XİN: Rusiyanın göndərdiyi yükün Ağdam–Xankəndi yolundan keçməsini mühüm irəliləyiş kimi qiymətləndiririk

post-img

Məlum olduğu kimi, bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Ağdam–Xankəndi yolu vasitəsilə Xankəndinə keçidi təmin olunub. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam–Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın su­allarına cavabında deyib.

“Ağdam–Xankəndi və Laçın yolla­rından eyni vaxtda istifadə məsələsinə gəldikdə isə Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib. Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan tərəf Ermənistanın Qarabağ bölgəsində yaratdığı qondarma rejimdir.

Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam–Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd-buraxılış məntəqə­sində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK va­sitəsilə yüklərin daşınmasına şərait ya­ratmağa hazırdır”, – deyə Ayxan Hacıza­də vurğulayıb.

XQ

Siyasət