci ildə Em­manuel Makron prezident seçildikdən sonra Fransanın simasındakı maska tamamilə düşdü. 2020-ci ilin Vətən mü­haribəsi günlərində Paris mövqeyini açıq şəkildə ortaya qoydu. Əməlləri ilə dünyaya bəyan etdi ki, Ermənistan–Azərbaycan qarşıdurmasında öz tərəfini seçib. Amma müdrik atalarımız da “hər işdə bir xeyir var”, – deyiblər. Bu mə­nada Parisin öz mövqeyini açıq şəkildə bəyan etməsi dost-düşmənimizi tanıma­ğımız baxımından yaxşı oldu.

Müharibədən sonrakı dövrdə Paris yenə də nala-mıxa vurmağa başladı, Minsk qrupunu “diriltməyə” cəhdlər etdi. Amma daha iş işdən keçmişdi. Hamıya, o cümlədən Yelisey sarayına da aydın idi ki, Paris etimadını itirib. Bu mənada Prezident İlham Əliyevin 2020-ci il de­kabrın 12-də Minsk qrupunun Fransa­dan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarniko­vu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən dediyi sözlər diqqəti cəlb edir: “Minsk qrupunun həmsədri olan ölkələ­rin prezidentlərinin bəyanatları olub. Məncə, bu, təxminən on il əvvəl baş ve­rib. Biz həmin bəyanata dəstək verdik, çünki o, müəyyən ümidlər yaratdı. On­lar birgə bəyannamə ilə çıxış etdilər və bildirdilər ki, status-kvo qəbuledilməz­dir. Biz dedik: “Bəli. Yaxşı bəyanatdır. Gəlin onun üzərində işləyək”. İndi isə bunu Ermənistana deyin. Mən sizə və sələflərinizə nə qədər deyirdim ki, ge­din, deyin ermənilərə çıxsınlar. Onlara təzyiq göstərin. Mən ölkələrinizin yük­sək rütbəli rəsmilərinə bunu dəfələrlə deyirdim: “Gedin, deyin onlara, təzyiq göstərin, hələ ki, gec deyil!” Lakin nə baş verdi? Müəyyən vaxt keçdi, ölkələri­nizin liderləri bu sözləri dəyişməyə baş­ladılar. Onlar artıq status-kvonun qəbu­ledilməzliyi barədə danışmadılar. Onlar dedilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo onlar üçün qə­bul ediləndir. Bunu hansı başqa formada izah edə bilərik. Onlar Akvildə, Musko­kada söylədilər ki, status-kvo qəbuledil­məzdir. Sonra da onlar dedilər ki, sta­tus-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo artıq qəbul edilir. Bir çox siyasətçilər hesab edirdilər ki, sülhün qo­runması üçün yeganə yol status-kvonun qalmasından keçir. Biz isə bunu dəyiş­dik. Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqı­nın həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayə­sində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik”.

Dövlət başçımızın görüşün sonunda söylədiyi fikirlər isə yəqin ki, heç vaxt yaddaşlardan silinməyəcək. Həmin fi­kirlər Fransanın da təmsil olunduğu bu səmərəsiz quruma Azərbaycanın daha ehtiyacının olmadığının isbatı idi: “Bu­nunla, mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək si­zin ideyanız idi. Bunu bir daha kamera­lar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsin­lər. Necə istəsəniz. Buyurun, sizi dinlə­yirəm”.

Beləliklə, Fransanın yürütdüyü si­yasət üzündən Azərbaycanla münasi­bətlər indiki həddə gəlib çıxdı. Vəziy­yətin bu şəkil almasında təkcə Vətən müharibəsi dövründə məsələyə yox, ondan sonra da Parisin Ermənistan–Azərbaycan münasibətlərində oynadığı destruktiv yanaşmanın böyük rolu oldu. Ümumiyyətlə, Fransa təkcə Cənubi Qafqazda deyil, dünyanın bir sıra digər bölgələrində də analoji siyasət yürütmə­si ilə tanınır. Bu siyasət isə uğursuzluğa düçar olub. Elə dünən – oktyabrın 5-də “Frans-Press” agentliyi Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istina­dən Nigerdə yerləşdirilən 1500 nəfərə yaxın fransız hərbçisinin bir həftə ərzin­də ölkəni tərk edəcəyi barədə məlumat yayıb. Qeyd edək ki, fransız qoşununun çıxarılmasını hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Nigerin yeni hökumə­ti tələb edirdi. Yeni hökumətin tələbi ilə Fransa səfiri Silvena İtte də ölkədən çıxarılıb.

Fransanın müstəmləkəçilik siyasəti tarixən sülh və əmin-amanlığın təmin olunması yox, müharibə və münaqişələr üzərində qurulub. Bu gün Afrika qitəsin­də Parisin təhriki və birbaşa iştirakı ilə davam edən münaqişələr, hərbi çevri­lişlər və digər xoşagəlməz hallar bunun göstəricisidir. “Beşinci Respublika” bu gün bölgəmizdə də, necə deyərlər, Afri­kadakı siyasətini yürütməyə çalışır, bu­rada sülhün bərqərar olması Parisin ma­raqlarına cavab vermir. Görünən odur ki, Fransa neoimperialist təfəkkürdən çıxış edərək “parçala, hökm sür!” prinsipi ilə fəaliyyət göstərməyə üstünlük verir. Pa­risdən ucalan “Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir” fikri isə Fran­sanın siyasətindəki xristian təəssübkeş­liyinin daha bir mənzərəsidir.

***

Heç kimə sirr deyil ki, Ermənistan dövlət müstəqilliyini bərpa etdiyi gün­dən müstəqil siyasət yürütməyib və xarici himayədarlar üçün dayaq, isti­nad məntəqəsi (forpost) olmağa üstün­lük verib. Ermənistanı 20 il idarə edən Qarabağ klanı bütün strateji obyektləri, nəqliyyat-kommunikasiya qovşaqlarını forpostu olduğu dövlətin ixtiyarına ver­mişdi. İndi isə İrəvan, deyəsən, Fransa­nı özünə əsas himayədar seçib və onun forpostuna çevrilib. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yarat­ması, İrəvandakı səfirlikdə silah satışını kurasiya etmək üçün məxsusi hərbi at­taşenin təyin olunması Parisin açıq şə­kildə Ermənistanı yeni müharibəyə ha­zırlamaq istəyindən xəbər verir. Ancaq Ermənistan uğradığı hərbi-siyasi məğ­lubiyyətdən nəticə çıxarmalıdır. Yeni himayədar tapmaq və bu dəfə Fransa­nın forpostu olaraq Azərbaycana, necə deyərlər, diş qıcamaq Ermənistana baha başa gələ bilər. İrəvan unutmamalıdır ki, yenidən odla oynayarsa, onu Azərbay­canın əlindən heç bir qüvvə ala bilməz.

İlyas HÜSEYNOV,
politoloq

– Fransa Cənubi Qafqazda pro­seslərə ciddi şəkildə müdaxilə edir və burada möhkəmlənmək istəyir. Möh­kəmlənmək prosesini də Ermənista­nın maraqları hesabına həyata keçir­mək niyyətindədir. Ermənistan da çox rahatlıqla Fransanın geosiyasi oyunla­rına alət olur. İrəvanı silahlandırmağa dair səslənən fikirlər, atılan addımlar Hayastanı xeyli ruhlandırıb.

Bu gün Ermənistanın siyasi rəh­bərliyi revanşizm fikirlərindən də əl çəkmir. Lakin heç bir dövlət Ermə­nistana hərbi və hərbi-texniki yardım edərək geosiyasi konfiqurasiyanı də­yişməyə cəhd etməməlidir. Fransa bu­nunla Ermənistan–Azərbaycan müna­sibətlərinin nizamlanması prosesinə də destruktiv təsir göstərir. Paris se­paratizm dalğasının güclənməsi üçün çalışır və revanşist ideologiyaya təkan verir. Bütün bunlar aradan qaldırılmalı və nəhayət, Ermənistan da müstəqil dövlət olmalıdır. Çünki son vaxtlar güclənən fikir bundan ibarətdir ki, Er­mənistan regionda nəqliyyat-kommu­nikasiya xətlərinin açılması prosesin­də yer almaya bilər. Bu, çox ciddi və tutarlı tezisdir. Belə görünür ki, Ermə­nistan geosiyasi dalanda qalmaqda davam edəcək. İrəvan əlverişli şərtlər imkanını itirmək üzrədir. Əlverişli tək­liflərdən boyun qaçırır, nəticə isə çox acınacaqlı olur.

Bu gün Rusiyadan üz döndər­məklə Fransa hesabına güclənmək məqsədi güdən rəsmi İrəvan həm də öz dövlətçiliyini sual altında qoyur. Fransa isə Ermənistanın şirin vədlərə inanmasından sui-istifadə edir. Belə görünür ki, Ermənistan da forpost, əlaltı dövlət olmaqdan məmnundur. Halbuki, onun müstəqil dövlət olaraq, qonşularla yaxşı münasibət yaratmaq, ərazi iddialarından geri çəkilmək, sülh müqaviləsi imzalamaq şansı var. Hələ ki, bu limit bitməyib. Lakin mənə elə gəlir ki, bu, Ermənistan üçün son şansdır.

Səxavət HƏMİD
XQ



Siyasət