Azərbaycanda “boz zona” qalmayacaq

post-img

Ərazisinə nəzarət bütün dövrlərdə real hakimiyyətin simvollarından biri olmaqla yanaşı, həm də onun gücünün mənbəyi hesab edilib. Versal müqaviləsi dövründən etibarən dünya səhnəsinin əsas aktorları və bu unikal sərvətin – ərazilərin sahibləri suveren dövlətlər olub, ərazisi indi də onların əsas xüsusiyyətlərindən biri olaraq qalır. 

Eyni zamanda, dövlətlərin su­verenliyi və ərazisi dəfələrlə şü­bhə altına alınıb ki, bu da onların parçalanmasına səbəb olub. XX əsrdə imperiyaların dağılması və müstəmləkələrin azad edilməsi nəticəsində ölkələrin sayı 55-dən 190-a yüksəlib. Belə parçalanma­lar və ya birləşmələr bir çox hal­larda “boz zona”ların da meydana gəlməsinə şərait yaradıb. Bu zo­naların əsas yaradıcıları da sepa­ratçılar, üsyançılar, narkotacirlər və digər kriminal-quldur ünsürlər olub.

Heç kimə sirr deyil ki, hazırkı mər­hələdə qlobal, regional və milli təhlükə­sizliyə təhdidlərin xarakteri kəskin şəkil­də dəyişib. “Soyuq müharibə” dövründə əsas təhlükələr proqnozlaşdırıla bilən dövlətlərarası münaqişələr, qarşıdur­ma və iki hərbi-siyasi blokun silahlan­ma yarışı idi. Bununla belə, son 30 il ərzində qloballaşma şəraitində dünya keyfiyyətcə yeni, gözlənilməz olan və tamamilə bütün dövlətlərin vətəndaşları üçün potensial təhlükə yaradan trans­milli təhlükələr fenomeni ilə üzləşib. Beynəlxalq terrorizm, narkotik istehsa­lı və ticarəti, qeyri-qanuni silah ticarəti və dəniz quldurluğu tamamilə transmilli təhlükələr hesab edilə bilər. Bu və ya digər şəkildə transmilli təhlükələrin həlli üçün alternativ yolların axtarışı hələ də gündəmdədir. Bununla belə, transmilli təhlükələrdən danışarkən biz çox vaxt onların mənbəyini və ya “boz zonalar” adlanan əraziləri unuduruq.

Bu anlayışın beynəlxalq hüquqda təsbit edilməməsinə baxmayaraq, “boz zona” dedikdə ayrı-ayrı dövlətlərin əra­ziləri, beynəlxalq hüquq normalarının və milli qanunvericilik normalarının tətbiq olunmadığı regionlar başa düşülməlidir. Bu ərazilərdə faktiki siyasi güc və tam hüquqlu sosial-iqtisadi əlaqələr yoxdur. Öz növbəsində, tez-tez vətəndaş müha­ribəsinə məruz qalan və ya separatçı bir­ləşmələri və ya ekstremist rejimləri təm­sil edən bu cür ərazilər beynəlxalq terror təşkilatlarının bazalarının və təlim düşər­gələrinin yerləşməsi üçün hədəfə, nar­kokartellərin və dəniz quldurlarının fəa­liyyət sahəsinə çevrilir. Əgər bu ərazilər əlverişli geosiyasi mövqeyə malikdirsə, bir neçə rayonun qovşağında yerləşirsə və nəqliyyat kommunikasiyalarına çıxışı varsa, o zaman “boz zonalar” çox vaxt narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni silah ticarəti üçün marşrut kimi çıxış edir. 

Hazırda siyasi ekspertlər müasir beynəlxalq münasibətlərdə çox say­da “boz zonalar” arasında beynəlxalq ictimaiyyət üçün ən böyük təhlükə ya­radan”boz zonalar”a diqqət yetirmə­yin vacibliyini önə çəkirlər. Bütöv bir dövlətin “boz zona”ya çevrilməsinin ən tipik nümunələrindən biri Somalidir. Mə­lumdur ki, vətəndaş müharibəsi nəticəsində Somali ayrı-ayrı klanlar tərəfindən idarə olu­nan “boz zonalar”a parçalanıb. Ölkədə vahid siyasi sistem və milli iqtisadiyyat yoxdur. Somali hazırda digər dövlətlərin vətəndaşlarının həyatı və təhlükəsizliyi üçün birbaşa təhlükəyə çevrilən piratlı­ğın qalasıdır. Eyni sözləri Suriya, Əfqa­nıstan barədə də demək olar. Məlumdur ki, bu iki ölkədə dağıdıcı proseslərin in­kişafı ssenarisi bir çox cəhətdən Soma­liyə bənzəyir. Hər iki ölkə “boz zonalar” sarıdan boldur. Amma elə ərazilər də var ki, bir ölkənin digər ölkənin ərazisini işğal etməsi nəticəsində yaranır. Latın Amerikasındakı bədnam “boz zonalar” Kolumbiyadakı FARC üsyançı hərəkat­ları, Peruda Sendero Luminoso (“Par­laq Yol”) və Boliviyanın bəzi ərazilərində nəzarət edir. Belə olan halda, onların meydana çıxmasının səbəbi 60-cı illər­dən bəri ölkə hökumətləri ilə sosialist müxalifəti arasında davam edən daimi vətəndaş müharibəsidir.

Nəzərdən keçirilən "boz zonalar" nü­munələrinə əsaslanaraq, onların əmələ gəlməsini və mövcudluğunu müəyyən edən bir neçə ümumi faktoru müəyyən etmək olar. Belə ki, “boz zonalar”ın ya­ranmasına müəyyən siyasi rejimlərdə və sosial-iqtisadi sistemlərdə baş verən dəyişikliklər, lakin alternativlərin yara­dılmasının mümkünsüzlüyü səbəb olur. Sosialist yönümlü rejimlərin devrilməsi­nin alternativ idarəetmə formasının və ya sosial-iqtisadi münasibətlər siste­minin qurulmasına gətirib çıxarmadığı Somali və Əfqanıstan nümunələri bunu aydın şəkildə nümayiş etdirir. Gördüyü­müz kimi, nəticədə ölkələrdə vətəndaş qəbilələrarası müharibələr və anarxiya yarandı. 

Digər tərəfdən, cəmiyyətdə ideoloji parçalanma (məsələn, Kolumbiya) və ya müəyyən ərazilərin separatizmi nə­ticəsində yaranan daimi vətəndaş mü­haribəsi “boz zonalar”ın yaranmasında amil kimi çıxış edə bilər. Eyni zamanda, “boz zonalar”ın yalnız tranzit yollarının kəsişməsində formalaşması və yer­ləşməsi ilə bağlı geosiyasi amilin rolu da nəzərə çarpır. Həmçinin əhali üçün alternativ gəlir mənbələrinin olmama­sı (Somali, Əfqanıstan) və ya siyasi məqsədlərə nail olmaq narkotik ticarəti, qeyri-qanuni silah ticarəti praktikasını müəyyənləşdirir. 

Nəhayət, “boz zonalar”ın mövcudlu­ğunda amil digər oyunçuların maraqla­rıdır, onlardan strateji əhəmiyyətli regi­onlarda (ABŞ Mərkəzi Asiya və Cənubi Amerikada, Əl-Qaidə) geosiyasi təsirlə­rini gücləndirmək üçün səbəb kimi isti­fadə edilir. Belə zonalar Antarktidadan başqa bütün kontinentlərdə mövcuddur. Belə ərazilər Moldovada, Ukraynada, Gürcüstanda və digər ölkələrdə var. Azərbaycanın 20 faiz ərazisi də 30 il “boz zonalar”a hesab olunurdu. Ermə­nistanın işğalı nəticəsində bu gün bərpa etdiyimiz ərazilər cinayətkar əməliyyat­ların aparıldığı meydana çevrilmişdi. 

Yuxarıda sadalananlardan belə nəti­cəyə gəlmək olur ki, “boz zonalar” bütün dövlətlərin milli təhlükəsizliyinə trans­milli təhdidlərin yaranması və yayılması səbəbindən müasir dünya nizamında sabitliyi pozan ciddi amil kimi çıxış edir. Məhz buna görə də beynəlxalq ictima­iyyətin çoxtərəfli fəaliyyəti sayəsində “boz zonalar”ın formalaşmasında və mövcudluğunda müəyyən edilmiş ümu­mi amillər onların bərabərləşdirilməsi zamanı nəzərə alınmalıdır. Əraziyə nəzarət hər bir dövlətin təbii ehtiyacı­dır, çünki ərazi onun mövcudluğu üçün resurslar əldə etməyə imkan verir. Ən əsası, ərazi dövlətin suverenliyinin əsa­sını təşkil edir və onu digər siyasi təşki­latlardan fərqləndirir. 

Bundan əlavə, ərazi dövlətin həm də “ideoloji bünövrəsi”dir. Əraziyə nəzarət ərazini və onun elementlərini (təbii, in­san, sənaye, infrastruktur və maliyyə kapitalı) tam idarə etmək qabiliyyətidir ki, bu da onu vahid ərazi-siyasi sistem kimi təsvir etməyə imkan verir. Ancaq geosiyasi qarşıdurma və ya regional müharibə, habelə bir dövlətin digər döv­lətin ərazisini işğal etməsi nəticəsində yuxarıda vurğuladımız vahid ərazi-si­yasi sistemi pozulur və meydana nə­zarətsiz ərazilər və ya qısa olaraq “boz zona”lar çıxır. 

Qarabağın Ermənistan tərəfindən iş­ğal altında saxladığı əraziləri Avropada “boz zona” sayılırdı. Uzun illər ermənilə­rin işğal altında saxladığı ərazilər nə­zarətsiz qalmışdı və narkotik vasitələrin qanunsuz dövriyyəsi marşrutları oradan keçirdi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan erməni işğalına son qoydu, lakin separatçı rejimin ünsürləri­nin və həmin rejimin əsarətində yaşaran erməni əsilli vətəndaşların yaşadıqları bəzi ərazilər hələ də qalır. 

Əlbəttə, Azərbaycan öz ərazisində hər hansı bir “boz zona”nın olmasını qə­bul etməyəcək. Bunu Azərbaycan Pre­zidentinin köməkçisi, Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jur­nalistlərə açıqlamasında vurğulamışdı. Ermənistanın və Xankəndidəki oyuncaq rejimin, eləcə də onların havadarlarının Laçın yolu ətrafında yaranmış vəziyyət­dən sui-istifadə etməklə “boz zona”nın “ömrünü” uzatmağa çalışırlar. Amma Prezidentin köməkçi Hikmət Hacıyevin qeyd etdiyi kimi, bu kimi addımların heç bir mənası yoxdur. Dünən cənab Hacı­yev X sosial şəbəkəsindəki profilində bir daha qeyd etdi ki, “boz zona”nın status-kvonunu saxlamaq, humanitar məsələlərdən qəsdən silah kimi istifadə etmək faydasız strategiyadır”. H.Ha­cıyev vurğulayıb ki, Azərbaycan bey­nəlxalq tərəfdaşlarını səylərini ikiqat ar­tırmağa, Ermənistana və onun nəzarəti altında olan qanunsuz rejimə bu dest­ruktiv siyasəti dayandırmaq üçün təzyiq göstərməyə çağırır. 

Səbuhi MƏMMƏDOV
XQ



Siyasət