Siyasi partiyalar ordumuza uğur diləyir

post-img

Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə ölkənin aparıcı siyasi partiyaları dəstək Bəyanatı qəbul ediblər. 

Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi, “Ana Vətən”, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Vəhdət, Azərbaycan Demokratik Maarifçilik, Milli Cəbhə, Haqq Ədalət, Azərbaycan Xalq, Azərbaycan Demokrat, Ədalət, Azərbaycan Ümid, Klassik Xalq Cəbhəsi, “Azərbaycan Milli İstiqlal”, Müasir Müsavat, Milli Dirçəliş Hərəkatı, “Böyük Azərbaycan”, Ağ, Azad Vətən, Gələcək Azərbaycan, Yeni Zaman partiyalarının imzaladığı sənəddə bildirilir:

– 44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun qazandığı şanlı Zəfərdən sonra Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlər qalmaqda davam etmişdir.  Üçtərəfli Bəyanatın imzalanmasından keçən 3 il müddətində Azərbaycanın işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işləri ölkəmizə həm böyük maliyyə hesabına, həm də ən dəhşətlisi - vətəndaşlarımızı itirmək bahasına başa gəlmişdir. 

Son günlər Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinin ordumuza və işğaldan azad edilən Şuşada, Zəngilanda, Laçında, Kəlbəcərdə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qarşı intensiv şəkildə həyata keçirdiyi təxribatlar günahsız vətəndaşlarımızın həyatına son qoymuşdur. Belə bir məqamda erməni silahlı birləşmələrinin Ordumuzla üzbəüz mövqelərinə əlavə qüvvələr və zirehli texnikalar cəlb etməsi isə onların məkrli niyyətinin daha böyük terror aktları törətmək olduğunu göstərməkdədir. 

Bəyanatda daha sonra qeyd edilir ki, Azərbaycanın siyasi partiyaları üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi kimi zəruri məqsədlərlə Ordumuzun bölgədə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə dəstəyini ifadə edir, qəhrəman Ordumuza Zəfər arzulayır:

– Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı Vətən müharibəsində olduğu kimi, bu şərəfli işdə də həmrəyliyə, möhtərəm Prezidentimizi və Ali Baş Komandanımızı dəstəkləməyə çağırırıq.

XQ

 

Siyasət